• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Varlı və tez vurulan adam - Oxatan bürcü

Varlı və tez vurulan adam - Oxatan bürcü

Oxatan bürcünün mühüm keyfiyyətləri

Hələ orta əsrlərin astroloqları təyin etmişdilər ki, bu bürc altında dünyaya gələnlər yalnız dahilərdir.

Ona görə də bu işarəyə aid olan adamları yüksək mənsəb sahibləri hesab edir, onlara mühüm peşələrdə işləmək üçün şərait yaradırdılar.

Bundan əvvəlki dövr - Əqrəbin hakimiyyətdə olduğu ərəfə insanlara ehtiras, enerji, güclü fəaliyyət və münasibətlərdə gərginlik verirdisə, Oxatan nisbətən fərqli mövqedə durur. Belə ki, himayəsinə daxil olduğumuz bu Zodiak cəmiyyətdə gedən kəskin proseslərə, qarşıdurmaya nisbi sakitlik təlqin edir. Onun "hakimiyyəti" dövründə insanlara səadət, firavanlıq və dostluq kimi qiymətli amillər bəxş olunur. Bu ərəfədə hər bir şəxs güzəştə getməyi bacarmalı, barış mövqeyindən çıxış etməlidir. Astroloqların fikrincə, yalnız bu yolla Oxatanın himayədarlıq etdiyi dövr düşərli ola bilər. Bir amili də nəzərinizə çatdıraq ki, bəhs etdiyimiz zaman kəsiyində daha çox biznesmenlərin bəxti gətirir. Odur ki, pullanmaq istəyənlər bəri başdan ölçü götürməlidirlər.

Ulduzlar sistemində 9-cu yeri tutan bu bürc təxminən noyabrın 23-dən dekabrın 21-dək (29 gün) davam edir. Ünsürü od, planeti Yupiter, uğurlu günü cümə axşamı, uğursuz günü şənbə, düşərli rəqəmi 5, numeroloji rəqəmi 9, uğurlu çiçəyi nərgiz, enerjisini artıran ağacı tut və ağcaqayın, metalı qurğuşundur.

Oxatan bürcü ulduzlar sisteminin təqribən 867 kvadrat dərəcəlik sahəsini tutur. Onun tərkibinə adi gözlə görünən 115 ulduz daxildir. Qalaktikamızın nüvəsi də məhz Oxatan bürcündədir. Onun 10 kürəvi və səpilmiş ulduz toplusu, habelə üç parlaq və iri Diffuz dumanlığı var. Onları hətta kiçik teleskopla və ya güclü durbinlə də müşahidə etmək mümkündür.

Oxatan bürcünün himayədarı Yupiterdir. Bu planet astronomik hesabla beşinci sırada yerləşir. Qədim əsatirlərdə Yupiter Roma imperiyasının baş allahı, göylərin, allahların, o cümlədən insanların hakimi kimi təqdim olunur. Məhz onun şərəfinə bu planeti Yupiter adlandırıblar. Qədim babillilərdə isə onu "Böyük xoşbəxtlik planeti" hesab edirdilər. Haqqında danışdığımız planet Göy qübbəsində Ay və Veneradan sonra Yerə ən parlaq işıq saçan obyektdir. Onun radiusu 71300 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimlikdir.

Parıldayan, sehrli gözlər, bəzənsə hiyləgər baxışlar, zahiri gözəllik, istənilən adamla dil tapmaq bacarığı, görüb-götürmək istedadı, xeyirxah və özünü sevdirə bilmə qabiliyyəti... Oxatan bürcündən söz düşəndə ilk növbədə sadaladığımız bu məziyyətləri bilmək vacibdir. Bu adamlar ilk növbədə hər şeyi açıq-aşkar və azad görməyi sevirlər. Onlar ürəyigeniş, yaraşıqlı, bəzi hallardasa qapalı və impulsiv olurlar. Belələri nadir hallarda aldanır və ya tənhalığa qurşanırlar. Bu bürcdən olanlar dəqiqlikləri və uzaqgörənlikləri ilə həmişə öz yoldaşlarından seçilirlər. Hələ çox-çox qədimlərdə Babilistan astroloqları Oxatanların təmkinli xarakterə və fəlsəfi təbiətə malik olduğunu bildirirdilər.

Başqa bürclərdə olduğu kimi, bu Zodiak da özündə ikili xüsusiyyəti cəmləşdirir. Belə ki, onlar bir tərəfdən cəsur, sərbəst, digər tərəfdənsə, barışmaz və kobuddurlar. Oxatan sərgüzəşt və macəraları sevir, istənilən ağıllı mübarizədə igidlik göstərməyi bacarır. Qədim mənbələrə görə, bu bürcdən olanlar gah kimisə fəlakətdən xilas etməli, gah harasa tələsməli, gah da kiməsə yol göstərməlidir. Onların əsas xüsusiyyətləri məğlubedilməzlik və nikbinlikdir.

"Qoroskopdan pis xəbər" adlı kitabda bu bürc haqqında deyilir: "Hədsiz dərəcədə kobud və ədəbsiz olan bu cür insanlarla münasibətdə istənilən xoşagəlməz hadisə baş verə bilər. Belə ki, metro və avtobuslarda gedərkən o, başqalarının ayağını tapdalayar və dava düşər, restoranda yeyib-içər və camaatla əlbəyaxaya çıxar və s. İş fəaliyyətinə gəldikdə, Oxatanlar çox yöndəmsiz olduğundan işlədikləri idarəni iflasa uğrada bilərlər. Bu cür insanlar iş yerindəki bütün sənədləri qarışdırır və texniki avadanlıqları yarıtmaz hala salırlar. Onlara elə gəlir ki, bu cür xırda şeylərə baş qoşmaq yox, qlobal işlər haqqında düşünmək lazımdır".

Amma bizim qənaətimizcə, Oxatanların müsbət keyfiyyətləri daha çoxdur. Fiziki cəhətdən güclü olan belələri həmişə yüksək ideyalarla yaşasalar da, hərdəmxəyal və ya hissə qapılan deyillər. Əksinə, həmişə öz perspektivlərini həyata keçirmək məqsədi ilə bütün güclərini səfərbər edirlər. Ədalət tərəfdarı olduqlarından, nadir hallarda hiyləgərlik edirlər. Oxatanların, demək olar ki, hamısı səfərlərə çıxmağı, riskə getməyi, bəzən də qarışıqlıq yaratmağı xoşlayırlar. Ən dəhşətlisi odur ki, belə adamların, ən azı, 50 faizi uzun ömür sürmür. Onlar nadir hallarda yorğan-döşəkdə, öz doğmaları arasında vəfat edirlər. Böyük siyasətlə məşğul olan Oxatanların əksəriyyəti sui-qəsdin qurbanı olur və ya sürgün həyatı yaşayırlar (Fridrix Engels, İosif Stalin, Leonid Brejnev və b.).

Bəri başdan bildirək ki, bu adamlar çox bədxərcdirlər. Pulu xərcləməyə başladılarsa, heç cür dayana bilmirlər. Xəsislik hissi onlara yaddır (xüsusilə də, əgər söhbət onlara əziz olan adamlardan gedirsə). Belələri maliyyə imkanlarını nəzərə almadan bahalı və dəbdəbəli hədiyyələr bağışlayırlar. Pulsuzluq dövrü yetişdikdə, qənaət etmək lazım gəldikdə isə Oxatanlar özlərini kədərli və bədbəxt hesab edirlər. Onlar sərbəst pul xərcləmə imkanından ləzzət alırlar.

Yaradıcılıqda isə bu adamlar təkrarçılığa meyllidirlər. Onların yaradıcılığında istedadlı insanların təsiri hiss olunur.

Karmik yanaşmalara gəlincə, Oxatanın əsas ideyası azadlıqdır və bu ideya onun hər şeyə münasibətində aydın nəzərə çarpır, xüsusilə də nigaha dair düşüncələrində. O, dünyanı bir tam kimi qəbul edir, bu bütövlüyə yeni ideya bağışlamaqla bərk məşğul olduğundan konkret insanların hisslərinə vaxtı çatmır. Oxatan son dərəcə xeyirxah, alicənab fərddir. O, təkrarolunmaz məlahətə malikdir, amma müntəzəm surətdə ətrafa səhv qiymət verir, laqeydlik göstərir. Lakin ümumilikdə yüksək dairələrdən informasiya aldığı üçün adətən hər şeyi dolğun şəkildə təsvir edir. Oxatan asanlıqla bir işdən başqa bir işə yönələ bilir. Buna görə də onun əsas problemi diqqətsizlik və məsuliyyətsizlikdir.

Ali Oxatan Tanrı Həqiqətlərini insanlara ötürən liderdir. Onun idarə etdiyi sahələrdə İNSAN vasitəsilə ali ideyalar sanki bəşəriyyətə yayımlanır. Bu ideyalara fəlsəfi və dini xarakter xasdır. Oxatanın beyni ideyalarla doludur, lakin o, ideyalarını heç kimə zorla yeritmir, daha çox bu ideyaları işıq kimi ətrafa saçır. Oxatanın kosmik sevgisi onun Ali Başlanğıca can atmasıdır və bu Ali Başlanğıcı hər Oxatan öz bildiyi formada edir. Buna baxmayaraq, ali canatmanı hər bir Oxatan içində hiss edir. Onların nikbinliyinin və həyatsevərliyinin kökündə də məhz bu meyl durur.

Bu bürcdən olan qadınlarda da fərqli cəhətlər çoxdur. Müasir astrologiyanın təbirincə desək, Oxatan-qadınlar daha çox kişi xarakterinə malik olur, dostları arasında əks cinsdən olanlar böyük çoxluq təşkil edir. Bir amili də nəzərinizə çatdıraq ki, sözügedən Zodiaka malik zərif məxluqlar arasında əsl qadın xarakterini daşıyanlar olduqca cüzi faiz təşkil edirlər. Həm də onlar qadında olan bütün müsbət keyfiyyətləri özlərində toplayırlar (Əlbəttə ki, Qız bürcünün qadınlarından sonra - S.R.). Onlar əksər hallarda ailədə aparıcı mövqeni əldə saxlamağa çalışır və buna nail olurlar. Söz ki ailədən düşdü, gəlin, bu bürcdən olanların sevgi həyatına da səyahət edək...

Bu Zodiakda dünyaya gələn adamlar, hamı kimi, sevib-sevilməyi də bacarırlar. Əgər məhəbbət aləmində kobudluq, hərdəmxəyallıq, tez qızışmaq kimi hallar olmasa, bu adamlar "ilan"la da yola gedə bilərlər. Ən əsası odur ki, Oxatanlar qısqanc deyillər. Amma bu heç də hər şeyə göz yummaq kimi başa düşülməməlidir. Çünki belələrinin qəzəbinə gəlmək dözülməzdir. Əgər tərəf-müqabilləri onları qane etmirsə, Oxatan onlardan asanlıqla imtina edir. Bir sözlə, bu bürcdən olanlar öz adlarını təmiz saxlamaq naminə hər şeyə gedirlər.

Oxatanlar digər bürclərdən fərqli olaraq daha tez vurulurlar. Amma sevgi məsələlərinə həmişə inamsız yanaşır, "onsuz da alınmayacaq" deyə düşünürlər. Hətta bəzən toya bir həftə qalsa belə, onlar sevdiklərinə qovuşacaqlarına inanmırlar. Əlbəttə ki, söhbət yüksək həyat təcrübəsinə malik olan aktiv Oxatanlardan getmir. Əgər kimsə, qəlbində bu bürcə yer ayırıbsa, ona məsləhət görərdik ki, öz tərəf-müqabilinin inamını qırmasın. Oxatanın təkliflərini eşitsəniz, söz güləşdirməsəniz, birgə xoş günlər yaşayacaqsınız.

Bu bürcdən olanlar astrologiya sahəsində daha çox biznesmen kimi məşhurdurlar. Onlar hətta kimsəsiz səhraya düşsələr belə, qısa vaxtda ən böyük mənsəb sahibinə çevrilə bilirlər. Bundan başqa, Oxatanlar daha çox siyasətə, elmə maraq göstərirlər. Onlar mistik elmlərə, cadugərlərə, fal açanlara, hətta qoroskopa qeyri-ciddi yanaşırlar. Bu adamlarda böyük bir kütləni öz arxalarınca aparmaq istedadı var. Onların fəallığı və mübarizliyi həmişə diqqət mərkəzində olur. Hətta onların "paxırı" olsa belə, özləri istəməsə, heç kim bunu aça bilməz. Bir sözlə, həyatın əksər sahələrində "ilişmirlər".

Peşə astrologiyasına görə, haqqında danışdığımız bürcün sakinləri dənizçi, hərbçi, alim, rəssam və bu kimi digər peşələrə yiyələnə bilərlər. Amma yuxarıda dediyimiz kimi, onların əsas qayəsi böyük biznes və siyasətdir.

Səbuhi RƏHİMLİ

Xəbər lenti

DAHA ÇOX XƏBƏR