Elçin: “Son zamanlar gecələri yatıram...” - Fotolar
Bizi izləyin

Tabloid.az

Elçin: “Son zamanlar gecələri yatıram...” - Fotolar

Gənc müğənni Elçin Cəfərovun öz həmkarlarından fərqli olaraq bəstəkarlıq qabiliyyəti də var.

Gənc müğənni Elçin Cəfərovun öz həmkarlarından fərqli olaraq bəstəkarlıq qabiliyyəti də var. Hit mahnılar bəstələyən müğənni özü mahnılarını ifa etməklə yanaşı, onları həmkarına da verir. Bu ilə qədər müğənni öz bəstələrini ifa etsə də, bu il ifaçı digər müəlliflərə də müraciət edib. İlin sonu olduğundan tabloid.az gənc ifaçı ilə hesabat xarakterli eksklüziv müsahibə alıb.

- Elçin, bu il Sizin üçün kifayət qədər məhsuldar olub. 2014-cü il Sizin üçün nə ilə yadda qaldı?

- Bütün mahnılarımı sevərək bəstələyib yazıram. Amma ifa etdiyim duetlər daha çox sevilib. Ulviyyə Tağıyeva ilə “Sən”, Sevda Yəhyayeva ilə ifa etdiyim “Səni sevirəm” duetləri ən çox dinlənilən və bəyənilən mahnılarım oldu.

Solo ifalarımdan isə ən yaddaqalan mənə elə gəlir ki, “Gecələrdə” və “Dilimin ucunda” mahnıları oldu. Və ilin sonunda təqdim etdiyim söz və musiqisi Elməddin Həmidova aid “De, adın nə sənin” mahnısı da artıq sevilməyə başlayıb.

Bu il loqomun yaradılması da mənim üçün əhəmiyyətli oldu.

- Bəs Sizin üçün ən sevilən mahnı hansı olub?

- Solo ifamı nəzərdə tutursunzsa, “Gecələrdə” mahnısı mənim ən çox bəyəndiyim mahnım oldu. Sözləri mənə, musiqisi isə Azər Şirinova aiddir.

- “Gecələrdə”n danışmışkən, gecələr nə işlə məşğul olursunuz?

- Son zamanlar gecələri yatıram. Əvvəllər isə gecələri studiyada olurdum. Amma yenə də işlərimiz olanda gecələri ayıq oluruq. Sənətim yolunda canımı fəda etməyə hazıram. Bəzən də olur dostlarla restoranda, ya da klubda istirahət edə bilərik.

- Elçin, elə bir gənc xanım həmkarınız var ki, onunla duet oxumaq arzunuz olsun?

- Düzünü desəm, belə bir arzum yoxdur. Mahnı yazılanda artıq bilirsən onu kiminlə ifa etmək olar. Tanınmış müğənnilər tərəfindən yaxşı təklif olsa ifa etmək olar.

- Bəs tanınmayanlar?

- Tanınmamışlar da olar. Əsas istedadı olsun. Duet oxumaq üçün səs uyğunluğu, səhnə görünüşü və birinə yaraşmaq çox vacibdir.

- Yaradıcılığınızda peşmanlıq çəkdiyiniz məqam olub?

- Mən həyatda heç nəyə peşman olmuram. Hər bir pisdə xeyir nəsə var. Bu səbəbdən peşman olmuram. Həyatımda çətin anlar, pis günlərim də olub. Buna görə də peşman deyiləm. Ən azı bu günlər sayəsində insanları tanımışam.

- Elçin, subaylığın daşını atmaq barədə düşünmürsünüz?

- Bu barədə hamı soruşur. Deyəsən, gənclərdən subay qalan ancaq mənəm. Allahın bir qismətidir. Mən də istəyərəm ki, ailə qurum. Mənim də ailəm olsun. Çox çəkməz , inşallah.

- Səhnədə hər janrda oxuyan müxtəlif yaş kateqoriyasına aid müğənnilərimiz olsa da, dünyada tanınan estrada müğənnimiz yoxdur. Gənc bəstəkar-müğənni kimi Siz bunun səbəbini nədə görürsünüz ?

- Kənara çıxmaq üçün dəstək olmalıdır. Musiqiyə nəzarət edilməlidir. Həm mənəvi, həm də maddi dəstək olmalıdır. Müğənni başını aşağı salıb işini görsə, dəstək də olsa, bax o zaman hər şey yoluna düşə bilər. Prodüserlər olmalıdır. Mən çox istəyərəm ki, sənətimlə məşğul olum. Maddi məsələlərə sənətimizi ucuzlaşdırmamalıyıq. Biz kütlənin arxasınca getməməliyik, kütlə bizim arxamızda gəlməlidir. Müğənninin öz tərzi olmalıdır, məhz bu tərzə görə də onu sevməlidirlər. Bizdə isə təəssüf ki, indi hər şey əksinədir. Başqa ölkələrdə sənətçilərin yüksəldiyinin şahidi oluruq. Aparıcı da, tamaşaçı da müğənniyə həvəs verir. Bizdə isə aparıcılar elə bir müğənnilərdən yanıqlıdırlar və ifaçıları pis tərəfdən nümayiş etdirmək istəyirlər. Bu səbəbdən də verilişlərin çoxuna çıxmıram.

- Bu aqressivliyi xanım yoxsa bəy aparıcıları tərəfindən hiss edirsiniz?

- Aparıcıların qarşısına sanki bir missiya qoyublar ki, müğənnini mütləq “iynələməlisən”. Elə suallar verirlər ki, müğənni çıxılmaz vəziyyətdə qalır. Olur ki, müğənnini aşağılayan hansısa verilişə çıxmaqdan imtina edirsən, sabahı gün eşidirsən ki, verilişə getmədiyimdən həmin kanal rəhbərliyi orada görünməyimə qadağa qoyub. Çox təəssüf ki, bu, reallıqdır. İnsan özünə qiymət verəndə onu efirdən məhrum etmək düzgün deyil. Qoy az görünüm, amma müəyyən oyunlarda olmasam yaxşıdır. Hər müğənni tərzinə, xasiyyətinə uyğun verilişlərə dəvət olunmalıdır.

- Amerikalı müğənni Ledi Qaqa maraqlı bir açıqlama verib. O, bildirib ki, əgər müğənni mahnı bəstələyib ifa edə bilmirsə, o, müğənnilik etməməlidir. Qaqa kimi sən də özün bəstələyib, özün ifa edən müğənnilərdənsən. Qaqanın bu fikrinə sənin münasibətin necədir?

- Mən Ledi Qaqanın bu fikri ilə razı deyiləm. Yaxşı bəstəkar mahnı ifa etməyə bilər. Və ya çox güclü səsi olan müğənninin bəstəkarlıq qabiliyyəti olmaya bilər. İkisi bir aradadırsa, bu əlbəttə gözəl bir şeydir. Müğənni nə qədər mahnını gözəl ifa etsə də, bəstəkar da özü səs yazma studiyasında olmalıdır. Onu deyə bilərəm ki, bəstəkar mahnını müğənniyə verib deməməlidir ki, get bunu aranjeman etdir və oxu. Bəstələdiyim bütün mahnılarımın həm aranjemanında, həm də, müğənninin səs yazma studiyasında ifa etməsində iştirak edirəm. Çünki burada mənim adım və mənim imzam var. Mən bu işlərə məsuliyyətlə yanaşıram.

- Yeni ilə sayılı günlər qalıb... Yeni ili necə qeyd edəcəksiniz?

- Yeni ili, gecə saat 12-ni ailəmlə qeyd edəcəyəm. Bir də müəyyən tədbirlər var ki, orada olacağam. Amma nə tədbir olsa da, gecə 12 tamamı evdə, ailəmlə qeyd edəcəyəm. Həm iş başında, həm evdə, həm də dostlarla qeyd edəcəyəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm