“Bir qadınla eyni evdə yaşaya bilmirəm” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Bir qadınla eyni evdə yaşaya bilmirəm” - Fotolar

Türkiyənin ən zarafatcıl adamı: “Şorgözlük vaxt tələb edir, mənim isə vaxtım yoxdur”

Cem Yılmaz Türkiyənin ən böyük komediya ustasıdır. Ancaq onun bu qədər sevilməsinin tək səbəbi dəhşətli dərəcədə zarafatcıl olması deyil. Cem həm də dahi sayılacaq qədər ağıllıdır. Üstəlik, sözü üzə deyəndir. Bir sözlə səmimi insandır. Düzdür, media nümayəndələri onu daha çox eşq macəraları ilə gündəmə gətirməyə çalışırlar. Bu günə kimi bir çox qadınla adı hallanan Cem sadəcə bir dəfə nikah masasına əyləşib. Onun model Ahu Yağtu ilə evliliyindən Kamal adlı oğlu var.

Qısa müddətlik evlilik həyatından sonra bir daha evlənməməyə qərar verən komediya ustası bir qadınla eyni evdə yaşamağın heç də asan olmadığını deyir.

Cem Yılmazın maraqlı fikirləri ilə tanış olmaq istəyirsinizsə, tabloid.az-ın “Şirin söhbət”ini oxuyun!

- Türkiyənin ən zarafatcıl adamı olmaq necə hissdir?

- Bunu o qədər deyirlər ki, axırda məni də Türkiyənin ən zarafatcıl adamı olduğuma inandıracaqlar.

- Axı, doğurdan da eləsiniz.

- Yox əşi heç elə şey olar? Məhməd Çağçağ, Tuncay Akgün, Can Barslan, Əhməd Yılmaz, Erdil Yaşaroğlu, Selçuk Ərdəm kimi adamlar var. Onların etdikləri mənim səhnədəki performansımdan heç fərqlənmir.

- Sən səhnəyə çıxan kimi hamı gülür, bunun bir düstüru var?

- Mən komediyanın min ildir dəyişməyən qanunlarına itaət edirəm. O qaydalar da deyir ki, işini ciddi qəbul elə. Amma güldürməyi ciddi qəbul eləmə. Komediyanı silah kimi təqdim etmə, əgər silahdırsa, onsuz da öz işini görəcək.

Məni səhnədə hər dəfə 3 mindən çox insan izləyir. Aralarında intellektual olanları da var, çox dayaz olanları da. Amma hamısı eyni şeyə gülür. Deməli, bu insanları nəsə birləşdirir.

- Bu qədər şöhrətli olmağına rəğmən çox təvazökarsan.

- Şöhrət çox vaxt səhv başa düşülməkdən qaynaqlanır. Bəzən səhnədə olanda düşünürəm ki, tamaşaçılar gülürlər, amma görəsən doğurdan başa düşdükləri üçün gülürlər, yoxsa səhv anlayıblar?

- Sənin yerində başqası olsaydı, eqosu göydə, özünəinamı tam olardı. Amma sən tənqidləri çox ciddi qəbul edirsən.

- Mən yalnız özümü düşünən bir insan deyiləm. Ona görə də başqalarının da fikirləri mənim üçün önəmlidir.

- Siz insanları güldürürsünüz. Ancaq bir tərəfdən də dünyada müharibələr, aclıq, fəlakətlər hökm sürür.

- Bir dəqiqəmizi ayıraraq riyazi şəkildə hesablasaq, görərik ki, Afrikada insanların aclıqdan ölməsinin qarşısını bu dəqiqə həll edə bilərik. Deyirlər ki, “Uşaqlar ölməsin”, təbii ki, ölməsin. Elə bil ki, mən atom bombası istehsal edirəm. Mən bir komediya ustasıyam. Dünyadakı cinayətlərlə mitinq edərək mübarizə apara bilmərik.

Bu gün təxminən 1,5 milyard insan can çəkişir, yaşayış şəraitləri çox pisdir, insanlar acdırlar, müharibə edirlər, ölürlər. Dünyada hamıya kifayət edəcək qədər qida var, su, ümumiyyətlə, hər şey var. Deməli, kimsə o insanların əzab çəkməsini istəyir, bu əvvəlcədən planlaşdırılmış bir layihədir. Hətta bəlkə mitinqlərə çıxıb “Uşaqlar ölməsin” deməyimiz belə onların planları daxilindədir.

- Yəni deyirsən ki, heç nə göründüyü kim deyil.

- Əlbəttə. Gözümüzü açandan ağzının qırağına milçəklər qonan ac uşaqları izləyirik. Bu dəhşət illər içərisində niyə sona yetmədi? Deməli, bu görüntüləri istəyənlər var. Bu şounun bir hissəsinə çevrilib, xəbərlərdə, video kliplərdə, qəzetlərdə istifadə edirlər. Ancaq istəsəydilər 1 günə aclıq problemini həll edə bilərdilər. Bunu Cem Yılmaz həll edə bilməz. Çünki dünyanı Cem Yılmaz idarə eləmir.

- Sənin zarafatcıl olmağınla yanaşı zəkan da dillərə dastan olub.

- Xüsusilə bir dövr dəbdə idi. "Cem çox zəkidir ", “Çox qəribə adamdır” falan deyənlər var idi.

Məmləkətdə bu qədər beyin cərrahı var olarkən mənimlə sanki dahi insan kimi rəftar etməklərini istəmirəm.

- İnsan şöhrətdən, puldan sıxıla bilər?

- Mənim həyatımda yalnız pul, şöhrət yoxdur. Mənim dərdim bu, deyil. Mən ürəyimin hər istədiyini eləmək istəyirəm. Bəzən düşünürəm ki, hər şeyi atıb bir çayçıda şəyird olmaq daha yaxşıdır.

- Daha bu qədər də yox da…

- O işin daha əyləncəli olduğunu düşünürəm. Mənim həyatım ekranda gördüyünüz kimi əyləncəli deyil.

- Heç başa düşmürəm ki, insanları bu qədər əyləndirən birinin ağzından bu sözlər necə çıxır.

- Axı məni heç kim əyləndirmir. Bəzən istəyirəm ki, ətrafımı dəyişdirim. Amma ətrafımda dəyişdirməyə insan yoxdur.

- Getdikcə bu müsahibə dramatik bir ab-havaya bürünür.

- (Gülür) Mən də Nihat Doğan kimi xoşbəxt olmaq istəyərəm, amma istəməklə olmur.

- Heç əylənmirsən, hoibbilərin yoxdur?

- Dünyada 1-2 hobbidən başqa maraqlana biləcəyim heç nə yoxdur. Siyasətlə, futbolla maraqlanmıram. Geriyə musiqi, seks kimi hobbilər qalır (gülür). Həyatımın son 10 ilini işimə sərf etmişəm. Ötən gün bir dostum çağırdı ki, gəl söhbət edək. Getdim amma, söhbət edə bilmədim, alınmır. Məncə işləmək danışmaqdan daha yaxşıdır.

- Elə bil ki, özünü insanlardan təcrid etməyə başlamısan.

- Yox, mən uşaqlığımdan bəri tənhayam.

- Milyonlarla insan səni izləyir, amma sən tənha olduğunu deyirsən.

- Bizim işdə belədir. İnsan bir müddət sonra tənhalığa alışır.

- Deyilənə görə, çox şorgözsən.

- Şorgözlük vaxt tələb edir. Mənim isə vaxtım yoxdur. Bu günə kimi məni sevən qadınla qarşılaşmamışam.

- Necə yəni?

- Yəni, mənim evdə yalnız yaşamaqdan xoşum gəlmir. Amma evdə bir qadınla yaşamaq heç xoşuma gəlmir. (Qəhqəhə çəkir).

- Bəyəm insan asqıranda "Çox yaşa" deyən birinin olmasını, evdə ayaq səslərinin eşidilməsini istəməz?

- Evimdə elə səslər eşitdim, amma xoşuma gəlmədi. Cəhd etdim, amma alınmadı. Yaxşı ki, elə oldu. Bir qadınla eyni evdə nə qədər yaşamaq olar ki?

- Qadınlardan yana çox dərdlisən deyəsən?

- Elədir. Bir dəfə sevgililərimdən biri dedi: "Bir dəqiqə, bura səhnə deyil, mənimlə səhnədəki kimi rəftar eləmə". Bu nə deməkdir ki, anlamıram. Bəziləri də deyirlər ki, "Mən səni Cem Yılmaz olduğun üçün deyil, sən olduğun üçün sevirəm”. Heç elə şey olar? Elə bil ki, Elton Conla tanış olursan və ona deyirsən ki, sən mənim üçün Eltonsun, Elton Con deyilsən. Niyə o adamı səhnədən endirmək istəyirsən? Belə axmaqlıq olar? Elə bil ki, bir qadın müğənni ilə evlənib, sonra da evdən çölə çıxmasına icazə vermirsən. Mən də münasibətlərimdə bu problemlə üzləşirəm. Başa sala bilmirəm ki, səhnədəki Cem Yılmazla mənim armada heç bir fərq yoxdur.

- Necə qadınlardan xoşun gəlir?

- Mən gəncliyimdən bəri qadınlarla bağlı mövzularda diqqətli olmuşam. Heç bir müsahibəmdə “Qarayanız qadınlardan xoşum gəlir, gözləyin qızlar, mən gəlirəm” kimi ifadələrdən istifadə etməmişəm.

- Nə vaxtsa bir qadın üçün ağlamısan?

- Yox, bir qadınla anlaşa bilmirəmsə, ayrılıram. Heç vaxt israr etmirəm. Bu günə kimi, eşq acısı çəkməmişəm. Kimsə üçün ağlamamışam. Qadın üçün niyə ağlayım ki? Ağlasam bütün insanlar üçün ağlayaram da… (gülür)

- İlk eşqini xatırlayırsan?

- Xatırlayıram, onun üçün bir oğlanı döymüşdüm.

- Elə bil ki, hər şeydən bezmisən…

- 41 yaşım var, amma özümü 65 yaşdakı kimi hiss edirəm. Amma bu, çox normaldır, çünki 20 yaşında da özümü 35 yaşında hiss edirdim.

- Deyirlər ki, avtomobil kolleksiyan var.

- Elə deyirlər, amma mən səyahətlərimin 90 faizini taksi ilə edirəm. Kolleksiya yığmıram. Hətta lazımsız olan hər şeyi atıram. Belə danışanda da deyirlər ki, “lazımsız olanları tullayanda xəbər elə, biz də oralarda olaq”.

- Nazının keçdiyi adamlar kimlərdir?

- Bir çox insana nazım keçir. Ancaq bundan sui-istifadə etmərəm. Heç kimdən heç nə istəmərəm. Məndən də istəməsinlər. Məsələn, bu yaxınlarda bir dostum dedi ki, bir tanışımıza sürpriz ad günü mərasimi təşkil edirik, sən də gəl. Belə şeyləri başa düşə bilmirəm. Bəlkə o insan evinə çoxlu adamların gəlməsini istəmir, bəlkə vaxtı yoxdur. Şəxsən mən sürpriz ad günü mərasimlərini sevmirəm.

- Bu mövzuda çox aqresivsən.

- Mən insanlardan heç nə istəmirəm. Dost-tanışlarından nəsə umanları səmimi qəbul eləmirəm.

- Elə bil ki, əlində qalxanla dayanmısan. Yəqin səni incidənlər çox olub.

-(Gülür) Hə, məni çox aldadıblar, daha doğrusu dolamağa cəhd ediblər. Belə halla üzləşəndə çox kədərlənirəm. Vecimə almayıb, səhvin üstündən keçə bilmirəm. Qarşı tərəf inciməsin deyə nəyəsə göz yuma bilmirəm.

- Gülməli hekayə uydura bilməyəcəyini düşünərək narahatlıq keçirdiyin olub?

- Elə narahatçılığım olmayıb. Mənim üçün faciə yaxşı hekayə yaza bilməmək deyil. Bir də görürsən ki, yazırsan heç kim oxumur, danışırsan, heç kim gülmür, bax bu, faciədir.

Hər şeyə hazır olmaq lazımdır. İnsanların dünən güldüklərinə bu gün gülməmələri təbiidir.

-Yenidən karikatura çəkməyi düşünürsən?

- Bəzən bu haqda düşünürəm. Onsuz da ssenari yazarkən obrazların karikaturalarını çəkərək işləyirəm. Ancaq indiki şəraitdə jurnallardan biri ilə əməkdaşlıq etmək mümkün deyil. Bunun üçün gərək vaxtın olsun.

- Komediya janrında olmayan bir filmdə rol almağı düşünürsən? Məsələn, macəra filmində oynayarsan?

- “Quzğunun 3 günü” filmindəki Robert Redford kimi bir rolda oynamaq istəyərdim. Ancaq elə bir ssenari yaza biləcəyimi bilmirəm. Həm də fiziki xüsusiyyətlər, boy, səs və s. kimi detallar canlandıracağınız obrazı tapmaqda köməklik edir. Yəni obrazın davranışları ilə fiziki xüsusiyyətləri, görkəmi arasında oxşarlıq olmalıdır.

- Serial izləyirsən?

- Təəssüf ki, yox. “Seinfield”, “Married With Children”, “Coupling” kimi bəzi seriallara arada bir nəzər salıram.

- Televiziyada nəsə eləmək istəyirsən?

- Qardaşımla televiziya izləyirdik. Fikirləşdim ki, yaxşı ki, televiziyada heç nə eləmirəm. Mən yarım saat Banu Alkanla danışa bilmərəm. Mən niyə Banu Alkanla danışım? Amma Okan danışar. Bəyazın da elədiklərini edə bilmərəm.

- Bəyəndiyin, işləmək istədiyin rejissorlar var?

- Mən Çağan İrmaqla işləmək istədim, amma o təklifimi qəbul etmədi. Birlikdə film çəkmək istəyirdim. Əvvəl razılaşmışdı, amma “Babam və oğlum”dan sonra dedi ki, işlərim çoxdur.

- Ən çox hansı filmdən pul qazanmısan?

-“AROG” və “Yahşi batı”dan.

- Şeir oxuyursan?

- Şeiri çox sevirəm. Çox özəl bir sənətdir şeir yazmaq. Amma şeirin pisi də çox pis olur.

- Ən çox hansı yazıçını bəyənirsən?

- Oğuz Atayı 10 il öncə oxumuşdum. İndi də çox bəyənərək oxuyuram. Kiminsə əlində Oğuz Atayın kitabını görsəm, əlindən alıb oxuyuram. Bəzən üzərinde “Oğuz Atay” yazısı olan tşört geyinmək istəyirəm.

- Müsahibələrinin birində demisən ki, “80 yaşına qədər bu işlə məşğul olacam”.

- Mən Aydın Boysandan nümunə götürürəm. 13-­14 yaşımdan bəri onu oxumuşam. Aydın Boysandan çox şey öyrənmişəm.

- Yeni ildə nə edəcəksən?

- Yeni il gecəsi kimi xüsusi günlər mənim üçün heç nə ifadə eləmir. Ötən il evdə tək idim.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm