Mehriban Xanlarova: “Atam, qardaşım ərə getməyə qoymur ki...” - Fotolar
Bizi izləyin

Tabloid.az

Mehriban Xanlarova: “Atam, qardaşım ərə getməyə qoymur ki...” - Fotolar

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarova yenidən şəxsi həyatı ilə gündəmə gəlib.

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarova yenidən şəxsi həyatı ilə gündəmə gəlib.

Tabloid.az-a müsahibə verən aktrisa ailə həyatı qurmaq haqqında düşündüyünü deyib:

- Məni əksər hallarda məndən yaşca kiçik kişilər sevirlər. Təbii ki, qızım ərə gedib, mən təkəm, ailə qurmaq istəyimdə qəbahət yoxdur. Tək qadın olduğum üçün ailə qurmaq barədə fikirləşirəm. Məni və sənətimi başa düşən insan olsa təbii ki, ərə gedərəm. Amma məhz məni filankəs istəyir, filan yaşdadır, belə bir şey yoxdur. Bəzi saytlar yazıb ki, 2015-ci ildə ərə gedirəm. Belə bir planım yoxdur.

- Tez-tez evlilik təklifləri alırsınız?

- Mənimlə ailə qurmaq istəyən çoxdur. Amma belə məsələdə çox ölçüb-biçmək lazımdır ki, növbəti dəfə xəyanətə tuş gəlməyəsən. Ailəmi sevirəm, hər əziyyətini çəkirəm. Haqsızlıq görəndə isə özüm- özümə sual verirəm ki, axı niyə mən? Mənlər məni yıxıb da… Mən hələ o adamı yaxşı tanımalıyam, bilməliyəm. Bir aylıq ərə getməkdənsə, getməmək daha yaxşıdır. Həmişə demişəm ki, qadının hər zaman kişinin xoş sözünə, sığalına, tumarına ehtiyacı var. Amma bu o demək deyil ki, artıq ərə gedirəm, hətta özümə toy edirəm. Mən toy eləmərəm. Amma ərə getsəm çıxıb efirdə deyərəm ki, artıq sevirəm.

- Sizin ürəyinizi ələ almaq çətindir, yoxsa?

- Ürəyimi ələ almaq çox çətindir. Bilirsiniz, sevgi nədir? Alışqanlıq ola bilər. Sevgi insana gənclik, tələbəlik illərində gəlir. Ola bilər ki, sənin yaxınlaşdığın, xoşlandığın insan o məhəbbəti, sevgini, keçmişi qaytara bilər.

-Sizin ürəyinizi fəth edə biləcək kişi hansı xarakterdə olmalıdır?

- Gərək mən istəyəm ki, həmin kişi də mənim ürəyimi ələ ala bilsin. Kişi kişi kimi olmalıdır, vəssalam. Başqalarından seçilməlidir.

- Xaraktercə romantik insansınız?

- Romantik insanam. Amma efir evimi yıxıb, əsəblərim yerində deyil. Amma romantik kişidən xoşlanıram.

- 3 dəfə ailə həyatı qurmuşunuz və boşanmısınız. Niyə hər üç nikahınız uğursuz alınıb?

- Mən 3 dəfə qanuni nikahda olmuşam. Mən heç bir zaman xəyanəti bağışlamamışam. Bundan sonra da bağışlamaram. Xəyanət edən kişini nə qəbul edərəm, nə də ki, bağışlayaram. Xəyanəti bağışlamaq olmaz!

- Xəyanətdən söz düşmüşkən, niyə azərbaycanlı kişilərin əksəriyyəti bir qadınla kifayətlənmirlər? Xəyanətə daha çox meyilli olurlar?

- Bu ancaq Azərbaycanda belə deyil. Mən dünyanın bir çox ölkələrində olmuşam. Bütün dünyada kişilər xəyanət edirlər. Düzdür, bizdə xəyanət halları daha çoxdur. Xəyanət bütün dövrlərdə aktual olub. Sovetlər dönəmində bu hallar gizlin qalırdı. Təəssüflər olsun ki, çox qəribə zəmanədə yaşayırıq. Şəxsən mən Mehriban Xanlarova qəbul eləmərəm ki, mən olan yerdə başqa bir qadın da olsun. Bəzən deyirlər ki, xəyanəti bağışla. Heç vaxt! Bir dəfə, iki dəfə, baxacaqsan ki, ardı gedir. İstər qızım, istər anam, istər doğma insanım olsa, belə xəyanəti bağışlaya bilmirəm. Sevərəm, dəlicəsinə bağlanaram, canımı da verərəm, amma yalanı və xəyanəti bağışlamıram.

-Daha bir məqam: Bizim qadınlar ər xəyanəti ilə rastlaşanda buna göz yumurlar. Sizcə, bunun səbəbi nədir, həyat yoldaşından maddi baxımdan asılılıq, yoxsa?

- Bilirsiniz, məncə şəxsiyyətinə hörmət edən qadın xəyanəti bağışlamamalıdır. Xəyanətə dözən qadınları da başa düşürəm. Xəyanəti bağışlayan qadın sadəcə nələrinsə xatirinə göz yumur. Neyləməlidir, qorxur axı. Ailəsinin dağılmasını, tək qalmağı istəmir. Azərbaycan qadını təklikdən qorxur. Qadın o zaman kişidən asılı olur ki, işləmir, evdə oturur. Ayaqqabısını silir, üst-başını səliqəyə salır. Ya Allah, kişi getdi işə, oradan da o yana… Bizim qadınları xəyanətə sürükləyən kişilərdir. Təbii ki, hamısı yox.

- Mehriban xanım, niyə bizdə boşanmış qadının növbəti dəfə ailə qurmasına yaxşı baxmırlar?

- Əgər mən bu gün desəm ki, mən sevirəm, bilirsiniz, bu açıqlamamın ətrafında nə qədər söz-söhbətlər çıxa bilər? Düzdürmü?

- Bəli...

- Məni istəməyən o qədər insanlar var. İstəməyənlər söhbəti şişirdəcəklər. Mətbuatda isə birinin üstünə beşini qoyub yazacaqlar. Hətta sosial şəbəkələrdə, “Facebook”da haqqımda yazacaqlar. Mən axı internetə girmirəm. Zəng edib, deyirlər ki, haqında filan sözü yazıblar. Deyirəm ki, cəhənnəmə yazsınlar, mənə maraqlı deyil. Deyəcəklər ki, utanmır, ərə gedir, artıq nənədir. 1967-ci il doğumluyam, 47 yaşım var. Mənim yaşıdlarım hələ indi ailə həyatı qururlar. 52, 60 yaşında uşaq dünyaya gətirən qadına hər şey olar, mənə olmaz? Amma mən bu gün desəm ki, bəli, mən həqiqətən də sevirəm, öz yarımı tapmışam. Görün nə sözlər çıxacaq... Ailə qurmaq istəyirsən, qardaş qoymur, ata qoymur ki, adımız-sanımız var. Axı niyə? Nə üçün?

- Doğrudan, belə bir adam var?

-Ola bilər. Tam qərar verməmişəm. Mənim ağlım, şüurum var. Kimin isə sözü, məsləhəti ilə ailə quran deyiləm. Kimsə durub desin ki, yaxşıdır da, get nə olacaq?! Belə sözlərə gedən adam deyiləm. O adam mənim sınaqlarımdan keçsə, yalnız o halda ailə həyatı quracağam.

- Həmin şəxs sizinlə ailə qurmaqda israrlıdır?

- Bir deyil, bir neçə adam var (Gülür). Əlbəttə ki, israrlıdır.

- Gəlinlik geyinmək istəmirsiniz. Bəs toyu necə, xarici ölkələrdən birində olmasını istəyərdiniz?

- Başqa ölkədə niyə toy edirəm? Ərə getsəm toy Bakıda olar. Kimdən qaçıram, kimdən gizlənirəm? Kimin qarşısında əskik işim var?

- Keçmiş həyat yoldaşlarınızdan hər hansı biri təkrar sizinlə barışmaq istəmir?

- Bilirsiniz də, Lalə Dadaşovanın həyat yoldaşı mənim keçmiş ərim olub. O, barışmaq istədi. Hətta mən özüm də cəhd elədim ki, barışaq, amma alınmadı. Daha bundan sonra onların hər hansı biri ilə təkrar barışmaq istəmərəm.

- Niyə azərbaycanlı qadınlar əksər hallarda xoşbəxt ola bilmirlər? Sənət aləmində də boşanma hallarına tez-tez rast gəlinir. Sizcə, bu problemin kökündə hansı amillər dayanır?

- Hər birimizin ayrı-ayrı taleyi var. Bizdə şou-biznes nümayəndələrinin əksəri evlidir, boşanan azdır. Cəmiyyətdə isə məsələ tamam başqadır. Boşanmalara yol açan səbəblərdən biri də qızların varlı oğlan, oğlanların isə varlı qız axtarışında olmasıdır. Amma istər siravi, istərsə də sənətdə olan hər bir qadın xoşbəxt olmağı arzulayır. Ən azından buna can atır.

- Bəs Mehriban Xanlarova necə, özünü xoşbəxt qadın hesab edir?

- Bəzi məqamlarda hə, bəzi məqamlarda yox. Ailəm, övladım məni sevir. Qadın tək olanda elə bilir ki, dünyanın ən bədbəxt insanıdır. Amma mən heç vaxt elə fikirdə olmamışam. Çünki həyatımda xoşbəxt anlarım çoxdur. Çünki məni sevən insanlar çoxdur. Məni sənətimdə yaşadan insanlar çoxdur. Bunlar çox önəmlidir. Elə sənətkar var ki, illərdir kinolara çəkilib, teatrda oynayıb. Amma onu sevən yoxdur. Amma mən Allahımdan razıyam ki, sevilirəm.

-Qadın kimi xoşbəxtsiniz?

- Bilirsiniz, mən sevəndə ürəkdən sevirəm. Sevmədimsə, sevmirəm. Hər sevəni də yaxına buraxa bilmərəm. Çünki onun əzabını çox çəkmişəm. Mən ilk yoldaşımdan ayrılanda 6 ay özümə gələ bilmədim, depressiya yaşadım. Təkrar depressiyaya düşmək istəmərəm. İmkan vermərəm ki, kimsə mənə əzab versin. Birinci dəfə nikaha girəndə 22 yaşım vardı. Tələbəlik illərində sevməyərək ailə qurdum. Bir-birimizi başa düşərək də ayrıldıq. Amma o insan məni çox sevirdi. Qadının bir neçə dəfə ailə qurmasına pis baxmıram. Mənim şəxsi həyatıma heç kəsin qarışmağa ixtiyarı yoxdur. Alın yazım budur, Allah yazıb. Məni başa düşən insan olsa, istəyərəm ki, indi də yanımda həmsöhbətim olsun.

- Növbəti dəfə ailə həyatı qursanız, təkrar övlad sahibi olmaq istəyirsiniz?

- Çox istəyərdim. Oğlan, qız fərqi yoxdur mənim üçün. Allah əl-ayağını düz versin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm