Mətanət: “Türkiyədə qadın kimi çox təkliflər alırdım” - Fotolar
Bizi izləyin

Tabloid.az

Mətanət: “Türkiyədə qadın kimi çox təkliflər alırdım” - Fotolar

Əməkdar artist, sevilən müğənni Mətanət İsgəndərli hər zaman diqqət mərkəzində olan sənətkardır.

Əməkdar artist, sevilən müğənni Mətanət İsgəndərli hər zaman diqqət mərkəzində olan sənətkardır. Nəinki mahnıları, klipləri, eləcə də həyatı çoxları üçün maraqlıdır. Elə bu maraq Tabloid.az-ı Mətanət İsgəndərlinin evinə aparıb çıxartdı. Hündür mərtəbəli binanın 11-ci qatında yerləşən, modern üslubda təmir olunan və döşənən mənzil sadə və rahatdır. Təmizliyi, səliqə-səhmanı göz oxşayır. Burada Mətanət xanım qızı Ülkərlə birlikdə yaşayır. Bu ailənin bir sevilən nümayəndəsi də var, o da Ülkərin pişiyi Pambıqdır.

Pambığın möcüzəsi

Mətanət xanım Pambıqla bizi tanış eləyən kimi onun başına gələn əhvalatdan danışmağa başladı. Sən demə, bu Pambıq eyvandan aşağı düşüb, ancaq sağ qalıb:

- Elə özü də adı kimi pambıqdır, yupyumşaq. Elə olmasaydı, 11-ci mərtəbədən yerə düşüb sağ qalmazdı. Yalnız əli sınmışdı. Hadisədən bir az əvvəl yuxuda gördüm ki, Pambığın bağırsaqları çölə tökülüb. Yanında da ayaqqabı var. Yuxudan elə təsirlənmişdim ki, bir müddət özümə gələ bilmədim. Yuxularımın hamısını bacıma danışıram. Bunu da danışdım və çox narahatlıqla yuxumun yozumunu, sanki ona çarə axtardım. Bu yuxudan sonra əvvəlcə atam xəstəxanaya düşdü, sonra da pişiyimiz 11-ci mərtəbədən yıxıldı. Həmin vaxt atam da xəstəxanada idi. Əməliyyat öncəsi onun da gözünə pişik görünürdü. Bacıma sayaqlayaraq deyirdi ki, başından pişiyi götürsün. Onun bu sayıqlamaları bizi yamanca qorxutdu. Nənəm də dünyasını dəyişəndə gözünə pişik görünmüşdü. Ona görə düşündük ki, atam da rəhmətə gedəcək. Axı, bilirsiniz, can üstündə olan insanlar həmişə ölüləri görürlər. Atam da həm ölən yaxınlarımızı, həm də pişik görürdü. Bəlkə də bu faktı “Samanyolu” televiziyasına versən, çəkərlər. Mənim üçün bu olanlar möcüzə kimi gəlir.

Bircə uşaqlarımın xoşbəxt gününü görüm

Mətanət xanımın 2 övladı var – biri qızdı, biri oğlan. Yuxarıda qeyd etdiyimiz kimi, qız övladı Ülkər anası ilə birgə yaşayır. Bakalavr təhsilinin tamamlayıb. Ancaq bununla kifayətlənmək istəmir. Təhsilini xaricdə davam etdirmək istəyir. Oğlu Kərim isə öz ailəsi ilə birgə ayrı yaşayır. Onun sayəsində müğənni Mətanət İsgəndərli artıq nənədir. İkinci nəvəsi də bu il doğulub. Uşaqlarının hər ikisi iqtisadçıdır, ancaq heç biri işləmir. Mətanət xanım övladlarından çox razı görünür. Bütün ömrünü həsr etdiyi balalarının ən xoşbəxt günlərini görmək həvəsi ilə yaşayır:

- Bircə uşaqlarımın xoşbəxt gününü görüm, ondan sonra ölsəm də olar. Ülkər xaricdə təhsilini davam etdirmək istəyir. Hələ hansı ölkədə, hansı ixtisas üzrə oxumaq istədiyinə qərar verə bilməyib. Bəzən düşünürəm ki, bəlkə çıxıb gedəcək, sonra heç Azərbaycana da qayıtmayacaq. Dərhal da darıxıram. Mənə elə gəlir getsə, onsuz qala bilmərəm. Hərdən də düşünürəm ki, gedib oxuyub işləsə, mən də onunla gedərəm. Bilmirəm, bunların hamısı arzulardır. Nə qədər reallaşacağı, nə qədər yarımçıq qalacağı indidən bəlli deyil. Şayiələrdən, dedi-qodulardan bezəndə qızıma deyirəm ki, getsən, mən də gələrdim səninlə.

Sənətə ilk addım

Maraqlısı odur ki, Mətanət İsgəndərli əlinə oxumaq üçün mikrofon alanda ana idi, musiqi təhsili almaq üçün qələm alanda isə artıq məşhur idi...

- Sənətə başlayanda musiqi təhsilim də olmayıb. Bununla belə sənətə böyük səhnədən başlamışam. İnstituta girəndə mən artıq məşhur idim. İlk dəfə səhnəyə Gülüstan sarayında çıxmışam. O vaxtlar hər axşam orada musiqi gecələri keçirilirdi. Bu tipli əyləncələr də yalnız Gülüstan sarayında təşkil edilirdi, ora da hər adamı işə götürməzdilər. Ancaq məni işə götürdülər. Hər axşam orada “Ala gözlüm, səndən ayrı gecələr” mahnısı ilə çıxış edirdim. Elə gözəl oxuyurdum ki... Sonra mənim üçün Türkiyəyə yol açıldı. Zeynəb Xanlarovanın ansamblında qarmon ifaçısı Nizami Əsgərovu tanıyarsınız... Uzaq qohumumuz və atamın dostu olduğu üçün istedadımdan da xəbəri vardı. Bütün nəsil bilirdi ki, yaxşı səsim var. O da məni Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Ramiz müəllimin yanına apardı və solist kimi işə götürüldüm. Həmin ərəfədə 35 nəfərlik qrupla Türkiyəyə gedirdilər. Məni də apardılar.1 ay ərzində Türkiyənin bütün şəhərlərində konsertlər verdik. Qarabağ hadisələrinin yeni başlandığı vaxtlar idi. 25-26 yaşım vardı. Zeynəb xanımın, bir də Məmmədbağır müəllimin mahnılarını oxuyurdum. İnanın ki, səhnə lərzəyə gəlirdi. O bir ayda Türkiyədə necə böyük sevgi gördük. Məsələn, Bodrumda olanda bizə iş təklif eləyənlər də oldu. Bilirsiniz də, Bodrum turizm şəhəridir. Sovetlər yeni dağılmışdı, biz isə qapalı mühitdən çıxmışdıq, üzümüzə böyük dünyaya qapı açılmışdı. Ümumiyyətlə, qapılar açılandan sonra Türkiyəyə ilk gedənlərdən olduğumuzdan bizə “ilk qaranquşlar” deyirdilər. O illərin təəssüratlarını heç unuda bilmirəm. İndi də xatırlayanda tüklərim biz-biz dayanır. Həmin xatirələr indi Türkiyəyə getməyimə mane olur. O təəssüratlarımdan saatlarla danışaram... Mənim üçün necə can yandırırdılar... Səhnədə qızıllar, həyatımda görmədiyim parçalar verirdilər. “Gəl qal burda, səni yıldız yaparıq” deyirdilər. Türkiyədən qayıdandan sonra gəlib burada Gülüstandan işdən çıxdım. Maaş az idi. Türkiyədən sonra da Almaniyaya dəvət aldım. Orada yenicə Azərbaycan cəmiyyəti yaranmışdı. Almaniyada yaşayıb işləməyi də mənə onlar təklif elədi. Ancaq qürbətdə dözə bilməzdim. Ona görə də qəbul eləmədim. Sonra “Gecədən sübhədək” mahnısını oxudum və həmin mahnı ilə də məşhurlaşdım.

Səhnə mədəniyyəti öyrənməklə olmur...

İlk səhnə həyatı ilə bağlı xatirələrin axınına düşən əməkdar artist bu dəfə ona səhnə davranışı öyrədildiyi illərə gedib çıxdı:

- Gülüstan sarayında konsertə hazırlaşırdıq. Bunu Gülya Şəfiyeva həmişə danışır. O, mənə səhnədə davranış qaydaları öyrədirdi. Elə dayan, belə danış... Mən isə gözlərimi süzdürüb ona kinayə ilə baxırdım. Fikirləşirdim ki, bunları mənə niyə deyir? Axi, mən hamısını bilirəm. Baxışımdan Gülya bunu hiss eləmişdi. Çox sonralar da danışmağa başladı. Məncə, insan istedadlı doğulur. Duruş, davranış da insanla birlikdə doğulur. Elələrini tanıyıram ki, illərdir səhnədədir, amma hələ də davranış qaydalarını bilmir. Bir dəfə Natəvan Şeyxova da mənə dedi ki, yüksək səhnə mədəniyyətim var. Mənə mədəniyyət öyrədən olmayıb.

Ailəsinin ağırlığını çiyinlərində daşıyan qadın

Mətanət İsgəndərli danışdıqca fikrimdən keçir ki, o da payına düşən ömrü əksər Azərbaycan qadını kimi yaşayıb. Kiminsə qızı, kiminsə anası, kiminsə bacısı olub. Uşaqlıqdan bir ailənin ağırlığı düşən çiyinlərindən hələ də yük azalmayıb. İndi də ailəsinin maddi və mənəvi təminatı məhz ondan asılıdır və bunun öhdəsindən gəlmək elə də asan deyil:

- İndi görün, mən necə güclü insanam. Türkiyədə mənə sadəcə iş deyil, həm də qadın kimi çoxlu təkliflər gəldi. O qədər elə qadın olub ki, gedib və o təkliflərin qarşısında ailəsini, uşağını ataraq orada qalmağa üstünlük verib. Həmin vaxtlar xaricdə yaşamaq, işləmək çox cəlbedici görünürdü. Təkliflər adamın başını gicəlləndirirdi. Amma o parıltı gözümə görünmürdü. Balalarım üçün hər gün ağlayırdım. Telefon əlaqəsi də o vaxt çətin idi. Gecənin yarısını gözləməliydik ki, küçədəki telefon köşklərindən zəng edə bilək. Turist şəhəri olduğu üçün zəng etmək istəyən çox olurdu və nəticədə də böyük növbələr yaranırdı. Yadımdadır ki, saatlarla gözlədim, ancaq balalarımla danışa bilmədim. Mən çox fədakar adamam. Həm ana, həm övlad olaraq. Həmişə özümü fəda elədim. Heç vaxt öz həyatımı yaşamadım. Yaxşı bacı, yaxşı ana, qədir bilən övlad olmaq üçün əlimdən gələni elədim.

Neçə ildir oxuyuram, hələ bir obyektim yoxdur

Ancaq deyəsən, daha bu yük onun qadın çiyinlərinə ağırlıq eləyir. Həyatında kişinin gətirdiyi qazancla yaşamağın nə olduğunu bilməyən ana Mətanət gözünü oğluna dikib:

- Kim istəməz rahat oturub yesin. Bunu Kərimə də deyirəm. Deyirəm ki, Allah mənə onu qismət eləsin ki, sən mənə baxasan. Onun mənə deyil, mənim ona ehtiyacım olsun. Mən kişi qazancı görmədim. Əslində, düşünürəm ki, Allah adamın özünə versə, yaxşıdır. Hər zaman özümün olub. Ancaq heç vaxt özümü tam sərbəst hiss eləməmişəm. Həmişə daxilimdə bir sayğac olub. Ancaq qadın qazanıb-qazanmamasından asılı olmayaraq, gərək özünü əzdirməsin. Heç nəyə asan nail olmamışam. Heç vaxt mənə nəyisə hazır verməyiblər. Mütləq özüm əziyyət çəkib qazanmışam. 25 ilə cəmi 2 ev ala bilmişəm. İnanarsınızmı ki, 25 ildir oxuyuram, hələ bir obyektim yoxdur ki, oğlum gedib işlətsin.

Yaşanmayan uşaqlıq

- Elə uşaqlığımı da yaşaya bilmədim. Fəhlə ailəsində böyümüşəm. Atam bizi böyüdənə qədər çox əziyyət çəkib. Ona görə də onu həmişə lap çox istəmişəm. Anam isə kommunist təşkilatında işləyirdi, evin yükünü, uşaqları üstümə atıb işə gedirdi. Evin işləri, uşaqların yeməyi mənim üzərimə düşürdü. Beləcə, mən də həyatın ağırlığını daşımağa öyrəşdim.

Gecikən səhnə həyatı

Fikrimdən keçir ki, istedadlı olduğunu hamının bildiyi bir qızın həyatı bəlkə bu qədər ağır olmasaydı, səhnə həyatı daha tez başlaya bilərdi:

- Yox, mümkün deyildi. Dağlı ailəsi, cəhalət dövrü... Siz nə danışırsınız, nəinki mahnı oxumaq, heç kitab oxumağa qoymurdular. Qız 18 yaşına çatanda valideyni dərd götürürdü ki, qızı evdə qaldı. Mən 10-cu sinfi qurtarmışdım, nənəm artıq dərd eləyirdi. 18 yaşım olmadan da məsləhət bildiklərinə verdilər. Ana da oldun, vəssalam. Xanlıq, sultanlıq bitir. Bir məsəl var, eşitmiş olarsınız... Qız idim sultan idim, nişanlandım xan oldum, ana oldum yerlə yeksan oldum. Ana olandan sonra qadın ancaq uşaqları üçün yaşayır. Artıq nəvələrim var. Öz həyatımdan çox balalarımın həyatını fikirləşirəm.

On barmağında 10 mərifət...

Uşaqlığını yaşaya bilməməsi Mətanət İsgəndərlinin qabiliyyətli qadın olması ilə nəticələnib. Dediyinə görə, bir yeməklər bişirir ki, 10 barmağını yalayarsan...

- Üçüncü sinifdən xörək bişirirəm. Ona görə hər iş əlimdən gəlir, yaxşı yeməklər bişirirəm. Olmayan yerdən 5 dəqiqənin içərisində elə yeməklər düzüb-qoşaram ki... Heç bacım Təranənin yeməklərini bəyənmirəm. O da yemək bişirməyi məndən öyrənib. Atam həmişə danışır ki, mən balaca olanda gedib əsgərlərə kartof soymaqda, yemək bişirməkdə kömək edirdim. Onlar da ona balıq verirmiş. Atam mənim hələ uşaqlıqdan zəhmətkeş olduğumu deyir. Düzü, bu keyfiyyət bizə atamızdan keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm