İlqarə evlənəcəyi kişidən danışdı – Müsahibə, Fotolar
Bizi izləyin

Tabloid.az

İlqarə evlənəcəyi kişidən danışdı – Müsahibə, Fotolar

Tabloid.az Aygün Kazımovanın qızı İlqarə Kazımova ilə eksklüziv müsahibə edib. Gənc və istedadlı müğənni şəxsi həyatından, sənətdən və əlbəttə ki, anası, Azərbaycan estradasının ulduzu Aygün Kazımovadan danışıb.

Tabloid.az Aygün Kazımovanın qızı İlqarə Kazımova ilə eksklüziv müsahibə edib. Gənc və istedadlı müğənni şəxsi həyatından, sənətindən və əlbəttə ki, anası, Azərbaycan estradasının ulduzu Aygün Kazımovadan danışıb.

- Azərbaycanda ən böyük yenilikləri Aygün Kazımova edib. İlqarə Azərbaycan tamaşaçısını nə ilə təəccübləndirə bilər?

- Bunu zaman göstərər. İdeyalarım, fikirlərim çoxdur. Amma bölüşmək istəmirəm. Çünki, oğurlayırlar. Ancaq deyim ki, hətta ideyalarımı oğurlasalar belə, heç bir yerli müğənninin cəsarəti çatmaz ki, onları gerçəkləşdirə bilsin.

- Səhnədə öz obrazini necə təsvir edirsən ? Çılğın qız, seksual qadın və s. auditoriyanı kimlər hesab edirsən?

- Mənim auditoriyam 7-77-dir.

- Aygün xanımın auditoriyasını oğurlaya biləcəksiniz?

- Oğurlamaq? (fikirləşir) Hə, oğurlayıb evə aparacağam. (gülür)

- Uşaqlıqdan tanınırsan. Gənc yaşda bu qədər məşhur olmaq nə kimi çətinliklər yaradır?

- Çox böyük... Bilmirsən nə vaxt pislik edəcəklər. İstənilən an zərbə ala bilərsən. Hazırlıqlı olmaq lazımdır. Hər zaman özümü nəzarət altında saxlamağa çalışıram. Hətta ünsiyyət quranda belə...

- İçində narahatlıq, qorxu var?

- Bir az insanlardan qorxuram. Amma bu fobiya deyil. Fobiyam təyyarəyədir. Təyyarə qalxıb enəndə qorxuram. Açığı yalan danışan insanlardan da qorxuram. Kütləvi yerləri isə ümumiyyətlə, sevmirəm.

- Uşaqlıqdan səni toppuş, şirin qız kimi xatırlayırlar. Birdən İlqarə arıqladı və cazibədar xanıma çevrildi. Sizi bu dəyişikliyi etməyə kim və ya nə vadar etdi?

- Çirkin ördək balasından gözəl qu quşuna çevrildim (gülür). Qadınam deyə özüm fikir verməyə başladım. Əvvəl idman üslubunda geyinirdim. Bir dəfə anam mənə dedi ki, 15 yaşında necə geyinirdinsə, indi də elə geyinirsən. Bu sözləri eşidəndə 21 yaşım vardı. Bu, mənə təsir etdi. Və geyimimə fikir verməyə başladım. Məktəbli kimi geyinirdim. Hazırda stilistlərlə işləyirəm. Amma öz tərzimi yaratmağı sevirəm.

- İlqarə, gəncsən, gözəlsən. Kiminləsə münasibət qurmaq üçün ən gözəl dönəmdir. Həyatında kimsə var?

- Bəzi adamlar kimi nağıllar aləminə baş vurub mən onu elə sevirəm, o, məni belə sevir kimi yalan sözlər deməyəcəyəm. Mən münasibət qurmağa istənilən zaman hazıram. İnsan həyata sevmək və ailə qurmaq üçün gəlir. Qadının vəzifəsi isə uşaq dünyaya gətirməkdir. Hələ ki, mənim qarşıma ürəyimcə, düzgün, yalan danışmayacaq kişi çıxmayıb. Mən insanı olduğu kimi qəbul edə bilirəm. Bu barədə mənim düşüncələrim bir qədər fərqlidir. Qəliz münasibətləri sevmirəm. Qarşıma hələ düzgün birisi çıxmayıb. Nədənsə, insanlar yalan danışmağı sevirlər. Bu isə həmin adamı özündən uzaqlaşdırır. Nədən qorxurlar anlamıram. Ya olduğun kimi görün, ya göründüyün kimi ol!

- Sevdiyin insanda hansı xüsusiyyətlərin olmasını istəyərdin? Xarıcı yoxsa daxili gözəlliyə önəm verirsən?

- Əvvəllər xarici görünüşə üstünlük verirdim. Amma sonra başa düşdüm ki xarici görünüş aldadıcıdır. Ona görə də mənim üçün insanın daxili aləmi önəmlidir. Bir misal çəkim, dostumla söhbət edirdim. Vaxtilə çox kök idi, xasiyyəti mülayim idi. Hazırda arıqlayıb və bir az kobud olub. Mənə bildirdi ki, arıqlayandan sonra insanların mənə münasibəti dəyişdi. Mən də dedim ki, mənim üçün əsas daxili aləmdir. Amma etiraf edirəm ki, mən də arıqlayandan sonra insanlar mənə daha çox fikir verməyə başladılar, mənimlə maraqlanmağa başladılar. Ona görə də düşünürəm ki, əksər insanlara xarici görünüş maraqlıdır. Daxili aləm yox. Əgər ailə qurmaq istəyirsənsə, əsas daxili aləmdir. Münasibətlərdə yalan olmamalıdır.

- Ümumiyyətlə, həyatında yalanın acısını yaşamısan?

- Olub...Çox böyük yalanla rastlaşmışam. İnsan səhvlərinin üstündə kamilləşir. Ona görə də, həyatımda neqativ hal baş verəndə onları unutmuram ki, bir daha onlara qayıtmayım.

- Bir az yaradıcılığından danışaq. Aygün Kazımova kimi ulduz olmaq üçün hansı keyfiyyətlərə malik olmaq gərəkdir ?

- Anamda olan keyfiyyətlərin 70 faizi məndə var. Məsələn, incəsənətdə olan insanların fikirlərini dinlədikdə xarizmatik, fakturalı qız olduğumu eşitmişəm. İstedadlı olduğumu, səhnəyə yaraşdığımı, parlaq olduğumu deyirlər. Belə şeyləri eşidəndə isə sevinirəm.

- İlqarə, Aygün Kazımova hər hansı bir məkana daxil olarkən oranın ab-havası dəyişir və mövcudluğu ilə “partlayış” etməyi bacarır. Amma sən çox utancaq və sakitsən. Sanki, Aygün Kazımovanın qızı deyilsən...

- Aygün Kazımovanın 24 yaşında olanda onda da belə xüsusiyyətlər var idi. Yəqin ki, mənimlə razısan. Anam super ulduzdur. İllərlə püxtələşib. Çoxsaylı fanatları var. Bu, belədir. Bu onun obrazıdır. O, illərlə belə yaşayır. Ancaq mənim 1-2 dənə mahnım var. Mən ulduzam fikrini qəbul edə bilmirəm. Mən elə şeyləri xoşlamıram. Mən özümü ulduz kimi aparsam tərbiyəsizlik kimi qəbul olunar. Hələ mənim fanatlarım yoxdur. Əgər mənim böyük auditoriyam olsaydı, artıq məndə içəridən bu hiss gələrdi.

- Hazırda hansı layihələr üzərində çalışırsan ?

- Bir müğənni ilə duet oxyacağam. Amma müğənninin qadın və ya kişi olduğunu açıqlamayacağam. RnB üslubunda olan bir mahnıdır. Rihannanı çox sevirəm, amma Kayli Minoqdan ötrü ürəyim gedir. Onun şarmı, gözəlliyi, səsi məni dəli edir. Ona baxıram və ondan nümunə götürürəm.

- Bu gün Azərbaycanda məşhurlaşmaq üçün nə lazımdır ?

- Pul və əlaqə. Ancaq əgər insanın istedadı yoxdursa ona nə pul, nə də əlaqə kömək edəcək. Həm də insanın şansı olmalıdır.

- Plastik əməliyyat etdirmək istərdin?

- Plastik əməliyyat etdirənlərə münasibətim çox normaldır. Özüm isə bu suala cavab vermək istəmirəm. Bu, mənim şəxsi düşüncəmdir. Mən bu mövzuya çox həssaslıqla yanaşıram.

- Aygün xanım qarşısına Türkiyə şou biznesını fəth etməyi məqsəd qoyub. Bəs sən hansı ölkənin şou biznesinə qatılmaq istərdin ?

- Rusiya şou biznesinə qatılmaq istəyərdim. Uşaqlıqdan “Fabrika zvezd” layihəsinə baxırdım. Çox sevdiyim bəstəkar, prodüser Konstantin Meladzenin yazdığı əsərləri sevirəm. İstərdim belə bir şans olsun və onunla işbirliyi qurum. Və ya Maks Fadeyevlə.

- Sonda oxuculara nə demək istərdin ?

- Son olaraq onu demək istərdim ki, öz həyatınızdan danışın. Neqativ olmayın. Həyat insana bir dəfə verilir. Sevin, sevilin və ən əsası sevdiyiniz işlə məşğul olun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm