Gülüstan Əliyevanın qurbanı qəbul olunmadı – Müsahibə
Bizi izləyin

Tabloid.az

Gülüstan Əliyevanın qurbanı qəbul olunmadı – Müsahibə

Həyat səhnəsində oynadığı obraza biri də əlavə olunub. Yenicə nənə olan əməkdar artist Gülüstan Əliyevanı yeni obrazında da görmək istədik.

Həyat səhnəsində oynadığı obraza biri də əlavə olunub. Yenicə nənə olan əməkdar artist Gülüstan Əliyevanı yeni obrazında da görmək istədik. Ancaq razı sala bilmədik. Oğlu Rüfətin xoşu gəlmir, dedi. Hətta toyunda da media nümayəndəsi olmayıb. Odur ki, nənə ilə söhbətləşmək üçün görüş yerimiz evdə ailə ortamı deyil, Milli Konservatoriyada bir musiqi dərsi oldu...

Qısqanc və küsəyən sənət

Yeni nənə ilə söhbətə köhnə işindən başladıq. Məlum oldu ki, bol-bol yeniliklər etməyə hazırlaşır:

- Açığını deyim ki, əvvəlki illərə nisbətdə son 2-3 ildə bir az passivləşmişdim. Dördüncü solo konsertimdən sonra aktivliyim azalmışdı. Bu da məişət qayğıları ilə əlaqədar idi. Oğlumun təhsili, hərbi xidməti, sonra nişanlanması, evlənməsi başımı qarışdırdı. Anam 3-4 il xəstə yatdı, ötən yay isə dünyasını dəyişdi. Bunlar məni yordu. Ancaq 2014-cü ilin sonuna yaxınlaşdıqca fəallığımı bərpa eləmişəm. Yaradıcılığıma daha çox vaxt ayırmağa imkan tapmışam. Bilirsiniz, sənət çox qısqancdır. Sənətlə paralel hər hansı başqa işlərə vaxt ayırmaq olmur. İnsandan bütün varlığını – vaxtını, ömrünü ona həsr etməyi tələb edir. Bir az diqqətdən kənar qoyan kimi küsür.

İnsan yaşadığını hiss edir...

Hər iki işi – həm yaradıcılığı, həm də pedaqoji fəaliyyəti ilə sevərək məşğul olan sənətkar öz sənəti ilə yaşayır:

- Opera və Balet Teatrında tamaşalar qoyuruq, Konservatoriyada isə tələbələrimi öyrədirəm. Sevdiyim işlə məşğulam. İnsan sevdiyi işlə məşğul olanda yaşadığını hiss edir. 18 ildir Opera və Balet Teatrının aparıcı solistiyəm. Teatr mənim sənət beşiyimdi. Akademik aktrisa kimi orada püxtələşmişəm, sevilmişəm. Bunlarla paralel elmi iş üzərində də işləyirəm. Gələn il müdafiə edə bilsəm, musiqişünaslıq üzrə fəlsəfə elmləri namizədi olacağam. Heydər Əliyev adına Sarayda konsert vermək mənim çoxdankı arzumdu. Gələn il həmin arzumu da reallaşdıracağam. Əslində, dördüncü konsertimi də orada keçirmək istəyirdim. Saray yenicə təmirdən çıxmışdı. Bu və digər səbəblərdən baş tutmadı. İşlərim çoxaldıqca daha da həvəslənirəm. İş məni yormur. Elə olub 4 yerdə işləmişəm. Əvvəllər teatrda işim daha çox olurdu. Elə vaxtlar olub ki, həftə ərzində 2-3 tamaşa oynamışam. Həmin vaxtlar məişət qayğılarından da uzaq idim. Ona görə də neçə saat olursa-olsun, səhnədə də qala bilirdim, dərslərimi də deyirdim. Bundan sonra da yaradıcılıqla daha çox məşğul olacağam. Artıq həyatımız axarına düşüb. Qayğılar azalıb. Odur ki, sırf yaradıcılıqla məşğul olmağa imkan yaranıb.

Daim qanayan 3 yara

Bu həyatda qardaş, ər və ana itkisi... Cavanlığından bəri həyat ona itkilərin ən acısını daddırıb. Görəsən, bu itkilərin hansı daha acı, hansı daha sağalmaz, hansı daha çox göynədir? Köhnə, ya təzə, fərq etməz, Gülüstan Əliyeva itkilərindən göz yaşları içində danışdı:

- Anadan doğma nə var həyatda? İstənilən şeyi tapmaq, əvəz eləmək, yerini doldurmaq olur. Ancaq ananın əvəzini heç nə vermir. (qəhərlənir və göz yaşları danışmağa imkan vermir – red.) Atam da uzun müddət xəstə yatmışdı. 2003-cü ildə rəhmətə getdi. Amma anamın itkisi başqa oldu. Sən demə, insan anadan yetim qalır – deyənlər haqlıymış. İnsanın həyatının hər mərhələsində ona ana lazımdır. Oğluma da deyirəm... Qızını qucağına alıb diqqətlə baxıb əzizləyir... Deyirəm, “Rüfət, çox istəyirsən?”. Deyir, “hə, niyə çox istəmirəm, qızımdı”. Onda ona xatırladıram ki, bax, mən də səni elə çox istəyirəm. Nə qədər böyüsən də, mənim üçün balacasan, uşaq kimisən. Analar həyatımızda yeri heç vaxt dəyişməyən yeganə varlıqdı. Kimisə sevib, sonra nifrət edə bilərik. Evlənib ayrıla da bilərik. Övladımızdan küsə də bilərik. Ancaq anamızla bunlar mümkün deyil. Anamı heç nə əvəz edə bilmir. Bəlkə də təzə itirmişəm, ondandı. Bəlkə də heç vaxt köhnəlməyəcək. Zaman hər dərdin dərmanıdır, - fikri ilə heç vaxt razılaşmıram. Elə acılar var ki, nə vaxt tərpətsən, qanayır. Zaman ona heç nə eləyə bilmir. Hər üç acım belədir.

Allah onun qurbanını niyə qəbul etmədi?

- Günün birində qarşısına çıxan bir sevgi onun saqqızını oğurlayıb Konservatoriyadan çıxaracaq və ta Cəbrayıla qədər aparacaq. Seçim onun özünündür. Ya musiqini seçəcək, ya da sevgisini. O da seçdi. Seçimi də sevgisindən yana oldu. Elə bildi ki, alın yazısını özü yazdı. Ancaq seçimi alın yazısına uyğun olmadı. Axı, göylər ona sənət yolunu göstərmişdi. Allah onun sənət qurbanını qəbul etmədi:

- İnsanın ürəyində, həyatında, yanında yeri görünən insan var. Yanınızda bir boş stul, ətrafında milyonlarla insan ola bilər. Ancaq sən heç kimə o yeri göstərmirsən, heç kimin ora oturmasını istəmirsən. Həyat yoldaşım ideal insan deyildi. Hamının çatışmayan cəhəti olur. Təbii ki, onun da vardı. Ancaq mən onu sevmişdim... Sevdim, evləndim. Heç vaxt da peşman olmadım. 3 il biri-birimizi tanımaq imkanımız olmuşdu. Yaxın rəfiqəmin qohumu idi. Elə tanış olmuşduq. Əvvəlcə o, təyinatını alıb Cəbrayıla getdi. Mən də Konservatoriyanın ilk məzunlarından idim. Muğam fakültəsini bitirmişdim.Teatrda məni işə götürmək istəyirdilər. Musiqi məktəblərindən iş təklifləri alırdım. Həyatımı tamam başqa cür də qura bilərdim. Ancaq mən ailəni – onu seçdim. Həyatda insan hər zaman nəyisə qurban verir. Mən də sənəti ona qurban vermişdim. Hər kəsin bir alın yazısı var. Əslində “alın yazısı” ifadəsi ilə də razı deyiləm. Hər kəsin alın yazısı xarakteri, istəyinə görədir. Xarakterim də məni məhz o insana, müharibə bölgəsinə apardı. Onunla evləndik. 11 ay evli olmuşuq. O, şəhid olanda Rüfət yenicə doğulmuşdu. 3 il qayınatamgillə qaldım. Cəbrayıl işğal olunanda isə hamı rayondan çıxdı, mən də Bakıya qayıtdım.

Onu atasının yerinə qoymuşam...

Gülüstan Əliyevanın yanında sevdiyi insanı ona xatırladan, yaşadan bir oğul var:

- O, böyüdükcə dərdlərimi unutmuşam. Atasının yerini tutub. Elə ona da çox oxşayır. Sevgimi ona vermişəm, təsəllini də ondan almışam. Böyüməsinə elə tələsmişəm ki... Bunu da bu günlərdə hiss elədim. Rüfətə paltarı həmişə mən alırdım. Hərbi xidmətdən qayıdandan sonra dedi ki, özünə əyin-baş almaq istəyir. Mən də pul verdim ki, artıq böyük oğlandı, gedib istədiyini alsın. Qayıdanda mənə dedi ki, ay ana, sən demə, mən cavan oğlanammış. Sən isə mənə həmişə yekə kişi paltarları alırdın. Onda anladım ki, görünür, mən balamın böyüməsinə çox tələsirəmmiş. Təsəvvür edin ki, indi 23 yaşındadır. 11-ci sinifdə oxuyanda ona aldığım geyim dəsti indiki bədən ölçülərinə daha çox uyğun gəlir. Çıxarıb baxır, mənə də göstərir. Bəlkə də onu evin kişisi yerində görmək istəmişəm, atasının yerinə qoymuşam...

Ondan geriyə nə qaldı?

Ondan sonra bir oğlu, hər ağırlığını tək daşıyacağı bir həyat, ondan geriyə çoxlu problem qaldı. Qalanlar arasında bircə peşmançılıq yoxdu:

- Fikrimdən çox keçirmişəm: kaş boşansaydıq, ancaq o ölməyəydi. Ondan sonra kənddə, indi yoldaşımın adını daşıyan musiqi məktəbində dərs dedim. Ancaq rayon mühitindən hələ uşaq olarkən ayrıldığımdan oraya çətin alışırdım. Əhatəm Bakıda olduğu üçün bura qayıtmalı olduğumu hiss edirdim. Sonra gəlib Bakıda işlədim. Özümü tapa bilmirdim. Aid olduğum yeri axtarırdım. Bu axtarışlar 1996-cı ilə qədər də davam elədi. Nəhayət, Opera və Balet Teatrına qəbul olundum. Teatrın kollektivi məni bağrına basdı. Onların dəstəyi, özümün zəhmətimlə Gülüstan Əliyeva oldum. Anam, bacım mənə həmişə dayaq oldular. Onlar uşağıma baxdı, mən də işlərimin arxasınca qaçdım. Ancaq əminəm ki, ailə-məişət qayğıları bu qədər çox olmasaydı, onları özüm həll eləmək məcburiyyətində qalmasaydım, sənətdə yerim tam fərqli ola bilərdi. Şəhid arvadı, şəhid bacısı idim. Cəmiyyətdə özümə yer tutmaq üçün bunlardan da istifadə etmədim. Müharibə dövründə hər ailədə heç olmasa bir itki oldu. İnanıram ki, torpaqlarımızn düyünü mütləq bir gün çözüləcək. O yerlərə geri dönmək imkanımız olacaq. Siz təsəvvür edirsinizmi ki, 1993-cü ildə Cəbrayıl işğal olunandan bu yana mən qəbir üstə gedə bilmirəm. O torpaqlar qayıtmalıdır ki, şəhid analarının üzü gülsün. Hiss etsinlər ki, bu torpaqlardan ötrü ölməyə dəyərmiş. Mən çox deyirəm ki, heyf onun ömründən. Qardaşım, həyat yoldaşım bu yolda həyatlarını itirdilər. Şəhidlik ən uca zirvədir. Ancaq insan vətəni üçün sağlığında daha çox xeyir verə bilər. Bəzən elə bir hiss bürüyür məni ki, günü sabah qayıdacağıq torpaqlarımıza. Düzdü, orada nələr görəcəyimi və bunların heç də ürəkaçan olmayacağını da bilirəm. Qayıdıb uçurulmuş evimizdən, yandırılmış şəhərdən, kəsilmiş ağaclardan, dağılmış qəbiristanlıqlardan, viran qoyulmuş yurddan başqa nə görə bilərəm ki... Ancaq mən buna da hazıram.

Qayınana Gülüstan

Artıq 1 ilə yaxındı ki, oğlunu evləndirib. Əməkdar artist səhnədə qazandığı sevgini ailədə də qazanıb:

- Oğlum sevdiyi, tanıdığımız qızla evləndi. Heç bir valideyn sevgi əleyhinə ola bilməz. Ona görə də hər ailə ümumi razılıq əsasında qurulmalıdır. Onda ailədə sülh və əmin-amanlıq hökm sürür. Oğlumla gəlinim də valideynlərin razılığı ilə evləndilər. Mütəmadi olaraq mənimlə məsləhətləşirlər. Bu da mənim çox xoşuma gəlir. Bütün valideynlər sayılıb-seçilməkdən xoşlanır. Gəlinim də həmişə zarafatla deyir ki, onu anasından daha yaxşı başa düşürəm. Gənc ailə olduğu üçün hər cəhətdən böyüklərin dəstəyinə ehtiyacları var. Ümumiyyətlə, bu gün valideyn köməyi olmadan dolana bilən ailə az olar. Artıq 2 aydır ki, Rüfətin qızı dünyaya gəlib. Təbii ki, indi ehtiyacları bir az da artıb. Ancaq Banuçiçəklə ailəmizə sevinc, yeni nəfəs gəlib. Hər şeyin yaxşı olacağına inamımız artıb. Deyirlər nəvə baladan şirindi. Ancaq mənim üçün elə deyil. İstər 5 nəvəm olsun, oğlumun önünə keçə bilməz.

Artıq səhnəni heç nəyə qurban verməyəcəyəm

Hələliksə, nənə Gülüstan nəinki ana Gülüstandan, heç əməkdar artist Gülüstandan da önə keçə bilmir:

- Nəvəm də, sənətim də mənə əzizdir. Hər ikisi məhəbbət tələb edir: nəvə də, səhnə də. Hər ikisinin də öz yeri var. Allah məni seçim qarşısında qoymasın, ancaq artıq səhnəni heç nəyə qurban verməyəcəyəm. Sənət adamısansa, allah təala tərəfindən seçilən adamsan. Deməli, çiyninə qoyulan missiyanı da layiqincə yerinə yetirməlisən. Əslində, nənəlik də bir missiyadır. Ancaq nəvəmin öz valideynləri var. Ona görə də, nənə missiyası o qədər də ağır deyil. Nənə olaraq ancaq məsləhət verə bilərəm. Onu da edirəm.

Xatirələrlə yaşayan insan deyiləm

Hazırda oğlunu evləndirib tək yaşayan aktrisa əsas gücünü işlərinə verib. İşlərinin çoxluğundan darıxmağa vaxtı qalmasa da, təkliyin ən yaxın yoldaşı xatirələrdir:

- Tək yaşayıram. Darıxmağa ümumiyyətlə vaxtım olmur. Olsa da, oğlumgilə qaçıram. Evlərimiz arasında məsafə çox yaxındı. Xatirələr lap çoxdu, ancaq mən onları yaxın buraxmıram. Ən şirin xatirə də acı dadır. Çünki keçmişdə qalıblar. Mən önümə baxıram.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm