• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ən çox qazanan rejissorun 10 möhtəşəm filmi

Ən çox qazanan rejissorun 10 möhtəşəm filmi

Bu gün dünyanın ən çox qazanan rejissorunun 68 yaşı tamam olur.

Ərsəyə gətirdiyi filmdə insanları heyrətləndirməyi, sevindirməyi, təəccübləndirməyi bacaran rejissor kinematoqrafiya tarixinin ən varlı rejissorudur. Bəli, söhbət Stiven Spilberqdən gedir.

Spilberqin filmləri bu günədək 8,5 milyard gəlir gətirib. Əgər ötən əsrin ən yaxşı filmlərini sadalamağa başlasanız, bu filmlər arasında mütləq Spilberqin əsərlərinin adını çəkəcəksiniz.

Stiven Spilberq ilk kinosunu 12 yaşı olanda çəkib. Həvəskar azyaşlı tərəfindən çəkilən bu film müharibə mövzusunda idi. Dahi rejissorun ikinci filmi yadplanetlilər mövzusunda olub. İllər sonra bu həvəskar uşağın filmləri dünya şöhrəti qazanır və özünə izləyici kütləsi toplayır.

1. “Dənizin dişləri” (1975)

Reytinq IMDb: 8.10

Büdcə: 7 000 000 dollar

Əldə olunan gəlir: 470 000 000 dollar

Mükafatlar: Üç Oskar – səsləndirmə, montaj və soundtrek.

İki ay ərzində tamamlanacağı gözlənilən çəkiliş beş aya tamamlanır. Çəkilişin elə ilk günündəcə filmin əsas qəhrəmanı – mexaniki hazırlanmış köpək balığı suda batır. Bir müddət sonra çəkiliş heyəti və aktyorlar arasında konflikt və söz-söhbətlər meydana gəlir.

28 yaşlı Stiven Spilberq bu filmdən artıq heç nə gözləmirdi, amma onun, sözün əsl mənasında, bəxti gətirdi.

İstirahətə gələn insanların üzərinə hücum edib onları öldürən ağ köpək balığı haqda çəkilən bu film 70-ci illərin ən çox gəlir gətirən filmi olur. Gənc Stiven özü də buna inanmır, amma onun çəkdiyi film əldə etdiyi gəlirlə kinematoqrafiya tarixində bir ilkə imza atır.

Yeri gəlmişkən, qeyd edək ki, rejissor filmin son səhnələrinin çəkilişlərində iştirak etməyib. Bu filmdən sonra Stiven Spilberq öz filmlərinin son çəkilişlərində bir qayda olaraq iştirak etmir. Öz əvəzinə köməkçilərinə yollayır.

2. “Üçüncü növ yaxınlaşmalar” (1977)

Reytinq IMDb: 7.70

Büdcə: 20 000 000 dollar

Əldə olunan gəlir: 304 000 000 dollar

Mükafatlar: İki Oskar – ən yaxşı operator işi, xüsusi nailiyyətlər.

“Dənizin dişləri” filmində qazandığı gözlənilməz uğurdan sonra rejissor öz üzərində daha çox işləməyə və daha ciddi film çəkməyə qərar verir. Düzdür, yadplanetlilər mövzusu ABŞ filmi üçün yenilik deyildi, bu haqda artıq film çəkilmişdi. Amma gəlin etiraf edək ki, Spilberqin çəkdiyi “Yadplanetlilər” filmi bu mövzuda çəkilən digər filmləri kölgədə qoymağa müvəffəq oldu.

Spilberq sözügedən filmi ekranlaşdıra bilmək üçün çox əziyyətlər çəkib – o, bir-bir UNO görən insanlarla görüşüb, onların fikirlərini dinləyib.

Həmçinin bu film üçün rejissor çoxsaylı kastinqlər keçirib. Sonda isə Riçard Dreyfuz baş rola uyğun görülüb.

3. “İndiana Cons” ( 1981 )

Reytinq IMDb: 8.60

Büdcə: 18 000 000 dollar

Əldə olunan gəlir: 390 000 000 dollar

Mükafatlar: Beş Oskar – dekorasiya, səs, montaj, effekt, xüsusi nailiyyətlər.

Tetralogiyanın birinci hissəsi 1981-ci ildə Spilberqlə Corc Lukasın (prodüser qismində) birgə işi olaraq yaradılıb. Bu film bütün dünyada xüsusi maraq və rəğbətlə qarşılandı. Spilberq bu filmlə unudulmuş, köhnə kişi obrazını yenidən dəbə mindirdi.

4. “Yadplanetli” ( 1982 )

Reytinq IMDb: 7.90

Büdcə: 10 500 000 dollar

Əldə olunan gəlir: 793 000 000 dollar

Mükafatlar: Dörd Oskar – səsləndirmə, effekt, soundtrek, səs montajı

Milyonlarla izləyicini ağladan – yadplanetli dostu ilə balaca oğlanın ayrılması səhnəsi məhz bu filmdəndir.

Film o qədər şöhrət qazanmışdı ki, prezident Reyqanın xanımı bu şöhrətdən xəbər tutub, həmin filmin Ağ evdə nümayiş olunmasını tələb etmişdi.

Sözügedən film on dörd il ən gəlirli filmlər siyahısında rəhbərlik etdi. Qeyd edək ki, Spilberq sözügedən filmin ssenarisini “İndiana Cons”un çəkilişləri arasında vaxt taparkən yazıb.

5. “Yura dövrü parkı” ( 1993)

Reytinq IMDb: 8.00

Büdcə: 63 000 000 dollar

Əldə olunan gəlir: 1 029 000 000 dollar

Mükafatlar: Üç Oskar – səsləndirmə, effekt, montaj

Milyarder öz şəxsi parkında dinozavrlar saxlayır. Bəli, film fantastika janrında çəkilib. Filmin baş rolu Cim Kerriyə təklif edilsə də, o, bu roldan imtina edir.

Həmçinin qeyd edək ki, “Yura dövrü parkı” filminin rejissorluğu uğrunda Tim Bertonla Spilberq mübarizə aparıb. Sonda isə Spilberq filmi çəkməyə müvəffəq olub.

6. “Sıravi Rayanı xilas etməli” ( 1998 )

Reytinq IMDb: 8.60

Büdcə: 70 000 000 dollar

Əldə olunan gəlir: 482 000 000 dollar

Mükafatlar: Beş Oskar – rejissor, operator, səsləndirmə, montaj, səs montajı

Filmin adı Rayanla birbaşa əlaqəli olsa da, bu obraz filmin əsas qəhrəmanı kimi çıxış etmir. Spilberq bu rola Edvard Nortonu çəkməyi planlaşdırsa da, Norton bu roldan imtina edir. Əsas səbəb isə məşhur “Döyüşçü klubu”nda çəkildiyi rol olur. Bundan sonra Spilberq Robin Uilyamsı sözügedən rola uyğun görür.

Nə qədər təəccüb doğursa da, ilk başlarda filmə Harrison Fordu belə dəvət etmək planlaşdırılırmış.

Tom Henksə verdiyi rolla Spilberq, nisbətən, dramatik bir film çəkməyə müvəffəq olur. Rejissorun sözlərinə görə, o, tez-tez çəkiliş meydançasında Romla problem yaşayırmış. Çünki aktyor öz monoloqlarını qısaldaraq deyirmiş.

7. “Terminal” ( 2004 )

Reytinq IMDb: 7.30

Büdcə: 60 000 000 dollar

Əldə olunan gəlir: 218 000 000 dollar

Altı il sonra Spilberq Tom Henksin iştirakı ilə daha bir film çəkir. Lakin öncəki filmdən fərqli olaraq burda heç kəs faciəvi şəkildə dünyasını dəyişmir.

“Terminal” filminin çəkilişlərinin hava limanında keçirilməsi planlaşdırılsa da, o, buna müvəffəq ola bilmir. Hava limanından icazə ala bilməyən rejissor özü yenisini yaradır.

Filmin ssenarisi real həyatda baş verən hadisələr üzərinə qurulub – Paris aeroportunda keçən 18 il. ( 1988 – 2006 )

Filmin əsas qəhrəmanı İraq qaçqını Mehran Kərimi Nasseri Parisdə yaşayır və hadisələr də məhz bu şəhərdə cərəyan edir.

8. “Dünyaların müharibəsi” ( 2005 )

Reytinq IMDb: 6.50

Büdcə: 132 00 000 dollar

Əldə olunan gəlir: 592 000 000 dollar

Mükafatlar: “Saturn” mükafatı

Tamamilə ulduzlar heyətindən ibarət aktyorların – Tom Kruzun, Tim Robbinsin, Morqan Frimanın iştirakı ilə çəkilən bu film Spilberqin ən effektli filmidir. Filmin çəkiliş müddəti ikicə aydır.

9. “Münhen” ( 2005 )

Reytinq IMDb: 7.60

Büdcə: 70 000 000 dollar

Əldə olunan gəlir: 130 000 000

Mükafatlar: Beş Oskar

Münhen dram janrında çəkilmiş filmdir. Filmdə 1972-ci il olimpiadası zamanı qətlə yetirilmiş 11 israillidən söhbət gedir. Filmdəki əsas qəhrəmanlardan birini Quri Vaynberq canlandırır.

Rejissorun sözlərinə görə, bu film onun çoxdan çəkməyi arzuladığı bir ssenari əsasında çəkilib.

10. “Şindlerin siyahısı” ( 1993 )

Reytinq IMDb: 8.90

Büdcə: 22 000 000 dollar

Əldə olunan gəlir: 321 000 000

Mükafatlar: Yeddi Oskar – ən yaxşı film, ssenari, rejissor, operator işi, dekorasiya, montaj, soundtrek

Bu dram təkcə Spilberqin deyil, bütün dünya kinematoqrafiyasının ən gözəl sənət nümunələrindən biridir. Müxtəlif ən yaxşı film siyahılarında “Şindlerin siyahısı” filmi həmişə ilk beşliyə düşür.

Kinematoqrafların sözlərinə görə, sözügedən film dünya film tarixinin ən dəyərli ağ-qara kinosudur.

Bu filmi Skorsezenin çəkməyi planlaşdırılırdı, amma o, filmi çəkməkdən imtina edir – “Belə bir filmi yalnız yəhudi əsilli rejissor çəkə bilər”. Skorsezedən sonra Roman Polanski də filmdən imtina edir. Sonda Spilberq özü filmi ekranlaşdırmaq qərarına gəlir.

Sözügedən film holokost haqda çəkilmiş ən yaxşı film hesab olunur.

kult.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR