Qaydaları pozan məşhurlar yol polislərini necə ələ alırlar?- Fotolar
Bizi izləyin

Tabloid.az

Qaydaları pozan məşhurlar yol polislərini necə ələ alırlar?- Fotolar

Tabloid.az sürücü məşhurların yol macəralarını araşdırmağa çalışıb.

Məşhurlar həyat tərzləri, istifadə etdikləri əşyaları, saxladıqları heyvanları, idarə etdikləri avtomobilləri ilə daim diqqət mərkəzindədirlər. Bahalı avtomobilləri ilə gündəmə gələn məşhurlar son vaxtlar yollardakı davranışları, yol polisi ilə münasibətləri, yol hərəkəti qaydalarına barmaqarası münasibətləri ilə də nəzərləri üzərilərinə çəkməyi bacarıblar. Tabloid.az sürücü məşhurların yol macəralarını araşdırmağa çalışıb.

“Danq” səsi mənə doğmalaşıb

Yumor ustası Elməddin Cəfərov da sürücüdür. Yol polisi ilə hələlik sözü çəplə gəlməsə də, divarlarla indiyədək dil tapa bilməyib. Axırda, deyəsən, maneələrə alışıb. “Mercedes ML” sürən Elməddin yol hərəkəti qaydalarını pozmur, di gəl, maşın saxlama qaydalarına - parkovkaya da alışa bilmir:

“Qaydalara hörmətlə yanaşan sürücüyəm. Sükan arxasında hər hansı qayda pozuntusuna yol vermirəm. Ancaq maşının hər tərəfi bu həyatda öz sözünü deyib. Hər dəfə maşını parkovka edəndə mütləq bir yerə dəyir. Artıq “danq” səsi mənə doğmalaşıb. Maşın yeriməyəndə bilirəm ki, dayanmaq lazımdır”.

O tanınır deyə günahından keçirsiniz?

Müğənni Vasif Məhərrəmli ötən ay yeni maşın alıb. “Lexus” markalı 10 UX 002 dövlət qeydiyyat nişanlı maşını onun “Porsche” markalı, “10 V. M 500” dövlət nişanlı maşınını əvəz edib. Bahalı maşın həvəskarı olduğu aldığı avtomobilərdən də aydın görünən Vasif Məhərrəmli qayda pozsa da, yol polisi əməkdaşlarının tanındığı üçün ona güzəştə getməsinə razı deyil. Yol hərəkəti qaydalarını pozan və bununla fəxr edən müğənniləri də qınayır:

“Qızım maşına oturanda birinci deyirəm kəməri bağla. Müğənnilər deyirlər ki, sürət həddini aşdım, polis hörmət etdi. Hətta həmin anı çəkib sosial şəbəkəyə yerləşdirirlər. Belə olmaz. Kimliyindən asılı olmayaraq, qaydaları pozanlar cəzalandırılmalıdır. Bu cür hərəkətlə onlar özlərinə qarşı insanlarda qıcıq yaradırlar. Eyni zamanda, yol polisinə qarşı adamlarda aqressiya meydana gəlir. Bir dəfə yol polisi məni saxladı. Tanınmış olduğum üçün mənə hörmət etmək istədi. Amma məndən arxada başqa avtomobilin sürücüsünü də saxlamışdılar. Həmin adam irad tutdu ki, o tanınır deyə günahından keçirsiniz? Mən özüm belə şeyləri qəbul etmirəm”.

Yol polisini də, başqa sürücüləri də qıcıqlandırır

Deyilənə görə, sürdüyü avtomobilin dövlət nömrə nişanında əks olunan “HR” hərflərinin onun oğlu və özünün adlarının baş hərfləridir. Söhbət tanınmış müğənni Röya Ayxandan gedir. Hazırda idarə etdiyi "Cadillac Escalade" markalı maşını ötən ilin sentyabrında alıb. Avtomobilinin Bakıda satış qiyməti 130 min dollardan artıq olduğu bildirilir. Röya sükan arxasında özündən razı sürücülərdəndir. Avtomobili ilə təhlükəli davranışı da çox vaxt bu arxayınlıqdan irəli gəlir. Onun hərəkətləri nəinki yol polisini, hətta başqa sürücüləri də narahat edir:

“Oğlum maşında qabaqda oturmaq üçün dava edən zaman onu yol polisi ilə qorxuduram. Hətta yolda polis olmayanda da deyirəm “kamera çəkir”, “görəcəklər”. Uşaq indi kamera görən kimi maşındakı ayaq altında gizlənir”.

İpə-sapa yatmaz müğənninin sürətini yol polisi də azalda bilmir

Günay İbrahimli 5 ildir ki, sürücüdür. “Dodge Durango” sürən xanım müğənni sürət həddini tez-tez aşır. Təhlükəsizlik kəmərindən istifadə etmir. Hətta işıqforun qadağanedici işarəsinə əməl etmədiyi, qoşa xətti tapdaladığı, sükan arxasında telefonla danışdığı da olur.

Bir sözlə, sürücü kimi ipə-sapa yatmaz olan müğənninin sürətini yol polisləri də ala bilmir. Ancaq sürücülük vəsiqəsini ala bilirlər ki, o da Günayın 240-dan aşağı düşməyən sürətinə çətin ki, təsir edə.

Saçları pasportu, avtomobili isə ikinci evidir

Yolda istədiyini eləyib yol polisinin qarmağına keçənlər müxtəlif çarəyə əl atırlar. Teleaparıcı Zemfira Adıgözəlovanın əl atdığı isə saçları olur:

“Saçlarım mənə çox kömək edir. Hətta yol hərəkəti qaydasını pozduqda belə avtomobildə saçlarımı yığmışamsa dərhal açıram. Açılmış saçlarla dərhal tanıyırlar. Çox sağ olsunlar, yol polisləri də hörmətlə yanaşırlar. Düşünürəm ki, bu saçlar şou-biznesdə mənim pasportumdur”.

Saçları pasportu, avtomobilini isə ikinci evi adlandıran teleaparıcı qarderobunu da avtomobilində gəzdirir.

Aygünün ən yeni avtomobilləri

Xalq artisti Aygün Kazımova maşın həvəskarıdır. Azərbaycan şou-biznesində 1 həftə içərisində 2 avtomobil alan ikinci müğənni yoxdur. Aygün xanım bu ilin yazında hər ikisi 2013-cü ilin modeli olan qırmızı rəngli “Cadillac” ATS və "Chevrolet Camaro" alıb. Birinci maşının qiymətinin 70 min, ikincinin isə 50 min civarında olduğu söylənilir. Xalq artistinin maşınının markası ilə yanaşı, nömrəsi də cazibədardır. Müğənni yəqin ki, 99 DT 999 dövlət nömrə nişanını əldə etmək üçün nə az, nə çox 15-20-min AZN-dən keçməli olub.

Amma Aygün üçün də yol polisi nələrdənsə keçir. Belə ki, dəfələrlə yol hərəkəti qaydalarına zidd davranışlarla yaddaqalan Aygün Kazımovaya yol polisindən yaşıl işıq yandırılıb.

Məsələn, bir faktı yada salaq. Müğənni ön tərəfində dövlət nişanı yerinə svarovski daşlarla "DİVA" yazılmış, arxa hissəsində isə dövlət nişanı əvəzinə "Aygün" yazılmış avtomobillə Bakıdan Nabrana qədər gedib. Ancaq ona gözün üstdə qaşın var deyən olmayıb.

Qoşa xətti keçirəm, lazım olan yerdən dönürəm

Əməkdar artist Gülüstan Əliyeva da qayda pozan sürücülərdəndir. “Lexus” markalı avtomobili olan xanım yolda qoşa xətti keçir, istədiyi yerdən dönür:

tabloid.az

“Adamın beyni məşğul olur. Fikrim başqa yerdə olanda, qaydalar da pozulur. Qoşa xətti keçirəm, lazım olan yerdən dönürəm. Nə bilim… O qədər qayda pozuram ki… Ancaq qaydalar insanlar üçündür. Onlara əməl etməli olduğumuzu da bilirəm. Özümüz üçün, təhlükəsizliyimiz üçün qaydalara əməl etməliyik”.

Qayda pozmağın nəticəsi isə həmişə yol polisi ilə qarşılaşmaqla nəticələnir:

“Yol polisinə minnətdaram. Həmişə hörmət edirlər. Hər zaman böyük hörmətlə yanaşırlar. Tanımayanı da olur. Tanışlıq verəndən sonra təəccüblənib deyirlər ki, həyatda fərqliyəm. Yol polisindən hər zaman hörmət görmüşəm”.

"Gündəlik Teleqraf" MMC-yə daxil olmayan saytların istinadla olsa belə web-səhifəmizdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm