• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Yuva dağıdacaq qədər seksualsan” - Fotolar

“Yuva dağıdacaq qədər seksualsan” - Fotolar

Ötən gün şəhərimizdə məşhur rejissor Çağan İrmakın “Unutursam fısılda” adlı yeni filminin təqdimat mərasimi keçirildi. Mərasimin anşlaqla keçməsinin əsas səbəbi isə yaraşıqlı aktyor Kərəm Bürsin oldu. Gənc aktyorun qız fanatları o qədər canfəşanlıq göstərdilər ki, Kərəm Bürsin yaxın zamanlarda yenidən Bakıya gəlməyə söz verdi.

Biz isə hələlik sizə Kərəm Bürsinin qalmaqallı jurnalist Ayşə Armana verdiyi maraqlı müsahibəni təqdim edirik.

Xüsusilə Kərəm Bürsin pərəstişkarları Tabloid.az-ın “Şirin söhbət”ini mütləq oxusunlar!

- Kərəm, o qədər seksualsan ki, yuva dağıdarsan. Həyatımıza qəflətən daxil oldun. Biz səni yaxşı tanımırıq. Sən əslində kimsən?

- Mən Kərəməm. 27 yaşım var. Demək olar ki, bütün həyatım xarici ölkələrdə keçib, son iki ildir ki, Türkiyədəyəm. Aktyoram. Öz üzərimdə işləmək və daha yaxşı aktyor olmaq istəyirəm. Bunun üçün həm həvəsim var, həm də çox çalışqanam.

- Necə ailədə böyümüsən?

- Bizim ailədə hamı bir-birinə bağlıdır. Çünki həmişə 4 nəfər olmuşuq, Türkiyədən uzaqda yaşamışıq. Atam mühəndisdir, beynəlxalq aləmdə fəaliyyət göstərən neft şirkətlərinin birində idarə heyətinin sədridir. Ona görə də, özümü tanıyandan bəri dünyanı gəzirik, müxtəlif ölkələrdə yaşayırıq.

- Türkiyədə doğulmusan?

- Bəli, İstanbulda dünyaya göz açmışam. Amma 10 aylıq olanda Edinburqa köçmüşük, daha sonra isə bir müddət Şotlandiyada yaşamışıq, ondan sonra da İndoneziyada. Bununla bitmir, Medanda və Cakartadada bir müddət yaşamışıq. İlk dəfə İndenoziyada məktəbə getmişəm. İndoneziya mənim üçün cənnət idi. Küçələrdə meymunlar, müxtəlif heyvanlar olurdu. Bir uşağı cəlb edəcək hər cür şərait var idi.

- Başqa hansı ölkələrdə yaşamısınız?

- Malayziya, Kuala Lumpur, Birləşmiş Ərəb Əmirliklərində, Dubay və Abu Dabidə də qısa müddət yaşamışıq. Oradan Amerikaya keçmişik. Ən çox Texasda olmuşuq.

- Çox gözəl uşaqlıq keçirmisən. Bu qədər çox ölkə dəyişməyin yaxşı və pis tərəfləri nələrdir?

- Hə, uşaqlıq illərim maraqlı keçib. Rəngli, zəngin, insanı inkişaf etdirən uşaqlıq illəri yaşamışam. Yaxşı tərəfi odur ki, ətrafımda həmişə fərqli mədəniyyətlərdən, ayrı-ayrı dinlərdən, irqlərdən insanlar olublar. Bu, xasiyyətimə təsir edib. Hər şəraitə uyğunlaşa bilirəm və insanlarla tez qaynayıb-qarışıram. Ön mühakiməli deyiləm, bunun səbəbi də çox müxtəlif mədəniyyətləri görmüş olmağımdır.

Bu qədər yer dəyişdirməyin pis cəhət isə özünü bir ölkəyə, bir şəhərə, bir məktəbə aid hiss edə bilməməkdir. Özünü heç yerə aid hiss etmirsən, sadəcə dünya vətəndaşı olduğunu düşünürsən. Bəzən getdiyimiz yerlərdə türklərlə qarşılaşırdıq. Bacımla mən ümumilikdə 7 ölkə dəyişdirmişik, anamla atam isə müxtəlif zamanlarda 14 ölkədə yaşayıblar.

- Bəs türk dilini necə öyrəndin?

- Valideynlərim evdə həmişə türk dilində danışırdılar. Amma ana dilim ingiliscədir. İndi türkcəni daha yaxşı danışıram. Amma bacımla mübahisə edəndə hələ də ingiliscədən istifadə edirəm.

- Atanın neft şirkətində işlədiyini söylədin. Bəs anan nə işlə məşğuldur?

- Anam mənə ən çox dəstək verən insandır. Ölkə-ölkə dolaşdıqları üçün karyera qura bilməyib, bizi böyüdüb. Amma axır vaxtlar sosial layihələrdə iştirak edir. Amerikada xərçəng xəstəsi olan uşaqlar üçün çoxlu işlər görüb. Onunla fəxr edirəm. Anam insanlara kömək etməyi, onların həyat şəraitlərini yaxşılaşdırmağı çox sevir. Bu həvəsi və istəyi bizə də aşılayıb. Məsələn, həyatın hər üzünü görməyimiz üçün müharibə vaxtı bacımla məni Kosovaya aparmışdı.

- Sənə ən yaxın insan kimdir?

- Təbii ki, bacımdır. Çünki bəzən o qədər yer dəyişdirirdik ki, aylarca təzə dost tapa bilmirdik. Amma bacımla mən bir-birimizin həmişə ən yaxın dostu olmuşuq.

- Övladının sənin kimi uşaqlıq keçirməsini istəyərdin?

- Əlbəttə, istəyərəm. Niyə istəməyim ki? Uşaqlıqdan ətrafında müxtəlif cür düşünən, geyinən, danışan insanlar olanda adamları seçimlərinə görə mühakimə etmirsən.

- Bostonda aktyorluq təhsili almısan. Sonra da Los-Ancelesə getdin və?

- Orada özümü aktyor kimi sınamaq istədim. Bəzi filmlərdə kiçik rollar oynadım. Amma Los-Ancelesda aktyor kimi karyera qurmaq çox çətindir. Ömür boyu orada karyera qurmaq üçün çalışıb heç nə əldə edə bilməyən insanlar var. Orada rəqabət çoxdur. Demək olar ki, aktyor olmaq istəyənlərin hamısı yaxşı təhsil almış, yaraşıqlı və bacarıqlı insanlardır. Onların arasından sıyrılıb çıxmaq isə çox çətindir. Ona görə də çətinlik çəkməmək üçün aktyorluqla yanaşı başqa işlərlə də məşğul olurdum. Öz pulumu qazanmağa çalışırdım.

- Hansı işləri görmüsən?

- Sürücülük etmişəm. İki il idman zalında işləmişəm, idman müəllimi kimi fəaliyyət göstərmişəm. Daha sonra barlarda, klublarda mühafizəçi olmuşam. Tualet belə təmizləmişəm. Amma heç vaxt işimdən utanmamışam, dünyanın bir çox yerində gənclər bu tip işlərlə məşğul olurlar. Türkiyədə isə “tualet təmizləmişəm” deyəndə adama yazıqları gəlir.

- Bəs atanın bunlardan xəbəri var idi?

- Bəzi işləri demirdim. Məsələn, klubda mühafizəçi olduğumu deməmişdim. Ona bir şirkətdə iş tapdığımı demişdim ki, kədərlənməsin. Təbii ki, bəzi şeylər onların xoşuna gəlmirdi, amma həyat mənim həyatımdır. Həmişə ailəmə möhtac olsam, işim çətin olar. Ona görə də qərar verib, öz yolumla getməli idim.

- Ailəndən nə vaxtdan bəri pul almırsan?

- Əslində istəsəm, onlar indi də mənə pul göndərərlər, maddi dəstək olarlar. Amma 23-24 yaşındakı bir insanın hələ də ana-atasından pul istəməsini anlaya bilmirəm. Elə insanlara hörmət də edə bilmirəm. Mənə qəribə gəlir.

- Anandan və atandan nələri nümunə götürürsən?

- Anam bizə heç vaxt “uşaqlar, vicdanlı olun, mərhəmətli olun, ədalətli olun” deməyib. Amma elə davranıb ki, biz ondan nümunə götürmüşük, hər insanın dünyaya qarşı məsuliyyəti olduğunu başa düşmüşük. Yerə zibil atmamaqla iş bitmir, gərək yerdəki zibili də götürüb zibilqabına atasan.

Atam isə çox dürüst insandır. Onun şüarı belədir: “Nə isə edirsənsə, adam kimi elə. Özünü tamamilə o işə ver”.

- Atan aktyor olmaq istədiyini eşidəndə necə reaksiya verdi?

- Əvvəlcə yox dedi. Amma həyat mənim həyatımdır, ona görə də sonradan razılaşmalı oldu. Los-Ancelesda aktyor olmaq üçün dəli olan minlərlə insan var, atam bundan qorxurdu, mənim üçün hər şeyin yaxşı olmasını istəyirdi. İndi Türkiyədə bu işlə məşğul olmağıma çox sevinir, hətta mənə dəstək olur.

- Bəs məşhurlaşmağın onu sevindirdi?

- Yox, inanmıram. Bizimkilər belə şeylərə önəm vermirlər. Şöhrət, pul onlar üçün əsas deyil. Hətta atam fanatlarım olduğunu belə bilmir.

- Amma anan bir dəfə sənə görə yaranan anşlaqa şahid oldu. Tarkanın konsertində qızlar səndən avtoqraf almaq üçün növbəyə düzülmüşdülər.

- Hə, düzdür. Onda anam bir az təəccübləndi. Amma sonra heç nə soruşmadı.

- İlk dəfə nə vaxt aşiq olmusan?

-Mən bir çox ilkləri Texasda yaşamışam. Ora köçəndə 13 yaşım var idi. İlk dəfə Tekxasda aşiq olmuşam. Teatrla, musiqi ilə tanışlığım da o illərdə olub. İdmana da o illərdə başlamışam.

- Texas üçün darıxırsan?

- Texas səmimi bir yerdir, insanları çox səmimidirlər. Texasda olanda bəzən sıxılırsan, amma bir az uzaqlaşanda da darıxırsan. Mən Amerikanın ən çox rahatlığını sevirəm. Məsələn, orada insanlarda marka xəstəliyi yoxdur. Türkiyədəki vəziyyəti görəndə çox təəccübləndim. Mənim üçün mənasız olan detallar burada çox şişirdilir.

- Məsələn nələr şişirdilir?

- Məsələn, Türkiyədə nə geyindiyinə, hansı saatı taxıb, hansı maşını sürdüyünə çox diqqət edirlər. Halbuki mənim bir sviterim var, 8 ildir geyinirəm. Anam deyir ki, “oğlum köhnəlib bu, artıq geyinmə!”. Amma mən onun içində özümü rahat hiss edirəm. Bir paltar təmizdirsə, onu geyinirəm. Mən geyindiklərimdən, taxdıqlarımdan və ya mindiyim maşından ibarət deyiləm.

Deyək ki, İstanbuldakı bir bara köhnə “Anadol” və ya “Vosvos”la gəlsəm, bir qız belə üzünü çevirib mənə baxmaz. Los-Ancelesdə “Porsche” sürmək insana heç nə qatmır. Burada isə belə detallar çox önəmlidir.

- Necə qadınları cazibədar hesab edirsən?

- Özünə inanan, çalışqan, hədəfləri olan qadınlar çox seksual olurlar. Birlikdə olacağım qadının çox gözəl olması lazım deyil. Əsas odur ki, insanlara faydalı biri olsun. Məsələn, tibb bacısı, müəllimə ola bilər. Bunları deyəndə Türkiyədəki bəzi dostlarım mənə qəribə-qəribə baxırlar. Çünki bu ölkədə gizli təbəqə sistemi yaradılıb. İnsanları müxtəlif zümrələrə bölüblər. Belə hesab edirlər ki, aktyor ancaq aktrisalarla, modellərlə və ya zəngin insanlarla görüşə bilər. Universitet təhsili olan birinin dülgər olmaq istəməsi onlara çatmır. Elə bilirlər ki, hamı həkim olmağa can atmalıdır. Müəllimlik və tibb bacısı kimi peşələrin dəyəri azaldılır. Hər şeyə maddi tərəfdən yanaşırlar.

Mən həmişə tez ata olmaq istəmişəm. Amm indi düşünürəm ki, əvvəl istədiyim yerə gəlməliyəm. Sırf buna görə də şəxsi həyatımla bağlı planlarımı hələlik dondurmuşam.

- Yeni seriala çəkilirsən. Bir az ondan bəhs et.

- “Şərəf məsələsi” serialına çəkilirəm. Yiğit obrazını canlandırıram. Bu rol üçün arıqladım. İmicimi də dəyişdim, saçımın modelini dəyişdirmişəm.

- Yağmurla nə vaxtdan sevgilisən?

- Bir il olar.

- İlk türk sevgilindir?

- Hə.

- Əlaqəniz necədir?

- Əsasən evdə vaxt keçiririk. Çünki çox işləyirik və evə yorğun qayıdırıq. Çölə çıxıb əylənməyə həvəsimiz olmur.

- Harada yaşayırsan?

-Etilərdə Boğaz mənzərəsi olan gözəl bir ev kirayələmişəm. Mənim üçün evin gözəl olması çox önəmlidir.

- Özünü yaraşıqlı hesab edirsən?

- Yox, yaraşıqlı hesab etmirəm. Başqa xüsusiyyətlərim var. Məsələn, insanlarla yaxşı yola gedirəm, özümü başqasının yerinə qoya bilirəm, yaxşı dostam. Aktyorluğu yaraşıqlı olduğum üçün yox, sadəcə məni həyəcanlandırdığı üçün seçmişəm. Bir obrazın üzərində işləmək, özünü o rola hazırlamaq çox əyləncəlidir. İşim məni çox xoşbəxt edir.

- Amerikada bu işlər çətin olduğu üçün Türkiyəyə gəldin?

- Əslində tam elə deyil. Orada Cek Nikolsonu və Sandra Bulloku kəşf edən prodüser Rodcer Korman ilə tanış oldum, onun “Sharktopus” və “Palace of the Damned” filmlərində rol aldım. Amma orada hər şey çox sürətlə dəyişir. İşini bəyənsələr belə, bir gün əvvəl danışdığın menecer və ya prodüser telefonuna cavab vermir. Gördüm ki, yaşım 27-dir və illər keçir, mən isə hələ də dənizdə yırğalanan taxta parçası kimiyəm. Həm də o vaxt illərlə dostluq etdiyimi misirli dostumu itirdim. Velosiped qəzası keçirib vəfat etdi. Ondan sonra özümü sorğu-suala tutdum və vaxt itirdiyimi qəbul edib dəyişməyə qərar verdim. Ondan sonra da Türkiyəyə gəldim. Burada aktyorluqla məşğul olmağı düşünməmişdim. Hətta Yeni Zelandiyaya köçüb orada dülgərliklə məşğul olmağı düşünürdüm. Amma bir toyda təsadüfən Qaye Sökmen ilə tanış oldum. Onun aktyorluq agentliyində qeydiyyatdan keçdim. Hər şey belə başladı.

- Burada məşhur olmaq Amerikada insanın köməyinə gələ bilər?

-Təbii ki, axırıncı dəfə Los-Anceləsə gedəndə çox yaxşı qarşılandım. Onlar Türkiyəni yaxından izləyirlər.

- Bayramlar sənin üçün nə ifadə edir?

- Birlik, bərabərlik, xoşbəxtlik ailə… Biz dindar bir ailə deyilik. Amma hamının inancına hörmət edirik. Ətrafımızda fərqli millətlərdən və dinlərdən insanlar olurdu, onlar bizim, biz də onların bütün bayramlarını təbrik edirdik. Amma heç vaxt bayramlarda əl öpməmişəm, çünki o adət-ənənələrlə böyüməmişik.

- Dua bilirsən?

-Yox, ərəbcə dua bilmirəm. Uşaqlıqdan bəri məndə belə bir fikir formalaşıb ki, mən türkəm və Allahım mənim türkcə duamı başa düşər. Ona görə də türkcə dua edirəm.

- Bəs yaslarda neyləyirsən?

- Mən yasa getmirəm.

- Elə bil ki, Türkiyədəki şəraitdən çox da məmnun deyilsən.

- Bu sektordakı iş şəraiti məni çox düşündürür. Şərtlər hamı üçün eyni deyil, çox haqsızlıq, ədalətsizlik var. Bunları görsəm də əlimdən heç nə gəlmir. Qışın ortasında, qar, qış, qiyamətdə çayçımız çöldə qalır, yağışda saatlarla gözləməli olur. Çəkiliş meydançasında heç nə deyilən saatda başlayıb bitmir. Məsuliyyətsizlik var.

Bir də burada insanların özgüvəni həddən çoxdur. 6 həftəlik aktyorluq kursuna gedən “mən aktyor oldum” deyir. Bu arxası boş olan öz güvən insanların inkişaf etməsinə maneə olur.

- Səncə Türkiyədə çox tez məşhurlaşdın?

- Elədir. Amma mən buna nəzarət edə bilmirəm, məndən asılı olan proses deyil. Ona görə də şöhrətə ciddi yanaşmıram. İnsanların həddən artıq maraq göstərmələri mənə gülməli gəlir. Bəlkə də aktyorluq qabiliyyətim yox, başqa xüsusiyyətlərim xoşlarına gəlir. Dəqiq bimirəm.

- Bəs, şöhrətin təsirinə düşüb havalandığın olmur?

- Yox. Çünki mənim hədəfim beynəlxalq aləmdə tanınmaqdır. Hələlik istədiklərimi əldə edə bilməmişəm.

- Türkiyə bu hədəfə gedərkən çıxdığın pillələrdən biridir?

- Əlbəttə. Nə qədər çəkəcək bilmirəm, amma hələlik buradaym, canla başla işləyəcəyəm.

- Bir çox qadınla adını hallandırdılar. Bunlar səni narahat edir?

- Bu da kontrol edə bilməyəcəyim bir məsələdir. Yazırlar və mən heç nə olmamış kimi davranıram. Özümlə bağlı xəbərləri demək olar ki, oxumuram.

- İnsan bir maraqlanar axı, görək nə yazıblar.

- Heç ehtiyac yoxdur. Mən kiçik dünyamda xoşbəxtəm.

- Çəkildiyin filmləri və serialı izləyirsən?

- Yox. “Güneşi beklerken”in 2 və ya 3 seriyasını izləmişəm. O da özümdən çox rejissorun necə işlədiyini görmək üçün. Özümü izləməyi sevmirəm, şəkil çəkdirməyi də sevmirəm.

- Səni Marlon Brandoya oxşadırlar...

- Amerikada Metyu MakKonahiyə oxşadırdılar, burada da Marlon Brandoya bənzədirlər. Amma mən özümü heç kimə oxşatmıram.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR