Murad Arif həmkarlarından nələr danışdı? - Fotolar
Bizi izləyin

Tabloid.az

Murad Arif həmkarlarından nələr danışdı? - Fotolar

Mənim qonağım adi toy müğənnisi də ola bilər, dərin musiqi biliyi olan ifaçısı da

Xeyli müddətdir ki, telekanallarımızın reytinq cədvəllərindən asılılığı qızğın müzakirə olunmaqdadır. “Xaricdən maliyyələşən reytinq şirkətləri Azərbaycanda telekanalları cəhalətə xidmət etməyə məcbur edir”, - açıqlaması ilə müzakirələrə qoşulan teleaparıcı Murad Arif də reytinq şirkətlərini mənasız verilişlərə meydan açmaqda qınayıb. Tabloid.az teleaparıcının bu məsələ ilə bağlı fikirlərini və çıxış yolu ola biləcək təkliflərini öyrənib. Teleaparıcı ilə müsahibəni təqdim edirik.

- Uzun müddətdir ki, verilişlərin reytinqlərdən asılılığı ilə bağlı ciddi narahatlıqlar səsləndirilir. Bu narahatlıq nədən irəli gəlir?

- Azərbaycanın indiki dövründə televiziyaların və ümumiyyətlə, medianın cəmiyyətin zövqü ilə oynaması çox təhlükəlidir. Bu təhlükə, xüsusən, yeniyetmə və gənc nəsil üçün çox güclüdür. Ona görə də, biz efirə çıxartdığımız hər filmə, hər ifaya, hər proqrama, hər musiqiyə ciddi məsuliyyətlə yanaşmalıyıq. Biz daha məsuliyyətli olmalıyıq, nəinki amerikalı, fransız, türk və hətta rus. Çünki bizim ölkəmiz cavandır və xaricdən ciddi təsirlərə məruz qalır. Belə bir dövrdə, belə bir şəraitdə reytinq ovu Azərbaycana yaraşmaz. Hesab edirəm ki, televiziya şirkətləri bu məsələdə fikir birliyi nümayiş etdirməlidirlər.

- Bu fikir, sizcə, realdırmı? Telekanalların buna müsbət reaksiya verəcəyinə inanırsınızmı?

- Niyə real olmasın ki. Rusiya telekanallarında senzura tətbiq olundu. Bəzi proqramların efir vaxtı dəyişdirildi, çoxu bağlandı. Türkiyə telekanalları yayımladıqları filmlərdəki siqaret səhnələrini kəsirlər. Bu da o deməkdir ki, senzura mümkündür. Bizdə isə vacibdir.

- Jurnalistlərin, teleaparıcıların rolu bu məsələdə nə qədərdir?

- Çox azdır. Reytinqli verilişlərin aparıcılarına hörmət edirəm, əməklərini, fəaliyyətlərini qiymətləndirirəm. Ancaq bəzi məqamlar da var ki, onların hesabını aparıcıdan istəmək düzgün deyil. Mən bilirəm ki, aparıcı aysberqin sadəcə görünən tərəfidir. O, verilişdə çox az məsələyə nəzarət edə bilir. Onun qarşısında sadəcə bir tələb var: elə et ki, veriliş reytinqli olsun. Tələb də ondan ibarətdir ki, bizim bugünkü tamaşaçıların istək və səviyyəsi nəzərə alınmalı, qalmaqallı, davalı, hətta kriminala yaxın verilişlər göstərilməlidir. Mənim də hədəfim həmkarlarım deyil, ümumi konsepsiya, yanaşmadır. Onu da jurnalistlər, aparıcılar müəyyənləşdirmir.

- Reytinq şirkətləri ilə tamaşaçı istəyi üst-üstə düşmür?

- Bəlkə də düşür, bəlkə də düşmür. Bunu dəqiq deyə bilmərəm. Ancaq dəfələrlə olub ki, təqdim etdiyimiz bir proqram cəmiyyətdə böyük rezonans doğurub. Hara çıxmışıqsa, bəyəndiklərini söyləyiblər. Hamı həmin veriliş barədə yüksək fikirlər söyləyib. Ancaq reytinq cədvəlində bu özünü göstərməyib. Reytinq cədvəlinin tamaşaçı istəyini tam əhatə edə bilmədiyinə dair başqa bir sübut da var. Bir şeyi nəzərə alın ki, reytinq ölçən cihazlar kabel televiziyalarını və peyk antenalarını ölçə bilmir. Gəlin görək, bu gün kim ev antenası ilə baxır. Məgər hər kəs Kattv, BBTV, Ailə TV və ya peyklə baxmırmı? 400 ailəyə qoyulmuş bir avadanlıqla 9 milyonun zövqünü təyin etmək mümkün deyil! Bu cihazlar kabel televiziyası, çanaq antenaları ilə baxanları hesablaya bilmir axı. Hesab edirəm ki, reytinq cədvəlləri nisbidir və onun arxasınca qaçmaq düzgün deyil. Reytinq cədvəli efir selinin bir göstəricisidir. Onunla müəyyən etmək olur ki, bir verilişə çox baxılıb, başqasına az. Ancaq bu nəticələr nisbidir. Bu cədvəllər əsasında bütöv bir günün proqramını qurmaq doğru deyil. Əks halda, bu, gənc nəslin inkişafı üçün mənfi nəticələrə gətirib çıxarar. Reytinq arxasınca qaçmağı məhz ona görə düzgün hesab eləmirəm ki, o göstəricilər zövqlü, savadlı tamaşaçının tələbinə cavab vermir. Odur ki, biz zövqləri formalaşdırmağa cəhd etməliyik. Bizim maarifləndirməyə ehtiyacımız var.

- Maarifləndirici verilişə də baxmırlar axı...

- Mən maarifləndirici veriliş dedikdə, efirdə kimya, fizika, coğrafiya dərsi keçilməsindən danışmıram. Deyirəm ki, əyləncəni də maarifləndirici etmək olar. Məsələn, Rusiyanın “Qolos” layihəsinə baxsanız görəcəksiniz ki, bir verilişdə ifaçılıq, ifa mədəniyyəti, müxtəlif janrlar, ümumiyyətlə, musiqi dünyası ilə bağlı nə qədər məlumatlar paylaşılır. Başqa bir layihədə, “Modnıy priqavor”u götürək. Evdar xanımlar üçün nəzərdə tutulmuş verilişdə dəblə bağlı nə qədər məlumatlar verilir. Qadınlara hansı geyimi nə ilə uyğunlaşdıra biləcəklərini göstərirlər. Mənə elə gəlir ki, belə layihələri hər bir sahədə tətbiq etmək olar. Ancaq bizdə, xüsusən, əyləncə sahəsində elə bir kadr yoxdur ki, qeybətdən ibarət olmasın.

- Verilişiniz reytinqlidirmi? Qonaqlarınızı dəvət edərkən nəyi nəzərə alırsınız ?Məsələn, onların cəmiyyətdəki reytinqi bu dəvətdə nə qədər rol oynayır?

- Proqramımın reytinqi ilə maraqlanırsınızsa, səmimi deyirəm, bu, məni qəti maraqlandırmır. 3-4 il əvvəl redaktorla söhbətimiz olmuşdu. Mənə dedi ki, Baloğlan Əşrəfovu dəvət elədiyimiz proqram reytinqli olub. Elnur Hüseynovun, Diana Hacıyevanın qonağı olduğu proqramlar isə, əksinə. Nə yaxşı ki, bizim qarşımızda reytinq tələbi qoyulmayıb. Mən musiqi proqramının aparıcısıyam və biz məşhur olan, Azərbaycan musiqi tarixində iz qoyan heç bir sənətkarı unutmuruq. Onların doğum günündə hər biri anılır. Qara Qarayevin, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Tofiq Quliyevin doğum günündə haqlarında veriliş hazırlayırıq. Verilişimə həm xalq tərəfindən sevilən Niyaməddin Musayev, Baloğlan Əşrəfov gəlir, həm də heç kimin tanımadığı alternativ janr ifaçıları dəvət olunur. Rok ifaçıları, həmçinin, Mikayıl Rəfiyev, Elnur Hüseynov, Samir Cavadzadə, Diana Hacıyeva, Dilarə Kazımova, Emil Əliyev gəlir. Mən reytinqə fikir vermədən musiqinin bütün sahələrini əhatə etməyə çalışıram.

- Səhv etmirəmsə, belə bir açıqlamanız olmuşdu ki, dəvət etdiyiniz qonaqları özünüz dinləmirsiniz...

- Tamamilə doğrudur. Müsahibələrimin birində demişəm ki, qonaqlarımın böyük əksəriyyətini dinləmirəm. Maşınımda hər musiqi janrını mütəmadi dinləyə bilmərəm. Mənim üstünlük verdiklərim var. Maşınımda Stiv Vonderi, ya da hər hansı klassik musiqini dinləyirəm. Bu o demək deyil ki, başqalarının ifa etdiyi musiqini anlamıram. Dinlədiyimlə təqdim etdiyimin arasında böyük fərqin olması da normaldır. Səbəb də odur ki, mən melomanam, hər musiqini dinləyirəm, ancaq üstünlük verdiklərim ayrıdır. Verilişimə gələn sənətçi haqqında da kifayət qədər məlumatlıyam. Mənim qonağım adi toy müğənnisi də ola bilər, dərin musiqi bilikləri olan ifaçı da. Əsas odur ki, mən onları tamaşaçıya layiqincə təqdim edirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm