Burun əməliyyatı haqqında inanılmaz faktlar
Bizi izləyin

Tabloid.az

Burun əməliyyatı haqqında inanılmaz faktlar

Aygün Kazımovanın çıxarıb atdığı qabırğadan burun düzəldirlər

Azərbaycan qadınları ta qədimdən baxımlı olublar. Öz görünüşlərinə, səliqəsinə düşkün olan müasir qadınlarımız isə, lazım gələrsə, lap burnunu qırdırmaqdan belə çəkinmirlər.Tabloid.az-ın bu dəfəki müsahibi burnundan narazı olanların, xüsusən qadınların köhnə burnunu qırıb onlara yeni burun düzəltmək üzrə ixtisaslaşıb. Düzdü, həkim otorinolarinqoloq, estetik cərrah Qorxmaz Vahidoğlu şəlpə qulaqlara da əl gəzdirir. Ancaq, dediyinə görə, insanlar ən çox burunlarından narazıdırlar.

Biz burnumuzdan, asiyalılar isə gözündən...

- Burnundan narazıların coğrafiyası Azərbaycanla məhdudlaşmır. Plastik cərrahiyyənin ən məşhur olanı burun – rinoplastika, Asiyada isə bleoplastikadır. Biz burnumuzu, asiyalılar isə gözünü avropalılara bənzətməyə çalışırlar. Burunlu xalqlar əsasən, ərəblər, bir də Qafqaz xalqlarıdır. Afrika və Asiya xalqları isə fərqli burun xüsusiyyətlərinə malikdirlər. Ona görə də həmin ölkələrdə burun əməliyyatları zamanı fərqli proses həyata keçirilir. Məsələn, Asiya ölkələrində burnun böyüdülməsini və uzadılmasını, ya da bel hissəsinin qaldırılmasını daha çox istəyirlər. Ona görə də, həmin ölkələrin rinoplastikası, həkimlərinin vərdiş və bacarıqları bizimkilərdən fərqlənir. Ən populyar rinoplastika isə bizim də aid olduğumuz Qafqazyan rinoplastikasıdır. Bu növün əhatəsi də genişdir. Əvvəllər elə hesab edirdim ki, Qafqazyan növü Qafqaz xalqları ilə bağlıdır. Ancaq sonradan öyrəndim ki, dünyadakı ağdərililərin hamısının burnu Qafqazyan tipinə aiddir.

Burnundan narazılar

- Burnundan narazı olanlar arasında çoxluğu qadınlar, xüsusən cavan xanımlar təşkil edir. Heç cavan kişilər də qadınlardan geri qalmırlar. Ancaq cərrah masasında yaşlandıqca nəfəs problemi artan, yaxud ömür boyu burnunu dəyişdirmək arzusunda olanları da görmək olur. Qızlar daha çox forma xatirinə müraciət edirlər. Ailədə fikri əsaslandırmaq üçün deyirlər ki, nəfəs ala bilmir. Müayinə zamanı isə görürük ki, burunda problem yoxdur. Əslində burada valideyn də bilir ki, qızının nəfəsalmasında hər hansı problem yoxdur. Mütəxəssis olaraq, onlara da deyirəm, gözəlik xatirinə sağlamlıqlarını təhlükəyə atmasınlar. Mənə müraciət edən xəstələrdən birinin 45 yaşı vardı. Gözəlləşmək xatirinə burnunu əməliyyat etdirmişdi. Nəticədə nəfəsalmada da problemi yaranmışdı. Ən gülməlisi isə odur ki, dediyinə görə, əri burnunda əməliyyat olunduğunu və dəyişikliyi hiss etməmişdi. Yəni, belələri sağlamlığını boşuna təhlükəyə atır.Azərbaycan xalqı öz burnunu əsasən model tipli burunlarla dəyişmək istəyir: kiçik, səliqəli. Xüsusən, xanımlar çox götürülmüş, kəskin dəyişiklik olan burunları xoşlayır. Elə burunlar da hər adama yaraşmır. Ya da istəyən şəxsin burnunda alınmır.

Şou-biznesdəki narazılar

- Mən şou-bizneslə maraqlanmıram. Ancaq bilirəm ki, bu sahədən burnunda qüsur axtarıb tapanlar daha çoxdur. Bir çoxunun köhnə şəkillərindən görünür ki, əslində haqsız da sayılmazlar. Konkretləşdirsək, məsələn, 3 dəfə burun əməliyyatı keçirən Röyanın cəhdlərinin uğursuz alınmasının səbəbi dərisi ilə bağlıdır. Mən ona növbəti əməliyyatı məsləhət görmürəm. Rəqsanənin dərisinə baxın. Qalın ətli dəridir. Ona görə də nəticələri uğursuzdu. Ancaq Nanənin dərisi nazik elastikdi. Aygünün dərisi də pis deyil. Odur ki, Aygün Kazımovanın üzərində aparılan əməliyyatların uğurunu heç də cərrah Nekrasovda axtarmaq lazım deyil. Ortabab cərrahın işi da Aygündə yüksək nəticələnəcək.

Uğurlu əməliyyatın sirri

- Bütün cərrahlar eyni prosedura həyata keçirir. Cərrah burun skeletini düzəldib dərini üstünə atır. Sonrakı proses cərrahdan asılı deyil. Dəridən, burnun qığırdaqlarından asılı olaraq sağalma gedir. Bu prosesdə gözlənilməz nəticələr ortaya çıxa bilər. Tutaq ki, çox problemli, sözə baxmayan, qalın dərili insanlar burunlarını çox kiçiltməməlidi. Çünki buruna verilən formanın alınma şansı məhz dəridən asılıdır. Dəri nazik, sağlam, elastik dəridirsə, həmin burunda orta səviyyəli cərrahın normal işi yüksək nəticə verir. Problemli dəri isə pis nəticə deməkdi. Əməliyyatdan sonra dərinin özünü necə aparacağını isə əvvəlcədən demək mümkün deyil. Dəri gözəl olanda həkim də özündən arxayın danışır. Röyanın dərisi pisdir, Nanənin dərisi isə yaxşı. Odur ki, Nanənin dərisi kimi dəriyə sahib insanlardan cərrahlar reklam məqsədi ilə istifadə edirlər. Onlar həkimin üz ağlığıdır. Pis dərili xəstə isə həkim üçün anti-reklamdır. Lap Amerika ulduzlarının da əməliyyatlarına baxıb nə qədər istəsəniz problem tapa bilərsiniz.

Burnunu qıran olmayıbsa...

- Pis nəticə həm də travmatik burunlarda yüksək faiz təşkil edir. Uşaq vaxtından əzilmiş, yana əyilmiş bir burnu düzəldib yeni formaya salmaq çox çətindir. Bir sözlə, normal dərisi və travmasız burnu olan, qüsursuz sifət cizgilərinə sahib birinin gözəl buruna sahib olma şansı daha çoxdur. Azərbaycan qadınları arasında problemi olan və bu səbəbdən cərraha müraciət edənlərin sayı az deyil. Müşahidələrimiz göstərib ki, belələri əsasən rayonların əhalisidir və həkimlərə çox ciddi travmalarla müraciət edirlər. Ümumiyyətlə, kəndlərdə olan oğlan və qızların burnu pis gündə olur. Bunun bir səbəbi də qəzalar zamanı rayonlardakı dövlət xəstəxanalarının problemə müdaxilə formasıdır. Belə ki, travma almış buruna müdaxilə edərkən onun formasına diqqət yetirmirlər. Forması dəyişmiş burun isə sağlam ola bilməz. Belə olan halda da burun əməliyyatı daha da çətinləşir. Süd-qatığı çox yediklərindən kənd qızlarının qığırdaqları yaxşı bərkiyir. Sümüklərin qırılması çətinlik yaradır. Sümük dəmir kimi bərk olur. Bu iş üçün rinoplastiklər “ağır texnika”dan istifadə eləməli olur. Onların üzərindəki əməliyyatdan sonra qaralmalar da çox olur. Şəhər qızlarında isə, əksinə, sümük və qığırdaqlar daha kövrək olur.

Plastik əməliyyatın yaşı

- Bu yaş 17-dən başlayır. Daha az yaşda olan xəstələrə burun əməliyyatı məsləhət görmürük. Çünki, məsələn, çəpər əyriliyindən əziyyət çəkən uşağa müdaxilə etmək problemin daha sürətlə artması deməkdir. Əksər hallarda burun probleminə 17 yaşdan sonra müdaxilə olunmalıdır. Burun əməliyyatının uğuru yaşdan çox asılıdır. Eyni problemə görə, daha böyük yaşda müdaxilə 3 faiz, daha kiçik yaşda 10 faiz çox artır. Lakin uşağın burnu hər hansı qəza, travma nəticəsində zərər görübsə, ona müdaxilə vacibdir və bu zaman rekonstruksiya cərrahı müdaxilə edir.

Əməliyyatdan razı qalanlar...

- Əməliyyat olunanların 40 faizi nəticədən tam razı qalır. İkinci 40 faiz müəyyən iradları olsa da, razıdır. 20 faiz tam narazıdır. Onların da 10 faizi təkrar əməliyyata gedir. Bu göstərici bütün dünyada belədir. Lakin avropalılar daha məlumatlı olurlar. Mən əcnəbiləri də əməliyyat edirəm. Konkret fikirlə gəlir, istəyini deyir, nəticədən də razı qalır. Bizimkilərdə isə məlumatlılıq səviyyəsi 0 olur. Qonşuda görür, xoşuna gəlir. Görülən işə qiymət verəndə də öz fikrini deyil, başqalarının dediklərini əsas tuturlar. Odur ki, öz xalqımızda işimizin nəticəsi başqalarının fikrindən asılıdır. Uzun müddət burun əməliyyatı arzulamış və ya nəfəsalmada ciddi problemlər yaşayanlar əməliyyatdan sonra nəticədən daha razı qalırlar. Onlar həm də yaşlı insanlardır. Əməliyyatın nəticəsinə real baxırlar. Cavanlar, xüsusən, qızlar isə çox tələbkar olurlar. Çox vaxt onları başa düşə bilmirəm. Hətta özləri də bilmir nə istədiklərini. Əgər qüsur axtarsaq, Türkiyənin baş plastik cərrahının işində də tapmaq olar. Məsələn, mən öz burnumda nə qədər istəsən, qüsur tapa bilərəm. Hətta deyərdim ki, Nazim Çərkəzin etdiyi bu əməliyyat mənim işim olsaydı, 100 qüsur tapardılar... Ümumiyyətlə isə, qüsurları əməliyyatdan bir il sonra axtarmaq məsləhətdir. Çünki əməliyyat olunan burnun yerinə oturması bir il çəkir. Əməliyyatın qiymətləndirilməsi də məhz bir ildən sonra həyata keçirilir. Korreksiya zəruridirsə, mütləq 1 il sonra həyata keçirilməlidir. Ağıllı adamlar növbəti dəyişiklik üçün 2 ilə qədər də gözləyənlərdir. Düzəliş planı bundan sonra cızılmalıdır. Bizim xəstələr əməliyyatın üstündən 1-2 ay keçməmiş həkimin üstünə düşür. Xaricdə bu, mümkün deyil.

Təkrar əməliyyat

- Xaricdə həkimin və xəstənin üzərinə düşən vəzifə və məsuliyyət detallarına qədər yazılıb imzalanır. Həkimin günahı sübut olunmadan onu heç nədə qınamaq mümkün deyil. Bizim ölkədə hətta ən məlumatsız xəstə belə həkimi ittiham edir, nəticənin istəyinə uyğun olmadığını deyir, təkrar əməliyyat tələb edir və üstəlik növbəti əməliyyata da pul verməyəcəyini deyir. Halbuki xaricdə təkrar əməliyyat xəstəyə daha baha başa gələ bilər. Xaricdə əməliyyat şərtləri çox ağırdır. Mən 3 dəfə burun əməliyyatı keçirmişəm. Üçüncü əməliyyatı Türkiyənin baş plastik cərrahı Nazim Çərkəz həyata keçirib. İlk əməliyyat 1991-ci ildə Bakıda olub. Çəpər əyriliyi şikayəti ilə həkimə müraciət etdim və 4 saylı xəstəxanada əməliyyat olundum. Əməliyyatdan sonra nəfəs problemim nəinki aradan qalxdı, üstəlik yana əyilmiş travmatik burunla yaşamağa davam etdim. Tibb Universitetini bitirdikdən sonra başqa bir özəl klinikada məşhur cərraha müraciət etdim. Məsləhət gördü ki, çəpər əyriliyi problemi ilə yanaşı forma da verilməlidir. Razılaşdıq. Nəticədə nəfəs problemim daha da kəskinləşdi, forması isə pisləşdi. Bu ikinci əməliyyat mənim ixtisas seçimimə təsir etdi. Dedim ki, mən bu sahə üzrə ixtisaslaşmalıyam. Üçüncü əməliyyatı müəllimim, Türkiyənin baş plastik cərrahı Nazim Çərkəz etdi. Qabırğadan götürüb buruna forma verdi. Nəhayət, neçə ildir ki, burun dərmanları olmadan yaşayıram.

Əməliyyatın riskləri – həkim məsuliyyəti, xəstə tələbi

- Dünyada qəbul olunmuş qaydalara görə, istənilən əməliyyatın nəticəsi ilə bağlı həkim 100 faiz təminat verə bilməz. Bu barədə xəstəyə öncədən ətraflı məlumat verilir. Hər əməliyyatdan əvvəl xəstə müəyyən sənədlər imzalayır. Həmin sənədlər müxtəlif ölkələrdə ayrı-ayrı şərtlərlə tərtib olunur. Birində maddə daha çox və daha ağır, digərində isə az və sadə olur. Mən Türkiyədə 4 vərəqdən ibarət sənəd imzalamışdım. İkinci dəfə həkimdən nəsə tələb ancaq məhkəmə yolu ilə mümkündür. Xatırlayıram ki, Böyük Britaniyada burun cərrahı xəstəni öldürmüşdü. Burun açıq qalmasın deyə işini tamamlamağa çalışıb. Anestezoloqun xəbərdarlıqlarına baxmamaqda səhv edib. Bu səhv də xəstənin həyatı, onun isə karyerası üçün ağır nəticə verdi.

Səhv etməmək üçün nə etməli?

- İlk növbədə məlumatlı olmaq lazımdır. Hər hansı problemi olan rayon insanı burunda narahatlığa görə Sovet təhsilli həkimin əlinə düşə bilər. Yalnız nəfəs problemi ilə maraqlananlar belələrinə müraciət edə bilər. Lakin unutmaq olmaz ki, nəfəsin normal alınması üçün burun formasının da düz olması şərtdir. Bu barədə nə xəstə özü, nə də həkim məlumatlı olmayanda burun əməliyyatı bağlı aparılırsa, nəticədə xəstə mənim kimi bir neçə dəfə əməliyyat keçirməli olur. Ən məsləhətlisi odur ki, burun problemi olanlar bir neçə cərrahla məsləhətləşməlidir. Zərurət olarsa, forma ilə birgə əməliyyat olunmalıdır. Bağlı burun əməliyyatından sonra burnun forması dəyişir. Bu barədə mütləq xəstəyə məlumat verilməlidir. Çünki bağlı burun əməliyyatından sonra orada qığırdaq da qalmır. Təkrar forma üçün əməliyyat zamanı məcburən insanın öz qabırğasından götürülür.

Qabırğadan düzələn burun

- Bu əməliyyat daha uzun çəkir. İnsan üzərində 2 ayrı-ayrı həkim işləyir. Biri qabırğadan hissə çıxarıb, burun üzrə mütəxəssisə verir. Həmin hissəcikdən istifadə edən rinoplastik buruna forma verir. Əməliyyatdan sonra qabırğa daha tez sağalır. Çünki burun gec sağalan yerdir. Üstəlik burun göz qabağındadır, daim müzakirə olunur. Yeri gəlmişkən, müğənni Aygün Kazımova rinoplastiklərin burunda istifadə etdiyi həmin qabırğanı çıxartdırıb.

Burunlara görə dəyişən qiymətlər

- Özüm açıq üsulla burun əməliyyatı keçirmişəm. Buna xaricdə elə burun çəpəri əməliyyatı deyirlər. Bu, rinoplastika ilə birgə əməliyyat deməkdir. Yəni burun çəpəri əməliyyatı zamanı burnun forması da düzəldilir. Türkiyədə keçirdiyim əməliyyat 4000 dollara başa gəlib. Almaniyada bu əməliyyat 7-8 min avrodur. Azərbaycanda bu əməliyyat üçün müraciət edən xəstəyə ayrıca demək lazımdır ki, plastika da olacaq. 3-4 saatlıq əməliyyatdır. Dərisi pis olan xəstələrdə də qiymət dəyişə bilər. Məsələn, təcrübəli həkimlər həmin xəstələri qəbul etmir, və ya çox yüksək məbləğ tələb edirlər. Burun əməliyyatlarında orta qiymət 1000- 1500 manat arasında dəyişir. Bəzi klinikalar reklam vasitəsi ilə xəstə cəlb etdiyi üçün daha baha qiymət deyə bilərlər. Türkiyədə 1500-2000 dollar adi cərrahların, 4000-7000 dollar yaxşı cərrahların qiymətidir.

Dünya standartları və Azərbaycan rinoplastikası

- Azərbaycanda plastik cərrahiyyə dünya standartlarına cavab verir. Xaricdə burun əməliyyatı üçün vəsait xərcləməyin heç bir mənası yoxdur. Eyni iş, eyni nəticədir. Şəraitimiz də, alətlərimiz də fərqlənmir. Kadrlarımızın əksəriyyəti xaricdə təhsil alır. Mən Rusiyada ordinatura keçmişəm, Hollandiyada, Almaniyada və Türkiyədə kurs keçmişəm. Kurslarda görürəm ki, bizdən artıq bir iş görmürlər. Təcrübə, əl qabiliyyəti və işə münasibət cərrahın uğurunun təminatçısıdır. İşə məsuliyyətlə yanaşan istənilən cərrahın təcrübəsi artdıqca əl qabiliyyəti də formalaşır. Rinoplastika özəl sahədir. Hər cərrah öz reklamını qurur. Hər kəs istəyir ki, işi yaxşı olsun ki, müraciət edənlərin də sayı artsın. Elə xaricdəki rəqəmlərlə Azərbaycanın göstəricilərinin müqayisəsi də göstərir ki, nəticə etibarı ilə onlardan fərqlənmirik. Məsələn, 100 xəstədən 3-17 faizi təkrar əməliyyata gedir. Almaniyada kursda oldum. Dünyanın məşhur cərrahlarından olan Volfanq Qubiş demişdi ki, 10 faiz xəstəsi təkrar əməliyyata gedir. Azərbaycan həkimlərinin orta statistikası dünya həkimləri ilə eynidir. Ölkəmizdə 5-10 il əvvəl nəticə çox pis idi. Ancaq son 3-4 ildə nəticələrimiz yüksəlib. Düzü, işlədiyim illər ərzində mən öz statistikamı apara bilmədim. Əməliyyatdan sonra əksəriyyət qayıtmır. Ona görə də bilmək olmur ki, gedən bəyəndi, yoxsa əksinə. Ancaq xəstələr bilməlidirlər ki, əgər narahatlıq varsa, həkimə təkrar müraciət şərtdir.

Burnunu əməliyyat etdirənlərə pis baxırlar

- Doğrudur, son vaxtlar çoxu burnunu əməliyyat etdirir. Ancaq sizi əmin edirəm ki, belələrinə münasibət birmənalı deyil. Hətta deyərdim ki, burnunu əməliyyat etdirənlərə çox pis münasibət bəslənir. Xüsusən, qərb ölkələrində çox pis baxılır. Əksəriyyət əməliyyat olunmuş və ölçüləri dəyişdirilmiş burunları dərhal tanıyır.

"Gündəlik Teleqraf" MMC-yə daxil olmayan saytların istinadla olsa belə web-səhifəmizdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir.

.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm