• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Yaşar Cəlilov: “Qızların mənə etdiyi təklifləri...”

Yaşar Cəlilov: “Qızların mənə etdiyi təklifləri...”

Müğənni Yaşar Cəlilovun səhnə potensialı onun sənəti haqqında söz deməyə əsas verir. ATV-nin “Nomrə-1” layihəsinə qatılmaqla səsinin imkanlarını göstərməyə qadir sənətçi istəməyərək, qalmaqala sürüklənir. Müğənni Tabloid.az müsahibəsində həm sosial şəbəkədə ünvanı bəlli olmayan şəxslərin qeyri-etik şərhlərindən, eyni zamanda adının qarşısında müəllifi olmadığı ifadələrə etirazından danışdı.

“Sosial şəbəkədə yazılanlara biganə qala bilmirəm. Çünki ictimai rəyin əsasını məhz burada yazılanlar təşkil edir. Hər neqativ şərhə dərhal reaksiya vermək vərdişim yoxdur. Amma günlərlə oxuyub, cavabsız qoyduğum şərhlərin davamlı olduğunu görəndə, sükutu pozuram. Həmin şərhlərə bir statusla cavab yazıram. Normalda mən mahnı, klip və yaradıcılıq həyatımdan olan bir paylaşmada əxlaqa zidd olan şərh görürəmsə, susmamaq haqqımdır. Onlara sual verirəm ki, “sizə mənim sənətim lazımdı, yoxsa özüm?”.

- Ürəyinizi bulandıranlardan tanıdıqlarınız olur?

- Heç birin tanımıram. Bəzi müğənnilərin, prodüserlərin müxtəlif adda bir neçə profilləri var. Bilirəm ki, yazanların arasında onların mövcudluğu istisna deyil.

- Deməli həmkarların hücumlarına da məruz qalırsınız?

- Təxminlərim bunu deməyə əsas verir. Bu profillərin dəqiq kimlərə məxsus olduğunu bilmirəm. Amma bəzi məclislərdə ağızlarından çıxan kəlmələrlə özlərini yandırırlar. Deməli, onlar mənim statusumu oxuyur və fikir bildirir. Amma baxıram ki, gerçək adı ilə profildən “like” etməyib. Ehtimal ona qalır ki, məni başqa profildən izləyiblər.

- Bəlkə reaksiya verməsəniz, hücumlar da kəskinləşməz? Çünki məşhurların səhifələrində tənqid və təriflərə gözümüz alışıb...

- Mən hər tənqidi emosional qarşılamıram. Məni əsas narahat edən 18 yaşına çatmayan təbəqənin yersiz fikirləridir. Söhbət həm oğlanlardan, həm qızlardan gedir. Hətta oğlanlar səhifəmdə qızların kimliyini araşdırırlar. Onlara mənim sənətim lazım deyilsə, qızı başqa səhifələrdə axtarsınlar! Qızların şərhləri isə adamı lap özündən çıxarır. Elə təkliflər edirlər ki, əxlaqıma sığışdırıb, o kəlmələri dilimə gətirə bilmərəm. Tənqidinə belə, mədəni şəkildə yanaşırsan, əl çəkmirlər, maraq artır ki, niyə belə reaksiya verdi?

- Sosial şəbəkədən kənarda Sizə münasibət necədir?

- Cəmiyyət arasında münasibət yaxşıdır. Sənətim, özüm barədə xoş sözlər deyənlər az deyil. Amma ailə tərbiyəsi olmayanlara reaksiyamı görüb, mənim yekəxana obrazımı yaradırlar. Əslində belə deyiləm. Hər insanla öz dilində danışmaq məcburiyyətində qalıram ki, başa düşsün.

- Prodüser Toliklə münasibətiniz necədir? Bildiyimə görə, istəmədiyin halda, adın onunla qalmaqalda hallandırıldı.

- Bu məsələyə mütləq toxunmaq istəyirəm. Peşəsinə peşəkar səviyyədə yanaşan hər bir qələm əhlinə hörmətim sonsuzdur. Deyəcəyim söz qətiyyən onların ünvanına deyil. Bu məsələdən sonra özümə söz vermişəm ki, komandamın və özümün tanımadığımız jurnalistə müsahibə və ya açıqlama verməyəcəyəm. Çünki tanımadığım bir insanın adımın qarşısında xoşagəlməz fikirlər yazması kimlərləsə münasibətimə və eyni zamanda şəxsiyyətimə xələl gətirə bilər. Azərbaycanda işini bilən 4-5 prodüser tanıyıram ki, adlarının əlavə təqdimata ehtiyacları yoxdur. Onlardan biri də Tolikdir. Mən misal olaraq ad çəkib dediyim söz tamam başqa mənanı daşıyırdı. Mən heç kimin şəxsiyyətinə, adına xələl gətirən ifadə işlətmərəm. Adımın qarşısında belə bir ifadənin yazılması məni çox narahat etdi, etirazımı bildirdim. Amma yenə də belə bir situasiyaya görə, Tolikdən və oxuculardan həmin yazının müəllifinin adından üzr istəyirəm ki, adım xoşagəlməz ifadələrin müəllifi kimi hallandırıldı. Bu cür sözləri nəinki işlətmişəm, heç ağlımın ucundan belə keçməyib. Toliklə bu barədə danışmışıq, münasibətlər yaxşıdır. Amma olub keçənlərə görə, təəssüf hissi var.

- Deyəsən, subaylığın daşın atmadıqca, şəxsi həyatla bağlı müzakirələr gündəmdən düşməyəcək...

- Hələlik evlənmək haqqında düşünmürəm. Bunu sözlə demək asan olduğu qədər, bu həyata atılmaq bir o qədər çətindir. Bunu həm maddi tərəfdən, həm də məsuliyyətini düşünərək deyirəm. İndi azad, sərbəst gəzən vaxtımdı. Ailə qurub, ata olmağa tələsmirəm. Amma ailə başçısı, ata olanda yaxşısından olacağam. Bu dəqiqə sənətimə daha çox bağlanmışam. Konsertlər verim, dinləyici kütləm daha çox olsun. Özüm də yaradıcılığımda istənilən səviyyəyə çatdıqdan sonra həyatımın əsas ikinci tərəfini yaşamağa başlayacağam. Addımı atdımsa, gerisi ömrümün sonuna kimi davam etməlidir. Ailənin məsuliyyəti ağırdır, ona tam hazır olmalıyam.

- Adınızın istəməyərək qalmaqallarda hallandırılması, statuslar və s. Bunlar sənət imkanlarınızı yetərincə göstərməyə imkan verir, yoxsa mane olur?

- Əslində imkan vermir. Çünki ətrafda pis niyyətli insanlar olduqca, maneələr də qaçılmazdır. Bir addım irəli gedən kimi, çalışırlar zərbələri ilə səni geri qaytarsınlar. ATV-də yayımlanan “Nömrə-1” də varam, eyni zamanda hər bir ifaçı ilə normal münasibətdəyəm deyə, əks tərəfdən neqativ təsir başladı. Bir anlaşılmazlıq səbəbindən adım qalmaqala sürükləndi. Bu sahədə məni hansısa konsert, efir layihələrində görmək istəməyən insanlar var. Özü də onların sayı çoxdur. Eləsi var, uğurlarımın paxıllığın çəkir, eləsi var ətrafımdakı insanların. Bəziləri oxuya bilmir, paxıllığımı çəkir.

- Paxıllığı necə büruzə verirlər?

- Məsələn, konsertə, efirə onu cağırma, filankəsi çağır.

- Nail olurlar?

- Çox az. 15 faiz. Çünki məni onlardan yaxşı tanıyırlar. Bir də kiminsə səhvini üzünə deyil, ətrafındakılara deyirəm ki, bilsin. Paxıl insanları ancaq dostluğa səsləyə bilərəm. Bir-birimizə dəstək olaq.

- Xanım sənətçilərlə münasibətiniz necədir? Dostluq etdikləriniz var?

- Müğənnilər arasında dostluq etdiyim insan yoxdur. Xoş münasibətdə olduğum insanlar var. Bir neçə gənc aktyor dostlarım var ki, onlarla dostluğumu davam etdirirəm. Bəstəkar Tərlan Məmmədhüseynovla dost münasibətindən başqa, musiqi yaradıcılığımda tövsiyələri də mənim üçün önəmlidir.

- Əksər sənətçilər müəyyən yaşdan sonra səhnədən gedəcəyini deyir. Siz bu haqda nə düşünürsünüz?

- Əvvəlcə, yaxın gələcəkdəki planlarımı açıqlamaq istəyirəm. Onu deyim ki, gələn ilin ilk ayına qədər yeni albom, yeni fotosessiya, və yenilənmiş saytımı təqdim edəcəyəm. Eyni zamanda yeni mahnılar... Uzaq gələcək barədə planlarım isə başqadır. Yəqin ki, 45-50 yaşında da dısk çıxarmaq, mahnı yazdırmaq barədə intensiv düşünməyəcəm. Müəyyən yaş həddindən sonra bu sənətə hobbi kimi yanaşacağam. Amma indi oxumasam, səhnədə olmasam, özümə yer tapa bilmərəm. Bəlkə də, depressiyaya düşərəm.

- Bəs, 45-50 yaşda özünüzü necə görürsünüz?

- Yəqin ki, biznes sahəsində çalışacağam. Qarşıma məqsəd qoymuşam ki, 30 yaşıma qədər özümə kiçik biznes qurum.

- Ağsaqqal və ağbirçək yaşında səhnədən getmək istəməyənlər kənardan neçə görünürlər? Tamaşaçının dinləmək istəmədiyi belə ifaçılar çoxdur?

- Var, danılmazdır. Hətta bir nəfərin adını çəkə bilərəm. Əli Mirəliyevlə biz hansısa məclisdə görüşüb, bir-birimizin üzündən belə öpürük. Amma hərdən içimdən ona belə bir sual vermək keçir. Belə insanlar az deyil məncə... Əli müəllimi efirlərdə qalmaqallı mövzularda görməyə alışdığımızdan, onun adı ilk olaraq ağlıma gəlir. Yəqin özü də başa düşür ki, o, şou-biznesdə nə üçün lazımdır? Onu mahnı oxumağa çağırmırlar, qalmaqal üçün lazımdır. Kənardan eşidirəm deyirlər ki, filankəs oxuyur, amma heç kimə lazım deyil. Hərdən fikirləşirəm ki, o insanın başqa qazanc yolu olmadığı üçün sənətdən getmək istəmir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR