“Qanlı Yanvar” – 20 Yanvarın görünməyən tərəfləri - Fotolar
Bizi izləyin

Tabloid.az

“Qanlı Yanvar” – 20 Yanvarın görünməyən tərəfləri - Fotolar

ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor Vahid Mustafayev yeni filmini təqdim etməyə hazırlaşır.

ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor Vahid Mustafayev yeni filmini təqdim etməyə hazırlaşır.

Tabloid.az xəbər verir ki, artıq bir neçə gündür ki, onun rəhbərliyi altında çəkilişləri gedən “Qanlı Yanvar” filmi ilə bağlı mətbuatda yazılar yer alır.

Nəhayət, KİV nümayəndələri ilə filmin yaradıcı və işçi heyəti arasında görüş keçirilib. Çəkilişlərinin 60 faizi həyata keçirilən filmlə bağlı məlumatlar verilib.

Tədbirdə Seyfulla Mustafayev, Vahid Mustafayev, türk kinosunun canlı əfsanəsi Nebahat Çehre, “Santa-Barbara” serialında Meyson obrazını yaradan, amerikalı aktyor Leyn Devis, İrandan dəvət olunan kino-operator Afşin Əlizadə iştirak edib.

Mərasimdə ilk öncə 20 Yanvar hadisələrində canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra V.Mustafayev qanlı yanvar hadisələrinə 49 gün qaldığını və bu müddət ərzində filmi yekunlaşdıracaqlarını bildirib:

“Bütün yaradıcı heyət, həmçinin aktyorlar filmdə böyük həvəslə çalışıblar. Filmin təqdimatını 20 Yanvar ərəfəsinə planlaşdırmışıq. Qorxmazlıq və mübarizəni canlandıran filmin çəkilişləri hazırda davam edir”.

“Qanlı Yanvar”ın bir çox ölkələrdə nümayiş olunacağını, festivallarda iştirak edəcəyini bildirən V.Mustafayev, həmin ölkələrdə tamaşaçıların filmdə tək Azərbaycanın müstəqillik mücadiləsini deyil, eyni zamanda öz ölkələrində baş vermiş müstəqillik uğrunda mübarizəni də öz hafizələrində canlandıracağını bildirib:

“Çünki bu film müstəqillik, azadlıq mücadiləsinə həsr olunub. Yaradıcı heyət, biz hamımız durmadan, gecə-gündüz çalışmışıq. Filmimizin uğur qazanacağına, peşəkar olacağına şübhəm yoxdur. Bu filmin çəkilişində iştirak edən kollektiv beynəlmiləldir. Dünya şöhrətli cəkiliş qrupu yerli azərbaycanlılarla birlikdə çalışır. Bu internasionallığın xüsusi mənası var. Çünki azadlıq arzusu təkcə bir millətin mənəvi sərvəti deyil. Milli azadlıq mücadiləsi bütün dünyaya tanış və doğma olan şərəfli hissdir.

Müstəqillik uğrunda bütün xalqlar - o cümlədən də bu filmin çəkilişinə cəlb olunmuş millətlərin nümayəndələri uzun müddət mücadilə aparıb, vuruşub və öz müstəqilliklərini qazanıblar. Biz bu gün fəxr edirik ki, Azərbaycan da müstəqilliyini qanı və canı bahasına qazanmış ölkələr sırasındadır. Bu filmin yaradıcı heyəti də məhz bu məqsədlə beynəlmiləldir”.

Bildirək ki, azərbaycanlı tamaşaçıların “Muhteşem Yüzyıl” serialındakı Valide Sultan obrazından sonra daha da sevdiyi aktrisa Nebahat Çehre səhhətindən dolayı tədbirə yarım saat gec gəlib. Bundan dolayı o, KİV nümayəndələrindən üzr istəyib. Daha sonra isə filmdə yaratdığı obrazdan danışıb:

“Müstəqillik, azadlıq məsələlərinə olduqca həssasam. Mənə bu filmdə çəkilmək təklifi gələndə böyük məmnuniyyətlə qəbul edib, böyük həvəslə də oynadım. Çünki Azərbaycanın, bizə qardaş olan bir ölkənin müstəqilliyi mənim üçün ən öndə dayanır”.

Burada kiçik bir haşiyə çıxıb, bildirək ki, Nebahat Çehre filmdə Nəcəf və Mehman adlı iki qardaşın anası obrazını canlandırır.

Aktyor Leyn Devis isə filmdə Viktor adlı əcnəbi jurnalistin obrazını canlandırır. Filmdə azərbaycanlılar ondan xahiş edirlər ki, Bakıda baş verən hadisələri bütün dünyaya əyan etsin.

Leyn Devis də təkrar Azərbaycanda olmaqdan, üstəlik filmdə çəkilməkdən məmnunluq duyduğunu deyib. Bildirib ki, yaratdığı obraz onun ürəyincə olub.

Daha sonra İrandan dəvət olunan kino-operator Afşin Əlizadə söz alıb. Filmin ağır yükündən, eyni zamanda insanların azadlıq və müstəqillik yolundakı mücadilıəsindən danışıb. Ona dəyər verib, belə bir filmi həvalə etdiyi üçün, Vahid Mustafayevə təşəkkürünü bildirib.

1990-cı ilin yanvar ayında Bakıda Sovet İmperiyasına qarşı başlanan narazılıq dalğası ilə inqilabi əhval-ruhiyyəni əks etdirən tarixi əhəmiyyətli “Qanlı yanvar” filminin əsas sujet xəttində real hadisələr lentə alınıb. Bir neçə baş rol qəhrəmanının timsalında bütöv bir xalqın susadığı müstəqillik ruhu ilə mübarizəni canlandıran film artıq ərsəyə gəlməkdədir.

Qeyd edək ki, Vahid Mustafayev həmçinin Xocalı soyqırımından bəhs edən “Xoca” fiminin müəllifi və rejissorudur.

Fotolar: Anspress.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm