Afaq Aslan: “Sevgilim mənə qadağa qoyub, vəssalam”
Bizi izləyin

Tabloid.az

Afaq Aslan: “Sevgilim mənə qadağa qoyub, vəssalam”

Gənc müğənni Afaq Aslan Tabloid.az-a müsahibə verib.

Gənc müğənni Afaq Aslan Tabloid.az-a müsahibə verib.

İfaçı son günlər adının xoşagəlməz qalmaqallarda hallanmasından, şəxsi həyatından və yaradıcılığındakı yeniliklərdən söhbət açıb.

- Afaq, bu günlərdə gənc bir müğənni ilə adınız qalmaqalda hallandı. Nəyə görə məhz siz hədəf oldunuz?

- Ola bilsin ki, onlar mənim populyarlığımdan istifadə edib, özlərini reklam etmək istəyirlər. Bununla da reytinq qazanıb, efirlərə pulsuz çıxmaq istəyirlər. Əfsuslar olsun ki, bəzən elə sözlər danışırlar ki, onlara şərait yaratmaq məcburiyyətində qalıram. Susa bilmirəm, cavab verirəm. Daha özümə söz vermişəm ki, haqqımda danışan heç bir müğənniyə reaksiya verməyəcəyəm. Adını belə çəkməyəcəyəm.

- Xarici görkəminizdə hiss olunacaq qədər dəyişiklik var...

- Bəli. Xarici görünüşümə əl gəzdirmişəm. Saçlarımın rəngini dəyişmişəm. Bir də dodaqlarımı kiçiltmişəm.

- Niyə həmkarlarınız açıq-saçıq geyimlərinizə sərt reaksiya verirlər?

- Düzü, mən açıq-saçıq geyimlərə pis baxmıram. Əgər müğənni səhnədədirsə, digər insanlardan fərqlənməli, başqaları kimi olmamalıdır. Açıq-saçıq geyimlərimə gəlincə, əgər mənə yaraşırsa, niyə geyinməyim?! Onu deyə bilərəm ki, mənim ideal bədən ölçülərim var. Bir geyim mənə çox yaraşırsa, niyə də geyinməyim? Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mənim bədənim dünya ulduzlarının bədən quruluşu ilə eynidir. Azərbaycan səhnəsində gözəl bədən quruluşuna malik olan müğənnilər çox azdır. Ona görə də bir çox müğənnilər məni özlərinə rəqib bilirlər. Çalışırlar ki, mənə sataşsınlar, söz atsınlar. Bununla da populyarlaşsınlar. Yəqin ki, sənət göstərib, yaradıcılıqla gündəmə gələ bilmirlər deyə, mənim adımla tanınmaq istəyirlər.

- Sizə səhnəyə gəlmək çətin olmadı. Qısa zamanda populyarlaşdınız. Bunun sirri nədədir?

- Doğrudur. Bəzi müğənnilər var ki, “səsimiz, sənətimiz var” deyirlər. Bu yaxınlarda biri deyirdi ki, mənim çox böyük vokal səs imkanlarım var. Mən o, səsim, sənətim var deyən müğənnilərə demək istəyirəm ki, səsi-sənəti olan müğənni efirə heç bir zaman pulla çıxmaz. Əgər o müğənniyə tələbat varsa, hər yerə təmənnasız dəvət alacaq. Bir müğənninin kiçik səsi ola bilər. O, həmin o kiçik səsi ilə insanlarda böyük hislər yarada bilər. Bu gün mən efirə təmənnasız çıxıramsa, demək ki, az da olsa insanlarda maraq yaratmışam. Bütün gördüyüm işlərə görə mənə dəstək olan insanlara da borcluyam. Onlar mənə dəstək olurlar və yanımdadırlar. Bəzi müğənnilərin gəlirləri toylardan, şou-proqramlardandır, amma Afaq Aslanın gəlir mənbəyi sponsorudur. Mən burdan o müğənnilərə demək istəyirəm ki, sevdiyim insan var. İlk növbədə çox xoşbəxtəm ki, sevirəm, həm də sevilirəm. Ən böyük maddi dəstəyi də sevdiyim insan göstərir. Ümumiyyətlə, sevgini sponsor köməyi adlandırmazdım. Bəli, mən toylarda və şou proqramlardan gəlir götürmürəm. Çünki bu sənətə gəlir mənbəyi kimi baxmıram. Bəzi müğənnilər kimi gedib, şou proqramlarda 30-40 manata oxumaram. Toylarda oxuyub, pul qazanmağa ehtiyacım yoxdur. Sevgilim qəti şəkildə mənə qadağa qoyub: “Restoranlarda oxuyub, pul qazanmayacaqsan!” Bu insan istəmir, vəssalam. Həmişə mənə deyir ki, sən ancaq efirlərdə oxuyacaqsan. Radio dalğalarında mahnıların səslənəcək. Sırf sənətlə məşğul ol, amma burada heç bir gəlir qazanma. Nəyə ehtiyacın varsa, mən qarşılayıram. Onu da deyim ki, mən toylarda oxumağı, sənət hesab etmirəm. Toylarda oxumaq nə vaxtdan sənət olub?

- Çıxış etdiyiniz tədbirlərdən gəlir əldə edirsiniz?

-Hələ ki, mənim sənətdə qazanan deyil, sərmayə qoyan vaxtımdır. Bu dəqiqə sənətimin elə bir mərhələsindəyəm ki, yaradıcılığıma sərmayə qoyuram. Amma xərclədiklərimin hətta bir faizini götürməmişəm. Götürmək niyyətində də deyiləm. Çünki sənətimi, musiqini çox sevirəm.

- Bəs yaxşı bir gün sevgiliniz olmasa necə olacaq?

- Mümkün deyil ki, o, bir gün yanımda olmasın. Hətta münasibətlərimizi rəsmiləşdirə də bilərik. Bizim münasibətlərimiz artıq o həddə çatıb ki, hər an şou-biznesi şoka sala bilərəm (Gülür).

- Artıq ərə getmək barədə düşünürsünüz?

- Son vaxtlar münasibətlər artıq o həddə çatmağa yaxınlaşır. Yəni mənim onu itirmək şansım sıfıra bərabərdir. Bilirsiniz, niyə özümü şanslı qadın hesab edirəm? Sevgilim məni sənətimdən uzaqlaşdırmaq istəmir. Hətta o, özü məndən daha çox həvəslidir. Deyir ki, həmişə səni efirlərdə, səhnələrdə görmək istəyirəm. Hətta ana olandan sonra məni sənətdən uzaqlaşdırmaq fikri yoxdur. Ancaq restoranlarda oxumağımın qəti əleyhinədir.

- Yeri gəlmişkən, Afaq Aslan ana olandan sonra xarici görünüşündə baş verəcək dəyişikliyə hazırdır?

- Mənim bədən quruluşum və ölçülərim genetikdir. Ata tərəfimə çox oxşamışam. Anam dolu bədənlidir. Ailədə üç bacıyıq. Bacılarım məndən fərqli olaraq “toppuş”, bəstəboydurlar. Atam tərəf isə hündürboy və arıqdırlar. Bibim qızları ailə qurublar. Birinin 4 uşağı var. Amma bədənlərinə baxsanız, elə bilərsiniz ki, modeldirlər, podiuma çıxacaqlar. Yəni rahatam, atam tərəfə çəkmişəmsə, bədənim uşağım olandan sonra da ideal qalacaq. Onu da deyim ki, mənim hətta xasiyyətim belə dəyişməyəcək. Çünki uşaq kimiyəm. Həm şıltaq, həm də çox kompleksliyəm. Sizə bir sirr açım, açıq-saçıq fotosessiya etdirməyimə baxmayın. Dəhşət kompleksli insanam. Adam içinə çıxanda özümü itirirəm. Mən heç vaxt açıq-saçıq geyinib nə efirə çıxmaram, nə də şəhərdə gəzmərəm. Sadəcə, şəkil çəkdirmək hobbimdir. Uşaqlıqdan xarici modellərə, müğənnilərə baxmışam və özümü o obrazda görrürəm. Şəkil çəkdirmək də məndə həvəsə çevrilib. Neyləyim, azərbaycanlıların obrazına sığışa bilmirəm (Gülür).

-Deyirlər ki, Afaq Aslan tədbirlərdə, məşhur müğənnilərə, hətta ulduzlarımıza salam vermir. Buna görə hətta sizdən küsənlər də var. Bunun səbəbi nədir, onları qəbul etmirsiniz?

- Yox, deməzdim ki, qəbul etmirəm. Müğənnilərimiz bunu saymazlıq kimi qəbul etməsinlər. Ola bilsin ki, sənətdə populyar ulduzlarla eyni məkana düşə bilərik. Və mən onlara salam vermədən keçə bilərəm, bunu saymazlıq kimi qəbul etmək lazım deyil. Sadəcə, o qədər utancaq və kompleksliyəm ki... Mən hər hansı bir məkana girəndə heç vaxt fikir vermərəm ki, sağımda-solumda və hətta qarşımda kim oturub (Gülür). Sadəcə, içəri girib, mənə ayrılan yerə gedib, əyləşirəm. Onların hamısına salam verib keçmək istəyirəm, amma olmur, çünki utanıram.

- İnsanlarda ən çox dəyərləndirdiyiniz xüsusiyyət hansıdır?

- İkiüzlü insanlardan qaçıram. Bir insan sənin qarşında bir, arxanca başqa cürdürsə, o, hər an səni zərbə altında qoya bilər. Elə insanlardan özümə qarşı hər an xəyanət gözləyirəm. İnsanın bir siması olmalıdır. İnsanda ən çox dəyərləndirdiyim xüsusiyyət mərdliyi, saflığıdır. Hansısa bir insanda saflıq, səmimiyyət görürəmsə, ona ürəyimi də çıxarıb verərəm. Amma bir insanda riyakarlıq, ikiüzlülük, namərdlik görürəmsə onu özümdən uzaqlaşdırıram.

- Sonda yaradıcılıq yeniliklərindən danışardınız...

-Hazırda radio dalğalarında yeni “Sevə bilmərəm” adlı mahnım səslənir. Sözləri Aydın Xırdalanlıya, musiqisi Xəyyama məxsusdur. Bu, mənim meyxanaçılarla ilk işbirliyimdir. Onlarla birgə oxumaq öz ideyamdır. Deyərdim ki, heç də pis alınmayıb. Bu mahnıya klip çəkdirməyi düşünürük. Digər başqa yeni mahnılar üzərində çalışırıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm