Prezidentlərin xəyanətlərini bağışlayan birinci xanımlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Prezidentlərin xəyanətlərini bağışlayan birinci xanımlar - Fotolar

Ərlərinin prezident seçilməsinə dilxor olan xanımlar

Gəlin səmimi şəkildə etiraf edək ki, hər bir qadın birinci xanımların yerində olmağı çox istəyərdi. Lakin bu kənardan göründüyü qədər asan deyil. Axı ölkənin birinci xanımı olmaq çox böyük məsuliyyətdir! Tarixdə isə layiqli və nümunəvi birinci xanımlar az deyil. Tabloid.az-ın “9 don” layihəsi çərçivəsində bu həftə təkcə işləri deyil, həm də yüksək rütbəli siyasətçilərin həyatında mühüm rol oynayan nümunəvi birinci xanımları müzakirə edəcəyəm.

Eleonara Ruzvelt (1933 - 1945)

ABŞ telekanallarından birinin tərtib etdiyi reytinq cədvəlində birinci yeri Eleonara Ruzvelt tutub. O, 1933-cü ilin 4 martında ABŞ-ın ilk ledisi seçilib. 1944-cü ilin 12 aprelinə qədər bu statusu daşıyıb.

Qarri Turman öz prezident sələfinin həyat yoldaşı haqqında “Bütün dünyanın birinci xanımı” olduğunu söyləmişdi. Eleonora cəmiyyətdə daxili və xarici dəyişikliklər başlayanda öz liderlik bacarıqlarını istifadə edərək uğur qazanır. O, nəinki ərinin apardığı islahatları hərarətlə dəstəkləyir, həm də BMT-nin formalaşmasında, eləcə də İnsan Hüquqlara dair Bəyannamənin hazırlanmasında şəxsən özü iştirak etmişdir. Birinci xanım olmazdan əvvəl isə o, vaxtının çoxunu qadınların əmək hüquqlarını müdafiə edən həmkarlar ittifaqlarının işinə həsr edirdi.

Eleonora feministlərin birinci dalğasına müsbət yanaşırdı - bəli, əslində, özü də onlardan biri idi. O, dünyaya 6 uşaq gətirməklə feminizmin ailəni inkar etmədiyi ideyasını göstərməyə çalışırdı. Hərçənd ki, etiraf etmək lazımdır ki, bütün bunlar ona asan başa gəlmir. Çünki həmin dövrlərdə evli qadınlara işləmək olmazdı. Eleonara ərinin seçkilərdə qələbə qazanmasına əvvəlcə dilxor olmuşdu, axı bu o deməkdir ki, o aktiv fəaliyyətini dayandırmalıdır. Buna baxmayaraq, Franklin Ruzvelt həyat yoldaşını dəstəkləyirdi. Belə ki, Eleonora universitetdə mühazirələr oxumağa, köşələr yazmağa davam edirdi. Amerikanın ilk birinci xanımının fəaliyyəti bununla bitmirdi. O, eyni zamanda əhalinin ən müxtəlif təbəqələrinin təhsili və qadın əməyinin mühafizəsi, ümumiyyətlə, vətəndaş hüquqları ilə məşğul olurdu.

O, hüquq-müdafiə fəaliyyətini ərinin ölümündən sonra da kənara qoymadı. Çünki o, əqidəcə çox güclü qadın idi. Hətta ərinin (məlum oldu ki, məşuqəsi var idi) xəyanəti haqqında xəbər tutanda o, necə deyərlər, ona qara yaxmır, qələminin məhsulu olan memuarlardan pul qazanmaq üçün yazmır, amma öz işini davam etdirirdi.

Hillari Klinton, ABŞ-ın birinci xanımı 1993- 2001-ci illər

1993-2001-ci illərdə 42-ci ABŞ prezidenti Bill Klintonun həyat yoldaşı olaraq, ABŞ-ın birinci xanımı olub. Hillari Klinton 1947-ci ildə İllinoys ştatında, Çikaqoda doğulub. Yel Universitetinin hüquq fakültəsini 1969-cu ildə bakalavr, 1973-cü ildə isə hüquq doktoru dərəcəsi ilə bitirib. Hillari öz gələcək həyat yoldaşı Bill Klintonla da universitetdə tanış olur və onlar 1975-ci ildə evləniblər. Bu evlilikdən Çelsi adlı qızları dünyaya gəlir.

1976-cı ildən “Rose Law Firm” şirkətində hüquqşünas kimi işə başlayır. 1978-ci ildə isə ABŞ Prezidenti Cimmi Karter onu Hüquqi Xidmətlər Korporasiyasının İdarə Heyətinin üzvü təyin edir. Həmin il Bill Klinton Arkanzas ştatının qubernatoru seçilir. Onun qubernator olduğu dövrdə Hillari Arkanzas Təhsil Standartları Komitəsinə sədrlik edir, Arkanzas Uşaq və Ailə Vəkilliyinin əsasını qoyur, Uşaq Müdafiə Fondunu yaradır.

1992-ci ildə Bill Klinton ABŞ-ın prezidenti seçilir. Ölkənin birinci xanımı ictimai fəaliyyətini davam etdirir və ailə, uşaq problemlərinin aradan qaldırılmasına yardım edir. Övladlığa götürmə, yeniyetmə hamiləliyi hallarının azaldılması ilə bağlı islahatların aparılmasına nail olur.

Hillari Klinton insan haqları və demokratiya haqda çıxışları ilə də yadda qalır. O, həmin illərdə dövlət katibi işləyən xanım Madlen Olbraytla birlikdə hökumətin "Vital Voices Democracy Initiative" təşəbbüsünü irəli sürür. Bu təşəbbüs dünyada qadın liderlərin yetişdirilməsini nəzərdə tuturdu.

2000-ci ildə isə Hillari Klinton ABŞ Senatına seçilir. ABŞ tarixində ilk dəfə birinci xanım Senata üzv olurdu. Senator kimi o, daha çox iqtisadi imkanların artırılması, keyfiyyətli tibbi yardım kimi məsələləri dəstəkləməsi ilə yadda qalıb.

2001-2009-cu illərdə Nyu-York ştatından senator olub. Ərinin prezidentlik müddəti bitdikdən sonra da ABŞ-ın dövlət katibi postunu tutur.

Xəyanətdən söz düşmüşkən, Hillari Klintondan danışmamaq olmaz. Onun bu yazıdan xəbəri olmayacağı ehtimalının sıfıra bərabər olduğunu nəzərə alsaq, yəqin ki, o, bu xatırlatmaya görə bizdən inciməz. Çünki söhbət prezidentlərin xəyanətlərindən və vəfasızlığından söz düşəndə onun adını yada salmamaq mümkün deyil.

Zalım taleyin istehzasıdır ki, Hillari siyasi xadim kimi bir sıra işlərlə məşğul olur və ailə dəyərlərinə həsr olunmuş konfranslarda "yüksək münasibətlər" nümayiş etdirdi. Bu zaman təkcə Amerika əhalisi deyil, dünyanın hər yerində onun ərinin öz köməkçisi ilə münasibətləri müzakirə edilirdi. 1998-ci ildə baş verən Monika Levinski qalmaqalına baxmayaraq, Hillari bəyan edir ki, o, ərini dəstəkləyir və bu hadisənin Billi gözdən salmaq üçün qurulduğuna inanır.

Əlbəttə ki, xəyanətlərə hər kəsin münasibəti də fərqlidir. Kimsə çamadanını yığıb evi tərk edir, kimisi də baş verənləri aydınlaşdırmağa çalışaraq münasibətlərinə ikinci şans verir. Bu məqamda ölkənin birinci xanımı çox çıxılmaz vəziyyətə düşür. Dünyanın bütün diqqətini onun üzərində olduğu üçün bəlkə də ərinin xəyanətinə dözməli olur. Hillari Klinton emosiyalara qapılmır və ağıllı qərar qəbul edir. Əlbəttə ki, bu qərarın nə dərəcədə ağıllı və düzgün olması mübahisəli məsələdir. Ümumiyyətlə, xəyanət edən kişinin bağışlanılması insan yaranandan mübahisəli məsələ hesab olunur.

Dünyanın bütün ölkələri və kameralar ərinin xəyanətinə necə reaksiya verdiyini şiddətli maraqla gözləyəndə Hillarinin hansı hissləri keçirdiyini təsəvvür etmək o qədər də çətin deyil. Lakin Hillari çox soyuqqanlı davranır, gözündən bir damcı da yaş axmır, heç bir təhqiredici söz demir. Beləliklə Hillari bu addımı ilə hamıya nümunə göstərdi ki, ən əsası - sənin üçün əhəmiyyətli insanlar arasında münasibətləri qoruyub saxlamaq və səhv edən tərəfi bağışlamaq qabiliyyətidir.

Görünür Bill sevimli həyat yoldaşını itirməmək üçün xeyli səy göstərməli olub. Baş verən hadisələrdən sonra Hillari etiraf edir: “Mən heç zaman şübhə etməmişəm ki, Bill məni sevir”.

Prezident xanımlarının ayrıca müstəqil dövlət xadimi kimi fəaliyyət göstərməsi nadir hadisədir. Hillari Kliton isə gördüyümüz kimi evlənməzdən əvvəl və sonra da öz karyerasında həmişə fəal məşğul olub. 2006-cı ildə Hillari Klinton yenidən Senata seçilir və 2007-ci ildə prezidentlik uğrunda mübarizəyə başlayır. ABŞ-da 2008-ci il prezident seçkilərində Demokrat partiyasından prezidentliyə namizədlik kampaniyasında iştirak edir və Barak Obamadan sonra ikinci nəticə əldə edir. O, Demokratlar partiyasının digər namizədi Barak Obama ilə birlikdə son tura qalır. Barak Obama prezident seçkilərində qalib gəldikdən sonra Hillari Klintona öz administrasiyasında dövlət katibi postunu təklif edir.

Mişel Obama

Amerikanın füsünkar və zövqlü birinci xanımı Mişel Obama 1964-cü ildə 17 yanvar tarixində anadan olub. O, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın həyat yoldaşıdır. Rusiya mətbuatı Barak Obama prezident seçildikdən sonra Mişeli Amerikanın seks-simvolu kimi qələmə vermişdi.

“Dəyişikliklər” sözü ərinin seçkiqabağı nitqlərində mühüm məsələlərdən birinə çevrilmişdi. Mişelin ölkənin birinci xanımı olması ilə Barak Obmanın söz verdiyi ilk mühüm dəyişiklik baş verir. Barak Obamanın söz verdiyi “dəyişiklik” sözünü bundan dəqiq təsvir etmək olmazdı. Beləliklə də Mişel Obama ABŞ tarixində ilk qaradərili birinci xanım olaraq çevriliş edir.

Mişel prezidentin birinci xanımı olduqdan sonra ölkənin həyatında aktiv şəkildə fəaliyyət göstərir və cazibəsindən məharətlə istifadə edir. Qaradərili birinci xanım çox gözəl başa düşür ki, prezident ailəsinin rəsmi nümayəndəsi olmaq azdır, o, həm də onun şəxsi həyatının ən önəmli təcəssümüdür.

Qeyd edək ki, Mişel təkcə cazibədar zahiri görkəmi, yüksək zövqü və üslubu ilə deyil, həm də nüfuzlu ictimai xadim kimi tanınır. Mişel əsasən, təhsil məsələləri ilə məşğul olur. Yeri gəlmişkən qeyd edim ki, Mişelin iki ali təhsili var. O, Prinston və Harvard universitetlərinin məzunudur. Mişel Obama Prinston universitetinin sosiologiya, Harvardın isə hüquq fakültəsini bitirib.

İlk iş yeri "Sidli Ostin" hüquq firmasında olan Mişel marketinq və intellektual mülkiyyət qanunvericiliyi sahəsində ixtisaslaşıb. Çikaqo merinin köməkçisi, daha sonra meriyanın planlaşdırma və inkişaf üzrə komissar müavini vəzifələrini tutub. Çikaqo universitetində dekan köməkçisi, həmin universitetin nəzdində Akademik Tibb Mərkəzinin icraçı direktoru, vitse-prezidenti olub. Gələcək həyat yoldaşı ilə Mişel ABŞ-ın 6-cı ən böyük hüquq kontorunda hüquqşünas vəzifəsində işləyərkən tanış olublar. Barak Obama ilə 1992-ci ildə ailə həyatı quran Mişel iki qız anasıdır. Malia 1999-cu, Saşa 2001-ci ildə dünyaya gəlib.

Nümayəndəlik funksiyasından başqa, Mişel, belə deyək, həm də Amerikanın hər bir birinci xanımı kimi vaxtının çoxunu ictimai işlərə həsr edir. Onun proqramına amerikalı hərbiçilərin ailəsinə dəstək, müasir qadınlara kömək etmək üçün karyera və ailə arasında balansı tapmaq, evsizlərə qayğı, kimsəsiz uşaqların himayəsi istiqamətində müxtəlif layihələri həyat keçirmək daxildir. Elə bu xüsusiyyətlərini nəzərə alaraq ABŞ prezidentinin xanımı Mişel Obamanı "Forbes" jurnalı 2010-cu ildə dünyanın ən nüfuzlu qadını elan etmişdi.

Mişelin gördüyü işlərin ən məşhur istiqamətlərindən biri də sağlam qidalanma və ümumiyyətlə ,düzgün həyat tərzi ideyasının təbliği ilə bağlıdır. O, prezident iqamətgahının bağçasında boş vaxtlarında təzə tərəvəz yetişdirilməsi ilə məşğul olur. Qoçaq xanım bunun çərçivəsində idmanın vacibliyini vurğulamaq üçün şəxsən özü idman meydançasına çıxıb məşqlər etmişdi. Bu video mediada böyük səs-küy yaratmışdı. Lakin özü məzəli rəqsi və qəribə hərəkətləri ilə səhnəyə çıxmaqla böyük cəsarət nümayiş etdirmişdi.

Mişelin ən güclü keyfiyyətlərdən biri isə səmimi və özünə inamlı olmasıdır. O, həmsöhbətlərinin yersiz iradları zamanı gözlərini bərəltməkdən çəkinmir. Mişellə bağlı ən məşhur hadisə deyəsən, Böyük Britaniya kraliçası II Yelizaveta ilə görüşdə olmuşdu. Protokolun bütün qaydalarını pozaraq, Mişel hörmətli xanımın təkcə əlini sıxmır, həm də onu ürəkdən qucaqlayır. İctimaiyyət bu hadisəyə yalnız yaxşı mənada gülmüşdü, heç II Yelizaveta özü də ona etiraz etməmişdi.

Keçən il Barak Obamanın da həyat yoldaşına məşhur pop ulduzu Beyonsla xəyanət etdiyinə dair xəbərlər gündəmi zəbt etmişdi. Buna səbəb isə Obamanın ikinci dəfə prezident seçilən 21 yanvar 2013-cü ildə təşkil edilən andiçmə mərasimində səhnədə milli marşı Beyonsun oxuması idi. Andiçmə mərasimindən sonra onların sevgili olduğu söhbətləri səngimək bilmirdi. Fransanın maqazin müxbiri Paskal Rostainin “Europe 1” telekanalında dediyi sözlər isə hər kəsi şoka salmışdı. Onun açıqlaması ABŞ prezidenti Barak Obama və müğənni Beyonsun gizli eşq yaşaması ilə bağlı yayılan şayiələri daha da gücləndirmişdi. Bundan başqa, onların tez-tez görüşdüklərini göstərən fotolar da mətbuatda yayımlanmağa başlamışdı. Hələ Obama cütlüyünün ailəvi problemləri olduğu və Mişel Obamanın boşanmaq istədiyi xəbəri də mediaya sızmışdı. Beyons isə bu xəbərləri qəti şəkildə inkar edir. Hazırda hər iki cütlüyün gözəl ailəsinin olması bu xəbərlərin boş fərziyyədən başqa heç nə olmadığını bir daha sübut edir.

Barak Obamanın prezident seçilməsi üçün çalışan Mişel həyatlarında baş verən ən maraqlı hadisələri və ailəsi haqqında bilinməyən 10 məlumatı sizə təqdim edirəm:

1. Ən sevdiyim serial “Müasir ailə”-dir. Son zamanlar başım çox qarışıqdır. Seçkilərdən sonra baxmağa davam edəcəyəm.

2. Həyat yoldaşımın ailəsini çox sevdiyini bilirəm. Barak bunu hər gün təkrarlayır. Hətta onun böyük qulaqlarına güldüyümüz zamanlarda bizə hirslənmir.

3. Məndən iki yaş böyük olan qardaşımla məni həmişə əkiz biliblər.

4. Barak iş səbəbi ilə xaricə gedəndə itimiz Bo ilə yatıram.

5. Yanımda “iPad”im olmasa, heç yerə getmirəm.

6. Balaca vaxtı ən sevdiyim oyuncağım “Barbi” gəlincikləri idi.

7. Axşam yeməyini hər gün 18:30-da yeyirik. Sonda isə Tanrıya uzun və sağlam yaşamağımız üçün dua edirik.

8. Vicdan əzabı çəkdiyim ən böyük günahım kartof qızartmasına yox deyə bilməməyimdir.

9. Ağ evdə iclas zamanı ilk işim ayaqqabılarımı çıxarmaqdır. Kim gün boyu dikdaban ayaqqabıda gəzmək istəyər ki?

10. Barak ilə toy mahnımız Nat King Coleun oxuduğu “Unforgettable” mahnısıdır.

Lyudmila Aleksandrova

Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Aleksandrova Hillari Klinton kimi ərinin xəyanətlərinə göz yuma bilmədi. Əslində ərinin adı uzun illər cazibədar gimnast Alina Kabayeva ilə hallanmasına baxmayaraq, kifayət qədər səbirli və ağıllı davranır.

Onlar 30 il ömür-gün yoldaşı olublar. Lakin unutmaq lazım deyil ki, insanın səbri də müəyyən həddə qədərdir. Yox, mən Lyudmila Aleksandrovanın V.Putindən boşanması haqqında danışmaq fikrində deyiləm.

Gəlin eks birinci xanımı yaxından tanıdan bir neçə fakta nəzər salaq.

Lyudmila Aleksandrova Putina 1958-cı ildə Kalininqradda anadan olub. Məktəbi bitirəndən sonra Lyudmila bir neçə sahədə çalışıb və iş yerini dəyişib. Leninqrada səfəri zamanı ondan 5 yaş yuxarı olan V.Putinlə tanış olur. Üç il yarım sonra, 1983-cü ilin 28 iyununda Lyudmila və Vladimir Putin evlənirlər. Lyudmila Aleksandrovna 1986-cı ildə Leninqrad Dövlət Universitetinin filologiya fakültəsini bitirir. O, rus dili (indi şəxsiyyətlərarası kommunikasiya mərkəzi) inkişafı mərkəzinin yaradılmasının təşəbbüskarıdır. Alman, ispan, fransız, portuqal dillərini bilir. Rusiyanın keçmiş birinci xanımı mətbuatdan uzaq, kübar həyatdan kənar gəzsə də, teatr incəsənəti və musiqisi ilə yaxından maraqlanır, romansları sevir. Tennislə, dağ xizəyi sevimli məşğuliyyətləri sırasındadır. Bəzən rus dili və təhsil məsələlərinə dair açıq bəyanatlarla çıxış edir.

1986-1990-ci illərdə, həyat yoldaşı ilə birlikdə ADR-də işləyib. 1990-1994-ci illərdə Leninqrad Dövlət Universitetinin müəllimlərin təkmilləşdirmə kafedrasında alman dilindən dərs deyib.

Keçmiş birinci xanımın kübarlıqdan uzaq və sadə stili

Onun tərzi haqqında söz salmazdan əvvəl deyim ki, indi artıq çəkisi bunu inkar etsə də, Lyudmila Aleksandrova cavanlıqda çox cazibədar xanım olub, sadəliyi onun gənclik illərinin xəzinəsidir. Onu həqiqətən də dünyanın ən sadə birinci xanımı elan etmək olar. Bahalı daş-qaşı, dəbdəbəli zinət əşyalarını onun üslubuna tamamilə yad detallar hesab etmək olardı. Çünki o, ölkənin birinci xanımı kimi əlavə bərbəzəyi ilə diqqət çəkməyi xoşlamırdı. Üz ifadəsinə nəzər salsaq, plastik əməliyyatların heç bir izinə rast gəlmərik.

Ərinin birinci hakimiyyəti dövründə o, öz üzərinə düşən vəzifələri və protokol üzrə tələb olunan bütün funksiyaları yerinə yetirirdi. Bu müddət ərzində dövlət tədbirlərində və rəsmi görüşlərdə çox az-az görünərdi. Prezidentliyinin ikinci dövründə isə həyat yoldaşının yanında daha çox görünməyə başlayır.

Birinci xanım olduğu 8 il ərzində onun stilində ancaq saç düzümündə hər hansı dəyişiklik etdiyini müşahidə etmək olar. O, gah sarışın olur, gah saçını şabalıdı, gah da bal rənginə boyayırdı. Hərdən onları lap qısa, hərdən də çiyindən kəsdirirdi. Qalan hər şey isə dəyişməz olaraq qalırdı - biz birinci xanımın üslubunda təkamülün heç bir elementini görmədik. Birinci xanımın üslubunda ifadəsiz və tutqun rənglər hakim idi: pastel və qəhvəyi.

Maksi ətəklərin uzunluğu birinci xanımın qüsurlarını örtsə də, zəriflik və incəlikdən məhrum edirdi. Həcmli çiyinlikləri olan pencəklərə olan sevgisi isə onu partiya işçisinə bənzədir. Məktəbli yaxalıqlar, nəcib göy rəng və dar olmayan şalvarlar ona çox yaraşır. Onun stilində ən çox diqqətçəkən məqam iri şlyapalardır. Onlar bəlkə də Rusiyanın keçmiş birinci xanımının ən sevimli aksessuarlarıdır.

Putinin prezidentlik müddəti başa çatdıqdan sonra Lyudmila Aleksandrovna rəsmi tədbirlərdən uzaqlaşdırılır, baxmayaraq ki, rəsmi protokola uyğun olaraq baş nazirin xanımı onu müşayiət etməli idi. Onlar haqqında nə qədər xəbərlər yazılsa da, onun sükutu pozmaq fikri yoxdur. L. Aleksandrovna inadla susur. Bütün bunlara baxmayaraq, o, ideal rus qadınıdır.

Keyt Midlleton

Keyt birinci ledi olmasa da, öz ölkəsinin ən sevilən xanımıdır. Mətbuatın həvəslə izlədiyi cütlüklər siyahısına daxildirlər. Buna görə də mənim tərtib etdiyim siyahıda da adının çəkilməsini təsadüfi hesab etmək olmaz. Hersoginiya təkcə stil ikonası kimi deyil, ümumiyyətlə, davranış və ləyaqəti ilə krallığın nümunəvi xanımı kimi tanınır.

Mətbuat onları izləməyi, onun haqqında xəbər yazmağı nə qədər çox sevsə də, Keyt media mənsublarına heç bir açıqlama, heç bir şərh vermir. Deyilənlərə görə, Keytin bu hərəkəti mənasız və gülünc görünmək qorxusundan qaynaqlanır. Lakin həmişə qüsursuz davranışı və xarici görünüşü, ən əsası isə sakit və xeyirxah üzünün ifadəsi ilə diqqət çəkir. Anadangəlmə olmasa da, xasiyyətcə Keyt - əsl aristokratdır.

Bu cütlük çox sevilmli və ideal görünsə də, xəyanət mövzusu onlardan da yan keçməyib. Belə ki, Britaniya kral ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, şahzadə Uilyam da Keyt Middletona xəyanət edib. Bu hadisə 2011-ci ildə baş verib. Üstəlik, elə-belə adamla deyil, Keytin doğma bacısı Pippia ilə xəyanət etdiyi deyilir. Yayılan şayiələr görə, Pippini kral ailəsi Milad bayramına dəvət ediblər. Güman edilirdi ki, qız orada şahzadə Harrini müşayiət etmək üçün dəvət edilib. Amma sonra məlum oldu ki, onu əslində Uilyam görmək istəyib. Deyilənlərə görə, şahzadə həyat yoldaşının valehedici bacısından gözünü çəkə bilməyib və bəlkə də seçimini düzgün etmədiyi barədə indi fikirləşməyə başlayıb. Əgər bu gözlənilməz söz-söhbətlər tamamilə təsdiq olunsaydı, Uilyam və Middletonun boşanması kral sarayının tarixində ən gurultulu qalmaqallardan biri kimi düşə bilərdi. Amma, görünür ki, qorxulu heç nə yoxdur. Çünki cütlük ayrılmayıb, hazırda isə ikinci körpələrini dünyaya gəlməsini gözləyirlər.

Ən nəhayət unutmaq lazım deyil ki, onlar bizim kimi canlı insandır . Birinci xanım olsalar da, insanlara xas olan xüsusiyyətlərə sahib olduqları üçün həyatlarını istədikləri kimi yaşamağa və duyğularını ifadə etməyə haqları var. Onları buna görə qınaya bilmərik...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm