Tünzalə: “Heç vaxt qızıl-brilyant düşkünü olmamışam" - Müsahibə
Bizi izləyin

Tabloid.az

Tünzalə: “Heç vaxt qızıl-brilyant düşkünü olmamışam" - Müsahibə

Azərbaycan səhnəsində çox az müğənnilər var ki, onların həm musiqisi, həm də ifası milyonların ürəyinə yatır. Onlardan birincisi bəlkə də elə əməkdar artist Tünzalə Ağayevadır

Azərbaycan səhnəsində çox az müğənnilər var ki, onların həm musiqisi, həm də ifası milyonların ürəyinə yatır. Onlardan birincisi bəlkə də elə əməkdar artist Tünzalə Ağayevadır. Müğənninin bəstələdiyi hər son mahnı hit olmaqla yanaşı düşünürsən ki, bundan yaxşısı olmayacaq. Amma hər növbəti mahnı özündən əvvəlkinin uğurunu daha da üstələyir. Elə müğənninin son mahnısının – adını çəkmək kifayətdir: “Hədiyyə”, “Xoş gəldin, gülüm”, “Hər şey yaxşı olacaq”, “Təbəssüm”...

Tabloid.az-ın qonağı olan müğənni Amerika səfərindən, orada yaşadıqlarından tutmuş qarderobundan, daş – qaşa meyilliyindən və bir sıra maraqlı məqamlardan söhbət açıb.

- Tünzalə xanım, ilk olaraq Amerika səfərinizin təəssüratlarını bizimlə bölüşün...

- Azərbaycanın musiqisi, incəsənəti xaricdə təbliğ olunursa və orada mənim az da olsa töhfəm varsa çox xoşbəxt oluram. Qürur duyuram ki, bir vətəndaş kimi mən yararlıyam, kiçik də olsa rolum var. Bu kiçiklikdən mən böyük güc alıram və maksimum şəkildə çalışıram ki, musiqimizi təqdim və təbliğ edim.

Azərbaycan-Amerika Alyansının təşkil etdiyi gecə idi. Gecədə Amerika senatının məmurları, dövlət adamları, siyasətçilər iştirak edirdi. Orada Azərbaycanı yeni tanıyan dövlət işçiləri də var idi. Amma belə bir deyim var, insanların qəlbi siyasətin deyil, incəsənətin yeridir. Bir məsələni siyasi, diplomatik yolla çətinliklə həll oluna bilər. Amma musiqi ilə həmin informasiyanı hər kəsə ötürmək olar. Auditoriyanın 95 faizi amerikalılar və digər dövlətlərin siyasətçiləri idilər. Tamaşaçıların cəmi 5 faizi həmyerlilərimiz idilər.

Tədbirdə isə mən tək deyildim. Sənətkarımız Alim Qasımov, “Natiq” ritm qrupunun rəhbəri dostumuz Natiq də orada idi. Dövlət rəqs ansamblının rəhbəri Təranə Muradova da bizimlə idi. Mənim isə orada 6 əsərdən ibarət kiçik solo konsertim baş tutdu. Mən tamaşaçılara da ingiliscə söylədim ki, bilirəm siz bizim dili bilmirsiniz, amma, inanıram ki, duyğumu sizə çatdıra bilirəm. Onların bəli, biz bunu yaşayırıq cavabı isə musiqinin tərcüməyə ehtiyacının olmaması idi. Azərbaycanın qüruru olan, Bostonda yaşayan Emil Əfrasiyab da orada idi.

tabloid.az

- İfalarınızdan sonra Sizə yaxınlaşıb münasibət bildirən oldu?

- Çoxlu dövlət işçiləri, senatorlar yaxınlaşıb mənim istedadlı olduğumu söylədilər. Amerikalılar ulduza ulduz deyirlər, istedadlıya istedad deyirlər. İstedadlı, ancaq populyar olmasa da, müğənniyə yaxınlaşıb mütləq öz fikirlərini söyləyirlər. Amerikalı üçün onun əsərini oxumaq kiminsə bizim muğamımızı oxuması kimi bir hadisədir. Mən orada Uitni Hyustonun “I have nothing” saundtrekini ifa etdikdən sonra isti alqışlar və təriflər eşitmək çox xoş idi. Bu da yəqin azərbaycanlı olmağımızdan irəli gəlir. Bizim səsimiz hər şeyi mənimsəyə bilir. Biz muğamla cazı necə sintez etmişiksə bütün dünya heyran qalıb.

- Orada konsert, ortaq layihədə iştirak təklifləri aldınız?

- Əslində böyük və kiçikliyindən asılı olmayaraq müxtəlif təkliflər aldım. Amma albom, CD, konsert təklifləri almaq üçün sən gərək müvafiq ortamda olasan. Senator dövlət məmurudur. O, mənə belə təkliflər edə bilməz. Böyük iş təklifləri üçün prodüserlərin çevrəsinə, yerli medianın çox olduğu ortamda olmaq lazımdır.

- Amerika səfəri Tünzalə Ağayevanı nəyə ilhamlandırdı?

- Oooooo.... Mən çox şey danışa bilərəm. İlk öncə onu deyim ki, mən uzun illərdir görməyi arzuladığım Stiv Uanderi gördüm. Bütün konserti videoya çəkmişəm. Yanımda qara dərililər oturmuşdur. Mənə “sakitləşin, oturun aşağı” deyirdilər. Onlara başa sala bilmirdim ki, siz onu gündə görürsünüz, mən isə bəlkə heç bir daha görməyəcəyəm. Qoyun qurdumu öldürüm də... 3 saat canlı konsert idi. Hətta Yalçına da dedim ki, (Yalçın Cabbarov – müğənninin prodüser -redi, bundan sonra mən mikrofonumla vidalaşacağam. Konsert mənim üçün master klass idi.

- Tünzalə xanım, diqqətimiz taxdığınız sırğa və üzük də çəkdi. Deyəsən qızıl- brilyanta meyili deyilsiniz?

- O qədər də yox. Koko Şanelin gözəl bir sözü var: “Zövqlü insanlar bijuteriya axtarır. Zövqsüzlər isə qızıl – brilyant (gülür). Qızıl-brilyant hazır məhsuldur, zəhmi ağırdır. Amma bijuteriyanı həssaslıqla seçməyi bacarmaq lazımdır. Bu da insanın zövqlü olmasından xəbər verir. Riskli olsa da, mən bu yola əl atıram. Heç vaxt qızıl – brilyant düşkünü olmamışam.

- Qarderobunuzda nəyə olmaz deyirsiniz?

- Azərbaycan qadını olaraq burada yaşam tərzinə uyğun olmayan, mənə yaraşmayan geyim formaları olmaz. Söhbət açıq-saçıqlıqdan, həddini aşmaqdan gedir. Mənim qarderobuma belə şeylər yaddır. Bu yasağı özüm qoymuşam və özümü zorlamamışam. Elə bir fikirdə də deyiləm ki, filan yerdə geyinərdim amma burada olmaz. Necə burada geyinirəmsə, elə də Amerika səhnəsində geyinirəm. Mən həmişə yaşam tərzimizə, ölkəmizin adına görə orta yolu tuturam. Nə müasirlikdən, klassikadan geri qalmıram, nə də əxlaqımı itirmirəm. Zövqlə əxlaqlı geyimə üstünlük verirəm. Bu dəyərlərin kənarında nə varsa, mənim üçün olmaz və yoxdur.

- Tünzalə xanım, plastik əməliyyatla xarici görünüşünüzdə dəyişiklik etmək istəyərdiniz?

- Heç vaxt etdirməmişəm. İstəmirəm də. Allah hər kəsə sağlam və xeyirli ömür versin. Bəlli bir yaşa gələ bilərəm ki, kiçik bir ehtiyac olar. Bəli o vaxt kiçik də olsa edərəm. Amma bu gün əməliyyat etdirməmək üçün müxtəlif üsullardan istifadə edirəm.

- Çox az müğənnilərimiz var ki, istər kişi, istərsə də qadın olsun, onların alnında qırışlar var. Əksəriyyət botoksla alın əzələlərini iflic edərək hərəkətsiz formaya gətiriblər. Amma Sizin alnınızda qırışlar var...

- Bunlar kiçik mimik qırışlardır. Niyə axı onları yox edək? Qoy qalsınlar. Ölü gəzməklə nə olur axı. Bəlkə elə bir yaş dövrünə gələrəm ki, lazımım olar. Mən deyə bilmərəm ki, heç vaxt etmərəm. Bu, yalan olar. Bəlli yaşa gələndə lazım olsa edəcəyəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm