• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanlı aktyor: “Açıq-saçıq səhnələrə çəkiləndə...”

Azərbaycanlı aktyor: “Açıq-saçıq səhnələrə çəkiləndə...”

Aktyor İlqar Musayevi “Köhnə dəyirman”, türkiyəli kinematoqrafçılarla birgə çəkilən “Mahmud və Məryəm”, Rusiyanın çəkdiyi “Heç nədən qorxma, mən səninləyəm”, “Jasmin” seriallarından tanıyırlar. Azərbaycanın sərhədlərini çoxdan aşan, yalnız öz ölkəsində deyil, artıq qonşu ölkələrdə də tanınan aktyorla söhbətimiz çəkilmək istədiyi obrazlarla bağlı oldu. Beləliklə, Tabloid.az-ın müsahibi Bakı Bələdiyyə Teatrının aktyoru İlqar Musayevdir:

- Tamaşaçınız sizi vətənpərvər obrazlarla tanıdı...

- Bəli. İlk çəkildiyim film “Cavadxan” oldu. Rövşən Almuradlının quruluşunda çəkilən həmin filmdə Cavadxanın oğlu Uğurlunu canlandırdım. Heç film ekranlara çıxmadan “Bulağıstan” filminə dəvət aldım və orada Allahverdi obrazını yaratdım. Sonra da “Seçilən”, “Xoca”, “Dolu” ya çəkildim. Özüm də hiss elədim ki, ancaq döyüşçü obrazındayam. Əslində isə döyüşən insan həyatın hər sahəsində var. Düzü, bundan sonra vətənpərvər, döyüşçü, qəhrəman rollarına dəvət də almadım. Ancaq özüm də hiss edirdim ki, bu obrazdan çıxmaq istəyirəm. Məişət həyatı, sevgi filmində oynamağa bir ehtiyac hiss etməyə başladım. Mehriban Ələkbərzadənin “Qara bayram 1919-cu il” filmində Şaumyanı oynadım. Sonra seriallara dəvət aldım: “Susmuş vicdan”, “Köhnə dəyirman” uşaqlar üçün nağıl serial. Məhsəti Gəncəvi haqqında filmə də çəkiləndən sonra nəhayət, “Ağabəyovlar” serialında məişət həyatına gəldim.

- Amma sevgi romanının qəhrəmanı olmaq üçün xeyli gözləməli oldunuz...

- Sevgi serialında, filmində qəhrəmanı olmaq institut illərindən arzum olub. Xüsusən, Romeonu oynamağı çox istəmişəm. Bu arzuma müəyyən qədər Rusiyada çəkildiyim serialda nail oldum. 64 bölümlü “Sevgi qəhrəmanı” serialında baş rolu ifa etdim. Arzuladığım sevgi həmin serialda vardı. Yaratdığım obrazla sevgi də qazandım. Film MDB ölkələrində böyük uğur qazandı. Tanındığıma reklam çəkilişi üçün Gürcüstana gedəndə əmin oldum. Sərhəd-gömrük məntəqəsində yoxlama əsnasında məni dərhal tanıdılar. İndi də bir həyati, sevgidən bəhs edən serialda oynayıram.

- Bundan sonra kim olmaq istəyirsiniz?

- Mənfi obraz oynamaq istəyərdim. Cinayətkar, qatil, ümumiyyətlə, hər hansı mənfi obraz. Hətta razıyam ki, filmdəki rolumun nəinki bir cümlə, hətta sözü olmasın. Ümumiyyətlə, danışmayım. Ayaqlarım da olmasın, yeriyə bilməyim. Filmin sonuna qədər elə qalım. Gözləri qarşısında fəlakət, ailə faciəsi baş verən, ancaq sözü ilə deyil, baxışları ilə reaksiya verən bir film qəhrəmanı olmaq istərdim. Hər hansı əlili, onun hisslərini, düşüncələrini ifadə etməyi arzulayıram. Elə bir rol oynamaq istəyirəm ki, gözümün böyüməsi, çənəmin əsməsi ilə, hərəkətimlə, üz-göz ifadəmlə danışım. Nəyinsə aludəçisi olan, narkomaniyaya qurşanmış... bir sözlə, çox çətin bir obraz yaratmaq istəyirəm.

- Çətin obraz yaratmaq üçün güzgü qarşısında məşq edibsiniz?

- Yaradacağim obrazı düşünmək kifayət edir. Məsələn küçədə gedərkən alacağım bir vəziyyəti düşünüb üzümə həmin ifadəni verirəm. Çevrilib hər hansı maşının güzgüsündə o ifadəyə baxıram. Görürəm ki, alınıb. İncəsənət universitetində də bizə belə öyrədirdilər ki, aktyor özünə sual verib “Mən kiməm” sualına cavab alsa, rolu alınır.

- Qəhrəman qəhrəmandır: istər milli qəhrəman, istərsə də sevgi qəhrəmanı. Bəs, açıq-saçıq sevgi səhnələri ilə cəsarət nümayiş etdirmək istəmirsiniz?

- Rusiyadakı filmlərdə açıq-saçıq səhnələr olub. Aktyor bir rolla bitməməlidir. Filmdəki tərəf müqabilim razılaşarsa, niyə oynamamalıyam ki? Rusiyada bu, adi haldır. Azərbaycanda isə fərqli yanaşma var. Belə səhnələr çəkiləndə kameranın düyməsini basmaq operatorun da yadından çıxır. İşıqçı da öz işini unudur. Odur ki, bu, elə də asan deyil.

- Bəlkə kinoya tarixi qəhrəmanlıq filmlərindən gəldiyiniz üçün sizə Azərbaycanda belə filmə çəkilmək çətin görünür?

- İzmirdə bunu mənə irad tutdular. Ancaq mən həmin xanıma da izah eləməyə çalışdım ki, aktyor hər cür obrazı yaratmağı bacarmalıdır. Biz ona görə xoşbəxtik ki, hamı bir həyatı yaşayır, biz isə çoxlarının həyatını yaşaya bilirik. Odur ki, tamaşaçı məni vətənpərvər obrazda da görə bilər, açıq-saçıq sevgi səhnəsində də. Ancaq bu, yuxarıda da qeyd etdiyim kimi, təkcə məndən asılı deyil. Sevgi dolu açıq-saçıq səhnədə oynamışam. Ancaq ölkədən kənarda. Nə desəniz, xarici filmlərdə qəbul edirik. Öz filmlərimizdə bu, mümkün olmur.

- Elə isə ölkədən kənarda hansı aktrisa ilə sevgi səhnəsinə çəkilmək istərdiniz?

- Erotik səhnəyə heç kimlə (gülür)

- Azərbaycandan kənara çıxmısınız artıq... Qonşu ölkələrdə filmlərə, seriallara dəvət alırsınız...

- Elədi. İranda, Türkiyədə filmə çəkildim. Rusiyada 2 layihədə iştirak etdim. Ukraynada reklamda oynadım.

- Ölkə sərhədlərini artıq aşmısınız. Bu sürətlə yaxında Hollivudu da fəth edərsiniz...

- Amerika vətəndaşı olsaydım, məmnuniyyətlə Hollivuda getmək istərdim. Elə Azərbaycan kinoaktyoru kimi dəvət etsələr də, pis olmazdı. Belə bir deyim var: niyyətin hara, mənzilin ora. Yəqin ki, niyyətim varsa, bir gün o da olar.

- Aktyor kimi sürətlə tanındınız. Mütəmadi olaraq film və seriallarda, klip və reklamlarda pollar alırsınız. Bunun sirri nədir?

- Elə pullu day-dayım yoxdur. Sadə bir insanam. Ata-anama da mən baxıram. Yeganə amil istedadım və oyun tərzimə yüksək qiymət verilməsi ola bilər. Sevinirəm ki, bunu bacarıram. Artıq 34 yaşım var, 12 ildir ki, teatrdayam, 10 ildən çoxdur ki, filmlərə çəkilirəm. Çəkildiyim filmlərin sayını da unutmuşam artıq. Çox şükür ki, üzümü qara eləmirəm. Zalda oturub filmə baxanda utanmıram. Ancaq ilk çəkildiyim filmdə özümü görüb qorxdum. İlk vaxtlar adam öz səsini eşidəndə ona qəribə gəlir. Bu, həm də məsuliyyətdən irəli gələn bir qorxu, həyəcan idi. Dedim ki, yəqin biabır oldum. Ancaq sonradan hər şeyin fərqli olduğunu, bəyənildiyimi gördüm. Sirr yoxdur. Sadəcə hər işin bir texnikası, hiyləgərliyi, bicliyi var. Onu bilirsənsə, uğur qazanmaq çətin olmur. Kənardan necə görünürsən? Bir xanım səni necə görmək istəyərdi? Bu sualların cavabını biləndə obrazı uğurla yaradırsan. Mənə elə durmaq olmaz, elə baxmaq ürəyimcə deyil – deyə bilməzsən. Obraza girib qarşındakı qadına həmin obrazın baxışı ilə baxmalısan. Yaratdığın qəhrəmanı tamaşaçıya o cür sevdirə bilərsən.

- Hər halda istedadınıza bir işıq tutan olub....

- Aktyorluğu öyrəndiyim insanlar var. Öyrəndiklərimin hamısını da öz aktyorlarımızdan öyrənmişəm. Filmlərimizə, korifeylərimizin yaradıcılıq nümunələrinə təkrar-təkrar baxmışam. Öz səhvlərimdən nəticə çıxarmışam. Səslənən iradlara və məsləhətlərə həmişə məsuliyyətlə yanaşmışam. Bəhrəsini də işimin nəticəsində götürmüşəm. “Santa Barbara” serialından tanıdığımız Len Devis də mənə master-klass keçib. 3 cümlə ilə elə şey dedi ki, ondan işimdə istifadə edirəm və görürəm ki, nəticə möhtəşəm olur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR