Məşhurların ötüb keçən 1 ili
Bizi izləyin

Tabloid.az

Məşhurların ötüb keçən 1 ili

Məşhurların ötüb keçən 1 ili

Daha bir ili başa vurduq, başqa bir ilin isə astanasındayıq. Məhz bu ayda dönüb ötən ilə baxırıq, başa vurduğumuz ilə qiymət veririk. Tabloid.az məşhurların ötüb keçən ilinə onların özləri ilə birgə nəzər salıb:

Mətanət İsgəndərli qalmaqallı bir ildən sonra “Danışmayacam” dedi

Ötən il əməkdar artist Mətanət İsgəndərlini xeyli yordu. Həm nənə olmağın ikinci dəfə sevincini yaşadı, həm də itkilər verdi, qalmaqal yaşadı. Əvvəlcə nənəsini, sonra isə keçmiş ərini itirdi: “Atam ağır əməliyyat keçirdi. Hər ata övladı üçün əzizdir, amma atam mənim ürəyimdi. Onun xəstələnməsi mənə çox ağır təsir elədi. Çox böyük stress keçirdim. Qolum hələ də ağrıyır. Düzdür, mətbuatda şişirdildiyi qədər qorxulu bir şey də deyildi. Amma hər halda yüngülvari müalicə ilə ötüb keçdi”.

Olaylarla zəngin ilin musiqili də yekunu oldu: “Ötən il baş verən yeganə sevincim nəvəmin doğulmasıdır. Düzdü, görüşlərim, xırda uğurlarım da olub. Bu ay “Danışmayacam” klipimi də sevənlərimə təhvil verdim”.

Elməddin Cəfərov üçün serial ili oldu

Ötən il Elməddin Cəfərov üçün uğursuz başlasa da, sonradan vəziyyəti ələ alıb: “Bir uşaq verilişi açdıq. Verilişdə uşağa təklif olunurdu ki, düz danışsın, hədiyyəni aparsın. 6 ay verilişi öz hesabımıza hazırladıq. Ancaq axırda dayandırmağa məcbur olduq. Verilişin texniki xərcləri çox idi. Özüm pulsuz da işləyərdim. Bağ belə, bostan belə deyənlərin heç biri kömək eləmədi. Ağlamayan verilişə, and olsun allaha, pul vermirlər. Şikəsti ağladırlar – deyə irad tuturlar. Ancaq ağlamayanda verilişlərə pul vermirlər. Halbuki, uşaq verilişinin uğur qazanacağına çox inanırdım. İnandığım dağlara qar yağdığı üçün də təlim-tərbiyə ilə bağlı layihələrimizi dayandırdıq”.

E.Cəfərovun sözlərinə görə, uğuru serialda tapdıqları üçün elə bu yolda da davam ediblər: “Qiz atası” serialı yeni başlamasına baxmayaraq, “Bacanaqlar” serialı ilə rəqabətə girir. “Bacanaqlar” 6 ildi yayımlanır və bəyənilir. O reytinq yığdıqca, biz də uzadırıq. “Qız atası” serialının da uğur qazanmasını və uzun olmasını istəyirəm”.

Ötən il Gülüstan Əliyeva yaman passiv idi

Əməkdar artist Gülüstan Əliyeva da ötən ildən narazı qalıb. İtkisi qazandıqlarından çox olub. Yorucu işlər başını elə qarışdırıb ki, uğur qazanmağa vaxt tapmayıb: “Dördüncü solo konsertimdən sonra aktivliyim azalmışdı. Anamı itirdim. 3-4 il ağır xəstə yatdı, ötən yay isə dünyasını dəyişdi. Ancaq 2014-cü ilin sonuna yaxınlaşdıqca fəallığımı bərpa eləmişəm. Yaradıcılığıma daha çox vaxt ayırmağa imkan tapmışam. Ancaq ümumi nəticə ürəkaçan deyil. Elə bir uğurum olmadı”.

Nəzakət Teymurovanın sönük keçən 1 ili

Xanəndə Nəzakət Teymurova da At ilindən narazı qalıb. Əməkdar artist Ankarada, Bakıda verdiyi konsertlərə baxmayaraq, ilin çox sönük keçdiyi qənaətindədir: “Əvvəlki illərlə müqayisədə elə də böyük uğurlarım olmayıb. Məsələn, 2013-cü ildə İtaliyada oldum, 4 yerdə konsertlə çıxış elədim, orda diskim çıxdı. Londonda 2 yerdə konsert verdim. Mən çox çalışqanam deyə, bu ilin nəticəsi o birilərə nisbətdə sönük görünür. Ancaq gələn il üçün çoxlu planlarım var. Solo konsert də fikirləşirəm, tələbələrimlə konsert verməyi də düşünürəm... Albomlar da olacaq”.

Oksana Rəsulova ilə hind rəqsi ilə başlayıb milli rəqslə yekun vurdu

Sevgiyə 2 ildir ki “Stop” deyən rəqqasə bütün gücünü karyerasına sərf edir. Ötən il Oksana Hindistanın ən məşhur televiziya yarışında iştirak etdi. "India's Best Cine Star Ki Khoj" adlı həmin realiti-şou Hindistandakı ZEE TV telekanalında yayımlanır və rəqqasəmiz bu yarışda uğurla çıxış edərək finala qədər getdi. Azərbaycanda isə rəqqasə böyük bir layihəyə başladı. Bu ilin böyük uğuru hesab etdiyi layihəsinə “Sarı gəlin”lə başlayan rəqqasə milli rəqs havalarına süzməklə bu ilə yekun vurdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm