Gələcəkdə bu yolla arıqlamaq son çarə olacaq
Bizi izləyin

Tabloid.az

Gələcəkdə bu yolla arıqlamaq son çarə olacaq

Ömürlük arıqlığın son çarəsi cərrah bıçağıdır?

“Fast-food” yeməklərinin vətəni Amerika Birləşmiş Ştatları (ABŞ) olduğundan piylənmə problemi də bu ölkədə daha geniş yayılıb. Odur ki, ilk çözümü də elə onlar axtarmağa başlayıb. Uzun tədqiqatlar, təkrarlanan sınaqlar axırda öz bəhrəsini verib. ABŞ özünün və bütün dünyanın bu dərdinə birdəfəlik çarə tapıb. Beləliklə, ilk bariatrik cərrahiyyə əməmliyyatları 1981-ci ildə həmin ölkədə həyata keçirilib.

Tabloid.az xəbər verir ki, köklükdən birdəfəlik xilas yolu sayılan bu cərrahiyyə əməliyyatı 2014-cü ildən etibarən Azərbaycanda da həyata keçirilir. Bu isə o deməkdir ki, ölkəmizdə də piylənmədən əziyyət çəkən kifayət qədər insan var. Bu sahənin ölkəmizdəki tək-tük mütəxəssislərindən olan tibb üzrə fəlsəfə doktoru, cərrah Pərviz Abbasovun sözlərinə görə, bir neçə il sonra bu əməliyyat üçün ölkədə növbələr olacaq.

Piylənmə - heç cür çözülməyən problem

- ABŞ-da “fasd-food” yeməkləri geniş yayıldığından köklük bir problem olaraq cəmiyyəti düşündürürdü. Problemin tədqiq olunması illərlə davam etdi. Bilirsiniz ki, ABŞ sistemli dövlətdir. Sosial araşdırmaların nəticələrinin təhlillərindən görünürdü ki, insanların çəkisi sürətlə artır. Təbii ki, problemlə mübarizədə bariatrik əməliyyat ilk çıxış yolu deyil. Ona qədər bir çox üsullardan istifadə olunmuşdu. Məsələn, həmin vaxta qədər mədəyə “Qandal”in qoyulması üsulundan, mədəyə balon qoyulması yolundan geniş istifadə olunurdu. Hərçənd müvəqqəti çıxış yolu kimi bunlar indi də qüvvədədir. Lakin həmin üsullar müvəqqəti olmaqla yanaşı, mənfi təsirə də malikdir. Belə ki, mədədən balon çıxarıldıqdan sonra kökəlmə bir az da sürətlənir. Piylənməyə qarşı mübarizədə nə pəhriz, nə dərman müalicəsi nəticələrə müsbət təsir göstərir. Köklük və piylənmənin ilk mərhələsində pəhriz effektiv olsa da, piylənmənin II, III və IV mərhələsində effektsiz bir vasitədir. Müşahidələrdən görünürdü ki, boyu 1.60, çəkisi 80 kiloqram olanlar müəyyən qədər arıqlayır, amma çəkisi 100 kiloqramı keçənlərdə heç bir üsul effekt vermirdi. Üstəlik, arıqlamada əldə olunan kiçik nəticələr də müvəqqəti xarakter daşıyır. Tutaq ki, 6 ay sonra həmin şəxs yenidən kökəlir.

Bariatrik cərrahiyyə köklüyü kökündən həll edir

- Nəhayət, alimlər böyük tədqiqatlar və çoxsaylı sınaqlardan sonra belə qərara gəlib ki, mədədə insana aclıq hissi verən hormonların yerləşdiyi hissəni kəsib götürməklə müsbət nəticə əldə etmək olar. Bu yolla həm mədənin həcmi kiçilər, həm də beyinə daxil olan aclıq siqnalı azalmış olar. Beləliklə, sözügedən əməliyyatla mədədə “Qrelin” (Ghreline) adlanan həmin hissənin götürülməsi ilə insanın yeməyə olan tələbatı azaldılır. Əməliyyatın adı da elə buradan götürülüb. “Baros” köklük deməkdir. Yəni, əməliyyat köklüyü aradan qaldırmaq məqsədi daşıyır. Elə həmin illərdə ABŞ-da çoxsaylı əməliyyatlar aparılsa da, yeni üsul barədə ictimaiyyətə məlumat verilmirdi. Bu da əməliyyatın nəticələrinin nə qədər uzun müddəti əhatə edəcəyini müəyyənləşdirmək məqsədi daşıyırdı. Nəhayət, 1995-ci ildə 14 il ərzində keçirilən əməliyyatların nəticəsi barədə məlumat verən ilk məqalə işıq üzü gördü. Oradan görünürdü ki, üzərində əməliyyat aparılan xəstələrin 97 faizi arıqlayıb və onlarda təkrar kökəlmə baş verməyib. Bununla da qalıcı arıqlığın əldə edilməsi və təkrar kökəlməmənin həllində böyük bir yol açıldı. Bariatrik cərrahiyyə dünya dövlətlərinə sürətlə yayıldı.

Yemək aludəçiləri

- Sonradan kökələnləri məhz belə adlandırırıq. Həkimin tövsiyəsinə uymayan həmin qrup hər gün koko-kola içir, şirniyyat və digər yüksək kalorili yeməklər yeyirlər. Durmadan yeyən həmin qrupun mədəsi vaxtaşırı böyüyür. Mədənin həcmi 100 xəstədən 2-də böyüyə bilər. Bu səbəbdən də onlar sonradan kökəlməyə başlayır. Bu isə əməliyyatdan 5-10 il sonra baş verir. Maraqlı fakt odur ki, əməliyyat olunanlar arasında hətta həmin 3 faizin içərisində də əvvəlki çəkisinə qayıdan olmayıb. Qeyd edim ki, biz indi də 2 faizlik ehtimalı saxlayırıq. Xəstələrə əməliyyat və onun nəticələri barədə məlumat verərkən 2 faizin sonradan kökəlmə ehtimalını qeyd edirik. Məqsədimiz isə daha çox xəstələrə ən az rast gəlinən problemləri də izah etmək və arxayınlaşmamalarını təmin etməkdir. Ümumiyyətlə, qeyd edim ki, köklərin bir qisminin mədəsi böyüməmiş, normal olur. Biz əməliyyatla onu normadan kiçildirik. Mədələri böyümüş insanlar köklərin içərisində 50-60 faizə qədər təşkil edə bilər. Hər insanın mədəsi bədən ölçülərinə uyğun olmalıdır. Odur ki, kökələrək böyümüş insanların mədəsi də normalda çox böyük olur. Lakin bu, normadan artıq böyümüş deyil. Ancaq xəstələr də var ki, qarın boşlüğuna girən kimi görürsən ki, mədə bütün qarını tutub. Çox vaxt çıxarılan mədə hissəsinin həcmini dəqiq müəyyənləşdirmək üçün yanına hər hansı əşya qoyuram. Bu zaman kəsilən hissənin böyüklüyü tam reallığı ilə əks olunur.

Piylənənlər

- Ayaqüstü yeməklər şəhərlərdə daha çox qəbul edilir. Bu səbəbdən bəlkə elə təəssürat yarana bilər ki, piylənmə şəhər əhalisinin problemidir. Bəli, dünyada bu belədir. Ancaq ölkəmizdə tam tərsidir. Şəhər əhalisi nisbətən məlumatlı olduğundan müəyyən qədər çəkisinə nəzarət edir. Lakin rayon əhalisi üçün bunu demək olmaz. Azərbaycanda piylənmə rayon əhalisi arasında daha böyük problemdir. İndidən əminliklə deyə bilərəm ki, 2-3 il sonra əməliyyat olunmaq istəyənlərin növbələri yaranacaq. İndiki seyrəklik bu problemdən əziyyət çəkənlərin az olması ilə deyil, maarifləndirmə ilə əlaqələndirilməlidir.

Əməliyyat olunmaq istəyənlər

- Hazırda əməliyyat üçün müraciət edənlər sosial durumu yüksək olan, məlumatlı və dünya görüşlü insanlardır. Türkiyəni görüb gələnlər arasında bu əməliyyat üçün müraciət edənlər say çoxluğu təşkil edir. Artiq Rusiyada da bu əməliyyatlar başlayıb. Ancaq mənim əməliyyat etdiklərimin 50-60 faizi Türkiyəni görüb gələnlərdir.

Bu əməliyyat onlar üçün göstərişdir

- Əməliyyatlardan sonra məlum olub ki, bariatrik cərrahiyyə sadəcə köklük problemini həll etmir. Məsələn, piylənmədən əziyyət çəkən xəstə hipertonik idi, onlarda daim yüksək təzyiq müşahidə olunurdu. Üstəlik, şəkər, xolesterin, lipidlər normadan yuxarı göstərirdi. Həmin xəstələr gecələr yata bilmir, boğulurdu. Klimaks keçirən qadınlarda nə qədər istəsən, problem tapmaq mümkündür. Piylənmə qadın sonsuzluğunun, kişilərdə potensiya pozğunluğunun səbəbidir. Ciddi şəkildə erektil dissfuksiyaya – impotensiyaya səbəb olur. Aşağı ətraflarda ağrı, oynaq və sümüklərdə ağrı və xəstəliklər, ürək infarktı, stenokardiya, damar problemləri, şəkərli diabet və s. piylənməli xəstələrdə daimi rast gəlinən hallardır. Əməliyyatdan sonra isə bu problemlərin böyük bir qismi həll olmuş olur və bu risklər tam azalır, əksəriyyət hallarda heç biri qalmır. Məhz bu müşahidədən sonra bu cərrahiyyə növü “metabolik cərrahiyyə” adlanıb. Çünki bir əməliyyatla təkcə bariatrik - köklük deyil, metabolik sindrom, mübadilə pozğunluqları ilə əlaqəli bütün problemlərin böyük bir qismi həll edilir. Odur ki, artıq hipertoniklər, şəkər xəstələri üçün bu əməliyyat birbaş göstərişdir.

Onları əməliyyat etmək olmaz

- Çəkinin günü-gündən artmasına baxmayaraq, əməliyyatına icazə verilməyənlər də var. Məsələn, beyin şişi olanlarda çəkinin birdən-birə artması müşahidə olunur. Ancaq belə insanlara əməliyyata icazə verilmir. Beyin mənşəli şişlərdə kökəlmə çox rast gəlinəndir. Uzun müddət arıqlamaq məqsədi ilə dərman qəbul edən insanlarda da əməliyyat birbaşa keçirilmir. Müəyyən müddət dərmanların qəbulu dayandırılmalı, 1 aydan tez olmayaraq əməliyyat oluna bilər.

Bir problemə tapılan çözüm başqa dərdlərə də çarə oldu

- Bu nəticədən sonra əməliyyat daha geniş yayılaraq Avropada da həyata keçirilib. Təbii ki, yenilik bəzi dəyişikliklərlə tətbiq olunurdu. Məsələn, Skapinaro bu əməliyyatı İtaliyada fərqli üsulla tətbiq etdi. Əməliyyat geniş coğrafiyaya yayıldıqca təkmilləşir və yeni müsbət tərəfləri ortaya çıxırdı. Beləcə, mədə və bağırsaq üzərində qastrik-baypas(mədə şuntlanması) əməliyyatı meydana gəldi. İlk dövrdə sleev-qastrektomiya əməliyyatı, sonrada baypas - şuntlama, daha sonra bilio-pankreatik diversiya əməliyyatı ortaya çıxdı.

Kökəlmənin yaşı yoxdur

- Əməliyyatlar hər yaşda aparıla bilər. Əsasən, 16-65 arası həyata keçirilməsi nəzərdə tutulsa da, dünyada bu rəqəm 14 yaşa endirilib. Lakin 5-7 yaşlarında uşaqların əməliyyat olunması təcrübəsi də var. Məsələn, Amerikada, Hindistanda, Türkiyədə 8-9 yaşlı uşaqlar artıq əməliyyat edilir. Mən bu sahə üzrə Türkiyədə təhsil almışam. Orada biz 14-15 yaşlarında uşaqlarla daim qarşılaşır və əməliyyat qərarı alırdıq. Çünki başqa çarə görünmürdü. Uşaq qapıdan girmir. Azərbaycanda isə ən cavan xəstəm 21 yaşında olub. Əslində bu yaşdan aşağı olanlar da var. Ancaq bu əməliyyatlar Azərbaycan üçün yenidir. Milli psixologiya bunu qəbul etməlidir. Müraciətlər olsa da, hələlik azyaşlı və yeniyetmələri əməliyyat etməmişəm.

Əməliyyatda kilo anlayışı

- Əməliyyatın keçirilməsinə qərar verərkən əsas şərt “kilo” anlayışıdır. Bunun üçün də insanın bədən kütlə indeksi hesablanır. İndeksin hesablanması bədənin kütləsini (kq), boyun metrlə hesablanan ölçüsünün kvadratına bölməklə hesablanır. Yəni, bədən çəkisi (kq), boy (m2) və alınan nəticə 20-dirsə, çəki normaldır. 20-25 arasında nəticə alınarsa, həmin şəxsdə köklük var, deməkdir. 35 yaşdan yuxarı olanlarda nəticə 25-30 arasında dəyişə bilər və bu da köklük sayılır. Nəticə 35-dən yuxarı olan insanlarda piylənmədir və belələri ilə bağlı əməliyyat qərarı seçilir. Amerikada artıq bu rəqəm bir az da aşağı endirilib. Bədən kütlə çəkisi 32-yə bərabər olan xəstələrlə bağlı əməliyyat qərarı verilir. Bu da piylənmə təhlükəsinin miqyası ilə əlaqədardır. Problem ölkəni o qədər narahat edir ki, artıq bədən kütlə indeksinin 35-ə çatmasını gözləmirlər.

"Fast food" niyə piylənməyə səbəb olur?

- İşlənmiş qida olduğu üçün “fast-food” yeməklərinin orqanizmə sovrulması sürətlə gedir. Buna baxmayaraq, həmin qidaları yeyən insanlarda köp, mədədə narahatlıq, ağrı yarana bilər. Çünki həmin qidaların qəbulundan sonra orqanizmdə gedən həzm prosesi ilə insana verdiyi hisslər biri-birindən fərqlənir. Başqa sözlə, əslində bədənə tez və tam sovrulur, ancaq narahatlıq yaradır. Evdə yeyilən adi sağlam qidada isə əksinə, itki daha çox olur, nəinki həzm olunaraq bədənə sovrulan. Odur ki, kiçik “fast-food” yeməklə bədənə böyük kalori daxil olur.

Əməliyyat şərtləri

- 2013-cü ildə həyata keçirilən 1-2 əməliyyatı nəzərə almasaq, fəal əməliyyatlara 2014-cü ildən başlamışam. Artıq 30-dan yuxarı xəstə əməliyyat edilib. Ancaq mənim bu sahədə təcrübəm Azərbaycanla məhdudlaşmır. 2010-2013-ci illərdə Türkiyədə 200-dən yuxarı əməliyyat etmişəm. Azərbaycandakı xəstələrim ən aşağı 21 yaşında, ən yuxarı 62 yaşında olub. Ən gənc xəstəmin boyu balaca, çəkisi isə çox idi. Ən kök xəstəm isə 181 kilo olub. Əslində, 200 kiloluq xəstəm də var. Ancaq başqa vasitələrlə bir neçə kilo arıqlaması üçün əməliyyatı 2 ay uzatmışam. Düzdü, belələri çətin arıqlayır. Heç olmasa, 3-4 kilo arıqlaması lazımdır ki, qarnı əriyib nazikləşsin. Çünki bəzən laparoskopik üsulla əməliyyat zamanı alət gedib mədəyə çatmır. Belələrində əməliyyatı kəsiklə də aparmaq mümkündür. Ancaq bunu eləmirəm. Xüsusən, qadınlar bədənlərində kəsik olmasını istəmirlər.

Əməliyyatın nəticələri

- 6 ay ərzində həmin şəxslər 30-80 kilo və bəzən daha çox arıqlayır. Həmin müddətdən sonra onların bədənində əməliyyatın yeri də bəlli olmur. Xırda deşiklərin izi qalmır. Ancaq sallanma, boşalma bəzi hallarda ola bilər.

Bariatrik əməliyyatlar və dəb

- Dəbə meyillilik burada da olacaq. Ancaq əməliyyat kriteriyalarına uyğun olmayanların müraciətlərini rədd edirəm. Çünki bariatrik cərrahiyyə bir elmdir, müalicədir, estetika deyil. Sağlam olmaq, daim arıq qalmaq üçün lazımdır. Odur ki, orta köklükdə olanlara əməliyyat tövsiyə etmirəm. Belələrinə başqa yollarla arıqlamağı, hətta liposaksiya və ya estetik üsulları məsləhət görürəm. Düzdür, digər vasitələr müvəqqətidir, ancaq hər halda əməliyyat son çarə olmalıdır. Nisbətən cavan və ya nisbətən kök olan, əməliyyat üçün müraciət edənlərin əsas arqumenti də problemi birdəfəlik həll etmək istəyi ilə bağlı olur. Bir sözlə, bariatrik cərrahiyyə əvvəlcə sağlamlıq, ən axırda isə estetikadır. Sadəcə gözəlləşmək üçün əməliyyat qərarı verilmir. Estetik əməliyyatlarda isə ciddi psixoloji problemlər olur. Elələri normal burunu da problemli görürlər.

Əməliyyat

- Əməliyyat yüksək səviyyəli bir klinikada həyata keçirilməlidir. Reanimasiyası olmalı, əməliyyatdan əvvəl və sonrakı dövrdə digər sahənin mütəxəssisləri, diabetik xəstələrdə isə endokrinoloqlar mütləq iştirak etməlidir. Bir balaca səhv olsa, xəstədə narahatlıq yaranır. Əməliyyatlar kəsiksiz, 4-5 deşik (0.5-1sm) açılmaqla həyata keçirilir. Burada istifadə olunan əməliyyat alətlərinin bir çoxu xaricdən gətirilir və əməliyyatdan sonra dərhal atılır. 4 saat sonra xəstə gəzməyə başlayır, 3-5 günə isə xəstəxanadan çıxır.

Risklər

- Bu əməliyyatda risk həzm traktinda icra edilən bir əməliyyatın riski qədərdir. Ürək, beyin cərrahiyyəsi qədər böyük əməliyyat olsa da, nəticələr daha qənaətbəxşdir. Ancaq xəstədən asılı olaraq riskin miqyası böyüyə bilər. Məsələn, 187 kiloqram çəkisi olan bir xəstəm var. Boyu balaca olan həmin xanım əməliyyat üçün müraciət edib. Təsəvvür edin ki, bəlkə də ölkəmizdə ikinci bu ölçüyə sahib olan şəxs yoxdur. Amma mən onun əməliyyatına razı ola bilmirəm. Çünki narkoz –anetezologiya xidməti xəstəni boynuna götürmür. Xəstə hər məsuliyyəti öz üzərinə götürsə də, boyun quruluşu, yanaşı xəstəliklər və ürək-damar problemi olduğundan anesteziya üçün uyğun sayılmır. Əməliyyat zamanı bu xəstələrdə ağırlaşma ehtimalı daha böyükdür. Məsələn, başqa xəstədə bu, 1 faizdirsə, onda 50-60 faiz təşkil edir. Boyu balaca, çəkisi çox olan həmin xəstənin ayaqlarında da varikoz-tromb problemi var. Əməliyyat onun üçün birbaşa göstəriş olsa da, biz risk çox olduğu üçün bu əməliyyatı reallaşdıra bilmirik.

Əməliyyatdan sonra

- Dağılmaq astanasında olan ailələr olub. 4 il ailə qurub övlad sahibi olmayan qadın xəstəmiz artıq anadır. 39 yaşında olan və indiyədək köklük səbəbindən ailə qura bilməyən xəstəm vardı, artıq nişanlanıb. 176 kiloqram olan xəstəm əməliyyatdan sonra 140 kiloya qədər enib. Bunun ailəsi üçün nə demək olduğunu təsəvvür edə bilməzsiniz. Deyir ki, sanki uçur. Əməliyyata qədər uzun müddət düşünənlər olsa da, əməliyyatdan sonra narazı qalan görməmişəm. Əksəriyyət “Kaş o qədər fikirləşməzdim”, “Çox rahatam, lap quş kimiyəm”, - deyirlər. Əməliyyatdan sonra hər hansı problem yaşamırlar. Əməliyyata qədər həyatından bezənlər, “artıq yaşaya bilmirəm”, - deyənlərin bütün həyatı dəyişir. Əməliyyatdan sonra düşüncələri də fərqlənir, özünə güvəni artır.

Qiymət

- Qiymətə gəlincə, bu, xəstədən, istifadə olunan alətlərdən asılı olaraq dəyişir. Bəzən alətlər 2000-3500 manat arasında pul tutur. Bir əməliyyatda mədə 15 sm kəsilirsə, o birində 20 santimetr kəsilir. Təbii ki, ikincidə istifadə olunan alətlərin sayı da çoxalır. Bu da ümumi maliyyə xərclərinə təsir edir.

Tabloid.az

"Gündəlik Teleqraf" MMC-yə daxil olmayan saytların istinadla olsa belə web-səhifəmizdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm