ANS-in aparıcısı: “Amerikadan sonra burada işləmək çətin olacaq” - Fotolar
Bizi izləyin

Tabloid.az

ANS-in aparıcısı: “Amerikadan sonra burada işləmək çətin olacaq” - Fotolar

ANS televiziyasının aparıcısı Aysel Zahidqızı bu il Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən təşkil olunan və dünyanın bu səpkidə ən böyük proqramlarından birində ölkəmizi təmsil etmək şərəfinə nail olub.

ANS televiziyasının aparıcısı Aysel Zahidqızı bu il Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən təşkil olunan və dünyanın bu səpkidə ən böyük proqramlarından birində ölkəmizi təmsil etmək şərəfinə nail olub. 3 həftəlik təlim proqramı ərzində, o, Amerikanın ən tanınmış “The Wall Street” “Thomson Reuters”, “Washington Post”, “NBC” kimi qəzet və mətbuat orqanlarının nümayəndələri və aparıcıları ilə görüşmək imkanı əldə edib.

Tabloid.az hazırda Amerikda olan və ANS telekanalından “Salam, Azərbaycan”, “Xəbərçi”, “İç xəbər” və “Növbətçi” verilişlərinin aparıcısı kimi tanınmış telejurnalist Aysel Zahidqızı ilə müsahibəni təqdim edir.

- Aysel, necəsiniz?

- Arzularına çatan insan necə olar sizcə?! Əlbəttə əla!

- Necə oldu Amerikaya getdiniz?

- Jurnalistlər üçün təşkil olunan “Edward R. Murrow” proqramı artıq neçə illərdir ki, dünyanın 50-ə yaxın jurnalistini bir araya toplayan ən böyük mübadilə proqramlarından biridir. Bu il Amerikanın ölkəmizdəki səfirliyi ölkəmizi təmsil etmək şərəfinə məni layiq gördü. Təbii ki, mən də illərdir arzusunda olduğum Amerika xəyalıma qovuşmuş oldum.

- Bir neçə ştatda olmusunuz. Televiziyalarda iş prosesini izləmisiniz. Fərq çoxdur?

- 3 həftə ərzində 4 ştat gəzdik. Fərqli mədəniyyətlərin şahidi oldum, insanlar gördüm. Amerikada hər bir ştatın özünəməxsusluğu var ki, bu da məni təəccübləndirdi. O ki qaldı iş prosesini izlədiyimiz televiziya kanallarına, deyim ki, fərq çoxdu. Adi bir misal çəkim. Dallasda (Texas) “Univision 23” kanalında olduq. Burada verilişlərin çəkildiyi studiyada kamera arxasında operator dayanmır. Təsəvvür edirsiniz, bütün proses texniki studiyadan idarə olunur. Bu, mənə çox maraqlı gəldi. Onların hadisələrə yanaşma tərzləri başqadır, problemləri həll etmək yolları başqadır. Tamamilə başqa sistemdir.

- Amerika jurnalistlərinə Azərbaycan deyəndə tanıyırdılar?

- Jurnalistlər təbii, az da olsa məlumatları var idi. Amma adi insanlarla danışıq zamanı ancaq Xəzər dənizinin adı gələndə, xəritədə yerini təsəvvür edə bilirdilər. Həm Dallasda, həm də Minnesota (Minneapolis) şəhərlərində yerli ailələrin qonağı olduq. Azərbaycan haqqında məlumatları çox azdır, amma ötən illərlə müqayisədə məncə müsbətə doğru gedir hər şey.

- Tez-tez xarici ölkələrə səfərlər edirsiniz. Ailə daxilində problem yaranmır ?

- Mənim valideynlərim məni hər zaman dəstəkləyirlər. Amma mütləq səfər öncəsi evdə “Milli Məclis “ toplanır (gülür), ətraflı hər bir nüans izah olunur, razılıq alınır, ondan sonra “Yaxşı yol” deyirlər (gülür). İstər işgüzar, istərsə də istirahət məqsədilə, fərqi yoxdu, bu, bizdə hər zaman belədir. Məncə əsas güvəndir. Əgər onu qazanmısansa heç bir problem olmamalıdır. Mən güvən qazandığım üçün məsələ sülh yolu ilə həll olunur.

- Müxtəlif verilişlər aparmışınız. “Salam, Azərbaycan”, “Xəbərçi”, “İç Xəbər”, “Növbətçi”... Bu verilişlərdən hansı Sizə daha yaxındır?

- “Salam Azərbaycan” verilişi ilə mən jurnalistikaya başlamışam. Veriliş üçün həqiqətən də çox əziyyət çəkmişik. İstər yuxudan durmaq, istər çəkilişlər, fərqi yoxdur komanda kimi çalışmışıq. Amma “Xəbərçi” məni əsl jurnalist kimi yazmağı öyrətdi və öyrətməkdə davam edir. Baş verən hadisələrin içində olmaq və çoxlarından birinci xəbər tutmaq əslində adrenalindir. “İç Xəbər” məni insanlara daha yaxın etdi. Hər gün telefon zəngləri, şikayətlər bir tərəfdən məni üzürdü, amma digər tərəfdən problemlər öz həllini tapandan sevinirdim. “Növbətçi” tam mənə zidd bir veriliş idi. Hər zaman şən , pozitiv olmağa çalışan biri üçün, bıçaqlanma, ölüm, qəza kimi xəbərləri çatdırmaq çətin idi. Amma burda da özümü sınadım deyə bilərəm.

- Amerikadan gəldikdən sonra burada işləmək Sizə çətin olmayacaq ki?

- Bilmirəm. Çətin olacaq əlbəttə. Çünki tamamilə başqa iş tərzini görürsən, niyə bizdə də belə olmasın deyirsən, işçilərin bir- birinə qarşı münasibətini görürsən və sənə çətin gəlir təbii ki. Amma insan hər bir çətinlikdən çıxış yolu tapa bilər məncə.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm