Milyonçu ərindən boşanan Ukrayna gözəlinin sevgi hekayəti - Fotolar
Bizi izləyin

Tabloid.az

Milyonçu ərindən boşanan Ukrayna gözəlinin sevgi hekayəti - Fotolar

Rusiya ilə Ukrayna arasında münasibət gərgin olsa da, rus estradasının əsas tərkibi ukraynalı və gürcü ifaçılarından ibarətdir.

Rusiya ilə Ukrayna arasında münasibət gərgin olsa da, rus estradasının əsas tərkibi ukraynalı və gürcü ifaçılarından ibarətdir. Bu iki ölkə arasında müharibə baş verməsinə baxmayaraq, ruslar ukraynalı qızların gözəlliyinə və istedadına laqeyd qala bilmirlər. Ukrayna əsilli Vera Brejneva isə Rusiya şou-biznesində hər kəs tərəfindən sevilən yeganə ifaçıdır. Ukraynanın sarışın ilahəsi Rusiyada fəaliyyət göstərdikdən sonra seks-simvola çevrilir. Hətta özünə milyonçu ər də tapır. Şəxsi həyatını var gücü ilə mətbuatdan gizlədir, valehedici bədənini isə sevə-sevə hamıya nümayiş etdirir. Şəkilləri jurnalların üz qabığından əskik olmur...

Gözəl müğənni, teleaparıcı və cazibədar ananın çatışmazlıqları yoxdur. Uşaqlıqda aldığı travmalar uzun müddət müğənniyə rahat yaşamağa imkan verməsə də, o, bu problemi həll etmək üçün psixoloq yanına gedir. Amma indi onu tamamilə uğurlu və xoşbəxt qadın saymaq olar. O, iki uşaq anası, tələb olunan ifaçı, aktrisa və teleaparıcıdır. Onun sağlamlıq və gözəllik haqqında bloqu var. Və o, əmindir ki, məhz gözəllik və məhəbbət dünyanı xilas edəcək. Tabloid.az-ın “9 don” layihəsi çərçivəsində bu həftə sarışın gözəlin Rusiya mətbuatına verdiyi son müsahibəsini təqdim edəcəyəm.

Tərcümeyi-halı

Bizim Vera Brejneva kimi tanıdığımız Qaluşka Vera Viktorvna 1982-ci ilin fevralın 3-ündə Dnepropetrovskidə kasıb ailədə doğulub. Ailəsinin musiqi ilə yaxından-uzaqdan əlaqəsi olduğunu demək olmaz. Atası Viktor Mixayloviç Qaluşka Pridneprovskom kimya zavodunda işləyib. Tibb məktəbini bitirən anası - Tamara Vitalevna Qaluşka da həmin müəssisədə çalışıb. 3 bacısı var. Böyüyü Qalinadır, Anastasiya və Viktoriya adlı iki əkiz bacısı var.

Təbii ki, 6 nəfərdən ibarət ailəni dolandırmaq asan məsələ deyildi. Məktəbdə sevilməyən qızcığazın uşaqlığı ağır keçib. Həyatın əslində, məktəb pəncərəsindən göründüyü kimi olmadığını uşaqlıqdan qavrayır. Sinif yoldaşları əylənib, deyib-gülərkən, Vera boş vaxtlarında pul qazanmağa gedirdi. Məktəbdə məğrur, məqsədyönlü qızı demək olar ki, heç kəs xoşlamırdı. Çünki həyatı hamıdan tez dərk etmiş və böyümüşdü. Üstəlik, çox hündür idi. Həm də demək olar ki, həmişə eyni nimdaş paltarda və qəribə saç düzümündə gəzirdi. Səbəbi isə çox sadədir, sadəcə geyinməyə başqa heç nəyi yox idi.

Ailəsinə kömək etmək istəyən Vera 11 yaşında özünə iş tapır. Gələcəyin seks-simvolu çətin və alçaldıcı işi öz öhdəsinə götürür. Belə ki, o, parkın yaşıllaşdırma işləri ilə məşğul olurmuş. Sonra tanışlarının köməyi ilə özünü dayə kimi sınayır. Daha sonra hər yay nənəsi ilə kolxoz çöllərinə məhsul yığımına gedir. Bu iş müqabilində isə çox az pul verirdilər, hətta elə vaxtlar olurdu ki, ümumiyyətlə, pulsuz yola salırdılar. Əvəzində isə meyvə-tərəvəz verirdilər. Yuxarı siniflərdə isə o kafeyə qabyuyan kimi işə düzəlir.

Vera etiraf edir ki, qazandığı bütün pulları anasına verir və bununla fəxr edirdi. Qürurlu qızcığaz buraxılış gecəsində özünə pul xərcləməyə də qıymır. Buraxılış gecəsi də onun üçün xüsusi olmur, bütün gecəni sarsıntı və qüssə içində keçirir. O attestatların təqdim olunma mərasiminə gəlir, alır və evə gedir. Çünki valideynlərinin restoranda masa pulunu ödəməyə imkanı yox idi.

Məktəbi bitirdikdən sonra Vera başa düşür ki, doğma şəhərində onu heç bir perspektiv gözləmir. Buna görə də, Dnevropetroviskiyə universitetə qəbul imtahanı verməyə gedir. Bu böyük şəhərdə yaşamaq üçün pul lazım idi, onun isə heç nəyi yox idi. Hər gün evə gedib qayıtmaq üçün pul lazım olurdu. Həm də bu vaxt itkisi idi. Vera Dnepropetrovsk Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun iqtisadiyyat fakültəsinin qiyabi şöbəsinə daxil olur. Lakin tezliklə analıq məzuniyyətə çıxmalı olur. Böyük qızı Sonyanı 18 yaşında dünyaya gətirir.

Vera hökmlü qadın olduğundan öz şərtlərini diktə edə bilmək üçün sakit və həlim təbiətli kişilərə üstünlük verir. Vitali isə onun ilk qurbanı olur. 1999-cu ildə kafelərin birində Veranı görür və möhkəm vurulur. Sevgisini qazanmaq üçün dalınca sürünməli, hətta yalvarmalı olur. Lakin qızlarının doğulması belə bu sevgini xilas edə bilmir. Brejnevanın ilk hamiləliyi çox ağır keçir, doğum evində bir neçə ay həkim nəzarətində olur, bütün bu müddət ərzində Vitali onun yanından ayrılmır. Qızının atası Vitali Voyçenko ilə bir neçə il qeyri-rəsmi nikahda yaşayır. Gənc ata fədakarlıq edərək analıq vəzifələrinin yarısını öz öhdəsinə götürür, uşağının anasına gecələr doyunca yatması üçün şərait yaradır, uşağın qayğısına qalır. Belə fədakarlıq isə kişilər arasında çox nadir hallarda rast gəlinir. İlk il qızcığazla heç bir problem yaranmır, buna görə də Vera Brejneva analığının birincini ilini nostalji ilə xatırlayır. Ancaq qızının yaş yarımlığında Vera “VİA Qra” qrupunun kastinqləri üçün Kiyevə yola düşür.

Qrupun üzvi Alyona Vinniçkaya qrupu tərk edəndə, Vera kastinqlərdən uğurla keçir. 2003-cü ildə Vera qrupun tərkibində çıxış etməyə başlayır. Kastinqlərdən keçən kimi prodüserlər təxəllüs haqqında fikirləşirlər. Çünki “Qaluşka” soyadı heç də uğurlu deyildi. Onlar biləndə ki, Vera Leonid İliç Brejnevin vətənində doğulub, soyad özlüyündə həll olunur. Məhz bu heyəti, “VİA Qra”nın “qızıl heyəti” adlandırırlar. Çünki "VİA Qra" qrupunun bütün mövcudluğu ərzində ən uğurlusu idi.

Qızına baxmağa razı olan ailəsinə hər həftə baş çəkməyi planlaşdırsa da, gözlənildiyi kimi alınmır. Buna çəkilişlər, fotosessiyalar, müsahibələr imkan vermir. Bu yalnız ilk baxışdan sadə görünürdü, əslində isə Vera özünü Rusiyanın paytaxtında yad hiss edirdi, əvəzində isə yaxşı pullar qazanır. Təkcə pul yox, həm də kişilərin heyranlıq dolu baxışlarını və sevgisini qazanır. Bir sözlə, məktəbin çirkin qızcığazı, qu quşu nağılındakı kimi birdən-birə parlayır. 2007-ci ilin dekabrında Vera özünü təsdiq etmək üçün qrupu sakitcə tərk edir.

Bu müddət ərzində Vera özünə varlı ər də tapmışdı. 2006-cı ildə ukraynalı biznesmen Mixail Kipermana ərə gedir. Son bir neçə ildə Kiperman Şərqi Avropanın ən varlı adamlarının sırasına daxil olub. Lakin problemlə üzləşir: Oliqarxın arvadının “VİA Qra” qrupunun solisti olması nə dərəcədə düzgündür? Ailə səadəti və karyera seçimi qarşısında qalan Vera birincini seçir. Qrupu həmişəlik tərk edir. Maraqlısı odur ki, qrupu tərk etdiyi 3 il ərzində cəmi 9 mahnı yazdırır. Onların 5-i hit olur, səhnədən getməsi məşhurluğunu itirməsinə mane olmur.

2007-ci ildə artıq Vera Brejneva “Maxim” jurnalının keçirdiyi səsverməyə əsasən, Rusiyanın ən seksual qadını seçilir. 2008-ci ildə Rusiyanın birinci kanalında “10 sehr” verilişində özünü teleaparıcı kimi də sınayır.

Vera “Южное Бутово” şousunun əvəzolunmaz aparıcısı olur. Proqramın 4 buraxılışından sonra Vera hamiləlik məzuniyyətinə gedir, çəkilişlər isə kəsilir. 2009-cu ildə Vera varlı ərindən olan kiçik qızı Saranı dünyaya gətirir.

Uğurlarının ardı-arası kəsilməyən Vera 2012-ci ildə ərindən boşanır. Bu barədə nə biznesmen əri, nə də ki, ulduz özü heç bir açıqlama vermir. Amma gəzən söz-söhbətlərə görə boşanma səbəbləri arasında əlverişsiz maliyyə vəziyyəti dayanır. 2013-ci ilin fevralında onun rejissor Maryusom Vaysberqom ilə roman yaşadığı barədə söz-söhbət gəzməyə başlayır. Lakin özü bu məlumatı təkzib edir.

Beləliklə, Veranın maraqlı müsahibəsini təqdim edir:

- Bizim məşhurlardan kimi diva hesab edirsiniz?

- Şarlz Teronu, Monika Belluççini və Ancelina Colini. Burada məsələ təkcə gözəllikdə və bədən quruluşunda deyil. Onların üzünə baxanda daxilimdə nə isə qeydi-adi, anlaşılmaz və zəngin duyğular baş qaldırır. 20 yaşında həyat təcrübəsi və müdrikliyi olmayan qızcığazı heç vaxt diva adlandıra bilmərsən.

- Sizin hazırda 32 yaşınız var. İndi sahib olduğunuz hansı xüsusiyyətlər 20 yaşında yox idi?

- Mənim həyatda ən çox ehtiyacım olanlar: sevgi, ailə, yaşamaq qabiliyyəti, bağışlamaq bacarığı, ailə, məhəbbət, diqqətdir. Əsl dostlar sevərək gördüyüm işim. Hə, bir də daxili rahatlıq çox vacibdir.

- Bütün bunları necə qazandınız?

- Yaşa dolduqca tələsmirsən. Çünki heç kimə heç nəyi sübut etmək məcburiyyətində olmadığını zamanla başa düşürsən.

Üstəgəl mənim mənzil problemim nəhayət öz həllini tapdı. Mən uzun müddət kirayədə mənzillərdə yaşamışam. Hətta ərdə olanda ev tuturduq. Axır ki, iki il bundan əvvəl Kiyevdə mənzil aldım, təmir etdim və bir il sonra qızlarımla oraya yerləşdim.

- Mənzil sizin zövqünüzlə bəzənib?

- Sakit, aydın və yığcam, mən artıq şeyləri sevmirəm. bütün yumşaq mebel dəstləri təbii materiallardan hazırlanıb. Evi dekor edəndə dizayner köməyindən istifadə etməmişəm, hər şeyi özüm düşünüb hazırlamşam. Evə tez köçmək üçün heç nə sifariş vermədim, bəyəndiyim mebelləri, aksessuaları görən kimi dərhal alırdım. Bu yuvanı özüm və uşaqlarım üçün düzəltdim. Orada mənə heç yerdə olmadığı qədər rahat və hüzurludur.

- Sizin böyük qızınız Sonyanın 13 yaşı var. Keçid yaş dövrünün əlamətlərini hiss etməyə başlamısınız?

- Əlbəttə ki, hər şeydən çox elə bu sarıdan əziyyət çəkirəm. Mən qətiyyən davakar insan deyiləm. O, isə xoşuna gəlməyən bir şey olan kimi etiraz edir, dava salır. Ona niyə bu cür reaksiya verdiyini soruşub dava etmək istəmədiyimi deyirəm. Onun ruhunun indi açıq-aşkar ziddiyyətli vaxtıdır. Özü ilə heç cürə bacara bilmir, görünür gözləməkdən başqa çıxış yolu yoxudur. Hələlik isə sadəcə dözmək lazımdır.

- Siz ona necə geyinmək və ya dostları ilə necə davranmaq mövzusunda məsləhətlər verirsiniz?

- Özü onsuz da hər şeyi yaxşı bilir. Uşaq anasının, doğmalarının özünü necə aparmasını kənardan izləyir və nə etmək lazım olduğunu başa düşür. Çox nadir hallarda özümə onlara irad bildirməyi rəva görürəm. Məsələn, dostları ilə gəzməyə çıxanda ona əynini qalın geyməsini demirəm. “Sənə soyuq olmaz ki?” soruşuram, o isə “Pencəyimi özümlə götürəcəyəm” deyə cavab verir. Özünün yaxşı zövqü və ölçü hissi var. Əlbəttə ki, hər bir gənc qız kimi dikdaban ayaqqabılar geyinmək istəyir. Amma hələ çox tezdir.

- Kiçik qızınız necədir?

- Saranın məktəbə başlamasına 2 il qalıb, hələlik bağçaya gedir. Əvvəllər bağçaya getməyə ehtiyac yox idi, evdə məşğul olurdu. Daha sonra sosial çevrəyə alışmaq üçün bağçanın mühüm rolu olduğuna qərar verdim. İlk vaxtlar qrafikdən çox yorulsa da, bağçaya tez öyrəşdi. O, çox sakit, eyni zamanda aktiv və müstəqil qızdır. Ümumiyyətlə, onunla heç bir problem yaşamıram. Göz dəyməsin. (gülür)

Belə uşaqlar görəndə 3-cünü, hətta 4-cünü də doğmaq istəyirsən. Mən inanıram ki, bizim ailəmiz möhkəm olacaq və böyüyəcək. Qadın sevgisiz yaşaya bilməz! Mənim həyatım hələ qabaqdadır, buna çox inanıram. İndi isə uşaqlarımın tərbiyəsi ilə məşğul oluram, işləyirəm, yaradıram... Həyatı, hətta onun bütün təzahürlərini də sevirəm.

- İnstagramdakı bloqunuz haqqında da məlumat verin. O, sizə nəyə görə lazımdır?

- Hər şey mənim gözəllik sirlərim haqqında çəkilən videodan başladı. Video qidalanma rejimim, hansı idmanla məşğul olduğum, saçlarıma və dərimə qulluğum barədə idi. 45 dəqiqəlik videonun baxış sayı 2 milyonu keçib. Bu, məni həvəsləndirdi və davam etməyə qərar verdim. Əvvəlcə qısa video roliklər çəkməyi planlaşdırmışdım, sonra bunun çox vaxt aparacağını düşündüm. Daha sonra “instagram”da bloq yaratmağa qərar verdim. Orada mənimlə bağlı hər şeyi, fikirlərimi bölüşürəm, gözəllik və sağlamlıq haqqında yazıram. Paylaşımlarımı oxuyanların şərhləri məni çox sevindirir. Məsləhətlərimə əməl etdikdən sonra həyatlarında ciddi dəyişiklik baş verdiyini yazırlar.

Məşhurluğumun da minlərlə qadının etimadını qazanmaqda böyük rolu var. Öz təcrübələrimi bölüşərək onlara yardım etməyə çalışıram.

- Kişilərlə də bağlı məsləhətlər verirsiniz?

- Ümumiyyətlə, məsləhət verməyə çalışmıram, öz təcrübələrimi bölüşürəm. Qadın və kişi münasibətləri fərdi məsələdir. Burada artıq söz deyə bilmərəm. Mənim yeganə prinsipimin qarşılıqlı hisslərdir: sevgi, hörmət və.s Münasibətləri qorumaq üçün hər iki tərəf eyni dərəcədə əziyyət çəkməlidir. Hamı kimi mənim də özümü bütünlüklə həsr etdiyim eşq macəralarım olub. Lakin bu qapıçısı olmayan oyuna qol vurmaq kimi bir şeydir. Bir müddət keçəndən sonra başa düşdüm ki, artıq bacarmıram. Sənə elə gəlir ki, kişiyə daha artığı lazımdır. Qadın bütünlüklə özünü kişiyə həsr edib, o, sənin ayaqların altındadır, al onu göylərə qaldır, ona verdiklərinin qarşılığını ver. Məlum olur ki, kişi üçün iş daha vacibdir.

Bu münasibəti bitirdim və mənə dərs oldu. Bir daha belə səhvə yol vermək olmaz. Çünki çox ağrıdır. Bu barədə bloqumda heç vaxt yazmamışam. Elə hadisələr var ki, onları ifadə etməkdə simvolların gücü yetərsizdir, hərflər isə məhdud görünür. Qızlara və xanımlara qarşılıqlı hisslər yaşamağı arzulayıram.

- Seksual görünməyin sirri nədədir?

- Öz seksuallığın haqqında fikirləşmək seksual görünməyə kömək edir.

- Kişilərin xoşuna gəlmək üçün nə etməlisən?

- Özün olmalı, səmimi davranmalısan.

- Jurnalistlərə ən çox hansı yalanı danışırsan?

- Mən yalan danışıram ki?!

- Qarderobunuzu nəsiz təsəvvür etmirsiniz?

- Mənsiz. (gülür)

"Gündəlik Teleqraf" MMC-yə daxil olmayan saytların istinadla olsa belə web-səhifəmizdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm