Reytinq arxasınca qaçan aparıcıların şikayətləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Reytinq arxasınca qaçan aparıcıların şikayətləri - Fotolar

21 noyabr beynəlxalq televiziya günüdür. 1996-cı ilin bu günü BMT-nin 88-ci plenar iclasinda mədəniyyətlərin mübadiləsi və təhlükəsizliyini təmin etmək üçün bu günü beynəlxalq televiziya günü kimi qeyd etmək təklif olunub.

21 noyabr beynəlxalq televiziya günüdür. 1996-cı ilin bu günü BMT-nin 88-ci plenar iclasinda mədəniyyətlərin mübadiləsi və təhlükəsizliyini təmin etmək üçün bu günü beynəlxalq televiziya günü kimi qeyd etmək təklif olunub.

Məlumdur ki, bu gün əksəriyyət yerli telekanalların hazırladığı verilişlərin səviyyəsindən gileylənir. Biz də televiziyaçılar üçün bu özəl gündə onların verilişlərin səviyyəsinə münasibətini öyrənmək qərarına gəldik. Tabloid.az hazırda yerli telekanallarda çalışan və özünü bu sahədə sınamış insanlardan bugünkü televiziya verilişlərindən nə dərəcədə razı olması ilə maraqlanıb. Həmin sorğunu təqdim edirik.

ANS telekanalının aparıcısı Elnarə Təhməzova:

“Hər zaman sağlam rəqabəti sevmişəm. Ümumiyyətlə sağlam ruhlu insan olduğum üçün hər məsələdə sağlamlıq, gözəllik görmək istəyirəm! Bu gün telekanallarda sağlam rəqabət yoxdur! Reytinq xatirinə hər cılızlığa əl atılır. Bu, mənə xoş deyil! Sağlam düşünmək üçün sağlam düşüncə lazımdır. İnşallah, düzələr. Amma o zaman televiziyada çalışacağımı bilmirəm.. Olmasam belə kənardan izləyib sevinərəm”.

ATV telekanalının aparıcısı Mətanət Əliverdiyeva:

“Hər kanalın öz prinsipi var. Şəxsən mən televiziyada işləyirəm. Ancaq heç bir kanala baxa bilmirəm. Ona görə yox ki, burada işləyirəm. Ona görə ki, vaxtım yoxdur. Oturduğum otaqda da öz kanalımıza baxıram. Digər kanallara çevirəndə baxıram ki, hamısı eynidir və bir-birinə oxşayır. Düşünürəm ki, öz kanalımızdan başqa yoxdur. Fərqlilik elə ATV-dədir. Həm aparıcı baxımından, həm veriliş baxımından. Ona görə də mənim üçün başqa kanal maraqlı deyil”.

Lider telekanalının aparıcısı Murad Arif:

“Bugünkü Azərbaycan televiziyasının zəif tərəfləri çoxdur. Bu, əsasən, maliyyə məsələləri ilə bağlıdır. Azərbaycan telekanallarına ciddi sərmayə yatırılmalıdır. Yaxşı kadrlar hazırlanmalıdır. Həvəsi olan gəncləri müəyyən kurslara göndərmək lazımdır. Məsələn, bizdən xeyir irəlidə olan televiziya sahəsində təcrübəsi olan ölkələrə. Ali məktəblər zamanın tələbinə uyğun kadrlar yetişdirmir. Reklamların sayı hədsiz çoxdur. Digər xarici kanaldan yerli kanala çevirdikdə reklama düşürsən. Əvvəl elə bilirdim bu təsadüfdür. Sonra anladım ki, təsadüf deyil. Verilişlərin içində sponsordan başqa şifahi reklamlar da var. Mən heç bir inkişaf etmiş ölkədə belə şifahi reklamı görmürəm. Nə rus, nə də türk kanallarında. Kolbasadan başlayıb xəz dəridə bitirlər. Bu, normal bir şey deyil. Dublyajlar qənaətbəxş deyil. Dublyaj emosiyanı ifadə edə bilmirlər. Boşluqlar çoxdur. Biz başqa ölkələrlə əməkdaşlığa başlamasaq, onlardan özümüzə departament rəhbərləri dəvət etməsək, ciddi şəkildə maliyyə yatırımları etməsək bizim Azərbaycan kanallarına ümumiyyətlə, heç kəs baxmayacaq. Biz artıq geniş kütləni itirmişik. Səbəb isə cəmiyyətdə baş verən zövqsüzlüyün təməl daşıdır. Çünki savadlı insan əcnəbi telekanallarda elmi-kütləvi verilişlərə baxacaq. Kanallarımızın sayı çox olduğu üçün, efirə çıxmaq, məşhur olmaq adiləşib, asanlaşıb. Çox istərdim ki, kanallar format və janrına görə fərqlənsin”.

Space telekanalının aparıcısı Vüsalə Şahvəliqızı:

“Telekanallarda vəziyyət o qədər ürək açan deyil. Eyni tərzdə verilişlər çoxdur. Bütün verilişlər bir-birindən oğurluq edir. Telekanalların bəziləri öz əllərindəki dəyərli, püxtələşmiş kadrların qədrini bilmirlər. Mən yerli telekanallardan o qədər də razı deyiləm”.

ITV-nin aparıcısı Könül Arifqızı:

“Bütün verilişlərdən 100 faiz razı olduğumu deyə bilmərəm. Bunu heç kəs də deyə bilməz. Amma 100 faiz pis də demək olmaz. Bütövlükdə isə maarifləndirici, elmi-kütləvi verilişlər hazırlansaydı, daha yaxşı olar. Sosial-iqtisadi, elmi mövzular müzakirə edildikdə ekspert qismində şou-biznesin nümayəndələri çağırılır. Bu,acınacaqlıdır! Ona görə daha çox xəbərlərə baxıram. Əyləncəli verilişlərə baxmaq mənim üçün çox çətindir. Heç vaxtım da olmur”.

Lider telekanalınından məşhurlaşan aparıcısı Zemfira Adıgözəlova:

“Razı deyiləm. Bayağılığa çox üstünlük verilir. Hamı bir-birini və hər şeyi təkrarlayır. Yenilik yoxdur.

Space telekanalının aparıcısı Mikayıl Güləddinoğlu:

“Subyektiv fikrimi deyəcəyəm. Mən kifayət qədər razıyam. Bu gün telekanallar tamaşaçının istəyinə uyğun olaraq öz verilişlərini hazırlayırlar. Televiziyada müxtəlif mövzulu verilişlər olmalıdır: tədris, əyləncə, şou, əyləncə... Bu gün əyləncəli verilişlərin sayı çoxdur. Düşünürəm ki, buna səbəb tamaşaçının istəyidir. KİV kütləni öz ardinca aparmağı bacarmalıdır. Lakin reallıq budur ki, bu gün vəziyyət əksinədir. Maarifləndirici verilişlərə maraq azdır.

Biz verilişlərin reytinqini ölçən cihazın ardınca gedirik. Bura bütün yaradıcı heyət daxildir. Həmin reytinq cihazının nazı ilə oynayırıq. Bu gün mən maarifləndirici veriliş hazırlasam, reytinqi çox aşağı olacaq. Bu da mənim maaşıma təsir göstərəcək. Aşağı reytinqli veriliş isə aparıcının evini yıxır”.

Space telekanalının aparıcısı Əkbər Əlizadə:

“Reytinq naminə dəridən-qabıqdan çıxıb verilişi gülünc halına gətirən aparıcıları və verilişləri sevmirəm. Bunun öz adına, verilişə, telekanala xələl gətirdiyini bilə-bilə tamaşaçının baxması üçün atılan addımları bəyənmirəm. Belə verilişlər çoxluq təşkil edir. Mən daha çox ruha xidmət göstərən verilişləri sevirəm. İndi keçmişdə çəkilən film, tamaşa, sənədli filmlərimizi yayımlasalar yaxşıdır. Onların tərbiyəvi əhəmiyyəti çoxdur. Nəinki özləri çəkib, özləri yazıb, özləri oynayanların hazırladıqları verilişləri tamaşaçılara yedirtmək”.

Bir müddət aparıcılıq edən Xose Bernardo:

“Çox narazıyam. Əsasən son vaxtlar müğənnilərin aparıcılıq etməsini, loru dilində danışmasını heç bəyənmirəm”.

Aparıcılıq edən müğənni və kanon ifaçısı Rəşad İlyasov:

“Əksəriyyətindən narazıyam. Təəssüf… İndi efiri çox ucuzlaşdırıblar. Bunu edənlər isə dırnaqarası aparıcı və yaradıcı heyətdir”.

Aparıcı kimi özünü sınayan xalq artisti Faiq Ağayev:

“Tam razıyam desəm həqiqətə uyğun olmaz. Hər telekanalda istedadlı, peşəkar kadrlar var. Lakin onların sayı azdır. Çox istərdim ki, Azərbaycan teleməkanında orijinal layihələr həyata keçirilsin və ya dünyaca məşhur layihələrin yerli versiyaları yayımlansın. Maqazin verilişlərinin formatlarının eyni olması, bir-birindən oğurlaması məni narahat edir. Qalmaqallara meylli olmaq məni narahat edir. Bütün bunlara baxmayaraq, kanallarımızın xəbər strategiyasını bəyənirəm. Çox keyfiyyətli xəbər hazırlayırlar. Maraqlı və bizi narahat edən mövzuları əhatə edən sosial tok şouların olmasını istərdim. Azərbaycanın gözəlliklərindən, təbiətindən bəhs edən, bölgələrimizi bizə tanıdan verilişləri izləmək istəyərdim. Az sayda olan peşəkarlarımıza uğurlar!”

Hazırda aparıcılıq edən müğənni Roza Zərgərli:

“Bugünkü televiziya verilişləri məni qismən qane edir. Verilişlər hazırlayan insanların zövqü məni qane etmir. Bu gün onlayn media da sürətlə inkişaf edir. Əvvəl hər hansı xəbəri ancaq televiziyadan eşidirdiksə, indi telekanallardan öncə həmin məlumatı saytlardan əldə edirik. Sadəcə televiziya daha güclü olmalı və daha eksklüziv məlumatları tamaşaçıya çatdırmalıdir ki,daha geniş auditoriyanı əhatələyə bilsin. Mən televiziyaların zövqünü formalaşdıran insanlardan narazıyam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm