Elməddin: “Onda dindarların əlindən qurtarmaq olardı?”
Bizi izləyin

Tabloid.az

Elməddin: “Onda dindarların əlindən qurtarmaq olardı?”

Bu həftə baş rollarını Fərda Xudaverdiyev və Elməddin Cəfərovun canlandırdığı “Xoxan” filmi təqdim olunub.

Bu həftə baş rollarını Fərda Xudaverdiyev və Elməddin Cəfərovun canlandırdığı “Xoxan” filmi təqdim olunub. Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimində sənət aləminin tanınmış simaları iştirak ediblər. Film nümayiş olunduqdan sonra tanınmışlar ekran işi ilə bağlı fikirlərini bildiriblər və fikirlər heç də birmənalı olmayıb. Baş rollardan birinin ifaçısı Elməddin Cəfərov tabloid.az-a film və onun barəsində deyilənlərlə bağlı fikirlərini bölüşüb.

Partlayış birdən-birə olmur

- Təqdimat xoşuma gəldi. Maraqli keçdi. Çoxlari da filmi bəyəndiklərini söylədilər. Təbii ki, filmi mən də yüksək qiymətləndirirəm. İlk səhnədən hiss edirsən ki, bədii filmə baxırsan. Birinci səhnə başlayır. Səs, keyfiyyət, rejissor işi, operator işi hamısı yüksək səviyyədədir. Düzdü, bunlar çox pul aparır. Amma yaxşıdır ki, filmin sponsorları vardı. Bu gün baxdım, sabah unutdum deyə bir şey yoxdur. Filmin ötürdüyü ismarış sətiraltı insanın beynində qalır. Ancaq bəyənmədiyim məqamlar da var. Düşünürəm ki, qəhrəmanlarla bağlı məlumata filmin əvvəlində 15 dəqiqə ayrılması bir az çoxdur. Mən ən çoxu 10 dəqiqə ayırardım.

- İradınızı dedinizmi?

- Əlbəttə. Ancaq hesab elədilər ki, belə olmalıdır. Partlayış birdən-birə olmur. Kuliminasiyaya doğru yavaş-yavaş inkişaf edir. Bəlkə də seriallarda çəkildiyimdən mənə belə gəlir ki, qəhrəmanlara ayrılan vaxt çoxdur. Axı, serialda hadisələr sürətli inkişaf edir. 40 dəqiqə vaxtımız olur...

- Sətiraltı yaddaşlarda qalan, düşünməyə məcbur edən, tamaşaçıya ötürülən ismarış nədir?

- Mövhumat və onun üzərindən pul qazananlar. Filmin son kadrında qaranlıq səhnə ilə hər şey deyilir. Fırıldaqçılıq qazanc gətirməz. Bir ara bu, gündəm mövzusuna çevrilmişdi. Hətta telekanallarda da cin çıxartmaq əsas mövzu idi. Filmin əsas qayəsi insanları fırıldaqçılara inanmamağa çağırmaqdır. Məhz belələri insanları müxtəlif yollarla aldadırlar. Məsələn, biri deyir, cin, şeytan insanın qəlbinə girib. Başqası deyir, qurban olduqlarımla əlaqəyə girirəm. Əslində o qurban olduqlarının kim olduğunu heç özləri də bilmirlər. Belə şeylərdən pul qazananlar var. Mövhumatdır, köhnə təsəvvürlərdir. Bəzən deyirlər, əncir ağacının altında yatma, cin vurar, ya da qoz ağacının altından keçmə, cin var. Bu cin azərbaycanlıya girir, amerikalıya, rusa cin girdiyini görmədik. Bu inancları vururuq.

“Xoxan” Amerika filminə oxşayır, “Kutsal Damacana” yox

- Filmlə bağlı sizdən başqa da iradlarını səsləndirənlər də olub. Məsələn, filmin “Müqəddəs Damdabaca” filminə bənzərliyi müzakirə olunub. Bənzərlik nə qədərdir?

- Bu fikri deyənlərə hörmətlə yanaşıram. Ancaq savadsız fikirdir. Sözügedən film Amerika filmidir, 1978-ci ildə çəkilib. Biz də həmin filmin kadrlarını öz filmimizlə paralel qoymuşduq. Amerikanlardan sonra italyanlar, fransızlar da bu ideya əsasında öz baxışlarını ekranlaşdırıblar. Bizdən əvvəl Türkiyə də bu mövzuya müraciət edib. Filmin Amerika, fransız variantlarına baxmayanlar elə hesab edirlər ki, Türkiyə filmindən götürülüb. Bu filmin tarixi gedib başqa yerə dayanır. “Qarət” filminin müxtəlif ölkələrin kinematoqrafiyasından nümunəsi var. Həmin mövzuda türkiyəlilər də kino çəkib. Bizimkilər də məhz türkiyəlilərin çəkdiyinə baxıblar. İspan, italyan, fransız variantlarına baxmayıb axı... Halbuki “Xoxan” Amerika filminə oxşayır. “Kutsal Damacana”ya bir kadr da oxşamır. Ancaq heç kim bizə demədi ki, Amerikan filminə oxşayır. Halbuki eyni kadrlardır. İdeyaya gəlincə, hamısının ideyası birdir. Məsələn, Tarkan “İts my life” mahnısını oxuyur, bizdən biri onu oxuyanda həmin savadsızlar deyir ki, Tarkanın mahnısını oxudu. Halbuki Tarkan da “Modern Talking”in mahnısını oxuyur. Bu, Tarkandan götürmək deyil. Filmlərdə də xətt eynidir – qızın içinə ruh girib. Təbii ki, oxşayacaqlar. Axı, hamısı eyni mənbədən götürülüb.

- Bəs, Azərbaycan baxışını ortaya qoya bilibsinizmi? İdeya bir olsa da, hər ölkənin kinematoqrafiyası ideyaya öz baxış nöqtəsindən yanaşmalıdır, elə deyilmi?

- Əlbəttə ki, mentalitetə uyğunlaşdırmışıq. Filmdə Azərbaycan musiqiləri səslənir... Düzdü, Amerikadan da internet vasitəsi ilə ucuz qiymətə mahnılar aldıq. Lakin azərbaycanlılıq üstünlük təşkil edir.

Hər şeyin təzəsi, ideyanın köhnəsi?

- İdeyanın köhnəsini, özü də ta Amerikadan götürməyimizin səbəbi nədir? Üstəlik, bu ənənə bizdə olub. Olan ənənəni tənqid etmək üçün də Amerikada ideya axtarmaq nəyə lazım idi?

- Bizim komandanın ssenaristləri – Ənvər Abbasov, Elnur Hüseynov, Sami Tağıyev bunu başqa cür yaza bilərdilər. Ancaq dinimizlə bağlı olaraq bunu eləmədik. Bilirsiniz, “Qurani-Kərim”də Cin surəsi var. Məcbur idik ki, cin yox, xoxan deyək. Dini bağlılığımız olduğu üçün düşündük ki, bəzi şeylərlə məzələnmək olmaz. Ona görə də dinimizdə olan cin kimi yox, amerikalıların baxış bucağından verə bildik. Yoxsa, dini fanatizmə uğramış olan insanların əlindən qurtarmaq olardı? Özümüzünküləşdirərkən isə falçı, fırıldaqçı istiqamətini qabartdıq. Öz dinimizə hörmət əlaməti olaraq, falçılığı, fırıldaqçılığı baltaladıq. Amerika filmində keşiş tənqid olunur və birbaşa deyilir ki, din bu cür fırıldaqçılıqla mübarizədə acizdir. Ancaq biz dinimizi qoruduq.

- XIX əsrdə ortaya bir iş qoyursunuz. Layihəni layiqincə başa çatdırmaq üçün əlinizdə hər cür imkan - kadr, pul, texnika var. Ideya niyə Amerikadan götürülür ki, sonra da dinlə mövhumat qarışmasın deyə baş sındırmalı olursunuz?

- Növbəti film bilirsiniz nə olacaq? “Azərbaycansayağı oğurluq”. Qadan alım, rəqabət aparmaq lazımdır artıq...

- Yeni ideyalarla rəqabət olmur?

- Yeni ideya ilə Azərbaycansayağı zarafatı ancaq biz başa düşəcəyik. Artıq Biləcəridən o tərəfə getməliyik. Dünyanın qəbul elədiyi məqamları, başa düşdüyü yumoru eləmək lazımdır. Toy, sünnət, şadlıq sarayı yumorundan çıxmaq lazımdı. Qəbul etsəniz də, eləməsəniz də, mən dünyaya çıxmaq istəyirəm.

- Bəs, bu film sizi dünyaya çıxara biləcək?

- Yox. Bu film Azərbaycanda bütün kinoteatrlarda nümayiş olunacaq. “Xoxan” 3d səsi ilə, kino effekti ilə çəkilən ilk filmdir. Professional kinorejissor çəkib, xaricdən gələn mütəxəssis rəngləyib. Bütün bunlar filmin keyfiyyət göstəricilərini artırır. Hər şeyin maksimumunu eləmişik. Türkiyədə yayımı razılaşdırılıb. Ancaq Türkiyədən o tərəfə çıxacağına inanmıram. Avropa və dünyaya çıxmağımız isə bir az zaman alacaq. Kim ilk yazdığı kitabla populyar olur ki?! Əslində yazdığının, çəkdiyinin rəğbət qazanacağını əvvəlcədən bilmək də olmur. Azərbaycan sərhədlərini aşmaq lazımdır. Bunu əvvəlcə istəyib, sonra reallaşdırmalıyıq. Qarşıya məqsəd qoymadan istəyimizə nail ola bilməyəcəyik. Biz də qarşımıza məqsəd qoyduq. Buna görə jurnalistlər bizi tənqid edəcək, ancaq “Oskar”lıq filmlər çəkəndən sonra tərifləyən də məhz onlar olacaq.

- Dünyaya daha tez çıxmaq üçün planlarınız varmı?

- “Bacanaqlar”dan sonra ikinci serialımız da artıq yayımlandı. “Qız atası” serialının bir neçə seriyası tamaşaçıların rəğbətini qazanıb. Eyni vaxtda üçüncü seriala da başlamağa çalışırıq.

- Deyəsən, maraq sahəniz seriallardır. Dünyaya bununla çıxa biləcəksinizmi?

- Bəzi işləri daxili izləyici üçün edirsən, eləsi də var ki, kənara hesablanır. Ancaq serialla da sərhədləri aşmaq mümkündür. 96 milyon xərclə Türkiyə bunu bacardı. Bizim də filmlərin belə büdcəsi olarsa, biz də dünyaya çıxa bilərik. Ümumiyyətlə, mən serial tərəfdarıyam. Düşünürəm ki, serial insanı inkişaf etdirir. Təsəvvür edin, hər gün çəkiliş gedir. Xoş aura yaranır. Şəhərin tıxacı və problemlərindən 1 saatlıq uzaqlaşırsan.

Qazanc insanın nəfsində bitir

- Bəs, seriallardan qazandığınızdan razısınızmı? Bu işin xərci borcunu ödəyirmi?

- Qazanc insanın nəfsində bitir. Biz ailədə 4 uşaq olmuşuq. Elə vaxtlarımız olub ki, atam 100 dollar qazanıb, dolanmışıq. Elə vaxtlar da olub ki, 500 manat gətirib, ayın axırına güclə çatıb. “Mənə bu qədər pul yetər” – deyə bildiyin gün qazancın sənə bəs edəcək. İnsan başqalarına göstərəcək deyə, 1000 manatlıq çanta alanda xoşbəxtdir, yoxsa ailəsi ilə birgə süfrə başına oturub evdə olan kartofu bişirib yeyəndə? Bunu insan özü müəyyənləşdirməlidir. 6 il əvvəl toylara gedirdim. Yaxşı da qazanırdım. Ancaq nə evim, nə də maşınım vardı. İndi o qədər qazanmıram.

- Film, yoxsa serial?

- Mənim üçün serial daha üstündür. Düzdü, pulu filmdən azdı. Ancaq mənə bəsdir. Serial daha çox təcrübə, xərcləyə biləcək qədər pul verir. Başqa sözlə, qazandığımız pul normal yaşamağa imkan verir. Mən nəfsimi içimdə bitirmişəm. Lazım olandan artıq pul istəmirəm. Nəyə lazımdı ki, o pul? Övladım xəstələndi, əlim ancaq Allahdaydı. Pulun aciz qaldığı vaxtlar da olur. Allah insanı elə məqamlardan qorusun. Allah mənə milyonlara dəyişməyəcəyim övlad verib. Baxıram Somaliyə, ora-bura. Çox yuxarılara baxmıram. Aşağılara baxıb şükür edirəm

- Amma film tarixdə qalır – deyənlərlə razısınız?

- Razıyam. Amma mən tarixdə qalmaq istəmirəm. Niyə qalım ki? Özüm olmayandan sonra adımın tarixdə nə işi var? Elməddin o dünyada sorğu-sualdadır, adı burda çəkilir. Sorğu-sualdan çıxım, bu dünyada adım qalmasa da olar. Həyatımı elə yaşayıram ki, o sorğudan keçim.

"Gündəlik Teleqraf" MMC-yə daxil olmayan saytların istinadla olsa belə web-səhifəmizdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm