“Aygün, Rəhim mənə zəng edib deyirlər ki...
Bizi izləyin

Tabloid.az

“Aygün, Rəhim mənə zəng edib deyirlər ki...

Yerli şou-biznesinin maraqlı fiquru, qalmaqalları ilə yadda qalan prodüser Tolik (Tarix Əliyev) bir neçə gün öncə Azərbaycan sərhədində Ermənistanın hərbi helikopterinin vurulmasına münasibət bildirərək, yenidən gündəmə gəlib.

Yerli şou-biznesinin maraqlı fiquru, qalmaqalları ilə yadda qalan prodüser Tolik (Tarix Əliyev) bir neçə gün öncə Azərbaycan sərhədində Ermənistanın hərbi helikopterinin vurulmasına münasibət bildirərək, yenidən gündəmə gəlib.

O, Tabloid.az-a müsahibəsində gündəm yaradacaq mövzulara da toxunub. O, suallarımızı gözləmədən söhbətə başladı:

- Biz evimizdə rahat yatırıq. Amma düşmənlə sərhəddə əsgərlərimiz keşiyimiz çəkirlər. Əgər bu gün düşmən helikopteri torpaqlarımızda sakinlərimizə atəş açırsa, çox rahatlıqla bu tərəflərə də gələ bilər. İki bacım var, Rəhimə, Fatimə. Onların canına and içirəm ki, müharibə olsa gedərəm. Birinci özüm gedərəm. Bilirsiniz niyə? Çünki bəzi “mənəm-mənəm” deyənlər, bəzi biznesmenlərin övladlarına qarşı çıxaram ki, bax mən getdim ora, siz isə yox. Düzdür, heç vaxt əlimdə silah saxlamamışam. Amma gedərəm, orada nə iş lazım olsa görərəm. O vaxt mən həqiqi hərbi xidmətə çağırıldım, amma çəki problemimə görə qulluq edə bilmədim. Geri qayıtdım. Sonra ikinci dəfə könüllü əsgərliyə getmək istədiyimi bildirmişdim. Nə vaxt əmr verilsə ki, vətən uğrunda döyüşmək lazımdır, hamıdan birinci gedəcəyəm. Çünki orada həqiqi hərbi xidmət çəkən əsgərlərin heç biri məndən əskik deyil ki, artıqdır. Müğənnilər torpaqlarımız olmayandan sonra nəyimizə lazımdır axı?! Ondansa heç olmasa vətənimizə bir xeyrimiz dəysin.

- Hansı kişi müğənniləri vətənpərvər hesab etmək olar?

- Başda Mübariz Tağıyev olmaqla Elton Hüseynəliyev patriotdur. Əminəm ki, Elçin Cəfərov, Ədalət Şükürov, Namiq Qaraçuxurlu, İlqar Muradov müharibəyə gedər. Əslində, dildə patriotlarımız çoxdur, amma əməldə azdır.

- Bilirsiniz ki, xeyli vaxtdır İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında məhkəmə çəkişməsi gedir. Nazpəri xanım davanı uduzub. İndi o, İhamə xanıma 25 min manat təzminat ödəməlidir. Bildiyimə görə, İlhamə Quliyeva sizin sözünüzü dinləyir. Bəlkə onları barışdırasınız?

- Hər iki sənətkara böyük hörmətim var. Onların davalarına heç vaxt qarışmamışam. Bu mənə o qədər maraqsız olub ki. Çünki hər şey müvəqqətidir. Bu gün var olan, sabah yoxdur. Bəlkə də İlhamə xanım əsəbiləşib, deyib ki, o pulu istəyirəm. Məncə, İlhamə xanımın o pula ehtiyacı yoxdur. Bəlkə də var, nə bilim... Amma mən onların işinə qarışmaq istəmirəm. Ona görə yox ki, mən onlardan hansındansa qorxuram. Yox. Sadəcə, qarışmaq istəmirəm. Onları barışdırmaq, ya da davalarına qarışmaq mənim həddimə deyil. Çünki onlar məndən yaşda böyük, illərlə sənətdə olan insanlardır. Mən cavanlar haqqında danışıram. Onları yalnız nazirimiz Əbülfəs Qarayev barışdıra bilər.

- Bu gün yerli şou-biznesdə Toliki nələr narahat edir?

- Heç nə narahat etmir. Çünki bu gün yerli şou-biznesdə böyük durğunluq yaşanır. Bu dəqiqə hamı yalnız özünə toy tutur, maddiyyatı fikirləşir. Heç kimi konsertlər vermək, Sarayda növbəyə dayanmaq maraqlandırmır. Müğənniləri ancaq bayağı mahnılar oxumaq maraqlandırır. Öndə gedən müğənnilər Röya, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva bura aid deyil. Onları sənətləri maraqlandırır. Hazırda Röya konsertə hazırlaşır. Aygün xanım yeni mahnı yazdırır. Zülfiyyə xanım Abbas Bağırovla duet oxuyub. Müğənnilər var ki, sənətə işləyirlər. Müğənnilər də var ki, toya işləyirlər ki, pul qazansınlar. Ona görə də demək olar ki, durğunluqdur.

- Bu durğunluğu necə aradan qaldırmaq olar?

-Nə zamansa onlar həvəsə gəlsələr, 5-6 il əvvələ qayıtsalar, məncə yaxşı olar.

- Sizcə, yerli şou-biznesi kim idarə edir?

- Heç kim. Kimsə deyə bilməz ki, yerli şou-biznesi idarə edirəm. Xalq artisti olmur, kim olur-olsun, şou-biznesi idarə edə bilməz. Mənə elə gəlir ki, yerli şou-biznesdə qruplaşma var. Mədəniyyətdə olan bəzi ağsaqqal-ağbirçəklər maraqlı olmaq üçün şou biznesə qoşulurlar. Deyirlər ki, şou-biznesə qarışmırıq. Amma ancaq şou-biznesi müzakirə edirlər. Burnunu hər məsələyə soxub, onu-bunu təhqir edib, məsləhət verirlər. Məncə hər kəs məsləhəti özünə versə yaxşıdır. Məsləhətlərini övladlarına, nəslində olan insanlara versinlər. Şəxsən mənim atamın və yaxın bilib, hörmət etdiyim insanların məsləhətinə ehtiyacım var. Müğənni məsləhəti özünə verib, ağ günə çıxsın. Statusundan asılı olmayaraq, müğənni mənə nə məsləhət verə bilər? Anam deyil, bacım deyil. Görürəm də, hansısa xalq artisti efirə çıxıb, məsləhət verir. Sən kimə məsləhət verirsən? Sənin özünə məsləhət verən lazımdır. Hər kəs məsləhətini özündə saxlasa, insanların gözündə daha hörmətli olar. Türkiyə şou-biznesinə baxıram, Ajda Pekkan, Sezen Aksu, Orxan Gəncəbay heç vaxt efirə çıxıb kiməsə söz atmaz. Deməz ki, filan müğənni mənim paxıllığımı çəkir. Onlar hamısı gənc ifaçılara dəstək olurlar. Təsəvvür edin ki, Madonna efirə çıxıb deyir ki, Rihanna kimdir ki? Nə olsun ki, bu gün o, ən çox sevilən müğənnidir? Mən daha yaxşıyam. Çünki Madonna özünə hörmət edir. Əminəm ki, nə Rihanna, nə Beyons, nə Cennifer Lopes, nə də Ledi Qaqa deməz ki, Selin Dion, axı sən niyə beləsən? Sənin zamanın ötüb... Görüm, Rusiya estradasında kimsə çıxıb Alla Puqaçova, ya da Sofiya Rotaru haqqında nəsə söz deyə bilər? Yox. Bizdə isə, ağbirçəyindən tutmuş cavanına qədər hamısı efirə çıxıb, ağızlarına gələni danışırlar. Təki gündəmdə olsunlar. Anlamırlar ki, bununla da insanlarda nifrət, ikrah hiss oyadırlar. Baxırlar, deyirlər ki, cavanlıqda hamıdan çox nə işlərdən çıxıb. İndi də gəlib, gənclərə irad tutur. Ona görə də insan nə qədər sanballı olsa, özünə hörmət etsə, xalqın da etimadını, sayğısını qazanar. Mən bu gün bu, sabah başqa müğənni ilə işləyirəm. Amma kənardan baxanda qıcıqlanma gəlir ki, niyə axı onlar özlərini bu günə qoyurlar? Mənə ancaq dostlarım məsləhət verə bilər. Bilirsiniz ki, mən xaraktercə çılğın və emosional, azacıq da əsəbi adamam. Amma ki, düz danışanam. Yəni boşboğazlıq etmirəm. Dostlarım tez-tez zəng vurular, Aygün Kazımova, Rəhim Rəhimli, Elton Hüseynəliyev, hətta Sevda Yahyayeva mənə deyir ki, lazım deyil, əsəbiləşmə. Abbas Bağırov da həmçinin. Ən çox məsləhətinə qulaq asdığım insan Murad Dadaşovdur. Çünki o, insan heç vaxt mənim pisliyimi istəməz. Ona hər zaman deyirəm ki, sizin kimi dostum, tanışım olması ilə fəxr edirəm. Onun kimi böyüyüm olmasından sevinirəm. Çünki təmənnasız bir insandır.

- Emosional, çılğın və qalmaqallısınız. Amma bütün bunlara baxmayaraq, sənət adamları sizin xətrinizi istəyirlər...

- Çünki saxta insan deyiləm, özüm kimiyəm. Müğənni və ya prodüser var ki, efirə çıxıb, lazım olmayan şeylərdən danışır. Yalandan nağıl danışırlar. Axı insanlar səmimiyyəti sevirlər. Mən kitab dili ilə danışmıram. İnsanlar da demir ki, ay da, bu nə yaxşı alimdir e... Bəzi müğənnilər var, evdə kitab oxuyurlar ki, efirdə kitab dilində danışsınlar. Səmimiyyət mənim özümdə var. Mən bunu yalandan qazanmamışam. İnanın ki, insanlar bəzi müğənnilərdən daha çox məni istəyirlər. Görürlər ki, mənim ürəyim də var, dilim də. Yalan danışmıram. Heç vaxt, heç bir müğənniyə böhtan atmamışam. Bəli, ola bilər ki, kiminləsə dava etmişəm. Amma qulağımla eşitdiyimin və gördüyümün əsasında kiməsə irad tutmuşam. Məncə, insanlar saxta gülüşlərdən, saxta davranışlardan beziblər. Mən xalqın bir üzvüyəm. Digərlərdən fərqim odur ki, məni tez-tez televiziyada görürlər. Mənim insanlardan heç bir fərqim, üstünlüyüm yoxdur. Allaha and olsun, bəzən istəyirəm ki, tıxacların əlindən metro ilə gedib-gələm. Xarici ölkələrdə hətta tanınmış insanlar, deputatlar belə metrodan istifadə edirlər. Hər aşığın bir dövranı var. Bu gün gündəmdəyəm, Tolikəm. 5 aydan və yaxud 1 ildən sonra hansı mərtəbədə və ya harada olacağım bəlli deyil. Allah heç kimi hörmətli edib, sonra gözdən salmasın. Müğənnilərimiz var ki, zamanında çox hörmətli olublar. İndi də hörmətli, izzətlidirlər. Onlar bunu saxlamağa çalışıblar. Mən də 5 il qabaqkı Tolik deyiləm. 11 ildir şou-biznesdəyəm. Şou-biznesə gəldiyim vaxtlar, onunla-bununla dava edirdim. Amma indi təkəbbürlü olmuşam. Düşünürəm ki, qalmaqal etmək lazım deyil, insanların gözündə cılız olursan. Bir məclisə gedirsən, sənə biri hörmət edirsə, beşi deyir ki, ay da, filankəs gəldi. Ona görə də təkəbbürlü olmaq lazımdır. Birinci özünə hörmət edəsən ki, ətrafdakılar da sənə hörmət etsinlər.

- Bəs yaxşı sizin məsləhətinizi kimlər dinləyirlər?

- Mənimlə çalışan müğənnilər dinləyirlər. Mən onlara demirəm ki, necə geyinin. Mənim məsləhətlərim iş barəsindədir. Heç bir müğənninin şəxsi həyatına qarışmıram. Öz işim var. Sevdaya deyirəm ki, bu gün efirə çıxanda bu mahnını oxuma. Yaxud, Elton bu mahnını oxuma, toyda belə etmə. Çünki mən bunu bilirəm, bu mənim işimdir. Mən Eltona deyə bilmərəm ki, mahnını belə oxu. Çünki mən musiqiçi deyiləm. Amma mən Eltona deyə bilərəm ki, efirdə bu sözü de. Bu haqda danış. Ya da hansısa bayramdırsa yadına salıram.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm