Uşaqlarda anoreksiyanın ilk əlamətləri və çıxış yolları
Bizi izləyin

Tabloid.az

Uşaqlarda anoreksiyanın ilk əlamətləri və çıxış yolları

Hansı davranışlar uşaqlarda anoreksiya ilə nəticələnir?

Hər bir ana körpəsini dünyaya gətirdikdən sonra onun sağlamlığının qeydinə qalır, qida rejiminə və gigeyenik normalarına xüsusi diqqət yetirirlər. Ancaq bir çox ananın düz bildiyi yanlışlar uşaqların sağlamlığının pozulması və travma alması ilə nəticələnir.

Azərbaycanlı qadınların etdikləri ən böyük yanlışlardan biri uşaqları həddən artıq yedirməyə çalışmasıdır. Analar elə bilirlər ki, uşaq nə qədər çox yesə, o qədər sağlam olacaq. Halbuki bu, absurd fikirdir.

Biz də bu yanlışın uşaqlara nə kimi təsirlər edə biləcəyini və anaların uşaq qidalanması ilə bağlı hansı qaydaları tətbiq etməli olduqlarını öyrənmək üçün psixoloq Narınc Rüstəmovaya müraciət etdik.

Bu dəfə “Ailə dostu” layihəsi çərçivəsində Narınc Rüstəmovanın uşaq qidalanması ilə bağlı məsləhətlərini təqdim edirik:

Psixoloqun sözlərinə görə, uşaqlarını zorla yedizdirməyə çalışan analar onlarda anoreksiya dediyimiz klinik- psixoloji problemin yaranmasına səbəb ola bilərlər:

“Araşdırmalar göstərir ki, uşaqlarda müşahidə edilən bir çox problemlərin əksəriyyətinin səbəbi ailə mühiti, ana-atanın psixoloji durumudur. 1-6 yaşlı uşaqlarda psixoloji problemlərin bir çoxu elə valideynlərin günahı ucbatından yaranır.

Analar uşağın zəifləyəcəyi düşüncəsi ilə davamlı olaraq onu yedizdirməyə çalışırlar. Hətta bəzən zorla yedizdirirlər. Bir müddət sonra uşaq yeməkdən qaçır, ana isə uşağa əziyyət verir. Hətta körpəni yedizdirmək üçün ən ağlasığmaz vasitələrə əl atanlar da var. Məsələn, onlarla şərt kəsir, şantaj edir, fiziki olaraq cəzalandırır və ya mükafat verir. Uşağa rüşvət verərək və ya onu qorxudaraq yedizdirmək uşaqda travmaya səbəb ola bilər. Anaların bu davranışları uşaqlarda anoreksiya dediyimiz klinik- psixoloji problemin yaranması ilə nəticələnə bilər”.

Narınc xanımın sözlərinə görə, bəzən də tam tərsi olur. Yəni uşaqda anoreksiyanın ilk əlamətləri büruzə verir. Uşaq yeməkdən imtina edir. Ancaq ana bunu tipik uşaq ərköyünlüyü hesab edərək bu vəziyyəti ciddi dəyərləndirmir. Bu isə daha təhlükəli xəstəliklərin yaranmasına şərait yaradır.

“Anoreksiya uşaqlarda əsasən 14-15 yaşlarda müşahidə olunur. Ancaq son illər bu xəstəliyə hətta körpələrdə də təsadüf olunur. Körpələrdə anoreksiyanın ilk əlaməti uşağın əmməkdən imtina etməsidir. Qaşıq ilə yeyəndə isə uşaq ağzını zorla açır və yeməyi udmur”.

Psixoloq deyir ki, bəzən uşaq yemək yesin deyə bütün ailə üzvləri səfərbər olur. Onlar mahnı oxuyur, oyuncaqlarla uşağı yola gətirməyə çalışır və yeməyin dadına baxaraq uşağı həvəsləndirməyə çalışırlar.

Ancaq təəssüf ki, bunların hamısı yemə prosesinin uzanması ilə nəticələnir. Belə ki, körpə zorla yedizdirilən yeməyi udsa da, daha sonra qaytarır.

“Bəzən də ailə fərdləri uşağa yemək yedizdirən adamın dəyişməsinin faydalı olacağını düşünürlər. Yeməyi yedizdirən adamın dəyişməsi ilk vaxtlar fayda vermiş kimi görünsə də, bu metod qısa müddət ərzində təsirini itirir”.

Narınc Rüstəmova bildirir ki, uşaqlarda 6-cı aydan sonra zorla yedizdirmə nəticəsində infeksiyaya qarşı immunitet zəifləyə bilər. Bu tip uşaqlar diş çıxarma zamanı da çox əzab çəkirlər.

“2 yaşdan sonra körpənin anoreksiyası daha da kəskinləşir. Bu problem vaxtında həll olunmadıqda yuxusuzluq, nevrotik tutmalar, qıcolma və s. kimi psixoloji problemlərə səbəb olur.

Anoreksiya müşahidə olunan uşaqlarda mütləq psixoterapiya ilə paralel həkim müayinəsi olunmalı, ehtiyac duyularsa farmakoterapiyadan da istifadə edilməlidir”.

Uşaqlarda anoreksiyanın zorla yedizdirmək nəticəsində yarandığını bildirən psixoloq körpəni yedizdirərkən nələrə diqqət edilməli olduğunu açıqladı:

1.Uşaq verilən yeməkdən imtina edirsə, yeməyə məcbur edilməməlidir. Başqa bir yeməyə keçmək olar.

2.Boşqabı doldurmayın. Uşağın gözünü qorxutmamaq üçün boşqaba az midarda xörək çəkin.

3.Uşağın bəyənmədiyi yeməyi bir gün sonra yenidən yedizdirməyə çalışmayın. Bu uşağın ümumiyyətlə, yeməkdən iyrənməsinə səbəb ola bilər.

4. Uşaq istəmədiyi təqdirdə yeməyin miqdarını artırmayın.

5.Uşağın sağlamlığına zərərli olmadığı təqdirdə yalnız zövqünə uyğun yeməklər yedirin.

5.Heç bir halda zorla yedizdirməyin.

6.Yemək vaxtı uşaqla oyun oynamaq olmaz. Bu zaman onun başı qarışıq olub yeməyi yesə də daha sonra qaytaracaq. Ən pisi isə yemək zamanı əlavə işlərlə məşğul olmaq uşaqda adət halını alacaq. Bu da onun gələcəkdə kökəlmə problem ilə üzləşməsinə səbəb ola bilər. Çünki mütəxəssislər yemək zamanı televizora baxan, musiqiyə qulaq asan və ya başqa bir işlə məşğul olan insanların fərqində olmadan çox yediklərini, nəticədə kökəlmək risklərinin artdığını bildirirlər.

Psixoloq analara xəbərdarlıq edir ki, uşaq yemək zamanı üzərini çirkləndirdikdə onu danlamaq olmaz.

Çünki özü yeməyə cəhd edən uşaq anereksiya ola bilməz. Əgər anoreksiyadan şübhələnib mütəxəssisdən yardım almısınızsa, uşağın yeməyə həvəsli olub olmadığına fikir verin. Əgər öz həvəsi ilə az da olsa yeyirsə, deməli problem həll olunub. Ancaq anoreksiya hər an yenidən təkrarlana bilər. Buna əsasən valideynlərin hədsiz dərəcədə həssas və qayğılı davranışları səbəb olur.

Tez təşvişə düşən valideynlər uşağın stress yaşayaraq yenidən yeməkdən imtina etməsinə səbəb ola bilərlər. Ona görə də istənilən halda uşağın qorxub həyəcan keçirəcəyi davranışlardan uzaq olmalıdırlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm