• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Məşhurluqda Maral Tahirqızını keçmişəm” - Fotolar

“Məşhurluqda Maral Tahirqızını keçmişəm” - Fotolar

Son zamanlar yerli şou-biznesin tanınmışlarını parodiya edən gənc Ceyhun Məmmədov sosial şəbəkələrdə populyarlıq qazanıb. Tabloid.az-a müsahibə verən gənc xalq artisti Aygün Kazımova ilə işbirliyindən və kimləri parodiya edəcəyindən söhbət açıb.

- İlk öncə Tabloid.az oxucularına özünüzlə bağlı məlumat verərdiniz.

- Ceyhun Məmmədov. 25 yaşım var. Bakıda anadan olmuşam. İncəsənət Gimnaziyasında oxumuşam. Daha sonra təhsilimi 18 saylı orta məktəbdə davam etdirmişəm. Aktyorluq təhsilim yoxdur.

- Bəs ixtisasınız nədir? Hansı işlə məşğul olursunuz?

- Mənə həvəskar aktyor demək olar. 2011-ci ildən xalq artisti Aygün Kazımovanın köməkçisiyəm. Qısası, ailəyə çox yaxınam. Hər yerə birgə gedirik.

- Son günlər sosial şəbəkələrdə bir sıra müğənnilərin parodiyasını etdiyiniz videolarla məşhurlaşmısınız.

- Məşhurluqda Maral Tahirqızını keçmişəm (Gülürük).

- Bu istedadınızı yeni kəşf etmişiniz?

- Yox, illərdir.

- Bəs niyə indi üzə çıxmısınız?

- Sadəcə olaraq, bir neçə saytlar mənim videolarımı götürüb, paylaşdı deyə populyarlaşdım. Baxdım ki, insanlarda parodiyalarıma böyük maraq var. Bundan daha da ruhlandım. Daha çox parodiya etməyə başladım. Aktyorluq təhsilim olmasa da, düşünürəm ki, Mədəniyyət və İncəsənət Universitetində oxuyan tələbələrdən istedadımla heç də geri qalmıram.

- İndiyə kimi hansı məşhurları parodiya etmisiniz?

- Elza Seyidcahan, Aygün Kazımova, İlhamə Quliyeva, Röya, Tünzalə Ağayeva. Bir sözlə, sevdiyim insanlar. Bəzən olur ki, bir müğənni onu parodiya etməyimi istəyir. O, müğənnini çox istəsəm də, parodiya etmək istəmirəm, içimdən gəlmir. Özümə yeni parodiya obyekti seçmişəm. Mətanət İsgəndərlini kəşf etmişəm.

- Müğənnilər onları parodiya etdiyiniz üçün sizdən inciyib, küsmürlər ki?

- Elza xanım məni “Facebook”da öz şeirlərinə “tag” etməyə başlayıb. Aygün xanım bu işdə mənə hər zaman dəstək olub. Hətta “Kreml” sarayında verdiyi konserti zamanı geyindiyi paltarı verib ki, onu parodiya edim. Həmin paltar Valentin Yudaşkinə aiddir, neçə min manat qiyməti var. Məncə, bu, az iş deyil. Röya da bu yaxınlarda toylardan birində dedi ki, adə, mənə yaxşı-yaxşı bax. Sonra yaxşı parodiya edərsən. Azacıq çəkindiyim İlhamə xanımdır. Onu çox istəyirəm. Onu parodiya etmək məndə hədsiz yaxşı alınır.

- İlhamə Quliyeva onu parodiya etdiyiniz üçün sizdən küsməyib?

- Yox. Onun dilindən mənfi söz eşitməmişəm. Mən 2011-ci ildə “Space” televiziyasında keçirilən “Kim nə bacarır” müsabiqəsində iştirak etmişəm. Mərhum aktyor Elçin Həmidov həmin yarışma zamanı çıxışlarıma ən yüksək qiymət – 10 bal verirdi. Ondan bilirəm ki, az da olsa məndə nəsə var. Bundan başqa, “Özünü göstər” layihəsində də iştirak etmişəm.

- Aygün Kazımova ilə işləmək çətin deyil ki?

- Çətindir, amma zövq verir. Aygün xanımla incikli olan müğənnilər çağırıblar, getməmişəm. Bir də ki, Aygün xanımda olan cazibə, effekt başqalarında yoxdur. Mən Aygün Kazımova ilə hansısa tədbirə, məclisə başıuca girirəm. Görürəm ki, hamı onu necə qarşılayır. Ona olan sevgi görünür. Düşünürəm ki, gör mən hansı sənətçinin yanındayam. Hərdən onunla dərdləşirik. Deyir ki, mən sənin gözünün qarşısında böyük məktəbəm. Sən məni görürsən? Bu qədər, vurdular, əzmək istədilər, olmadı, yıxılmadım. Deyir ki, Cekuş, döz, yüksələcəksən. Bu, mənim üçün böyük stimuldur.

- Aygün Kazımova necə, özü kimisə parodiya edir?

- O... edir (Gülür). Amma kimi etdiyini deməyəcəyəm. Efirdə o adamı parodiya edib. Tutanlar bilib ki, söhbət kimdən gedir. O, mənə həmişə deyir ki, ancaq məni parodiya elə.

- Sizdən Maral Tahirqızının parodiyasını gözləyək?

- Əslində başqa bir ideyam var. Hələ ki, bu haqda danışmaq istəmirəm. İstəyirəm ki, “10Lar” verilişinin aparıcısı Afaq Gəncəlinin verilişindəki suallarla ona müraciət edim. Görkəmimi Afaqınkı kimi edim. Təbii ki, bundan Maral Tahirqızının xəbəri olmasın. O, mənim əslində Afaq olmadığımı başa düşməyəcək. Mən Maral Tahirqızı ilə telefonla da danışmışam. O, çox saf insandır, hamıya inanır. Ona zəng edirlər, telefonda Ledi Qaqanın “Alehandro” mahnısını oxutdururlar. Zəng edirəm ona, deyirəm ki, ay arvad, niyə “Alehandro”nu oxuyursan? Oxutdururlar, sonra da sosial şəbəkələrdə yayırlar. Onu ələ salırlar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR