İlahə: “Özümü cilovlaya bilmirəm, bəyəndimsə mənim olmalıdır” - Fotolar
Bizi izləyin

Tabloid.az

İlahə: “Özümü cilovlaya bilmirəm, bəyəndimsə mənim olmalıdır” - Fotolar

İlahə İbadova: "Bir şüşəni bir həftəyə, bəlkə də tez bitirirəm"

Son günlər müğənni İlahə İbadova xüsusilə diqqət mərkəzindədir. Xeyli arıqlayıb, sarı saçlarını buraraq özünə romantik bir hava verən müğənni xanım tabloid.az-a müsahibəsində geyim ehtirasından danışıb. Və evinin qapılarını üzümüzə açıb.

- Qarderobunu yeniləyəndə daha çox nəyə diqqət edirsən?

- Diqqətmi çəkən ayaqqabılardır. Bəzən kofta, ya şalvar almaq üçün mağazaya getsəm də, seçimim ayaqqabı olur. Bu, vərdişimdən vaz keçə bilmirəm. Açığı, mağazada geyimləri çox incələməyə hövsələm olmur. Gözümü oxşayan geyimi götürüb çıxıram. Çantaya da həvəsim ayaqqabı qədərdir. Tədbirlərə, səhnəyə geyindiyim geyimləri dəfələrlə istifadə edə bilmirəm. Amma ayaqqabı, çantaların şansı bu baxımdan yaxşıdır ki, uzun illər müxtəlif geyimlərlə uzlaşdırmaq olur. Şərf həvəskarıyam həm də. Bir dəfə alış-veriş çıxanda bəlkə 4-5 şərf alaram. Amma təsadüfən istifadə edirəm.

- Aksessuarları çox xoşlayırsınız?

- Bəli, deyərdim ki, aksessuarların yanından sakit keçə bilmirəm. Amma təəssüf ki aldıqlarımın əksəriyyəti hələ də istifadə olunmayıb. Görəndə, özümü cilovlaya bilmirəm, bəyəndimsə, deməli mənim olmalıdır. Göz doymur (gülür). Amma elə aksessuar var ki alıb, sonradan kiməsə hədiyyə etmişəm.

- Qadının vaz keçə bilmədiyi həm də ətirdir. Özünü hansı ətirlərə alışdırmısan?

- Hər bir qadının öz ətri var. Ona görə fikirləşirəm ki, qadın gərək istifadə etdiyi ətrin adını sirr saxlasın. Çünki adını açıqlayanda dəb naminə hamı ondan alır. “Chanel”, “Dior”, “Sisley” və “Kilian”dan çox istifadə edirəm. Bu ətirlər məndən əskik olmur. Dostlarım da bahalı ətirlər hədiyyə edirlər. Onları da bəyənirəm. Elə bir ətir yoxdur ki, ondan istifadə etməyim. Hərdən mağazada satıcılar təbəssümlə “İndi hansını istəyirsiniz?”sualını verirlər. Bir şüşəni bir həftəyə, bəlkə də tez bitirirəm. Amma sevdiyim ətrim bitəndə eynisini almıram. Çünki birinin qoxusundan tez doyuram. Hazırda 25-30 ətrim var. Bəzilərini əhval-ruhiyyəmə görə istifadə edirəm. Gün ərzində 3 fərqli ətir dəyişirəm.

- Ən çox nəyə pul xərcləyirsiniz?

- Geyimə və aksessuara ola bilər. Əvvəllər daha çox boyunbağı alırdım, indi bu vərdişimi tərgitmişəm. Yerini üzük, qolbaq və saatlar tutub. Xoşuma gələn aksessuar, geyim olanda qiymətinin bahalığına baxmadan alıram. Bu günlərdə çox istifadə etdiyim markaların birindən demək olar ki, iki ovuc boyunbağı almışam. Amma onlardan cəmi birini istifadə etmişəm. Bilirəm ki, zamanı gələndə, ehtiyacım olacaq.

Qiymətə gəlincə, brilyant və qızıllarım arasında 15 mindən 3 min manata qədər olanlar var. Gündəliyə, həm də məclislərə qızıldan daha çox svarovski daşlarla bəzənən aksessuarlar taxıram. Bu aksessuarlara 100-500 manat xərcləyirəm. Bijuteriyalara marağım daha çox olduğundan, büdcəmin ağzını qısmamışam.

- Geyimlərinlə diqqət cəlb edə bilirsən? Geyim seçimində hansı meyarların var?

- Çoxdan düşündüyüm bir tərzi əhval-ruhiyyəmə görə dəyişə bilərəm. Bu gün əhvalım ya yaxşı, ya dəyişkən ola bilər. Həmin gün məhz bir tərz ürəyimdən keçir. Vaxt eləyib, onu axtarıb tapıram. Elə bilirəm, özümü bununla tamamlayacağam. Markalardan isə “Etro”, “Ferragamo”, “Armani” brendlərinə üstünlük verirəm. Bu markalarda klassika, avanqard, bəzən dəlisov üslub tapıram. Hərdən dəcəl uşaq kimi olmaq istəyirəm, yoruluram qayğılardan. O əhval-ruhiyyəyə uyğun geyimlər seçirəm.

- Amma sizi dəlisov geyimlərdə görməmişik.

- Belə geyimləri gənc və müasir qızlarda, elə sənətçi dostlarımda görəndə bir az qibtə edirəm. Cırıq şalvar, qısa kofta və s. Muğam ifaçısı olduğumdan geyim seçiminə ehtiyatla yanaşıram. Qohumlarımın reaksiyası məni hər şeydən çox narahat edir. Gözləri klassik tərzli geyimlərə alışdığı üçün aldığım bəzi geyimləri elə evdə geyinməklə kifayətlənirəm.

- Yəni çox dar, qısa, dekolte və s. geyinə bilməzsiniz?

- Ən çox bəyəndiyim gecə libasları, dar, uzun modellərdir. Bədənə yapışan, kürəyi açıq, qadını romantik göstərən geyimləri çox sevirəm. Çox təəssüf bu tərzi geyinə bilmirəm. Rənglərdə isə, qara, qırmızı, elektrik, firuzəyi rəngləri bəyənirəm. Gecə vaxtı bu çalarlar diqqəti özünə cəlb edir, qadına romantik ovqat bəxş edir. Saçımın rənginin tünd olmasını bəyənsəm də, əksəriyyət sarı rəngin mənə daha çox yaraşdığını dəfələrlə deyib. Ona görə də bu istəyimi həmişəki kimi içimdə boğuram.

- Ətrafını hansı geyiminlə təəccübləndirmisiniz?

- Şortiklə. Yayda, istirahət etdiyim məkanlarda şortik geyinirəm. Görənlər təəccüblənir ki, “sən şortik geyinirsən?” Əgər istirahət edirəmsə, çoxu kimi mən niyə geyinməyim? Ümumilikdə isə geyimlərimlə tərif çox eşitmişəm. Əksəriyyət zövqümü bəyənir.

- Dəbi haradan izləyirsən?

- Efir, jurnal fərqi yoxdur, dəblə bağlı nəsə görəndə dərhal köklənirəm. İnternetdə axtarışlar edib, yeni dəb tendensiyalarını öyrənirəm. Xoşuma gələnin fotosunu çəkib, dərziyə tikdirirəm.

- Kompleksiniz var?

- Çəkim bir az artıqdır. Yalnız bu, məndə kompleks yaradır. Hərdən heç vecimə də olmur. Amma geyim məhdudiyyəti yaradanda, qaşlarım çatılır.

- Sosial şəbəkələrdə idman zalında çəkdirdiyin fotolarını görürük. Deyəsən, arıqlamaq cəhdin alınmır?

- Arıqlayıram, sadəcə buna zamanla nail oluram. Qısa vaxtla arıqlaya bilmirəm. Bəzən geyimlərə görə qarşıma məqsəd qoyuram ki, filan çəkiyə düşüb, mütləq həmin libası geyinəcəyəm. Mən arzuladığım çəkiyə düşsəm, bəlkə də, görünüşdə mənə çatan olmaz.

- Necə arıqlayırsınız?

- Bir az boş geyimlərə üstünlük verirəm. Arzuladığım çəkiyə düşəndən sonra başqa cür geyinəcəyəm.

- Hansısa geyimə görə tənqid edilmisiniz?

- Tənqid deyil, etiraz eşitmişəm. Dolu olduğum üçün, boş geyinməyimi irad tutublar. Bu, əslində mənim kiçik bir sirrimdir. Mən ətəyi gen olan paltarlara üstünlük verirəm. Mən hələ ki, bədənimə kip yapışan geyim geyinə bilmərəm. Geyinib, kənardan pis görünənlər var. Ya mədəm düz olmalıdır, ya da bunu hiss etdirməmək uçun boş geyimlərim geyinməliyəm.. Ciddi problemim yoxdur. Amma ideal bədən quruluşum olana qədər bu tərzdə geyinəcəyəm. Hələ ki, bu tərz geyimlər geyinməliyəm.

- Bəyəndiyin model kimdir?

- Məxsusi kimisə izləmirəm. Modelləri hansısa geyimi ilə bəyənə bilərəm. Amma aktrisalardan Ayşvariya Rayı çox bəyənirəm. Nə geyinsə gözümü oxşayır. Bəlkə də suyu bizə yaxın olduğundan bəyənirəm. Bir də Ancelina Colini ekranda görəndə kanalı çevirmirəm. Amma çox arıq qadınları izləyə bilmirəm. Qadın bir az ətli olmalıdır... Mən gözəllik aşiqiyəm. Adlara görə yox, görünüşə görə qiymət verə bilirəm.

- Gündəlik hansı kosmetik vasitələrdən istifadə edirsiniz?

- Göz karandaşı və kirşan. Gözümü olduğundan iri görünməlidir. Vərdiş eləmişəm buna. Yanağımda kirşan olmayanda, özümü qəmgin hiss edirəm.

- “Gözəllik ondur, doqquzu dondu” – kəlamı ilə razısan?

  • İnsanın xasiyyətini bəzən geyiminə, zövqünə görə müəyyən edirlər. Hərdən efirə elə insanlar çıxırlar ki, baxıb dəhşətə gəlirsən ki, onlar güzgüyə baxmırlar? Həyatda pis insan yoxdur. Özünə baxmayan, zövqsüz insanlar var. Ona görə, gözəlliyi baxımlı olmaq tamamlayır.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm