Diyetoloq: “Acqarına meyvə yemək şəkər xəstəliyinə dəvətnamədir”
Bizi izləyin

Tabloid.az

Diyetoloq: “Acqarına meyvə yemək şəkər xəstəliyinə dəvətnamədir”

Piylənmədən necə xilas olmalı - problem, yoxsa dəb?

Son illərdə hamı arıqlamaqdan danışır. Düzdür, hərdən kökəlmək istəyənlərə də rast gəlinir... Ancaq günümüzün əsas problemi arıqlamaqdır.

Hazırda ölkəmizdə 30 yaşdan sonra insanların demək olar ki, əksəriyyəti artıq çəkidən əziyyət çəkir. Tabloid.az “Normal çəkiyə necə nail olmaq olar?”, - sualına həkim diyetoloq Tutu Zeynalova ilə cavab axtarıb:

Piylənmədən necə xilas olmalı - problem, yoxsa dəb?

- Artıq çəkinin səbəbi nədir?

- Daha çox passiv həyat tərzi insanları çəki problemi ilə qarşı-qarşıya qoyur. Mən deyərdim ki, artıq çəki texnologiyanın gətirdiyi bir problemdir.

- Deməli, kökəlməmək insanın öz əlindədir. Kökəlməyə meyilli olanlar bunun qarşısını hələ problemə çevrilmədən ala bilərlər. Amma necə? Nə edək ki, kökəlməyək?

- Elə bir möcüzəvi yol, ya da möcüzəli qida yoxdur ki, onlardan istifadə edərək insan arıqlaya bilsin, ya da heç kökəlməsin. Lakin insan qida rejiminə və qida rasionuna düzgün əməl etməklə buna nail ola bilər. Kökəlməmək istəyirsinizsə, işə gün ərzində tələb olunan qədər su içməklə başlamaq olar. Bu, məqsədə nail olmağın bir yoludur. Hər səhər yemək lazımdır. Səhər yeməyini ixtisara salmaq yanacaq doldurmadan maşın sürməyə bənzəyir. Odur ki, səhər yeyib, gün ərzində isə ayaqüstü qidalardan uzaq durmaq lazımdır. Onda insan kökəlməz.

- Kök olanlar bu problemi həll etməyə nədən və haradan başlamalıdır?

- İlk növbədə həkimdən başlamalıdır. Güvəndiyi bir mütəxəssislə kökəlməsinin səbəbini araşdırıb tapmalıdır. Nə edəcəyi bu səbəbdən asılı olaraq dəyişir. Ancaq çoxları yanlış olaraq arıqlamaq üçün məşhurların istifadə etdikləri reseptləri axtarır, arıqlama məhsullarına üz tuturlar. Həkim diyetoloqa müraciət etmək isə ən sonda, hər yerdən əl üzüləndə yada düşür. Nəinki bizim ölkəmizdə, elə Amerikada da 3 xəstədən 1-i qonşunun resepti ilə arıqlamağa cəhd edir. Halbuki hər bir arıqlama proqramı şəxsin özünə yönəlik tərtib olunmalıdır. Başqa sözlə, mütəxəssis həmin şəxsə uyğun arıqlama proqramı tərtib etməlidir.

- Arıqlama proqramı tərtib olunarkən nələrə diqqət edirsiniz?

- Proqram tərtib olunanda insanın qida rejimi, sevdiyi və heç yemədiyi qidalar nəzərə alınır. Məsələn, səhər 10-dan sonra yuxudan oyanan biri üçün səhər saat 6-ya yemək təyin etmirik. Ya da sevmədiyi bir meyvə və ya yeməyi onun qida rasionuna daxil etmək tamamilə yanlışdır. Proqram elə tərtib olunmalıdır ki, şəxsin həyat tərzinə çevrilsin. Bir həftə həyata keçirib sonra atmasın.

Piylənmə uşaqlarda da başlayıb

- Artıq çəkidən daha çox kimlər şikayətçidir?

- Qadınlar. Lakin son vaxtlar kişilərin, hətta təəssüflə də olsa, qeyd etməliyəm ki, piylənmədən əziyyət çəkən uşaqların da sayı artmaqda davam edir. Doğuşdan sonra arıqlaya bilməyən qadınlar və ofis işçiləri arıqlamaq üçün müraciət edənlərin içərisində xüsusi çəkiyə malikdir.

- Bəs, insan yemədən kökələ bilərmi?

- Əslində, elə uzun müddət yeməyənlər kökəlirlər. Belələri həm də müxtəlif az kalorili yanlış arıqlama proqramlarından istifadə edənlərdir. Ac qalmaqla arıqlamaq istəyənlərin orqanizmində bəlli bir müddətdən sonra özünüqoruma mexanizmi işə düşür. Orqanizm az miqdarda qəbul edilən qidanı da depolayır. Çünki yenidən ac qalma təhlükəsini hiss edir. Nəticədə insulin dirənci meydana gəlir və insan kökəlir. Insulin dirənci köklüyün səbəbidir.

Çox yeyib kökəlməyənlərin 2 sirri

- Çox yeyib kökəlməyənlər də var...

- Burada 2 faktor mühüm rol oynayır. Birinci və dəyişdirilə bilməz amil insanın genetikasıdır. Hər bir insanın bazal metabolizmi olur. Birində metabolizm sürətlə işləyir. Belələrinə dair elə təəssürat formalaşır ki, nə qədər yeyir yesin, çəkisi artmır. Digər qrup insanlarda isə bu bazal metabolizm zəifdir. Nə yesə, kökəlir. Çox yeyib kökəlmirsənsə, buna hər hansı xəstəlik səbəb ola bilər. Məsələn, endokrin sistemdə hər hansı xəstəlik, qalxanvari vəzdə problem, qurd invaziyası, insulin dirənci və s. Xəstəliyin olub-olmaması ətraflı araşdırılmalıdır. Biri yeyib kökəlmirsə, demək ki, mütləq bir səbəbi var.

Meyvə, ya çörək?

- Meyvələrin qida rasionunda yeri əvəzsizdir. Bəs, rasionun tamamilə meyvədən ibarət olması nə qədər qəbul olunandır?

- İnsanın gündəlik ehtiyacları var. Monopəhrizlərə qarşıyam. Gündəlik qidanın 50-55 faizini karbohidratlar, 15-20 faizini proteinlər, 25-30 faizini yağlar təşkil etməlidir. Acqarına yeyilən meyvə şəkər xəstəliyinə dəvətnamədir. Axşam saatlarında isə meyvə tövsiyə etmirik. Ümumiyyətlə, meyvə seçimində də diqqətli olmağı tövsiyə edirik. Çünki hər meyvənin qlisemik indeksi var. Yəni həmin meyvə şəkərə nə qədər təsir edir? Məsələn, banan, üzüm, qarpız, yemiş, əncir qlisemik indeksi yüksək olanlardır. Bu meyvələri şəkər xəstəliyinə meyilli xəstələrə məsləhət görmürük. İstənilən halda, meyvə yeməklə arıqlamaq fikri real deyil. Olsa belə, sağlam yol deyil. Bu pəhrizin sonunda arıqlasanız da tezliklə itirilən çəki geri dönəcək.

- İnsanın gündəlik qida rasionunda meyvə nə qədər xeyirli hesab edilirsə, çörək bir o qədər zərərli qiymətləndirilir. Niyə?

- Çörəyin gündəlik miqdarını müəyyən edərkən insanın çəkisini nəzərə alırıq. 110 kiloqramlıq insan üçün tərtib edilən arıqlama proqramında çörəyin miqdarı daha az olur. Ümumiyyətlə isə, mayasız buğda çörəyinə üstünlük verilməlidir. Ağ undan bişirilən çörək yemək məsləhət deyil. Çünki, ağ çörəyin qlisemik indeksi yüksəkdir. Şəkərə meyilli ailələrdə buna diqqət etmək xüsusi ilə vacibdir.

Sürətli arıqlamanın nəticəsi müvəqqəti olur

- Sürətli və sağlam arıqlama proqramı varmı?

- Həftədə 1 kiloqramdan artıq arıqlamaq olmaz. Çəkisi 100-120dən artıq olanlarda sürətli arıqlamaya üstünlük versək də, 100-dən aşağı çəkiyə malik insanlarda bu, məsləhət deyil. Çörəyin miqdarı xəstənin çəkisinə görə dəyişir. Tutalım, 110-120 kq birinə günə 3 dilim çörək versən acandan halı pisləşər. Çəki nə qədər yüksəkdirsə, çörək porsiyasının miqdarı daha çox olmalıdır. Çünki çəkisi 100 kiloqramdan az olanların itirdiyi çəkinin əzələ kütləsindən və sudan deyil, yağdan getməsi üçün proses zəif getməlidir. Belə olanda itirdiyiniz çəki də müvəqqəti olmur.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm