Biz niyə Elnura dəyər vermədik? - Video
Bizi izləyin

Tabloid.az

Biz niyə Elnura dəyər vermədik? - Video

Elnur Hüseynov... Bu ad bəlkə bir çoxunun yadından çıxıb.

Elnur Hüseynov... Bu ad bəlkə bir çoxunun yadından çıxıb. Elnur və onunla duet ifa edən Samir Azərbaycanı ilk dəfə “Eurovision” musiqi yarışmasında möhtəşəm təmsil etməklə ilk 10-luğa düşməyi elə ilk dəfədən bacardılar.

Dünən gecə Türkiyədə yaşananlar isə “Eurovison” “mələyi”mizi bir daha bütün Azərbaycanın yadına saldı. Elnurun səsi əməlli başlı daxilimizdə bir zəlzələ yaratmağı da bacardı. Bu səs dalğasının təsiri o qədər güclü oldu ki, münsif kürsüsündə əyləşənlər belə onun qarşısında baş əydilər.

Bakıda isə onu nəinki verilişlərdə görmək, heç onlar haqqında maqazin proqramlarda süjetlər belə görmək qeyri mümkün idi. Sanki, belə musiqiçilərimiz yoxdur.

Onların haqqında olmazları dedilər... Xarici görünüşündən tutmuş oriyentasiyalarına kimi müzakirə obyektinə çevirdilər. Geydir, mavidir, homoseksualdır, bir sözlə, guya ki, adam deyil.

Bu gecəni isə Elnur fərqli yaşadı. Hamı ilə... Və gey adlandırılsa da, hamı onu 1 gecədə qəbul etdi...

Əlbəttə, sənət insanının ürəyi çox kövrək olur. Onları adi sözlə belə səhnədən küsdürmək olar. Səhnədən, sənətdən yox. Əgər diqqətlə bu gecə “O səs Türkiyə” yarışmasına baxdınızsa, Elnur bildirdi ki, onunla bir DJ dostu məşq edir. Bəli, biz bütün olanlarımıza öləndən sonra qiymət verməyi sevirik. Ya da ən yaxşı halda xaricilər qiymət verməlidir ki, biz də onları dəyərləndirək... Alim Qasimov, Vaqif Mustafazadə kimi... Elnurun Alim Qasımov ya da Vaqif Mustafazadə olduğunu iddia etmirəm. Onu artıq zaman göstərəcək. Türkiyəlilər isə sənətçiyə, səsə qiymət verməyi yaxşı bacarırlar. Bülent Ərsoy göz qabağındadır.

Niyə axı biz dəyərli musiqiçilərimizə özümüz qiymət verməyi bacarmırıq? Gərək onlara xaricilər, bizdən olmayan yadlar qiymət verib, qarşılarında baş əysinlər ki, biz onların kim olduğunu anlayaq?

Axşam bütün sosial şəbəkələrdə “Elnur, halal olsun!”, “Elnur, fəxr edirik” statusları isə əməlli başlı “tıxac” yaratmışdı. Bu halallığı biz niyə neçə ildir Elnura vermirik? Kimi gözləyirik?

Görün biz Elnura hansı dəyəri vermişik ki, Azərbaycanın bayrağını bütün Avropada dalğalandıran və ölkəmizi təmsil edən güclü səs sahibi Türkiyənin “O səs Türkiyə” kimi yeni səslərin axtarışında olan müsabiqəsinə getməklə hər şeyə sıfırdan başlamaq qərarına gəlib.

Etiraf edim ki, Elnurun anonsu gedən gün mən də ondan müsahibə almaq istədim. İmtina etdi. Səbəbini soruşdum. Dedi ki, müsahibə vermək istəmirəm. İsrar etsəm də, razı olmadı. Dedim, əcəb edirsiniz. Yenə də Sizə uğur arzu edirəm və ümid edirəm ki, mənə müsahibə verəcəksiniz... Buna yenə də ümidim var. Çünki, o, artıq heç bura gəlməyə də bilər, istəsə...

Əslində Elnurun müsahibə verməməsi normaldir. Bu özünə qarşı saymamazlıq görən bir sənətçinin etirazının bir formasıdır. Mədəni etiraz...

Yəni, nə oldu indiyədək yada düşməyən Elnur birdən birə gülmə şəkər oldu və hər kəs ondan müsahibə istəyir...

O, səssizliyi, daha doğrusu “O səs Türkiyə”nin səhnəsində hayqırtısı isə azərbaycanlılara sillə vurmağı bacardı... Amma kaş bu sillədən oyana bilək. Oyana bilək ki, hələ belə Elnurlarımız çoxdur. Heç olmasa onların qədrini bilək.

Hər kəs əksər, hərbiçi olmaq üçün dünyaya gəlməyib. Hərənin bir missiyası var. Elnurun da missiyası musiqidir. Əslində Elnurun silahı, ən güclü silahıdır! Bəli, çoxunuz düşünərsiniz ki, səs hara, musiqi hara, silah hara? Məhz musiqidir ki, heç bir sərhəd tanımır, məhz musiqidir ki, heç bir dil tanımır. İfa olunduğu dili başa düşməsək belə musiqi insanı ağlada və ya əksinə ruhlandıra bilər.

Elnur, “O səs Türkiyə” yarışmasında iştirak etməklə “AcunMediya” ilə 1 illik müqavilə imzalayıb ki, Elnurun bütün yaradıcılığı 1 il ərzində Acunun əlində olacaq. İndi baxin və görün ki, Azərbaycanın Elnura verə bilmədiyi qiyməti Acun ona necə verəcək...

Elnurun çıxışından heç nə yazmaq istəmirəm. Ona özünüz şərhsiz baxın və məqaləmi özünüz davam etdirin....

Oxumağa davam et
Reklam
Reklam

Gündəm