Xuraman: “Bunu etməyə nəfsim mənə imkan vermirdi”- Fotolar
Bizi izləyin

Tabloid.az

Xuraman: “Bunu etməyə nəfsim mənə imkan vermirdi”- Fotolar

Bu yaxınlarda 3-cü dəfə ana olan ifaçı tabloid.az eksklüziv müsahibə verib.

Şou nümayəndələri arasında çox az insan var ki, dinə bağlılığı ilə seçilsin. Əksəriyyət gecədən başlayan səhərədək davam edən əyləncə məkanlarında vaxt keçirərək pul qazanırlar. Ən son dəbə uyğun açıq-saçıq geyimlərlə göz oxşamağa çalışırlar. Müğənni Xuraman Şuşalını isə artıq belə məclislərdə görmək mümkün deyil. Ailə qurduqdan sonra hicab bağlayan keçən sənətçi sözün yaxşı mənasında diqqəti fərqli yöndən özünə çəkməyi bacardı. Bu yaxınlarda 3-cü dəfə ana olan ifaçı tabloid.az eksklüziv müsahibə verib.

- Qarşıdan yeni il gəlir. Bayramı necə keçirməyi planlaşdırırsınız?

- Biz yeni ili qeyd etməyəcəyik. 11-ci imamızın şəhadət günüdür. Həm də ailəmizdə qara bayramdır. Anam dünyasını dəyişib, ili hələ çıxmayıb. Bu səbəblərdən bayramı qeyd etməyəcəyik. Amma ola bilsin ki, uşaqların şaxta baba ilə görüşü olacaq.

- Üç uşaq anası olmaq kifayət qədər çətindir. Müğənni üçün bu, yəqin ki, iki qat çətindir. Uşaqların tərbiyəsi ilə məşğul olmaq çətindir?

- Çox çətindir. Ananın məsuliyyəti olmalıdır. Mən əslində onlara dayə tuta bilərəm. Amma düşünürəm ki, gələcəkdə mənim də onlara bir ana kimi, yaşlı qadın kimi ehtiyacım olanda onlar da mənə bir köməkçi tutarlar. İndi onların mənə ehtiyacı var. Həyatda belə şeylərdən çox qorxuram. Övladdan vacib heç bir şey yoxdur. 3-cü uşağım olanda artıq qərara almışdım ki, mütləq dayə tutacağam. Övladlarım ardıcıl olduğundan fiziki cəhətdən çox yorğunam. Normal halda hər bir ana 3 illik fasilə ilə övlad dünyaya gətirməlidir. Bu tibbi cəhətdən də təsdiqlənib. Üstəlik ana südü də mütləqdir. İslamda da bu vacib sayılır. Düzü üçüncü uşağa dayə tutmaq istəyirdim. 3 gün idi ana olmuşdum, video göndərdilər ki, qara dərili bir dayə uşağı necə vəhşicəsinə döyür. Mən görüntülərdən şok yaşadım. Oğlum da çox şıltaqdır. İnsanı özündən çıxardacaq qədər... Bu görüntülərə baxdıqdan sonra dedim ki, övladımı heç vaxt dayəyə etibar etməyəcəyəm. Oğlum allergiyadan əziyyət çəkir. Belə uşaqlara yaxşı baxılmadıqda allergiya astmaya çevrilir. Bağçadan da çıxartmışam və hazırda evdə özüm baxıram. Uşaqlarıma özüm baxdığımdan çağırılan verilişlərə də gedə bilmirəm. Övladım mənə hər şeydən vacıbdir. Karyeraya hər zaman vaxt ayırmaq olar. Əsas sevdiklərimizə zaman ayırmağa gecikməyək. Onların mənə ehtiyacı var. Əgər mən bunu onlardan alaramsa, Allah da onları məndən alar. Övladlarımla oynamağı, onların oyuncaqları ilə əylənməyi, birlikdə cizgi filmini izləməyi çox sevirəm. Verilişə, gözəllik salonuna, tədbirlərə ayıracaq bütün vaxtımı uşaqlarıma ayırıram.

- Özünüz də vurğuladınız ki, təkrar ana olmaq üçün 3 il fasilə olmalıdır. Tibbi baxımından məlumatlısınız. Bəs onda buna niyə əməl etməmisiniz ?

- Övladdan imtina etmək insan öldürməyə bərabər bir əməldir. Allah bunu mənə veribsə, yəqin ki, salamat da verəcək. Bu səbəbdən verilən payı xoşluqla qarşılamaq lazımdır. Bu pay üçün illərlə müalicə olunanlar var.

- Xuraman xanım, internetdə kifayət qədər cəsarətli fotolarınız, iddialı açıqlamalarınız olub. Heç o vaxt düşünürdünüz ki, nə vaxtsa dinə bu qədər bağlı bir xanım olacaqsınız?

- Atam çox dindar olub. Atamın nəslində də dindar insanlar çox olub. Mən bilirdim ki, nə vaxtsa hicab bağlayacağam. Uşaqlıqdan hicab bağlamaq istəmişəm. Amma bu addımı ata bilmirdim. Nəfsim mənə icazə vermirdi. Yetərincə yaxşı pul qazanırdım, çoxlu məclislərim var idi. Öz aləmimdə şəhərcik qurmuşdum və o şəhərciyin böyüyü mən idim. Bu şəhərciyimdə hər bir şəraitimi qurmuşdum. Hicaba keçmək üçün bu şəhərciyimi tərk etməli idim. Bu addımı atmaq mənə hədsiz dərəcədə çətin idi. Bu addımı atdıqdan sonra isə baxdım ki, kiçik bir şeyi mən özlüyümdə nə qədər böyütmüşəm. Hətta şəhərcik hesab etmişəm... Çox şükür ki, Allah mənə kömək oldu və mən oranı tərk etdim. Mənim rahatlığım hicab bağlamaqda imiş. Bununla xoşbəxtliyimi tapdım. Kənardan baxanlar bunu bəlkə də bilməzlər. Bunu dadanlar bilər. Bu fanatizm deyil. Təki Allahın fanatı olun. Ancaq bu fanatizm yox, gözəllikdir.

- İki ildir ki, hicab bağlayırsınız. Yəqin ki, 2 il əvvəlki Xuraman Şuşalı ilə indiki Xuraman Şuşalı arasındakı fərq ancaq hicab deyil...

- O vaxt ancaq iş haqqında, karyera haqqında düşünürdü. Bu gün ailəmi və övladlarımı düşünürəm. İkinci yerdə isə karyeramdır. Mən əvvəl elə bilirdim ki, ruzini mən özüm qazanıram. Elə düşünürdüm ki, pulu ancaq şou biznesdən qazana bilərəm. Allah insana ailə, övlad veribsə, onun ruzisini də yetirəcək.

- Xuraman xanım, ailə qurduqdan və ən əsası hicaba keçdikdən sonra sənət yoldaşlarınızın sizə münasibətində nə kimi dəyişikliklər oldu?

- Necə var idisə eləcə də qaldı. Mən gülməyi sevən insanam. Dar gündə dostlarımın yanında olan insanam. Yenə də eləyəm. Bugünkü Xuramanın dostlara ayıracaq vaxtı daha çoxdur. Mən içki məclislərinə getmirəm. İçki məclislərinə getməyə tövbə etmişəm. Bunu hər kəs bilir və məni dəvət etmirlər. Dəvət olanda da hədiyyəmi göndərirəm, amma, özüm getmirəm. Hətta mötəbər tədbirlərə dəvətnamələr verirlər. İçki olduğundan getmirəm. Deyirlər ki, gəlməsəniz də, dəvətnamələri başqalarına verə bilərsiniz. Mən bu dəvətnamələri heç kəsə vermirəm. Özüm getmirəmsə, özümə rəva görmürəmsə, niyə başqasını göndərməliyəm. Niyə kiminsə içki içməsinə vəsilə olmalıyam?! Bu səbəbdən Bakı kəndlərində, Naxçıvanda qadın məclislərinə, xına mərasimlərinə dəvət olunuram. Bu məclislərdə çıxış etməyin qiyməti az olsa da, dəyəri çox böyükdür mənim üçün. Çünki halal puldur.

- Neçə övlad anası olmaq istəyərdiniz?

- Övlad sevən insanam. Analıq mərhələsini çox çətin keçirirəm. Yoxsa, məmnuniyyətlə 6 övlad anası olaram. Məncə 3 övlad yetər. Bəlkə bir qızım daha oldu (gülür).

- Xuraman xanım, həm sənətçi, həm də ailəli olduğunuzdan, Sizin həmkarınız Elnarə Abdullayevanın oğluma müğənni qız almaram fikrinə münasibətiniz maraqlıdır.

- Elnarə xanıma böyük hörmətim var. Münasibətimiz də çox istidir. Amma onun bu fikri ilə razı deyiləm. Bugünkü gün məndən halallıq istəyən insanlar var. Mən heç onları tanımıram. Özləri mənə etdikləri pisliklərə görə indi məndən halallıq istəyirlər. Ona görə də, kimin hansı məqama çatacağını heç kəs bilə bilməz. Ən günahkar bəndəni Allah bağışlayır. Biz kimik ki?! Beş barmağın beşi də eyni deyil.

- Övladlarınızın bu sənətdə olmasını istəyərdiniz?

- Əgər günah məclislərində olmayacaqsa, əlbəttə. Bu ömür o qədər qısadır ki, biz dünyaya imtahan üçün gəldiyimizi unuduruq. Bu ömrü günahla yaşamağa dəyməz. Qəbirdə hər kəs tək yatır. Heç kəsə görə, heç övlada görə günaha batmağa dəyməz. Bəziləri var ki, nəsli mən saxlayıram, necə günaha batmayım? Məgər nəsli sən yaratmısan? Nəsli Allah yaradıb. Getsinlər qazansınlar, yaşasınlar. Kiminsə qarnına görə sən günaha batmalısan? Onsuz o harama görə təkcə sən yox, onlar da cavab verməli olacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm