Nəzakət: “Elələrini yerində oturtmağa bir baxışım kifayətdir”
Bizi izləyin

Tabloid.az

Nəzakət: “Elələrini yerində oturtmağa bir baxışım kifayətdir”

Nəzakət: “Onları yerində oturtmağa bir baxışım kifayətdir”

Xalq artisti Nəzakət Teymurova ilə görüşümüz Milli Konservatoriyada baş tutdu. Görüşə vaxtından əvvəl gəldiyimizdən dərsi hələ bitməmişdi. Nəzakət xanım da qonaqpərvərlik edib bizi içəri dəvət etdi. Odur ki, bizim də xanəndənin dərsini, dolayısı ilə müəllim Nəzakət Teymurovanı izləmək imkanımız oldu.

Xanəndənin tələbəsi onu bir az incitdi. Deyəsən, həm səs telləri, həm də əsəbləri yorulub. Əlinin altında olan salfetə nəsə qaralayır, arada da su içir. Nəzakət xanım dərsə ara verib bizimlə tabloid.az-ın suallarına cavab verdi.

- Buyurun. Nədən başlayırıq?

- Əlinizdəki o qeyd vərəqinizdən... Həmişə qeydlərinizi salfet üzərində aparırsınız?

Yox... Jurnalım burdadır. (Gülüb jurnalını göstərir). Bu, əsəblərimi sakitləşdirmək üçündür. Görürsünüz, bəzi naxışlar çəkmişəm. Uşaqlara eyni məqamı bir neçə dəfə izah eləmək lazım gəlir. Uşaq da deyillər əslində. 20-25, 30-35 yaşında xanəndədirlər. Ancaq qavrama qabiliyyətləri aşağıdır. Eləsi var ki, 1 semestr tamamlanmadan böyük muğamları öyrənir. Bəzilərinin də eşitməsi, qavraması zəifdir, xaric oxuyur və s. Şeiri, qəzəlləri əzbərləyə bilmir. Ona görə də dərsə ara verirəm.

- Nə qədər ciddisiniz bu qeydlərinizdə? Müəllim olaraq nəyə üstünlük verirsiniz, davamiyyətə, istedada, məsuliyyətə, yoxsa öz meyarlarınız var?

- Uşaqların hər birini öz xarakterinə görə sevirəm. Biri tərbiyəlidir, digəri məsuliyyətli, üçüncüsünün gözəl səsi var və s. Tələbələrimə çox sərbəstlik verirəm. Xaricdə də belədir. Məncə, ciddilik tələbələri sıxır. Uşağın oxu tərzinə, öyrənmə qabiliyyətinə bələdəm. Elə tələbəm var ki, ona Asəf Zeynallı adına musiqi məktəbində də dərs demişəm. Ancaq buradan tanıdığım tələbələrim də var.

- Qiymət kəsən müəlliməsiniz?

- Yox. Birinci kurslara daha çox güzəştə gedirəm. Yeni gəlirlər, anlayışları olmur. Xanəndə olmaq istəyən uşaqlıqdan bu sənətin içində olmalıdır. 30-35 yaşdan sonra mən onlara nə öyrədə bilərəm. Biri-birimizə alışana qədər müəyyən qədər vaxt keçir.

- Burada təsadüfi adamlar olur?

- Testlə olduğu üçün, təbii ki, təsadüfi gələnlər də var. Testdən keçib qəbul olunur. Sonra çətinlik bizim üzərimizə düşür.

- Bəs, testdən sonra qabiliyyət imtahanı da olur...

- Qabiliyyət imtahanında da tələbənin bacarığı dərindən yoxlanmır.

- Orada da güzəştlər olur?

- Olur... Ancaq yəqin ki, bu ildən fərqli olacaq. Bildiyimə görə, test ləğv ediləcək. Əslində, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi bu məsələdə çox həssas davranır. Səsi gözəl olan, istedadı olan tələbəni testdən kəsilsə də, Milli Konservatoriyaya qəbul edir.

- Tələbələrinizə savad lazım deyilmi?

- Lazımdır... Çünki tələbələrimizin səsdən savayı digər bilikləri də vacibdir. Heç olmasa, ədəbiyyatı, dilimizi bilməlidir, diksiyası olmalıdır və s... Bir tələbəm var... Qəzəli pis günə qoyur.

- Dərsinizdə tələbə çox idi...

- Xanəndə dərsi fərdi olur. Ancaq istəyən başqalarının dərsində iştirak edir. Mən çalışıram ki, tələbələrim biri-birinin dərsinə qatılsın. Onda öz səhvlərini bilir, yoldaşlarının səhvini müəyyənləşdirirlər və həmin dərsi daha yaxşı mənimsəmiş olurlar. Seyid Şuşinskidən gələn bir qaydadır: xanəndə birinci kursdan sonuncu kursa qədər sinifdə olur. IV kursda keçdiyim dərsi I kursda oxuyan tələbəm eşidir. Elə mən özüm də bu cür öyrənmişəm. Asəf Zeynallı adına Musiqi Məktəbində oxuduğum vaxt müəllimim Nəriman Əliyev də, Konservatoriyadakı müəllimim Arif Babayev də bu üslubda dərs keçib. Bu dərslərin tələbə üçün üstünlüyünü bilirəm.

- Sənətinizdə nə var, nə yox? Ötən ilə öz imzanızı qoya bildinizmi?

- Ankarada, Bakıda konsertlər keçirdim. Ancaq əvvəlki illərlə müqayisədə elə də böyük uğurlarım olmayıb. Məsələn, 2013-cü ildə İtaliyada oldum, 4 yerdə konsert proqramı ilə çıxış elədim, orda diskim çıxdı. Londonda 2 konsert proqramı ilə çıxış etdim. Mən çox çalışqanam deyə, bu ilin nəticəsi o birilərə nisbətdə sönük görünür.

- Sönük olmasının səbəbi özünüzlə, yoxsa başqa amillərlə bağlıdır?

- Özümdə də oldu, ancaq məndən asılı olmayan səbəblər də var. Nə bilim. Bu il də belə keçdi...

- Gələn il üçün planlar da var yəqin...

- Solo konsert də fikirləşirəm, tələbələrimlə konsert verməyi də düşünürəm... Yəqin ki, bu planlardan birini ilin birinci yarısında reallaşdıracağam. Bu istiqamətdə bəzi addımlar atılıb. Amma açıqlamaq istəmirəm. Qismət olsa, vaxtı çatanda hamısını açıqlayacam. Albomlar da yəqin ki, olacaq. Çünki adətən, konsertlərimi yazdırır və disk şəklində buraxdırıram.

- Disklərdən qazancınız olurmu?

- Diskdən kim qazanır ki? Bizim ölkədə Türkiyə və başqa xarici ölkələrdə olduğu kimi deyil. İtaliyada çıxan diskim bütün Avropa ölkələrində yayıldı. Satışdan gələn gəlirdən indi də mənə faiz ödənilir. O sistem bizdə yoxdur.

- Avropada satışda olan diskdən qazancınız yaxşı oldu?

- Orada Nəzakət Teymurova yoxdur, Azərbaycan və muğamat var. Həmin diskdən ifa etdiyim xalq mahnıları və muğamlar İngiltərə və Almaniya radiolarında dəfələrlə səsləndirilib və hətta ilk onluğa da düşüb. Bu da Azərbaycan musiqisinin zənginliyidir.

- Azərbaycanda o sistem işə düşərsə, nəticələriniz yenə yüksək olarmı? Yəni disk satışından yüksək gəlir götürə bilərsinizmi?

- Mən istərdim nəticə yüksək olsun. Hər ifaçının arzusudur ki, zəhmətinin bəhrəsini görsün. Müəllim dərs keçir, həkim müayinə edir. Biz də səsimizlə, nəfəsimizlə qazanırıq. Hamı “oxuyandır” deyib keçir. Ancaq nəzərə almırlar ki, xanəndənin yetişməsi üçün illər lazımdır. Son vaxtlar isə sanki cırlaşma gedir. Bir detalı tələbəyə 50 dəfə demək lazım gəlir. Ona görə də, yetişmişlərin qədrini bilmək lazımdır.

- Deyirsiniz, onların yerini tutan olmayacaq?

- Sənət elə bir sahədir ki, durmadan ələnir. Muğamın əziyyəti çoxdur. Əvvəlcə həvəs göstərib bu sahədə bir yol tutmaq istəyirlər. Ancaq sonradan əziyyəti görüb yarı yolda buraxırlar. Elə götürək mənim oxuduğum illəri. Biz oxuyanda 10 nəfər idik. Cəmi ikimiz sona qədər bu yolda qaldıq. Əziyyətimizi qiymətləndirən çox azdır. Trio ilə gedib canlı oxuyuruq, dediyimiz qiymətlə razılaşmırlar. Ancaq başqa müğənnilər fonoqram ilə gedib daha çox pul alır. Ona görə də bizim üçün çətindir. Fonoqramdan ancaq canlı ifa üçün şərait olmayanda istifadə edirəm. Ancaq toyunda, məclisində də fonoqrama icazə verənləri başa düşmürəm. Hesab edirəm ki, balans pozulub.

- Balansı tənzimləmək üçün heç nə eləmək istəmirsiniz?

- Klassik muğamda nə etmək olar? Xan, Seyid, Yaqub əmi, Ağaxan Abdullayev, Arif Babayev oxuyub və onların ifası qəlblərə yol tapıb. Nəticədə elə adamlar var ki, musiqi təhsili yoxdur, amma muğamın şöbələrini, ayaqları dərindən bilir. İllərdən bəri qulaqlara süzülən bir mədəniyyət nümunəsindən söhbət gedir. Mən bu nümunəni necə başqa cür oxuya bilərəm? Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğamla bağlı layihələri oldu. Həmin layihələrin icrasına 4-5 nəfər sırf klassik muğam ifaçısı cəlb olundu. Məqsəd klassik ənənələri saxlamaq idi. Onlar bizə babalarımızdan qalıb. Ancaq muğam miras da deyil ki, qapalı saxlayasan. Muğamda xanəndənin yaradıcılığı, düşüncəsi mütləq əksini tapır.

- Alim Qasımovun muğamda etdiklərini mən də edə bilərəm – deyə düşünübsünüzmü heç?

- O ancaq Alim müəllimə yaraşar... Lakin Alim müəllimin arxasınca gedənlər onun ideyalarını məhv edib. Yeniliklərə gəlincə, “Xarı bülbül” muğam qrupum ilə, Kamran Kərimov, Şirzad Fətəliyevlə birgə həyata keçirdiyimiz layihələrlə bir sıra ilkə imza atmışam. Xəbəriniz oldusa, xalq və bəstəkar mahnılarını Qara Qarayev adına kamera orkestri ilə “Xarı bülbül” muğam qrupunun birgə ifasında hazırladıq. 3-4 belə layihə var ki, muğam xaricdə və ölkəmizdə qəbul olunduğu kimi təqdim edildi. Vaxtilə Niyazi “Qaragilə” və başqa bir neçə xalq mahnısını Şövkət Ələkbərova üçün bu variantda işləyib. Xalq mahnılarını bir neçə variantda – həm Avropa, həm xalq çalğı alətləri ilə hazırlamışıq. Nəticədə istənilən ölkədə notlardan istifadə etməklə xalq mahnılarımızı ifa edə bilərlər. Bu işlər mənim adımla bağlı olacaq.

- Bəs, xarici görünüşünüzdə necə, dəyişiklik nəzərdə tutmursunuz ki? Xanəndələrin geyimindən tutmuş makiyajına qədər hamısı biri-birinə oxşadığını düşünənlər var...

- Mənim təbiətim belədir, qəlibə salınmaqdan da xoşum gəlmir. Ümumiyyətlə, bu sahə də ağır sahədir. İnsan təmsil etdiyi sahənin də tələblərini nəzərə almalıdır.

- Deyirsiniz, sahənin ağırlığındandır?

- Yox... Elələri var ki, nəinki sənətindən, heç yaşından-başından da utanmır. Hər zaman davranışımla, görünüşümlə, əxlaqımla xanəndə sənətinə xələl gətirməməyə çalışmışam. Muğam ifaçıları hər zaman nümunə olub və sənətləri ilə seviliblər. Təbii ki, xanəndə də müasir zamanın tələbinə uyğun olaraq həm sənətində, həm tərzində dəyişiklik edə bilər. Teatra getmişdim, biri təəccüblənib “şalvar geyinmisən?” – dedi. Ona da dedim, teatra milli geyimdə gəlməyəcəkdim ki... Hər yerin öz geyimi var. Müasir dövrdə yaşayırıqsa, yəqin dəblə də ayaqlaşarıq. Əslində dəblə deyil, məncə, insan özünə, işinə, sənətinə yaraşanı geyinməlidir. Dəb elə şeylər deyir ki, adam onu geyinə bilər?

- Sanki “dəb” sözündən də qorxdunuz. Əvvəlcə dəblə ayaqlaşmaqdan danışıb dərhal da sözünüzü geri götürdünüz...

- Axı, dəbin bəzi tələbləri bizim üçün ayıbdı. Ipli, açıq paltarla muğam oxumayacam ki... Gündəlik geyimlə heç vaxt səhnəyə çıxmamışam. Mahnı yarışlarından birində münsif idim. Elə oldu ki, səhnəyə çıxmalı oldum. Onda nə çəkdiyimi mən bilirəm. Mən həmin geyimi, açıq-saçıqlığı sənətimə yaraşdırmıram.

- Hər yerin öz geyimi varsa, deməli qarderobunuz çoxlu vaxt və xərc aparır.

- Elədi. Konsert, solo konsert, gündəlik geyimlərim fərqlənir. Ancaq bir paltarı təkrar geyinməyə də utanmıram. Çünki hər bir paltarı öz alın tərimlə alıram. Təbii ki, çalışıram yenisi olsun. Ancaq çatdırmayanda da bunu özümə dərd etmirəm. Əslində, bütün geyimlərə çox pul xərcləyirəm. Səhnə geyimləri ola bilsin bir az çox tutsun.

- Opera və Balet Teatrı, Asəf Zeynallı adına Musiqi Məktəbi, yoxsa Milli Konservatoriya? Hansı daha çox vaxtınızı alır, hansı daha çox uğur gətirir?

- 4 gün dərs deyirəm: 2 gün Musiqi məktəbində, 2 gün isə Milli Konservatoriyada. Teatra da gedirəm, konsertlər də olur... Ailə problemlərini də nəzərə alsaq, güc-bəla ilə çatdırıram. Nəticədə də vaxt məhdudiyyətlərim olur. Işə çox, evə, istirahətə zaman az qalır.

- Ailə problemləri demişkən, hansı daha çox vaxt aparır: işiniz, yoxsa ailəniz?

- İkisi də. Çalişiram ki, vaxtımı hər ikisinə düzgün bölüm.

- Sənətkarsınız, üzdə-gözdə olan adamsınız. Bütün bunlar hörmətlə yanaşı, müəyyən sözlərə, şayiələrə, artıq hərəkətlərə yol açır. Belə problemlə tez-tez üzləşirsiniz?

- Xaraktercə elə insanam ki, şit adamları sevmirəm. Münasibət qura bildiyim və bunu istədiyim çevrə də elə geniş deyil. Məsələn, bu yaxınlarda bir məclisə düşmüşdüm. Oradan çıxana qədər boğuldum. Həmin mühitdə özümü geridə qalmış kimi hiss etdim. Düşündüm ki, yəqin mən bu dünyanın adamı deyiləm. Şou insanlarını görüb hər dəfə “özümə qurban olum” deyirəm. Bir də görürsən şou proqramların aparıcıları da çaşır. O qədər o şou-biznes adamları ilə oturub-durular ki, başqalarını da həmin tərəziyə qoyurlar, mənə də elə münasibət göstərirlər. Məsələn, mən “siz”lə danışıramsa, qarşımdakı da üslubuna diqqət etməlidir. Bir də görürsən ki, “canım, canım” deyir. Adama deyərlər ki, hardan canın oldum. Canın olar evində, ailəndə. Elələrini yerində oturtmağa bir baxışım kifayət edir. O saxta sifətlər mənlik deyil. Elə saxtakarlıqlara, mexaniki yanlışlıqlara şərait yaratmıram. Çoxları ilə münasibətlərdə məsafəni qoruyuram. Bəziləri kimi pərəstişkarlarım ilə yaxın münasibəti, hay-küyü sevmirəm. Məni o qədər sevən var ki. Hamısı ilə cici-bacı olmalıyam? Münasibətdə olduqlarıma da, özümə də belə qadağalar qoyuram. Yoxsa, özünü-sözünü bilməyənlə gərək ayrı cür danışım.

- Ayrı cür danışdığınız çox olur?

- Əlbəttə, olur. Ancaq, bilirsiniz, məncə, xanəndə, ya hansısa sənət adamının başında - yolgöstərən, yoldaş mütləq olmalıdı. Xüsusən, xanəndə gərək başlı-başına qalmasın. Onu dartıb evə gətirən bir amil şərtdir. Əks halda, onun sənətindən çox özündən danışacaqlar. Bu səbəbdən də sənətdəki qadınlarımıza qiymət verməyi bacaran ailələr arzulayıram. Lap ailə olmasa da, onları qoruya biləcək ətrafları olsun. Mənim musiqiçilərim – tar, kaman, balaban ifaçıları heç vaxt məni tək buraxmırlar. Odur ki, heç kim də mənimlə başqa söhbətlər eləyə bilmir.

- Sizin ailəniz qadınlara arzuladığınız ailələrdəndir? Heç sənətiniz problem yaratmayıb?

- Əlbəttə, yaradıb. Problem kimdə olmur ki. Çox vaxt güzəştə gedirəm.

- Həmişə siz güzəştə gedirsiniz?

- Çox vaxt.

- Xatirələrinizə daha çox bağlısınız, yoxsa gələcək planlarınıza? Keçmişinizlə gələcəyiniz arasında bir seçim etmək məcburiyyətində qalsanız, hansı daha ağır gələr?

- Nə qədər yaşayacağımı bilmirəm ki. Mənim üçün xatirələrim əzizdir. Xatirələrim də həmişə yuxularıma gəlir. Elə bu gecə də Ağdamı, oradakı evimizi-eşiyimizi görmüşəm. İndi mənim üçün ən əziz olan həmin xatirələrdi...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm