Vüsalə: “Xatirənin kiminləsə sevişməsi ayıbdır, mənim isə yox” - Müsahibə
Bizi izləyin

Tabloid.az

Vüsalə: “Xatirənin kiminləsə sevişməsi ayıbdır, mənim isə yox” - Müsahibə

Vüsalə: “Xatirənin kiminləsə sevişməsi ayıbdır, mənim isə yox”

Müğənni Xatirə İslam və telejurnalist Vüsalə Kərimova arasında yaranan qalmaqal artıq 4 gündür ki, diqqət mərkəzindədir. Bilməyənlər üçün xatırladım ki, “Space” telekanalında yayımlanan “Gündəlik” verilişində aparıcı Vüsalə Kərimova müğənni Xatirə İslama hələ ötən ay gündəmi zəbt edən “Rüfət Axundov ilə Xatirə İslam sevgilidir” xəbərinə münasibət öyrənmək istəyərkən ifaçı studiyanı tərk edərək gedib.

Sonradan isə müğənni sosial şəbəkədə aparıcı və veriliş haqqında fikir bildirib: ”Əzizlərim, 2 gün əvvəl verilişlərin birində Rüfətlə mənim eşq yaşadığım sualı verildi və mən də küsüb getdim. Çünki mən elə bir zirvədəyəm ki, hər çağırılan yerə getməməliyəm. O verilişə dəvət alsam da, getməyə etiraz edirdim. Çünki həmişə qalmaqal edirlər. Artıq qalmaqal keçmir. Yeni bir şey fikirləşin. Çünki xalq hamını tanıyır. Bakı da balaca şəhərdir. İndi mən də acım sandığı, töküm pambığı ki, kimin arvadı harada nə edir, hansı aparıcı kiminlə sevişir. Xoşunuza gələr? Rüfət mənim qardaşımdır. Bəzi saytlar da bu hadisələri elə işıqlandırırlar ki... Həmin verilişlərə də bu lazımdır ki, ondan yazsınlar. Nə isə əcəb edirsiniz. Özümü dartmaq zamanı gəldi artıq. Reytinq qazanmaq üçün olmayan şeyləri danışmaq lazım deyil. Baxın görün “Öz aramızda”, “Onlar”, “Səni Axtarıram”, “Solo” və başqaları nə edir. Onu edin ki, bir az baxsınlar Sizə...”

Əlbəttə ki, kifayət qədər ağır sözlərlə ittiham olunan qarşı tərəfi dinləməyə bilməzdik. Elə bu münasibətlə tabloid.az telejurnalist Vüsalə Kərimovadan eksklüziv müsahibəni təqdim edir.

- Vüsalə xanım, Xatirə İslam Sizə jurnalistikanı öyrənməyi məsləhət görüb...

- Bunu demək üçün Xatirənin yaşı çox azdır. Mənim kifayət qədər televiziya təcrübəm var. 37 yaşım var, 19 ildir televiziyada işləyirəm. Onun dediyi, adını çəkdiyi aparıcılar, verilişlər heç efir üzünü görməyəndə mən kifayət qədər tanınmış aparıcı idim. Xatirə məni tanımaya bilər. Onun məni tanıyacaq nə yaşı var, nə də sənəti.

- Hansı aparıcının kiminlə sevişməsi nə məsələdir?

- Hansı aparıcının kiminlə şevişmə məsələsinə qaldıqda isə, Xatirənin diqqətinə çatdırmaq istəyərdim ki, mənim kiminləsə sevişməyim, yatıb-durmağım ayıb deyil. Çünki, başımın üstündə ər yoxdur. Amma onun kiminləsə sevişməsi, yatıb-durması ona çox böyük ayıbdır.

- Əvvəlcədən Xatirə İslam Sizdən xahiş etmişdi ki, mənə belə sual ünvanlamayın?

- Yox. Mənə əvvəlcədən heç kim sifariş edə bilməz. Verilişimin formatı budur. İstəyən gəlsin, istəməyən gəlməsin. Gələnə də hörmətlə yanaşıram, gəlməyənə də. Verilişdən də görə bilərsiniz ki, onun gedişindən sonra belə mən ona qarşı hörmətsizlik etmədim. Anadır, başa düşürəm ki, istəmir ona belə sual verilsin. İstəmirdisə, onun haqda ilk dəfə saytda yazılanda cavabını verərdi. Mənim yox. Həm də ki, mənim cavabımı verəcək şəxs Xatirə deyil. Heç həyatı boyu da olmayacaq.

- Xatirə xanım vurğulayıb ki, o verilişə məni dəfələrlə çağırıblar getməmişəm…

- Yalandır, Xatirə təxminən ay yarım öncə də verilişimin qonağı olub. Həmin verilişin qonaqları Yaşar Cəlilov, Xatirə İslam, Elşən Bəsirət, Nuranə Nur (şairə) idilər. Verilişin mövzusu ilk məhəbbət olub. Hər biri ilk məhəbbətlərindən çox gözəl danışıblar.

Bir dəfə prodüser Xatirəni verilişə çağıranda deyib ki, bəs məni tanınmamış qonaqlarla çağırırlar deyə gəlmək istəmirəm. Bunu eşidib özüm ona zəng etmişəm. Biləndə ki, mənim verilişimdir canla-başla gəlib. Hətta mənə ansambl ilə gələ biləcəyini də bildirib. Sözün açığı mənim Xatirəyə hər zaman hörmətim olub. Nə deyibsə də, fərq etməz. Bundan sonra da hörmətim var. Araz aşığımdan, Kür topuğumdan deyil. Bir daha deyirəm, mənə söz deyəcək adam Xatirə deyil. Mənim üçün ayıb heç bir şey yoxdur. Çünki mən subay xanımam. Kimisə sevə də bilərəm, görüşə də bilərəm. Ən azından adını çəkmək istədiyi, çəkə bilmədiyi, boğazında qaldığı başqaları kimi gündə biri ilə münasibət qurmuram. Münasibət qururamsa da, bu, mənə başıaşağılıq gətirmir. Başıaşağılığı ona gətirə bilər. Çünki onun əri var.

- Vüsalə xanım, verilişdə əvvəlcədən planlaşdırılmış qalmaqal etdiyiniz olubmu?

- Heç biri əvvəlcədən planlaşdırılmayıb. “Günaydın” mənim gözümün yuxusunu alıb. Bütün qalmaqallar mənim gecələr yuxusuz qalmağımın bəhrəsidir. Mən səhərə qədər onların iştirak etdiyi verilişlərə baxıram, müsahibələrini oxuyuram. Diqqətimi çəkən məqam varsa, həmin hissələri toplayıram. Əslində Xatirənin oradan çıxıb getməsi onun özünə pisdir. Mənə yox.

- Əvvəllər Xatirə İslam ilə problem yaşamısınız?

- Hər zaman salam-sağ olumuz olub. Münasibətimiz heç vaxt pis olmayıb. Hətta o, durub gedəndə mən çəkilişi saxladım. Arxası ilə getdim ki, gəl əyləş. Əgər hər hansı hissəni istəmirsənsə, mən sənin xətrinə kəsib çıxardaram. Mənə fors edib getdi. O, hələ sənətkar deyil ki, mənə fors edib getsin. Amma mən kifayət qədər peşəkar jurnalistəm.

- Peşəkar jusnalistəm deyirsiniz. Bir az təhsilinizdən və 19 illik iş fəaliyyətinizdən danışardınız.

- Mən BDU-nun jurnalistikasını bitirmişəm. İxtisasca telejurnalistəm. 1996-cı ildən AzTV-də işləmişəm.. Mən AzTV məktəbi görmüşəm. Nitqimin üstündə Rafiq Həşimov işləyib. 1996-cı ildə artıq AzTv-də “Manevr” verilişinin içində rubrikam var idi. Daha sonra Sara TV bağlanana kimi ana xəbərin aparıcısı olmuşam. Ondan sonra Lider televiziyasında da çalışmışam. Daha sonra ATV-də xəbərlər açıldı və məni dəvət etdilər. Xatirənin adını çəkdiyi ATV kanalının yaranmasında məhz mənim də çox böyük rolum var. Bu gün orada başqaları at oynada bilər, amma zamanında biz at oynatmışıq. Mən Xatirənin adını çəkdiyi bütün verilişlərə baxıram. Onlar mənim həmkarlarımdır. Dəstəkləyirəm də, alqışlayıram da…. Xatirə öz ətrafına cavab versin. Mən həmkarımla gözəl münasibətim var, hamısı ilə də danışıram. Bir də onu əlavə edim ki, redaktorun qulaqcıqla aparıcıya söz deyib danışan aparıcılardan deyiləm. Özüm danışmağı bacarıram.

- Bəs kimsə özü Sizə qalmaqal sifariş edib?

- Bir-iki nəfər olub. Mən onlara bildirirəm ki, niyə xahiş edirsən. Mən onsuz səni çiləyəcəyəm. Deyirlər ki, canın sağ olsun, çilə də məni. Amma belə adamlardan indiyədək istifadə etməmişəm. Çünki onun qalmaqalı maraqlı olsaydı, özüm onu dəvət edərdim. Özü mənə müraciət etməzdi. Bizim fikrimiz insanların xətrinə dəymək deyil. Xüsusilə də, mən Xatirəni çağırıb incitmək niyyətində olmamışam.

- Bəs nə əcəb Xatirə xanım inciyib gedəndən sonra məsələni sülh ilə yola salmaq üçün telefon əlaqəsi yaratmamısınız?

- O, əlaqə saxlamadı. Amma mən ona yığdım. Münasibətim olduğundan onu incitmək istəməzdim. Mənim verilişimə gələn insan bilir hara gəlir. Əgər verilişimə gəlibsə, mən ona sualımı verəcəyəm. Getsə də, qalsa da. Mən sualı müəyyənləşdirmişəmsə, onu verməliyəm. Mən inanıram ki, Rüfət ilə Xatirə səmimi dostdurlar. Mənim özümün də oğlan dostları çoxdur. Əgər mən onun dostluğuna dırnaq arası baxsam, demək ki, mənim də dostluğum dırnaq arasıdır. Əslində, Xatirə çıxıb getdikdən sonra Rüfət də çıxıb getməli idi. Bizə olan hörmətindən, xalq artisti Arif Quliyevə olan hörmətindən sonra qədər oturdu. Mən verilişimin anonsunu yığdıqdan sonra Rüfət ilə əlaqə saxladım. O, bildirdi ki, Xatirə ilə danışıb. Xatirə də deyib ki, əşi eybi yox, olub keçib. Sonra özüm yığdım Xatirəni. Telefonu özü götürdü. İlk sözüm bu oldu ki, “Xatış, necəsən, əsəblərin soyuyub?” Cavab gəldi ki, Xatirə deyil, bacısıdır və Xatirə yoxdur. Müğənninin evdən çıxıb mobil telefonunu evdə qoyması normaldır. Amma bacısı deyildi, Xatirənin özü idi. Lap bacısı idisə belə, dedim ki, Xatirə gələndə mənimlə əlaqə saxlasın. Amma Xatirə mənə zəng vurmadı. Mən ondan böyüyəm. Zəng etməyə də bilərdim. Mən onu təhqir də etməmişdim. Özüm də birbaşa ona bu xəbəri deməmişdim. Saytda yazılan informasiyadır, mən də xəbərin düzgünlüyü barədə soruşdum. İnsanlar müğənninin öz dilindən eşidəndə xəbərə daha çox inanır, nəinki, hansısa saytdan oxuyanda. Xatirəni incidən mövzu elə mənim üçün də yaralı bir yerdir. Mən də şəklimi sosial şəbəkələrə yükləyəndə altından min cür söz yazırlar. İnsanların həyatına müdaxilə etmək olmaz. Mən Xatirəyə şans yaratdım ki, o, çıxış etsin ki, insanların həyatına müdaxilə etməyin. Mən girən kimi ona qalmaqallı sual ilə müraciət etmədim. Əvvəlcədən dostluq münasibətlərindən başlamışıq. Verilişin axırına 10 dəqiqə qalmış durub studiyanı tərk edir.

- Siz bununla verilişinizə reytinq qazanmaq istəyirsiniz ?

- Komandir olmaq istəməyən əsgər, əsgər deyil. Mən əgər gündəlik veriliş aparıramsa, reytinq istəyirəm. Niyə də olmasın?! Amma Xatirə ilə bağlı məqsədim reytinq olmayıb. Çünki Xatirə mənə nə reytinq verəcəkdi ki? Yəni o, özünü o qədər güclü hesab edir ki, mənə reytinq verə bilər? O, özünü zirvədə hesab edir. Mən də deyə bilərəm ki, mən asam, məndən başqa jurnalist yoxdur. Amma demirəm. Çünki məni ələ salıb gülərlər. Mən isə hələ məsxərə obyekti olmaq istəmirəm. İnsan özü haqqında çox şey deyə bilər. Əsas kənardakıların fikridir.

Xatirənin nəzərinə çatdırım ki, nə yazıq ki, heç sənətkar olmayan, as olmayan Maral Tahirqızının gəldiyi veriliş onun verilişindən daha çox reytinq verib. Çox təəssüf ki, bu belədir. Fərq isə çox böyük idi. Xatirə bizim verilişə nə qədər çixibsa, onun verdiyi bütün reytinqlərdən çox Maraql Tahirqizi reytinq verib. Maralın reytinqi Xatirədən çoxdur. Mən onun oxuması haqda heç bir fikir bildirmirəm. Mən onun ifasına qiymət də verə bilmərəm. Çünki mən musiqiçi deyiləm. Qiymət verəcək müəllimləri var. Uzaqbaşı kənardan onun efir mədəniyyətinə qiymət verə bilərəm.

- Neçə qiymət verirsiniz?

- 15-ni verdim getdi…

"Gündəlik Teleqraf" MMC-yə daxil olmayan saytların istinadla olsa belə web-səhifəmizdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm