Nəbahət Çehrə: “Gənc və dəliqanlı biri ilə sevgili olmaq istəmirəm”
Bizi izləyin

Tabloid.az

Nəbahət Çehrə: “Gənc və dəliqanlı biri ilə sevgili olmaq istəmirəm”

“Sevişməni öpüşmədən, toxunmadan da izah etmək olur”

Türk kinosunun canlı əfsanəsi Nəbahət Çehrə Bakıdadır. Əslində işinin 60 faizi arxada qalan və çəkilişi başa çatmaq üzrə olan “Qanlı yanvar” bədii filmində 2 ayrı siyasi düşüncəyə sahib oğul anasını canlandıran aktrisa çoxdan şəhərimizdə olsa da, bizim onunla görüşmək imkanımız yeni yarandı. Odur ki, biz də filmin yaradıcı və işçi heyəti ilə keçirilən görüşdə şəhərimizin sevilən qonağı ilə söhbətləşmək fürsətini əldən vermədik.

Zərif qonağa sevgi dolu münasibət

Bakıdan film təklifi alanda düşündüm. Razı olacağım və gələcəyim təqdirdə hər xırdalığı nəzərə almalıydım. Təbii ki, sonunda razılaşdım və bu qərarımda filmin ssenarisinin böyük rolu oldu. Çünki filmin hekayəsi çox gözəldir. İndi gəldiyimə peşman deyiləm. Çəkilişlər də maraqlı keçdi. İşlərimiz həddən artıq çox olsa da, arada Bakının bəzi yerlərini görməyə getdim. Şəhərinizi gəzmək imkanım oldu. Hər şeydən əvvəl burada insanlar çox istiqanlıdır, səxavətlidir. Hətta bir şeydən xoşum gəldiyini söyləyirəm, dərhal onu mənə verməyə çalışırlar. Məsələn, kiməsə aksessuarını bəyəndiyimi deyirəm, çıxarıb mənə uzadır. Bir sözlə burada sevgi gördüm.

O da ana, bu da ana...

Özüm ana olmasam da, Bakıda bir ananı canlandırdım. Heç də asan olmayan bir ananı. Burada mənim indiyə qədər yaratdığım bütün obrazlarımdan fərqli bir nümunə görəcəksiniz. Yəqin ki, bunu yaradıcı qrup da təsdiqləyər. İki ayrı düşüncəyə sahib oğulun arasında çox çətin vəziyyətə düşmüş və bu durumdan çıxmağın yolunu axtaran bir ananı yaratmaq elə də asan olmadı. Təbii ki, hər bir çəkilişin öz çətinlikləri var. Amma deyə bilərəm ki, bu rolumun “Möhtəşəm yüz il”, “Aşkı Memnu”da yaratdığım ana rollarımla heç bir oxşarlığı yoxdur. Deyəcəksiniz ki, onlarda da ana, burada da anadır, nə fərqi var? Ancaq fərq çoxdur. Burada nəinki tamaşaçı üçün, elə oyunçu üçün də ağır hisslərlə dolu anlar var. Çox duyğu yüklü və aktrisanı sıxışdıran bir film oldu.

Bu yaşda qadının həyatı olmur?

Bir ana obrazını yaratmaq çətin deyil. Ancaq niyə məhz ana rollarına dəvət olunduğumu heç mən də anlamıram. Sanki bu yaşda qadınların özəl həyatları yoxdur. Halbuki mənim yaşımda öz həyatları olan qadınlar lap çoxdur. Bu obrazdan mən də bezdim və artıq bu qabıqdan çıxmaq istəyirəm. Oynamaq istədiyim, özümü görmək istədiyim obrazlar var. Məsələn, xalqın içindən çıxan sadə bir qadını canlandırmaq istəyərdim. Təbii ki, aktrisa kimi digər yönlərimi də göstərmək istəyirəm. Amma rejissorlar aktrisanı bir qəlibə salır və deyirlər ki, siz bu rolu oynamalısınız, alternativiniz yoxdur. Bu yanaşmanı yanlış sayıram. Mən bir aktrisayam və hər obrazı oynamalıyam. Ancaq indiyədək özümə yaxın saydığım bir rolum olub. Türkiyədə “Yeni həyat” adlı bir serial yayımlanırdı. Ancaq rejissorun səhhəti ilə əlaqədar vaxtından tez bitdi. Evinin həyətində dulusçu emalatxanası quran keçmişinə bağlı aşirət qadınını canlandırmışdım. O xarakteri çox bəyənirdim.

Dizi, yoxsa film?

Oyunçu üçün film, ya da serialda oynamağın fərqi yoxdur. Doğrudur, film tarixdə qalır. Filmdə çox gözəl rol oynayan aktyor iyirmi il yaddaşlarda qala bilər. Serial isə bir-iki ilə yaddan çıxır. İki il seriala çəkilməyən oyunçu yaddan çıxır. Amma mənim fikrimcə, film və serialın çəkilişində heç bir fərq yoxdur. Sağlamlığım imkan verdiyi qədər çəkiləcəyəm. Sənətin yaşı olmaz və bir aktrisa hər yaşda oynaya bilər. Rol aktyor üçün çox önəmlidir. Rol aktyora yaraşırsa, nəticə də gözəl alınır. Mənim üçün filmdə, ya da serialda tərəf müqabillərimin kim olacağı maraqlı olmur. Öz rolum daha önəmlidir. Hekayə və orada yer aldığım səhnələrə xüsusi fikir verirəm. Diqqət edibsinizsə, açıq-saçıq səhnələrə çəkilmirəm. Bu mənim özümə hörmətimdən irəli gəlir. Filmdə sevişməni öpüşmədən, toxunmadan da izah etmək olur. Məsələn, “Aşkı Memnu”da mənim tərəf müqabilim kimi gənc bir dəliqanlını düşündülər, qəbul etmədim. Dedim ki, olacaqsa da, yaşıma uyğun olsun. Bu meyarlara uyğun aktyor tapdılar. Onunla Vyanaya səyahət edirik, amma eyni otaqda göstərilmirik. Vyanadakı o oteldə sevişdiyimizi incə bir detalla tamaşaçıya çatdırırıq. Səhər açılır, otağıma gələrək deyir ki, sırğanı unutmusan. Bir sözlə, bu yaşımda həyatımda bir kişinin olacağını, mənə toxunacağını, öpüşəcəyimizi göstərəcəklərsə, təklif olunan roldan imtina edirəm. Mən yaşda bir qadının gənc kişi ilə sevgi münasibətinin ekranlaşdırılmasını qəbul etmirəm. Sənətçi həmkarlarım da fikirlərimə hörmətlə yanaşırlar. Çünki mən çox güclü kinoaktrisayam. 120 filmdə çəkildim, böyük rejissorlarla işlədim. Həyat yoldaşım Yılmaz Güney də dünya miqyasında bir aktyor idi. Ondan öyrəndiyim çox şeylər var və nəyin doğru, nəyin yanlış olduğunu bilirəm. Bundan sonra da həm serialda, həm filmdə oynamağa davam edəcəyəm. Ancaq təbii ki, yaxşı bir filmə çəkilmək istəyirəm. Əslində elə yaradıcılığa kinodan başlamışam. Kinematoqrafiyada 120-dən artıq filmlə iz qoymuşam. Seriallara sonradan çəkilməyə başladım. Hər zaman daha səviyyəli, yaddaqalan rol oynamaq lazımdır. Məsələn, “Kara para aşk” serialında ana obrazını canlandırırdım. Ancaq təəssüf ki, bu ana indiyədək canlandırdığım digər analardan içi boş bir qadın olması ilə fərqlənir. Mənim tamaşaçım isə ananı hər zaman qüvvətli və zəngin mənəviyyatla görməyə alışıb. Oynadığım qadının serialın gedişində də dəyişməyəcəyini gördüyüm üçün bu roldan imtina etdim. Ümumiyyətlə, məni xoşbəxt etməyən hər şeydən qaçıram. Çünki mənim üçün pul deyil, gördüyüm işə inanmağım vacibdir.

Gözəlliyim başıma bəladır

Gözəlliyimin sirri yoxdur, əksinə, başıma bəla olduğu tez-tez olur. Ümumiyyətlə, həyatda çirkin qadın olmadığını düşünürəm. Sadəcə, öz gözəlliyini görüb onu ortaya çıxarmağı bacaran, ya da bacarmayan qadınlar var. Gözəl olmaq, ya da belə qalmaq üçün heç bir şey eləmirəm. Məni tanıyanlar bilirlər ki, özümə xüsusi qulluq eləmirəm. Çalışıram ki, hər gün saat 7-də yeməyimi yeyib 11-də yatım. Ancaq bu rejimə iş çoxluğundan hər zaman riayət etmək mümkün olmur. Hazırda bir-iki kilo artıq çəkim var. Çalışıram ki, artmasın. Çünki daha bir kilo almaq o deməkdir ki, itirmək çətin olacaq. Belə şeylərə diqqət edirəm və hər bir qadının özünə mütləq vaxt ayırmalı olduğuna inanıram.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm