Mətanət: “Paltarlara o qədər pul verməsəydim, indi...”
Bizi izləyin

Tabloid.az

Mətanət: “Paltarlara o qədər pul verməsəydim, indi...”

Paltarlara verdiyim pula 30 obyekt alardım...

Əməkdar artist Mətanət İsgəndərli qalmaqal, stress və itki dolu bir ili də arxada qoydu. Ancaq bu gərginliyin içində yaradıcılığını da unutmadı. Hər kəsin acığına “Danışmayacam” adlanan mahnıya çəkdirdiyi klipi ilə yaradıcılığında 2014-cü ilin yerini boş saxlamadı. Tabloid.az-a müsahibəsində isə yalnız ötən ildən deyil, bütün yaşadıqlarından – itkilərindən, problemlərindən danışdı.

- İndiyədək çoxlu klip çəkdirmisiniz. Ən ürəyinizə yatanı hansı olub?

- “Mən səni sevərək tərk edəcəyəm”, “Dünya, mənə dərd verdin”, “Bu dünyadan yorulmuşam” ən çox sevdiyim kliplərdir. Ümumiyyətlə, razı qaldığım, ürəyimə yatan kliplər çoxdur. Ancaq sevmədiklərimin adını çəkmək istəmirəm. Mahnılarımın arasında isə “Qərib payız” mahnısı mənə məni xatırladır. Bu, mahnı mənim həyatımdı. Onu oxuyanda yaşadıqlarım bir film kimi gözümün önündən gəlib keçir. Bu mahnını oxuyanda sanki həyatla, dünya ilə vidalaşıram.

- Yoxsa, hansısa payızdan ürəyinizdə iz qalıb?

- Yox. Ancaq payız mənim xarakterterimə uyğun deyil. Mənə elə gəlir ki, həmişə payız olarsa, ölərəm. Deyib-gülməyi, əylənməyi xoşlayan biriyəm. Ona görə, payızı sevmirəm. Bu, bir az da əhval-ruhiyyəmdən asılı olur. Kefim yaxşı olanda qar-boran da olsa, elə bilirəm yaydı. Ancaq elə ki, əhvalım pis oldu, günəşli yay da şaxtalı qış olur.

- Kliplərinizdə baş rolun ifaçısı olmaq istərdinizmi?

- Bu ay təqdimatını keçirdiyimiz “Danışmayacam” klipində təklif elədilər ki, özüm oynayım. Rejissor belə istəyirdi. Ancaq həm vaxt problemim vardı, həm də klipin süjeti məni qorxudurdu. Orada söhbət intiqamdan gedir. Klipin rejissoruna yarizarafat dedm ki, xatanı məndən uzaq elə. Gənclər klipə baxıb hamısı intiqam almağa başlayacaq, mən günahkar olacam.

- Mahnı və kliplərinizin ilk dinləyicisi kim olur?

- Mahnılarımın ilk dinləyicisi oğlum Kərim olur. Elə onun münasibətindən də mahnının uğur qazanıb-qazanmayacağını əvvəlcədən müəyyənləşdirmək olur. Kərimin bəyənmədiyi mahnı uğur qazanmır. “Qərib payız” mahnısının da ilk dinləyicisi oğlum olub. Heç vaxt görməmişdim onun ağladığını. Mahnını dinləyərkən ikimiz də ağlayırdıq və göz yaşlarımızı biri-birimizdən gizlətməyə çalışırdıq.

- Konsert verməyi düşünmürsünüz?

- Inanın ki, düşünürəm. Ancaq heç cür imkan tapa bilmirəm. Mən işləyən, evinə çörək pulu aparan qadınam. Həm qazanmaq, həm də sənətlə məşğul olmaq məcburiyyətindəyəm. Çörəyimiz də toydan çıxır. Çox sənətkarlar toyda püxtələşib, yetişib. Belə götürəndə, toy böyük məktəbdi. Ancaq toy sənət deyil. Sənətlə də məşğul ola bilmək üçün toya getməyə ehtiyacım var. Toylarda da mənə çox böyük tələbat var. Təkcə Bakıda yox, Azərbaycanın rayonlarında, hətta Rusiyada, Ukraynada, Türkiyədə toylara dəvət alıram. Toyların səngidiyi aylarda isə konsert eləmək olmur. Toya az getsəydim, konsert verə bilərdim.

- Ancaq onda da başqa problem çıxacaqdı. Məsələn, konsert keçirməyə pul tapmayacaqdınız...

- Elədi. Yüksək təzyiqlə toya getdiyim vaxtlar olub. Toylar insanı yorur. Ancaq məcburam getməyə. Ona görə də imkan düşəndə həmişə deyirəm. Konsert verməyimi istəyirlərsə, sponsorlar konsertin mənə aid olmayan problemlərini həll etsinlər. Həmin konsertdən heç pul da istəmirəm. Ansamblım hazır, repertuarım hazır. Böyük vəsaitlər xərcləyib xaricdən müğənni gətirirlər.Yaşıl Teatrın bədii rəhbəri Faiq Sücəddinov dəfələrlə mənə konsertimi keçirməyi təklif edib. Respublika Sarayından dəfələrlə deyiblər.

- Bəs, ürəyinizcə olmayan nədir?

- Onu demirəm.

- Toylar səsinizi də yorur. Bir narahatlıq hiss etmirsiniz ki?

- Mən toyda başdan ayağa canlı oxuyan müğənniyəm. Hətta oxumağa başlayanda heç nə gözümə görünmür. Ona görə də mütəmadi həkim müayinəsindən keçirəm. İnanmazsınız, hər dəfə də həkimə həyacanla gedirəm. Elə fikirləşirəm ki, pis bir şey deyəcək. Ancaq çox şükür. Hələ ki, bir problem yoxdu

- Tabloid.az-a ötən müsahibənizdə demişdiniz ki, cavanlığınızda Gülüstan Sarayı kimi böyük səhnəni maaşının azlığına görə toylara dəyişdiniz... Hələ də ailənizin sizin pulunuza ehtiyacı var və toyda oxumaq məcburiyyətindəsiniz...

- Oxumaq mənim işimdir, onu sevirəm. Ehtiyacım olmasaydı da, yenə oxumaq üçün toya gedəcəkdim.

- Amma hər halda bu qədər gərgin işləməzdiniz bəlkə? Başqa şəkildə məşğul olardınız. Məsələn, konsertlər verərdiniz.

- Təbii ki.

- Səhnə hələ də həyacanlandırırmı sizi?

- Səhnəyə çıxanda heç kimi görmürəm. Öz mahnılarımla təkbətək qalıram. Səhnədən kənarda isə hər baxış mənə təsir edir. Diqqət mərkəzində olmağı sevmirəm. 1992-ci illərdə “Gecədən sübhədək” mahnısını oxudum. Həmin vaxt küçəyə çıxa bilmirdim. Həmin vaxtlar avtobusla, metro ilə gedib-gəlirdim. Hamı mənə baxırdı. Axırda Asif Kərimov dedi ki, daha metroya minmə. Yaxşı deyil axı.

- Metroya minməkdə yaxşı olmayan nədi?

- Pis bir şey yoxdu. Sadəcə insan baxışlardan narahat olur.

- Münasibətlərdən necə, o da sizə təsir edir?

- Əlbəttə, edir. Məsələn, indi sənətə gələn gənc nəslin münasibətindən təəccüblənirəm. Özlərini elə aparırlar ki, onlar yox, mən yeniyəm. Neçə ilin müğənnisiyəm, mənə salamı minnətlə verirlər. Mən özümdən böyük sənətkar görəndə əyilib əllərindən öpürəm. İndikilərdə hörmət yoxdur.

- Belə hallar sizi ruhdan salır? Ümumiyyətlə, nə zamann ruhdan düşürsünüz?

- Yorğunluq, şayiələr məni ruhdan salır. Şayiələrə fikir verməməyə çalışıram. Ancaq bəzən əsəblərim dözmür. Haqsızlığa dözə bilmirəm. Hələ uşaqlıqdan şərə düşdüyüm bir hadisəni də unuda bilmirəm. Həm qohumum, həm rəfiqəm olan bir yaşıdım öz oğurluğunu mənim üstümə atmışdı. İndiyədək də unuda bilmirəm. Həmin qohumum artıq rəhmətə gedib, ancaq görürsünüz ki, yadımdan çıxmır. Böhtan mənə çox ağır təsir edir. Hətta elə vaxtlar olur ki, tamam ruhdan düşürəm. Xirda şayiələr olub həyatımda. Onlara fikir vermirdim. Ancaq ötən il mənə vurulan ləkə məni çilədən çıxartdı. Daha dözə bilməyib məhkəməyə müraciət elədim. Allah heç kimə qismət eləməsin. Məhkəmə prosesləri çox yorucu olurmuş. Əsas odur ki, proses mənim qələbəmlə yekunlaşdı. Ancaq mən hələ də başa düşə bilmirəm ki, balaları, nəvələri olan bir Azərbaycan qadınına belə ləkə vuralarmı?

- Geyim həvəskarısınızmı?

- Yox, qətiyyən. Ancaq işimlə əlaqədar çox pul xərcləməli oluram. Məsələn, bu ilki Yeni il şənlikləri üçün 10 paltar tikdirdim. Həmişə belə olur. Çox vaxt görürsən ki, 10 paltardan 5-i yaxşı çıxır. Elə vaxtlar olub ki, 2-3 min manat pul vermişəm paltara. Arıq vaxtlarımda Parisdən paltar gətirdirdim. 2-3 min dollar tuturdu.

- Arıq vaxtlarınızın nisgilini çəkirsiniz, deyəsən. Arıqlamaq istəyirsiniz?

- Nə bilim. Görək də.

- Sənətkar olmasaydınız, geyimə yenə bu qədər pul xərcləyərdinizmi?

- Qətiyyən. Mən paltarlara ölü kapital kimi baxıram. Bunlara verdiyim pula bəlkə 30 obyekt almaq olardı. Heç olmasa, indi oğlum bir obyekt sahibi olardı.

- Ən qiymətli itkiniz nə olub?

- Şəkillərim oğurlanıb. Ulu öndərlə çox gözəl şəkillərim vardı, əl-ələ. Kim, niyə oğurlayar, anlamıram. İndi siz “itki” deyəndə, ilk o şəkillər yadıma düşdü. Bir neçə il əvvəl isə evim yanmışdı. Şamdan od düşmüşdü. Ətirli şamlardan xoşum gəlir. Həmişə evdə yandırıram. Onda da evdə tək idim. Mən yatmağa gedəndən sonra şamdan od düşüb. Yuxuda olduğumdan xəbər tutmamışam. Birdən qonşuların haray-qışqırığına oyandım. Qalxdım ki, hər tərəf tüstü-dumandı. O evdən sağ çıxmağım möcüzə idi. Təsəvvür edin ki, təzəcə Parisdən 10 min dollarlıq geyim almışdım. Heç biri ələ gəlmədi. Hətta ağ şubamın quru təmizləmədən sonra da hisi getməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm