• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qadını "kəşf" etmək üçün çantasına baxın - Fotolar

Qadını "kəşf" etmək üçün çantasına baxın - Fotolar

Çantalar qadın qarderobunun şah əsəridir. Bu aksessuar hər mövsüm modanın sərhəd tanımayan fantaziyalarına məruz qalır. Buna görə də qadınlar alış-verişə çıxanda bir neçə çanta arasında qərarsız qalır və hansını seçəcəyini bilmir... Hiss edirəm ki, hamınıza tanış hisslərdir, ancaq çanta kimi mütəmadi bir aksessuarın zamansız və klassik modellər arasından seçilməsi daha məqsədə uyğundur. Tabloid.az-ın “Moda inqilabları” layihəsi çərçivəsində bu həftə hər bir qadının sahib olmalı olduğu çanta modelləri, həmçinin seçdiyiniz çantaya uyğun xarakteriniz haqqında ən maraqlı faktları diqqətinizə çatdıracağam. Hələlik isə çantanın yaranma tarixi barədə qısa xatırlatma vermək istərdim.

Müasir formalı qadın çantaları ötən əsrin ortalarında meydana çıxıb. Buna qədər isə çantanı başlanğıcını XVII əsrdə XIV Lüdovikin zamanından götürən cibi xatırladan xırda kisəciklər əvəz edirdi. Bu kisəciklərdə pullar saxlanılırdı. Bu kisələr kişilərin kəmərindən asılırdı, qadınların isə ətəyinin altında saxlanılırdı. XVII əsrdən başlayaraq qadınlar bu çantacıqları ətək altında gizlətməkdən vaz keçirlər. Ötən əsrin iyirminci illərində bir məşhur ledi individual çanta sifariş verir. Həmin vaxtdan etibarən çanta indiyədək əhəmiyyətini və aktuallığını itirməyən aksessuara çevrilib...

İyirminci əsrin otuzuncu illərində incə və ciddi siluetli çantaları əllinci illərdə tədricən daha böyük xələfləri əvəz edir. Səksəninci illərdə çantalar nə isə daşımaqdan daha çox, libasları tamamlayan miniatür element rolunu oynayırdı.

Lakin müasir qadın hazırda öz basırıq çantasında evin açarını güclə tapır. Hazırkı dövrdə qadın çantaları müxtəlifdir və biz onlarda keçən onilliklərin bütün dəb elementlərini görə bilərik. Bu gün pulqabını xatırladan miniatür klatçdan tutmuş böyük ölçülü çanta götürən heç bir qadını dəbdən kənar hesab etmirlər. Hər kəs üslubuna uyğun gəlini seçə bilər — işgüzar ledi, ziyafət çantası, gənclərin üstünlük verdiyi çantalar.

Müasir qadını çantasız təsəvvür etmək imkansızdır. Çanta qadın obrazının tamamlanmasında zəruri amil kimi qiymətləndirilir. Məsələn, qırmızı çanta romantizmi, qara, yaxud ağ çanta isə sakitliyi ehtiva edir. Yəni, qadını daşıdığı çantadan necə xarakterə malik olduğunu, kimliyini müəyyənləşdirmək mümkündür.

Kişilər daşıdığı çantaya əsasən, qadınların xarakterini asanlıqla müəyyən edə bilərlər. Əgər qadın çantanı düz tutursa, əmin ola bilərsiniz, o, hər şeyi nəzarət altında saxlayır.

Qadının çantasını qoltuğunda götürməsi onun işgüzarlığından xəbər verir.

Çarpaz, məktəbli çantasına bənzər çantaların bir çiyinə götürülməsi qadının ciddi münasibətlərə hazır olmadığını göstərir.

Qadın çantanı qoluna götürürsə və yumulmuş ovcu yuxarı istiqamətlənirsə, onun evdarlığına, aşağı istiqamətlənirsə, ərköyünlüyünə, şıltaqlığına işarədir.

Evdar qadınlar adətən çantanı çiyinlərinə götürürlər, amma qadın çantanı özünə sıxırsa, bu, xəsisliyin göstəricisidir. Ancaq çanta çiyinlərə atılırsa və əllər sərbəst şəkildə yanlarda sallanırsa, bu, qadının şən və əhlikef olmasından xəbər verir.

Müxtəlif modellərdən ibarət çanta kolleksiyası əsl sənət nümunələri ola bilər. Mən bu yazıda hər bir xanımın qarderobunda yer almalı olan çanta modellərini toplayıb hər birinizin zövqünü oxşamağa çalışmışam. Çanta alarkən yadda saxlayın ki, bu aksessuar sizin obrazınızı tamamlamaqla yanaşı, ona yeniliklər əlavə edir.

Qara balaca çanta: Hər bir xanımın balaca qara donu olduğu kimi, balaca qara çantası da olmalıdır. Qara balaca çanta hər geyimlə rahatlıqla uyğunlaşır. Bu isə onun uzunmüddətli istifadəsinə işarə verir. Yəni, çanta keyfiyyətli materialdan olmalıdır. Bu çantalara yatırım etməyə xəsislik etməyin. Üstəlik, bu cür variantın heç zaman dəbdən düşmədiyini nəzərə alsaq, kolleksiyanız üçün əla investisiya olacaq.

Dolce&Gabbana

Sırıqlı çanta: Bu çantalar illərdir ki, dəbdən düşmür. Klassik model olsalar da, hər tərzlə uyğunlaşır. "Chanel"in klassik modeli digər markaları da öz təsiri altına ala bildi. Belə ki, sırıqlı çanta modellərinin oxşarlarına digər markaların kolleksiyalarında da rast gələ bilərsiniz. Onlara pul xərcləmək günah deyil, əksinə qızınız da buna görə sizə minnətdar olacaq. Markadan asılı olmayaraq, sırıqlı çantalar hər bir qadının qarderobunda olmalıdır.

Tote çanta: Bu modellər qadınların ən vəfalı dostudur. Böyük və əlverişli olduğu üçün onları daşımaq çox rahatdır. Qara və neytral çalarlarda olmasına fikir verin. Səyahətlər üçün də çox rahatdır.

Bej rəngli böyük çanta: Bu həcmli və yığcam formalı çanta modeli iş üçün çox əlverişlidir. Bu çalarlar obrazın bütün elementlərini bir yerə toplamaq kimi nadir qabiliyyətə malikdir. Hətta əgər siz ayaqqabı seçimi barədə fikirləşməyə macal tapmasanız da, hər geyimlə uyğun gələcək.

DKNY

Poçtalyon çantası: Əgər yuxarıdakı çanta modeli iş üçün ideal hesab olunursa, poçtalyon çantaları da gündəlik stil üçün ideal seçimdir. Yadda saxlayın ki, alış-verişə və ya gəzməyə çıxanda əllər sərbəst olmalıdır. Onunla hər yeri rahat gəzə bilərsiniz. Sevdiyiniz rəngdə poçtalyon çantası hər bir qadının qarderobunda yer almalıdır.

Gündəlik klatç: Son zamanlarda dəbə minən klatçlar klassik tərzə daha yaxındır. Lakin gündəlik üçün lap miniatür modellərə deyil, bir az həmcli variantlarına üstünlük verin ki, içinə telefon və başqa lazımlı əşyaları sığışdıra biləsiniz. Bu mövsüm zəncirli olan modellərdən əldə etməyə çalışın.

Furla

Xüsusi günlər üçün parıltı klatç: Metal və ya qızılı, həmçinin parıltılı klatçlar istənilən ziyafət libası ilə yola gedir. Bundan başqa, toy və özəl dəvətlərdə sizin üçün sehrli çubuğu əvəz edəcək. Lakin bu cür çanta seçərkən diqqətli olun, parıltı və biserdə ağ eləməyin, digər “qığılcımlardan” imtina edin.

Stella McCartney

Zəncir saplı balaca çanta: Klublarda gecə səhərə qədər rahat əylənmək üçün ağlıma başqa bir çanta modeli gəlmir. Bu çantanın uzun qayışlı olmasına diqqət edin. Zəncirli və ya dəridən olması isə sizin ixtiyarınızdadır. Müxtəlif materialda və dizaynda tikilən çantalar obrazı vurğulamağa kömək edəcək.

Saint Laurent

Bel çantası: Kürəyə taxılan çantalar bu mövsüm olduqca aktualdır. Əgər bu çantaları ancaq gənc qızların taxdığını düşünürsünüzsə, yanılırsınız. Belə ki, dəridən hazırlanan bel çantaları istənilən yaşda daşımaq olar.

Shopper çanta: Alış-veriş qadın sağlamlığı üçün çox vacibdir. Belə ki, alış-veriş edən qadın özünü daha yaxşı hiss edir. Alış-verişə çıxanda isə daha iri çantalardan istifadə etmək lazımdır. Rahat və böyük olmalıdır ki, içini istədiyiniz qədər doldura biləsiniz.

Qeyri-adi çanta: Hər bir qız bəzən diqqət mərkəzində olmaq və kütlədən fərqlənmək istəyir. Və ya sadəcə güzgüyə baxıb gülümsəmək... Qeyri-adi ekstravaqant model çantalar bu yolda sizə yardım edə bilər! Rəngbərəng naxışlar, saçaqlar, tikmələr - əsas odur ki, mövsümi trendlərdən asılı olmayaraq məhz sizin xoşunuza gəlir.

ASOS

Əlvan çanta: Hətta əlvan rənglərdən qorxsanız da, qarderobunuzda yer verməlisiniz. Çünki elə geyimlər var ki, onları məhz əlvan rənglər darıxdırıcı olmaqdan xilas edir. Bu çantanı sakit geyimlə uyğunlaşdırmısınızsa, qətiyyən əlvan rəngli ayaqqabı geyinməyin. Bu zaman maraqlı görünmək əvəzinə çox acınacaqlı görünərsiniz...

Chanel

P.S Sonda isə sizə yalnız həftə sonları deyil, günün istənilən saatında və dəqiqəsində zövqlü və baxımlı olmağı diləyirəm. Növbəti həftəyə qədər yazılarımızı izləyin...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR