Səbuhi Rəhimlidən bürclərlə bağlı maraqlı açıqlamalar
Bizi izləyin

Tabloid.az

Səbuhi Rəhimlidən bürclərlə bağlı maraqlı açıqlamalar

Tabloid.az-ın “Kokteyl” layihəsinin bu həftəki qonağı tanınmış astroloq Səbuhi Rəhimli oldu.

Tabloid.az-ın “Kokteyl” layihəsinin bu həftəki qonağı tanınmış astroloq Səbuhi Rəhimli oldu. Astroloq bürclərin maraqlı tərəfləri haqqında suallarımıza cavab verdi.

- İnsanlar bürclərə maraq göstərsə də, buna bir növ əyləncə kimi yanaşırlar. Çoxları isə ciddi qəbul etmir. Sizcə, bürclərə görə evlənmək məsələsinə nə dərəcədə ciddi yanaşmaq olar?

- Bu sual astrologiya yaranandan hamını maraqlandırır. Astrologiyanın müəyyən detalları var ki, insanı daha yaxşı tanımağa kömək edir. Ümumiyyətlə, dünya psixoloqları astrologiyanı psixologiyanın bir qolu kimi qəbul edirlər və onun tərkibinə salmaq istəyirlər. Məsələn, hər bürcün ilkin, özünəməxsus xarakterik cəhətlərindən onun necə insan olduğunu müəyyən etmək mümkündür. Amma düşünürəm ki, evlilik qərarını təkcə bürclərlə bağlamaq olmaz. Sevgi daha çox ruhla bağlı məsələdir, burada cazibənin də rolu var. Düşünürəm ki, Allahdan sonra dərk olunmayan ikinci amil sevgidir. Bununla bağlı maraqlı bir misal çəkim. Ramazan ayının müqəddəs Qədir gecələrində oyaq qalmalı, bütün gecə dua etməli olduğumuz halda, bəzən tənbəllik edib yatırıq. Amma sevdiyimiz insana görə neçə gecə yuxusuz qalmağı bacarırıq. Fərhad Şirini o qədər sevməsəydi, bəlkə də Bisutun dağını dağıda bilməzdi. Fərhad bu enerjini təbii ki, sevgidən almışdı...

- Belə çıxır ki, sevgi istənilən problemi həll etmək gücünə malikdir?

- Əlbəttə. Sevib evlənmək əksər hallarda bütün problemlərin öz-özünə həll olunması deməkdir.

- Gənclər bürcə görə yar seçməklə bağlı sizə müraciət edirlər?

- Bu cür müraciətlər çox olur. Mənə müraciət edəndə ilk öncə onların doğulduğu məkanı nəzərə alıram. Çünki regionun özünün də adət-ənənəsi var. İkinci amil isə peşə məsələsidir. İkisi də həkim, yaxud şair olsa, onları birləşdirən ortaq cəhətlər çox olur.

- Eyni bürclərin izdivacı uğurlu alınır?

- Klassik astrologiyada eyni bürclərin izdivacı məsləhət görülmür və bir az problemli olur?

- Niyə?

- Çünki ikisi də eyni iddiada olurlar, maraqlar toqquşur. Bu halda isə güzəştə getmək əmsalı çox aşağı olur və fikirləri bir-birinə tərs gəlir.

- Ən çox uyğun gələn bürclər hansılardır?

- XIX əsrdə Avropanın inkişaf etmiş astrologiya mərkəzlərində uyğun izdivacın Buğa ilə Qız bürcü arasında olduğunu deyirdilər. Amma bu bürclərdən olan cütlüklərin boşandığı hallar da olur. Yaxud da Qoç ilə Qız bürcünün heç uyğun gəlmədiyi deyilir. Amma mən bu vaxta qədər bu bürcdən olan təxminən 200 cütlüklə qarşılaşmışam. Onların heç bir boşanmayıb və nikahları çox uğurlu alınıb. Bu səbəbdən də deyirəm ki, sırf bürcləri əsas tutub evlənmək doğru deyil.

- Evliliyini məhz bürclər üzərində quranlar var?

- Bu ənənə Hindistanda daha çox yayılıb. Orada nikah astrologiyası çox geniş yayılıb. Toy gününün düşər-düşməzliyini əvvəlcədən öyrənməyə çalışırlar. Hətta uşaq dünyaya gələn anı astroloqa bildirib müvafiq məsləhətlər alırlar. Burada bürc yox, əslində saat qoroskopu rol oynayır. Dəqiq doğum tarixinə əsaslanan qoroskoplar azı 90 faiz doğru çıxır. Hindistanda hətta bir oğlan uşağının hələ 3 il sonra doğulacağı təyin olunan qızla evlənəcəyini də deyirlər.

- Məncə, bu artıq astrologiya deyil, falçılıqdır. Bunu axı necə müəyyən etmək olar?

- Daha orasını mən bilmirəm. Hindistanda sınaqdan çıxdığı üçün orda bu, kütləvi hal alıb. Astrologiyada təsir mexanizmi yoxdur. Bu elm uğurlu zaman kəsiklərini fərdlərə bildirir və həmin zaman kəsiklərində fərdlərin üzərinə düşən öhdəlikləri bəyan edir. Seçim etmək, güclü və ya zəif olmaq hər kəsin iradi bacarığıdır. Məgər uğurlu əməliyyat qurub, gözəl taktika seçib hücum edən bütün ordular qələbə çalıb? Əsla! Burada psixoloji məqamlar, ətrafa münasibət, hadisələrə reaksiya və ömür təcrübəsi də başlıca rol oynayır. Təxmini desək, sevgi məsələsində astroloji kömək 25-30 faizdən yuxarı qalxa bilməz. Ən azı hər bir bürcün öz ümumi psixologiyası da var.

- Bir-birinə uyğun gələn bürcləri nə ayıra bilər?

- Yuxarıda sadaladım. Bürc uyğunluğu kifayət etmir. Tutaq ki, Qoç və Şir bürcləri çox uyğun gəlir. Məgər Qoç elə harda Şir görsə, onu sevəcək? Bu, bir az absurddur. İlkin cazibə hələ sevgi və izdivac demək deyil, bəzən dostluq kimi də davam edir...

- Bəs bəxtin bürclə əlaqəsi var?

- Bəxt (gülür)? Bütün bürclərdən bəxti gətirən də olur, gətirməyən də. Bəxt karma ilə bağlıdır: nə əkərsən, onu da biçərsən. Hər bir insan öz bəxtini özü yazır, yəni, onun bürclərlə əlaqəsi olduğunu demək düzgün olmazdı.

- Xəyanətə ən çox hansı bürclər meyllidir?

- Niyə “ən çox hansı bürc sevir?” demirsiniz? Belə bir fraza yoxdur axı.

- Çünki sevgini ölçən cihaz yoxdur.

- Eləcə də xəyanəti ölçən cihaz yoxdur. Xəyanət insandan gəlir, bürcdən yox. Bunu bürclə əlaqələndirmək olmaz. Müxtəlif zamanlarda, müxtəlif bürclərin adı xəyanətdə hallandırılıb. Ən çox Əqrəb, Sutökən (Dolça) və Balıqların adı hallandırılır. Lakin mən bunu qətiyyətlə rədd edirəm.

- Bəs bir astroloq olaraq bürclərin izdivacına sizin fərdi münasibətiniz necədir?

- 20 ilə yaxındır ki, bu sahə ilə məşğulam. Amma indiyə qədər nə efirdə, nə mediada, nə də kitablarımda bürclərin izdivacı barədə bir kəlmə də deməmişəm.

- Astrologiyada ən güclü illər hansılar hesab olunur?

- Pələng və Əjdaha ilində dünyaya gələnlər ən güclü insanlar sayılırlar. Qeyd edim ki, Əjdaha həm də 12 heyvan arasında real olmayan yeganə heyvandır. Əjdaha göy enerjisini himayə edir, Pələng isə Yer enerjisinin himayəçisidir. Lakin Əjdaha ilinin dağıdıcı xüsusiyyətləri var. Onlar sabitliyi o qədər sevmirlər ki, hətta pis şeylər baş versə belə, “təki nəsə olsun” deyirlər. İraqda və Əfqanistanda döyüşə gedən əsgərlər arasında sorğu keçirilib. Statistikaya əsasən könüllülərinin çoxunun Əjdaha ilindən olduğu məlum olub. Qarabağ müharibəsində isə şəhid olanların çoxu Siçovul ilindən olub. Müharibələrdə Əjdahalar yaralansa da, əksər hallarda sağ qalırlar, Siçovul ilindən olanlar isə daha çox şəhid olurlar. Əjdahalarda fitrətən döyüş taktikası yaxşı inkişaf edib.

- Heç olubmu ki bürclər, ulduzlar və planetlər sizi yanıldıb?

- Gündəlik proqnozlarımızda, ümumi astroloji məlumatlarımızda təbii ki, uyğun gəlməyən məqamlar olur. Çünki bunu kütləvi olaraq hamıya aid etmək olmur. Fərdi qoroskoplarda, yəni saat qoroskoplarında 1 faiz də yanlışlıq olmur. Astroloqları daha çox ictimai-siyasi proqnozlarına görə dəyərləndirirlər. Bu barədə də öyrənmək çətin deyil. Hər il mətbuata 20-25 ictimai-siyasi proqnoz verirəm və 1-i, uzağı 2-si yanlış olur. Bunu siz də yoxlaya bilərsiniz. Ulduzlar çox adama baxanda daha etibarlı dostlardır.

P.S Qeyd edim ki, tanınmış astroloq Səbuhi Rəhimlinin 2015-ci il üçün hazırladığı bürclərin proqnozunu bayram ərəfəsi saytımızdan oxuya biləcəksiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm