Ərinə xəyanət edən cazibədar modelin etirafları - Fotolar
Bizi izləyin

Tabloid.az

Ərinə xəyanət edən cazibədar modelin etirafları - Fotolar

Sinan Akçıl üçün 10 illik evliliyini bitirdi

O, Türkiyənin ən məşhur modellərindən biridir. Həmçinin aparıcı və xanımların gözəllik məsləhətçisi kimi də tanınır. İki uşaq anasıdır və 37 yaşı var. Amma buna baxmayaraq, hələ də podiuma çıxır, ideal bədən fiqurasına isə söz ola bilməz.

Çox gənc yaşda böyük eşqi, zəngin iş adamı ilə evlənib. Həyat yoldaşını uşaqlarından daha çox sevdiyini açıqladığı üçün ölkəsindəki bütün anaların qəzəbinə tuş gəlib. Heç kim ərini bu qədər sevən bir qadının yeni bir eşq uğruna boşanacağını gözləmirdi.

Bəli söhbət müğənni Sinan Akçıl üçün 10 illik evliliyini bitirən cazibədar model Ebru Şallıdan gedir.

Ebru ilk dəfə şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar edib. O, ərinə xəyanət etdiyi ilə bağlı iddialara da aydınlıq gətirib.

Biz də tabloid.az-ın “Şirin söhbət” layihəsi çərçivəsində gözəl ulduzun maraqlı müsahibəsini təqdim etməyə qərar verdik.

- Evlənəndə 19 yaşınız var idi. Bu gün geriyə baxıb düşünəndə “kaş üç-beş il daha gözləyərdim” deyirsiniz?

- Tez ailə qurmağıma ailəm səbəb oldu. Modelliklə məşğul olduğum üçün atam çox narahat idi. Onları üzməmək üçün evləndim. İş həyatımdan dolayı çox göz qarşısında idim, evlilik mənim üçün etibarlı bir liman idi. Ozan Orhanla olan evlilimiz 1 il çəkdi. Harun Tanla tanış olanda 21 yaşım var idi. Sevgini tapdım, istəyərdim həyatımda intriqa olmasın, hüzur olsun. Ona görə də evləndim. Uzun müddət bu dinclik məni xoşbəxt etdi. İki oğlumla bu xoşbəxtliyi daha da gücləndirdim.

- Bəs evlilik niyə bitdi?

- Qadın cəsur olmalıdır. Əsla dözməməlidir. Ana yalnız evdə oturmamalıdır. Son 5 il idi ki, problemlərimiz var idi. Amma oğlum Parsdan sonra, yəni son 3 il tamam dost olduq. Yəni bir cütlük kimi münasibətimiz sona yetdi. Mən işlə başımı qatdım, işimlə əyləndim. 7 il həftənin bütün günləri canlı yayıma çıxırdım. Hər gün pilateslə məşğul olur, səbir edirdim.

Bir il əvvəl gördüm ki, dözə bilmirəm. Özümlə heç maraqlanmırdım. Gülməyi çox sevən insanam. Amma gülə bilmirdim. Harun səs-küy sevmirdi, musiqi dinləyib, televizora baxırdı. Səssizlik şərt idi. Eyni evdə ayrı aləmlərdə idik.

Əslində Harun da haqlı idi. Mən tamamilə işimə və uşaqlarıma köklənmişdim. Ər-arvad kimi münasibətimiz qalmadığı üçün birlikdə davam etməməyə qərar verdik. Boşanmaq ən doğru qərar idi.

- Həyat yoldaşını çox sevdiyin gözlərindən bəlli olurdu. Heç kim boşanmaq üçün evlənmir. Deyirlər ki, böyük eşqin bitməsinə sizin xəyanətiniz səbəb olub.

- Heç kim evlənərkən gələcəkdə boşanacağını xəyal etmir. Uşaqlarımız da var. Amma şərait elə gətirir ki, ən böyük eşqlər də bitir. Gördüm ki, ayrılsaq, mən daha xoşbəxt olacağam, uşaqlar da, Harun da daha xoşbəxt olacaq. Amma biz yenə də dostuq. Çünki aramızda problem yoxdur. Sadəcə eşq bitdi.

- Boşanma prosesinin bu qədər mədəni olması hamını çaşdırdı...

- Bəli, bir çox şey danışıldı, yazıldı. Amma inanın ki, bir-birimizə xəyanət etməmişik. Əxlaqsız şeylər baş verməyib. Davamız, səs-küyümüz olmayıb. Hörmətimiz həmişə davam edəcək.

- Uşaqların biri sizdə, biri Harunda qaldı...

- Beren iki yaşından bəri tennis oynayır. Harun onun peşəkar tennisçi olmasını istəyir. Mən də bu fikrinə hörmət edirəm. İlin çox hissəsini Barselonada keçirir. Davamlı olaraq atası ilə gedib gəlir. Ölkəyə giriş çıxışlarda problem olmasın, hər dəfə məndən icazə almasınlar deyə Berenə himayədarlığı atası edir. Uşaqları ayırmamışıq. İkisi birlikdə ya məndə, ya da atalarında qalırlar. Amma mən hər gün mütləq iki saat da olsa Bereni görürəm.

- Niyə aliment tələb etmədiniz?

- Çünki öz ehtiyaclarımı özüm qarşılaya bilirəm. Uşaqların xərclərini və məktəb pullarını Harun ödəyir. Özüm üçün heç nə istəmədim. Çünki normal şərtlərdə mənim qazandığım pul da evin ortaq pulu hesab olunurdu. O, zəngin bir insan ola bilər, amma mən qazandığım üçün təbii ki, uşaqlarıma xərcləyirdim.

- Yeni əlaqənizdən bəhs edək. Eşq sizi harada tapdı?

- Sinanla daha əvvəl tanış olmamışdıq. Yeddi il proqram aparmışam, amma onu qonaq eləməmişəm. Dostlarımızdan birinin evində qarşılaşdıq.

- İlk görüşdə eşq oldu?

- İlk görüşdə, isinişmək desək, daha doğru olar. Haqqında heç nə bilmirdim. Çox yaxşı bir bəstəkar olduğunu eşitmişdim. Bizə yeni bəstələdiyi mahnını da dinlətdi. Gecənin sonunda bir-birimizə telefon nömrələrimizi verdik.

- Sinanın hansı xüsusiyyətləri sizi cəlb etdi?

- Çox təbii, həddindən artıq zarafatcıl, istiqanlı insandır. Cem Yılmaz qədər zarafatcıldır. Mən gülməyi çox sevirəm, ona görə bu xüsusiyyəti lap xoşuma gəldi. Həm də olduqca təvazökardır. “Twitter”də pərəstişkarlarından ibarət böyük bir kütlə onu təqib edir. Ancaq o, özünü çox sadə aparır. İlk gün bunlar mənə çox təsir etdi. Sonra onsuz da görüşə bilmədik.

- Görüşməyə nə mane oldu?

- Yeni boşanmışdım, mətbuatda cürbəcür xəbərlər, iddialar ortaya çıxırdı. Bu, onu qorxutmuşdu.

- Yəqin, boşanmanın səbəbi kimi görünmək istəməyib.

- Bəli. Həm də iki uşağım, karyeram olduğunu nəzərə alaraq bu qalmaqallı eşqə müsbət cavab verməyəcəyimi düşünüb. Qorxurduq, amma bir tərəfdən də bir-birimizi cəlb edirdik. Uzun müddət sadəcə yazışdıq. Haqqımızda xəbərlər çıxanda o da çox narahat olurdu. Görüşmək istəmirdi.

- Sevgili olduğunuzla bağlı ilk iddialar ortaya çıxanda birlikdə idiniz?

- Aramızda heç nə yox idi. Yalnız tanış idik və arada danışırdıq. Amma görüşmürdük, yan-yana gələ bilmirdik. Uşaq kimi idik. İkimizdə də qəribə bir həyəcan var idi.

-Bəs Sinan "Bir-birimizi tanımağa çalışırıq" deyəndə…

- Onda birlikdə idik. Jurnalistlər ondan soruşdular ki, “Ebru necə insandır?” O da dedi ki, "Müqəddəs qadındır".

- “Müqəddəs qadın” deyəndə nəyi nəzərdə tuturdu?

- Pozitiv enerjili olduğumu düşünür. Uşaqlarımla olan əlaqəmin ona çox təsir etdiyini söyləyir. O da mənim zarafatcıl olduğumu düşünür. Ekranda göründüyüm kimi deyiləmiş, mənim belə biri olduğumu düşünmürmüş.

Bizim sevgimiz çox təmizdir. Çox saf hisslər yaşayırıq. Hiss etdiklərimizin arxasında dayanmağımız çətin oldu. O xəbərlər çıxanda biz çox qərarsız idik. Ancaq çoxlu yazışırdıq və beləliklə bir-birimizi daha çox tanıdıq. Hisslərimizdən daha çox əmin olduq.

- Hiss etdiklərinizin bir anlıq həvəs olmasından qorxmadınız?

- Nə etdiyimi bilirdim. Səhv bir şey eləmədiyimə əmin idim.

- Bu qədər gənc bir adam sizə bu etibarı necə verir?

- Çünki mənə həqiqətən də müqəddəs qadınam kimi davranır. Fikrimcə o, bir dahidir. Aurasından çox təsirlənirəm. Bir şahzadə kimi nəzakətli və diqqətcildir. Mənə gözəl olduğumu xatırlatdı. İstədiyin qədər Türkiyə gözəli ol, gözəl olduğunu unutdura bilərlər. Amma bir gün gözəl olduğunu xatırladan biri ilə qarşılaşanda təsirlənirsən. Sinanın mahnıları da onun ruh adamı olduğunu göstərir.

- Sinan Funda Ararın səsləndirdiyi “Yaddaş” (“Hafıza”) adlı mahnını sizin üçün yazıb?

- Bəli, mənim üçün yazıb. Başqa mahnılar da yazıb, sadəcə hələ bəzilərini üzə çıxarmayıb.

- 37 yaşında olmağınıza baxmayaraq hələ də podiuma çıxırsız.

- Dünyada da bu təcrübə var. Bir çox məşhur model yaşına baxmayaraq, modelliyə davam edir. Özünə baxsan, idman etsən, gözəl qala bilərsən.

- Pilatesi tanıtdınız və sevdirdiniz. Türkiyədə başqa nələri dəyişdiyinizi düşünürsünüz?

- Əvvəllər hamiləlik qadınları qorxudurdu. "Hamilə qalsam, gözəlliyimi itirəcəm, döşlərim sallanacaq" deyə qorxurdular. Mən hamilə olanda çox az kökəldim. Bir çoxları bunun körpəyə zərərli olduğunu dedilər, amma gördüyünüz kimi uşaqlarım sağlamdır. 10 ildir hamilələr daha gözəl, daha baxımlı görünürlər. Hər halda bunda mənim də payım var. Mən doğuşdan sonra Cengiz Abazoğlunun kolleksiyası üçün fotokamera qarşısına keçdim. Çəkilişə fasilə veriləndə süd sağırdım.Türkiyədə qadınların fikirləri və düşüncələri də dəyişib. Əvvəllər hamı evdə otururdu. Evdə oturmaq qadını daha çox yorur. İndi baxıram ki, aztəminatlı qadın belə işinə gedir, uşaqlara baxmaq üçün köməkçi götürür. Qadınlar daha erkən yaşlanırdı, amma artıq 50 orta yaş hesab olunur. Mənim fikrimcə, işləyən qadın evdə oturandan daha gec qocalır. Çünki çalışan qadın evdən çıxdığı üçün özünə baxmalı olur, idman edir, görünüşünə fikir verir. Uşaqları ilə keyfiyyətli zaman keçirir. Uşaqların ona hörməti artır. Bu çox əhəmiyyətlidir.

- Zəngin bir iş adamı ilə evlənsəniz də daim işləməyə davam elədiniz. Hətta hamilə olanda belə…

- Bu mənada qaydaları pozduğumu düşünürəm. Mən işləyəndə xoşbəxt oluram. Sadəcə modelliklə kifayətlənmədim. Özümü inkişaf etdirdim, təhsil aldım, bunun üçün vaxt və pul xərclədim. Heç bir zaman "Çox zəngin bir iş adamı tapım, evlənim, sonra da evdə oturum, alış-veriş edim” kimi bir düşüncə tərzim olmayıb. Evlilik pul qazanmaq üçün vasitəyə çevrilməməlidir.

- Həm anasan, həm də modelsən. Uşaqlar səni podiumda izləyirlər?

- Allah onlara səbir versin. Gələcəkdə necə qız bəyənəcəklərini bilmirəm (Gülür). Standartları çox yüksəkdir. Gərək analarından gözəl qız tapsınlar.

- Deyəsən, İndidən gələcək gəlinlərini qısqanırsan...

- Gözəlliyi bir kənara qoyun, mənim bir də yaxşı yemək bişirməyim var. Uşaqları da mətbəxə soxuram. Berenlə keks, pizza bişirik.

Yəni tanış olduqları qızların yeməkləri də dadlı olmalıdır. Onlarla uşaq kimi oynayıram, atılıb-düşürəm. Uşaqlarımın dostları da məni çox sevirlər. Hətta aralarında mənə aşiq olanlar da var. İki oğlum da məni dostlarına qısqanırlar. (Gülür)

- Sinanla uşaqların əlaqəsi necədir?

- Yaxşıdır. Sinanın çox zarafatcıl, insanı güldürmək qabilliyyətinin yüksək olduğunu dedim. Uşaqlar da buna görə onu çox sevirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm