Məşhurların ailə həyatları haqqında bilinməyənlər - Fotolar
Bizi izləyin

Tabloid.az

Məşhurların ailə həyatları haqqında bilinməyənlər - Fotolar

Son vaxtlar cəmiyyətdə boşanmaların sayının artması cəmiyyətdə narahatlıq doğurur.

Son vaxtlar cəmiyyətdə boşanmaların sayının artması cəmiyyətdə narahatlıq doğurur. Cəmiyyət içərisində başqa bir dünya da var ki, orada boşanmalar deyil, evlilik həyatının uzun sürməsi təəccübə səbəb olur. Tabloid.az ailə birliyinin çox az hallarda qorunduğu məşhurlar aləminə baş çəkib və məşhurlardan hansının ailədə daha dözümlü olduğunu araşdırmağa çalışıb.

Təməli möhkəm evlilik

Ailəsini qoruyub saxlamağı bacaranlardan biri xalq artisti Brilliant Dadaşovadır. Məşhur ailədən çıxan müğənninin ailə qurduğu şəxs də incəsənət adamıdır. Belə ki, Brilliant Dadaşova artıq 30 ildir ki, hazırda Rus Dram Teatrının direktoru işləyən Ədalət Hacıyevlə evlidir. Bütün evliliklərdə təlatümlər olur. Bir ara Brilliant xanımın da ailəsində sərin küləklər əsdi. Sevindirici haldır ki, boşanma söz-söhbətlərinə səbəb olan təlatüm tez səngidi. Görünür, Brilliant xanım ailəsini sağlam təməl üzərində qurub.

O, daha evlənən deyil...

Xalq artisti Faiq Ağayevin evliliyi də, boşanması da Azərbaycan cəmiyyətində əsl hadisəyə çevrildi. 2004-cü il dekabrın 21-də Nigar Topçubaşova adlı xanımla ailə quran xalq artisti cəmi 2 il sonra, 17 fevral 2006-cı ildə qalmaqallı şəkildə boşandı. Boşanma isə evlilik qədər rahat, söz-söhbətsiz olmadı. Tərəflər arasında sevgi, hörmət kimi bir çox sərhədlər darmadağın oldu. Xüsusən, boşanma səbəbindən danışarkən aləm dəydi bir-birinə. Biri dedi ki, kişiliyini sübut etmək üçün evlənmişdi, heç öz işinin öhdəsindən gələ bilmədi. Digəri isə deyilənləri yalanlayıb əks-hücuma keçdi ki, bakirə deyildi, pul, şan-şöhrət üçün ailə qurmuşdu.

Başından keçən bu evlilikdən sonra F.Ağayev heç bir qadına ciddi niyyətlə baxmayıb. Görünür, xalq artisti evliliyə “tövbə” deyib.

Yalan yıxan evi...

Azərbaycan Dövlət Akademik Milli Teatrının aktrisası, xalq artisti, eyni zamanda müğənnilik edən Məleykə Əsədova bir iş adamı ilə ailə qurdu. İlk və hələlik yeganə sayılan bu evlilik də böyük səs-küy yaratdı. Xüsusən, həmin şəxsin daha əvvəl ailəli, ilk nikahından uşaqlarının olması xeyli müzakirələrə səbəb oldu. Çox qısa müddət davam edən bu evlilikdən M.Əsədovanın bir qızı dünyaya gəldi. Aktrisa ayrılıq xəbərini uzun müddət ictimaiyyətdən gizlətsə də, sonradan bunu təsdiqləməli oldu. Mətbuata açıqlamasında ailəsinin dağılmasını isə yalanla əlaqələndirdi: “Yalan üzündən. Mən yalanı qətiyyən sevmirəm. Başa düşəndə ki, artıq mənə yalan danışılıb, mən bu münasibəti davam etdirə bilmədim. Ailə müqəddəsdir, heç kim istəməz ki, ailəsi dağılsın. Elə mən də bunu arzulamamışam. Ancaq həyat öz diktəsini həmişə yeridir”.

Allah kimə səbr versin?

Xankəndində doğulan qarabağlı balası Xatirə İslam 2012-ci ilin iyununda bir hərbiçi ilə ailə həyatı qurdu. Fəxrəddin adlı bu şəxslə evlilikdən Xatirə İslamın Emil adlı bir oğlu da var. Hələlik ailəsi ilə bağlı hər hansı söz-söhbət olmasa da, bu günlərdə Xatirə barəsində dedi-qodu mövzusu çıxdı. Belə ki, həmkarı Rüfət Axundovla səyahətə çıxan müğənni adı ətrafında xoşagəlməz söz-söhbətlərə səbəb oldu. Bu da daha çox müğənninin özünü qəzəbləndirdi. Rüfəti 7 yaşından tanıdığını qeyd edən Xatirə “ailəm məni Rüfətə qısqanmaz” – deyə sərt təpki verdi.

Hadisənin qıcqanclığa əsas verib-vermədiyi hələlik məlum deyil. Bu cür qalmaqallar isə onun göstərir ki, Xatirə ilə Fəxrəddinin ailəsində dözümlülük tələb olunan tərəf kişidir.

Ən dözümsüz cütlük

2012-ci il martın 27-də rəqqasə Oksana Rəsulova ilə rəsmi nikaha girən Elşad Xosenin (Elşad Əliyev) xoşbəxt ailə həyatı uzun sürmədi. Evlilik xəbərləri tam yayılmamış gündəmə boşanma xəbərləri ilə gələn cütlük biri-birinə 1 il də dözə bilmədi. “Evliliyimizi qorumaq üçün əlimdən gələni etdim”, - deyən Oksana mətbuata açıqlamasında özünü daha fədakar göstərməyə çalışdı:

“Mən artıq çoxdandır ki, boşanma ilə bağlı məhkəməyə müraciət etmişəm. Boşanıram və qərarım qətidir. Boşanma səbəbləri haqda danışmaq istəmirəm. İnandırım sizi, mən evliliyimizi qorumaq üçün əlimdən gələni etdim, amma alınmadı. Elə məsələlər var ki, tək məndən asılı deyil, onlar haqda danışıb, qalmaqal, dava yaratmaq istəmirəm”.

Elşad Xose isə evliliyə özünəməxsus yanaşması ilə yadda qaldı: “Həmişə demişəm ki, mənim üçün pasportdakı möhürün əhəmiyyəti yoxdur. Vacib olan - insanların bir-birini anlaması və birlikdə olmasıdır".

Hazırda ikisi də subaydır.

2 böyük sevgi, 1 nikah

Nadir Qafarzadə böyük sevgi bulağından 2 dəfə su içib. İlk böyük sevgini hərbi xidmətdə olarkən yaşayıb. Dediyinə görə, həmin sevginin bir barı da var: “Rusiyada bir oğul övladım var. Hardasa 19 yaşı olar”.

Anasını ölkəmizə gətirə bilməyən Nadir oğlunu gətirmək üçün də öz anasından xeyir-dua ala bilməyib. Ancaq bu yarım qalan sevgi uğurlu nikahında Nadirə mane ola bilməyib. O, Azərbaycanda Sevinc adlı xanımla evlənib. Bu nikahdan iki oğlu var. “İlk baxışdan sevgi idi. Zaman olub ki, elə bilmişəm Sevinc mənim anamdır, atamdır, bacımdır. Bir sözlə, Sevinc mənim varlığımdır. Üzünə demirəm, ancaq mən həyatımı onsuz təsəvvür edə bilmirəm. Bir il bacımı görməsəm, heyfslənmərəm. Ancaq bir gün onu görməsəm, ürəyim partlayar. Demirəm ki, söz-söhbətimiz olmur, olur. Söz-söhbətimiz də, aramızda lap ikinci dünya müharibəsi də baş verir. Ancaq o müharibə qısa çəkir”.

İnternet evliliyinin ömrü 3 il oldu

Məşhur Dadaşovlar nəslində heç də hamı ailəsini sağlam təməl üzərində qurmayıb. Məsələ burasındadır ki, nəslin daha bir müğənni nümayəndəsi Səidə Dadaşova evlənəcəyi kişini qarşısına çıxan çoxsaylı insanların arasından deyil, sosial şəbəkə vasitəsi ilə tapdı. Nəticəsi də əksər internet evlilikləri kimi oldu. Ailəsinin ömrü cəmi 3 il çəkdi.

Xatırladaq ki, Səidə Türkiyə vətəndaşı Səlçuk Gökgözlə 2009-cu ildə ailə qurmuşdu. 2012-ci ildə mətbuata xoşbəxt ailə görüntüsü verən Səidə sevgi və sədaqətdən danışaraq deyirdi: “Səlcuq bəyi tanıdığım və sevdiyim ilk gündən bu hiss qəlbimdə əsla azalmayıb. İndiyədək ondan daim hörmət, sevgi və sədaqət görmüşəm. Bir qadın üçün bu, əsl xoşbəxtlik deməkdir”.

Bu sözlərin üstündən 1 il keçmədi ki, boşanma mövzusu gündəmə gəldi. Səidə bu dəfə mətbuata açıqlama verib dedi ki, evləndiyinə peşman olsa da, boşandığı üçün pərişan deyil: “Boşanmaq qərarıma atam, o cümlədən ailəmizin digər üzvləri hörmətlə yanaşdılar. Dedilər ki, seçim sənindir. Sənə necə rahatdırsa, onu da et. Mən də öz seçimimi etdim. Peşman deyiləm”.

Hərçənd əri Səidənin onunla məqsədli şəkildə evləndiyi, bununla da ana olmaq və Türkiyə vətəndaşlığı almaq istədiyi barədə açıqlamalar verdi. Tərəflər biri-birini ən ağır formada ittiham etdilər. Beləliklə, Səidə Dadaşova 2012-ci ildə 3 illik ailə həyatına son qoydu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm