Azərbaycanın ən dəbli məşhurları - Fotolar
Bizi izləyin

Tabloid.az

Azərbaycanın ən dəbli məşhurları - Fotolar

Azərbaycanın ən dəbli məşhurları

Moda ilə bağlı tədbirlərin çox keçirilməsi yaxşı haldır. Müsbət tərəfləri ondan ibarətdir ki, xanımlar dünyanın ən yaxşı geyinən məşhur gözəllərinə baxaraq düzgün və zövqlə geyinməyi öyrənirlər. Lakin bu o demək deyil ki, məşhurların tərzlərini yamsılamaq olar. Əgər özünüzə məxsus tərzinizin olmasını istəyirsinizsə, bu zaman sizin özəlliyinizi nümayiş etdirən, xarakterinizi göstərən hansısa bir elementi qabartmalısınız. Əlbəttə ki, yaxşı mənada. Dəbin ümumi qəbul olunmuş qaydaları mövcud olsa da, məşhur ulduzların geyim obrazını olduğu kimi təqlid etmək bütün hallarda yolverilməzdir. Buna fikir oğrusu da deyə bilərik... Tabloid.az-ın “9 don” layihəsi çərçivəsində ilin sonunda ən yaxşı geyinən məşhurların siyahısını tərtib etmək qərarına gəldim. Bizim yaxşı geyinən gözəllərin geyim təhlillərini təqdim etməkdə məqsədimiz sizə öz tərzini tapmaqda kömək etməkdir.

İlk yerdə heç düşünmədən Röyanı qərarlaşdırdım. Bu dəlisov qızın hər obrazı əsl dəb nümunəsidir. Çılğın və şıltaq xarakterindən məsləhət görməzdim, amma cazibədar stilindən çox şey öyənmək olar. Onun səhnəyə ilk çıxışları ilə bu günkü imici inanılmaz dərəcədə dəyişib. Çirkin ördək balasından cazibədar və şarmlı bir qadına çevrilib.

tabloid.az

Seksual, şıltaq, çılğın və nazlı-qəmzəli bu xanım nəinki kişiləri, eləcə də qadınları özünə heyran qoyur. Röya təkcə ifa tərzi ilə deyil, özünəməxsus geyim tərzi ilə də seçilən ifaçılardandır. Dərin dekolteli paltarlar geyinsə də, ifratçılığa və vulqarlığa varmır. Hətta ən açıq-saçıq paltarlar zərifliyini poza bilmir. Səbəbsiz deyil ki, onu bütün stilistlər estradamızın ən yaxşı geyinən stil ikonası adlandırırlar. Onun səsi, ifa tərzi kimi stili də təkrarolunmaz və qeyri-adidir. O, geyim stili ilə xanımların ilham mənbəyinə çevrilib, desək yanılmarıq.

Azərbaycanda bir çox stil ikonası var, ancaq bu ulduz onların hamısından fərqlənir. Çünki onun stilini müəyyənləşdirmək mümkün deyil, bəzən bohem, bəzən klassik, bəzən retro tərzlərinə üstünlük verən bu çılğın ifaçının üz və bədən quruluşu onun hər geyimi sınaqdan keçirməsinə imkan verir. Onun içində çılğın bir qız oturub və bu qız Röyanı adi, hamı kimi olmaqdan çəkindirir. Onun bu şıltaqlığını bəzən Rihanna ilə də müqayisə edirlər, hətta Azərbaycanın Rihannası kimi də çağırırlar. İfa tərzində oxşarlıq olmasa da, stilində hansısa oxşarlıq olduğu şübhəsizdir.

Nə qədər qəribə görünsə də, bu şıltaqlıq ona çox yaraşır. Röya nə qədər qeyri-adi geyinməsindən asılı olmayaraq, daim cazibədar və seksual görünməyi bacarır. Onu da qeyd edim ki, Röyanın stilinin əsas ideyasını seksual obrazlar təşkil edir.

Röyanın dəri rəngi də ona istənilən rəngləri sınaqdan keçirməyə icazə verir. Buna görə də, ona hansısa rəngin yaraşmadığını konkret olaraq deyə bilmərəm. Əkizlər bürcündən olan ifaçının rəng seçimləri də müxtəlifdir. O, bəzi ifaçılar kimi efirdə hər dəfə qara rəngdə deyil, müxtəlif rənglərdə görünməkdən çəkinmir. Ancaq onun vaz keçmədiyi rənglər ağ, qara və qırmızıdır. Həqiqətən bu rənglər Röyanın cazibəsini vurğulamaq üçün ideal seçimdir.

Dinləycilərini təəccübləndirməyi birinci vəzifəsi hesab edən Röya eyni saç stilində qalmağı sevmir. Onu bu gün qısa saçda, sabah isə gözlənilmədən uzun saçda görə bilərik. Lakin onu ən çox tanıdan təbii qıvırcıq saçları idi.

Röya cazibədar görünmək üçün ancaq qısa və dekolteli geyimlərə müraciət etmir. Onun bədən quruluşu ona istənilən modeli üzərində məharətlə daşımağa icazə verir. Uzun və dar kəsimlər onun siluetini inanılmaz şəkildə gözəl vurğulamağa xidmət edir.

Röya təkcə geyim stili deyil, həm də saç stilləri ilə dəb tendensiyaları yaradır. Demək olar ki, müraciət etmədiyi saç rəngi və kəsimi qalmayıb.

Röya aksessuar seçimində də çılğın xarakterini ortaya qoyur. Belə ki, son dövrlərin aksessuarlardan çox istifadə etmək dəbi ulduza çox yaxındır. Barmaqları üzüklərlə doldurmağı sevir. Amma onların bir-birinə uyğunluq qanunu diqqətdən qaçırmır. İstəyəndə isə zərif qadın obrazına bürünür. Bir üzük və tək qaş sırğa ilə kifayətlənir.

Tünzalə Ağayevanın ikinci yerdə qararlaşıb. O, təkcə xarici gözəlliyi ilə deyil, müdrikliyi, şarmı və individuallığı ilə seçilən ifaçı xanımlardan biridir. T.Ağayeva müxtəlif tədbirlərin, kübar ziyafətlərin, mərasimlərin ən arzulanan ifaçısıdır. O, özünəməxsus ifa tərzi və peşəkarlığı ilə yanaşı, zövqlü geyimləri ilə də fərqlənməyi bacarır. O, həqiqətən də qüsursuz zövq sahibidir. Tünzalə Ağayevanı biz həmişə dəb klişelərdən uzaq, aktual obrazlarda görürük.

Sözügedən qüsursuz obrazların müəllifi isə modelyer Gülnarə Xəlilovadır. Bu obrazlar şərq motivləri ilə qərb tendensiyaları ilə uyğunlaşdırılması əsasında hazırlanır. Gülnarə Xəlilova yaratdığı obrazların üzərində ən xırda detallara qədər hər şeyi düşünür, geyimləri asanlıqla uyğunlaşdırır, bəzək əşyaları və rənglərlə uğurlu eksperiment edir. Gülnarə Xəlilovanın ərsəyə gətirdiyi geyim nümunələrində əməkdar artist Tünzalə Ağayeva dəbdəbəli və zərif stili ilə hər zaman heyrət doğurur.

Bir sözlə, Gülnarə Xəlilovanın əl işləri və ziyafət libasları istənilən qadını gecənin ən şıq ulduzu etməyə iddialıdır.

Səhnəyə çıxdığı ilk vaxtlarda çalma onun əvəzolunmaz aksessuarı idi. Aksessuarlardan çox az istifadə edən ifaçının paltarını çalmalar vurğulayırdı. Hətta digər müğənnilər və adi insanlar da çalmadan istifadə etməyə başlayır. Bir sözlə, çalma dəbini yenidən aktauallaşdırır. Stili üzərində işlədiyi və inkişaf etdirdiyi üçün sonralar çalmadan imtina edir. Lakin etiraf etmək lazımdır ki, çalma bu xanımı fərqli göstərirdi, həm də çox yaraşırdı. İndi isə eleqant, hərdən isə ekstravaqant geyimlər seçir.

T.Ağayeva özünəməxsus stilində çalmadan imtina etsə də, onu yaylıqla əvəz edir. Boynuna fərqli üsullarla bağladığı yaylıq və şərflər onun zərifliyini vurğulayan əsas detallara çevrilib. O, zərif boynunu çəhrayı rəngli yaylıqlarla vurğulamağı çox xoşlayır.

T.Ağayeva həm də geniş və rəngarəng qarderob sahibidir. Onun qarderobunda G.Xəlilovanın geyim nümunələrindən başqa bahalı brendlərə də rast gəlmək olar. Ayaqqabı və çanta tandemi də hər zaman uğurlu alınır.

O, arıqladıqdan və istədiyi incə bədən quruluşuna malik olduqdan sonra tərzində bir balca dəyişiklik edir. Onu daha çəkici göstərən fasonlara meyl edir. T.Ağayevanın stili əslində olduqca sadədir. Aksessuarlarda da sadəliyə önəm verdiyi üçün geyimlərinin bər-bəzəkli olmasına diqqət edir. Libaslarında naxış, çiçək, krujeva detalları daha çox diqqət çəkir.

Gözəllik eksperimentlərindən çəkinməyən ulduzun qısa saçları da xanımlarımızı saçlarını kəsdirməyə cəsarətləndirir və trendə çevrilir. Çalmadan sonra müğənnini uzun saçlarda görməmişik. Amma o, qısa saçları fərqli kəsimlərlə hər dəfə bir tərzə salmağın mümkün olduğunu sübut edir.

Makiyaja gəldikdə isə ifaçını maksimum dərəcədə sadəliyini qoruyub saxlayır. Gözlərinin üstünə neytral göz kölgələri, incə layner çəkib, kirpiklərini tuşla vurğulayır. Qaşlarını qələmlə daha da qalın göstərir. Geyimdə cəsarətli olsa da, makiyajda abartıya qaçmır. Tünd rəngli dodaq boyalarından nadir hallarda istifadə edir. Yanaqlarına çox xəfif şəkildə ənliklə vurğulayır.

T.Ağayevanın ümumi stili haqqında onu deyə bilərəm ki, nə istədiyini bilən xanımdır. Üzünü və bədən quruluşunu, ona nəyin yaraşıb-yaraşmadığını çox yaxşı tanıyır. Qüsurlarını da bilir. Bu xüsusiyyətləri isə ulduzun stilinin mükəmməl olmasına gətirib çıxarır.

Üçüncü yerdə gənc ifaçı Günay İbrahimli gəlir. Emosional xarakteri geyim stilində də öz sözünü deyir. O, həm uzun, həm də mini paltarlar geyinməyi xoşlayır. Geyimdə özünə sərhədlər qoymayıb. Dekolte seçimləri isə müxtəlif olur. Bədəninin gözəlliyinə etibar etdiyi üçün gah sinə, gah kürək, gah da ayaq delkoltesi ilə diqqət çəkməyə çalışır. Bir çox müğənnilər kimi o da hündürdaban ayaqqabılardan vaz keçə bilmir. Vizual olaraq boyunu və ayaqlarını uzun göstərmək bilmək üçün dəb hiylələrini uğurla tətbiq edir. Dəb hər saniyə dəyişdiyi kimi Günay İbrahimlinin stili də onunla birlikdə dəyişir. Çıxan son trendin birini də buraxmır. Bu mənada G.İbrahimlinin dəbi yaxından təqib etdiyini deyə bilərik. Modapərəst xanımın tərzi gənc qızların ilham mənbəyi olmağa iddialıdır. Lakin o, trendlərə kor-koranə əməl etmir. Gözəlliyini ön plana çıxaran, qüsurlarını örtən paltarları ustalıqla seçir. Son zamanlar bir qədər kökəlsə də, qısa donları uğurla daşıyır.

Hansı tərzdə və rəngdə olmasından asılı olmayaraq Günay hər üslubu özünə yaraşdıran və özününküləşdirə bilir. Bunu isə aksessuarların sayəsində edir. Böyük kolyelər, üzüklər və sırğalar adi geyimi belə darıxdırıcı olmaqdan xilas edir. Özünəməxsus tərzi ilə həmişə diqqət mərkəzində olan ifaçı aksessuarları ilə də dəb tendensiyası yaradır.

Makiyajı isə geyimləri qədər ürək açan deyil. Geyimlərini yaşına uyğun seçsə də, həddindən artıq çox makiyaj etdiyi üçün olduğundan yaşlı görünür. Adətən tünd rəngli dodaq boyalarından istifadə edir.

Saçlarındakı eksperimentlər isə uğurlu alınır. Eyni saç stilində gəzməkdən sıxılan ulduz onu tez-tez dəyişdirir. Hətta dünən qısa saçlarda qarşımıza çıxan ulduzu bu gün uzun saçlarda və başqa saç rəngində görə bilərik.

Siyahının 4-cü pilləsində bu il ailə həyatı quran Dilarə Kazımovadır. O, efirlərdə çox az-az göründüyü üçün düzü, haqqında yazmağa çətinlik çəkirəm. Qrup təzə yarananda gənc ifaçı dəlisov mahnılarının ruhuna uyğun geyinirdi. Əlbəttə ki, burada ölməz klassikadan və zəriflikdən söz gedə bilməzdi. Hətta deyərdim ki, dələduz qızcığaz üslubunda geyinirdi. Lakin böyüdükcə Dilarə Kazımova stilində də dəyişiklik etməyə başladı.

Dilarə Kazımovanın stilində ən çox diqqətimi çəkən məqam qara rəngə və cinslərə olan ehtirasıdır. O, çox az adamın cəsarət edib geyinə bilmədiyi cins şalvar modellərini geyinir. D.Kazımovanın tez-tez istifadə etdiyi rənglər ağ, qırmızı, bej çalarlarıdır. Çox nadir hallarda naxışlı, qaşlı, bər-bəzəkli libaslar geyinir. Əsasən klassik, amma müasir, sadə kəsimlərə üstünlük verir. Belinin incəliyini vurğulayan, uzun, midi və eleqant modellər seçir. Əyninə kip oturan sadə paltarlarda çox zərif görünür.

Dilarə Kazımovanın paltarları kimi aksessuarları sahibinin incə zövqündən xəbər verir. İfaçı sadə, amma bahalı aksessuar daşımağa daha çox üstünlük verir.

Dilarə Kazımovanın bu il ən çox yaddaqalan obrazı gəlinlik libası oldu. O, toy günü də dalğalı saçlarını açıq qoyaraq öz tərzinə sadiqliyini qoruyub saxlamışdı.

Dilarə Kazımova həmkarları Röya və Günay İbrahimlidən fərqli olaraq, nə saç rəngini, nə saç stilini dəyişdirməyi sevmir. Təbii qıvırcıq saçlarını çox zaman yana daramaqla kifayətlənir. Hətta son zamanlar dəbdə olan ombre dəbinə də əməl etməyə cürət etmir. Ancaq tünd qəhvəyi və qara rəng üzərində dayanır.

Daha çox qırmızı dodaq boyasına üstünlük verir. Bu dodaq boyasını dumanlı göz makiyajı ilə tamamlayır. Gözləri xırda olduğu üçün dumanlı göz makiyajı gözlərini böyük göstərir, həm də baxışlarını daha nüfuzedici edir.

Sonda isə Sevda Yahyayeva qərarlaşıb. O, gənc yaşına baxmayaraq, əldə etdiyi nailiyyətləri və stili ilə son dövrlərdə daha çox diqqət çəkir. Səhnəyə gəldiyi ilk dövrlərdə stilində qarışıqlıq və nizamsızlıq müşahidə olunsa da, sonradan inanılmaz dərəcədə dəyişdi. Müğənni peşəsindən dolayı səhnədə hər zaman qüsursuz görünməli olduğu üçün obrazına laqeyd yanaşmır və stilini daim inkişaf etdirir.

Sevda Yahyayeva gündəlik həyatda rahatlığına daha çox önəm verir, eyni zamanda geyim seçimində tez-tez sevdiyi əlvan rənglərə müraciət edir. Yeni çıxan dəb tendensiyalarını təqib edən gözəl ulduz müsahibələrində özünə yaraşanı geyindiyini söyləyir.

Sevdiyi rənglərdən - sarıdan, çəhrayının müxtəlif tonlarından, ağ, yaşıl, qırmızı və qaradan daha çox istifadə edir.

Sevda geyimlərində sadəliyini ön plana çıxarır. Sadəliyini rəngli kiçik detallarla fərqli hala gətirir. Qısa paltarları sevən gözəl müğənniyə həm açıq, həm də tünd rəngli paltarlar olduqca yaraşır. Xallı və zolaqlı, naxışlı geyimlərə üstünlük verərək şirinliyini nümayiş etdirir.

Mini donlar geyindiyi zaman yaşına uyğun saç və makiyajla məsumluğunu qorumaq şərti ilə çox gözəl görünə bilir. Bahalı markalardan geyinməyə başlayan ulduz cazibədarlığından istifadə edərək artıq böyüdüyünü göstərməyə çalışır.

Mini donlarla yanaşı uzun paltarlarla da stilinə sadiq qala bilir.

İstər tulum olsun, balıq quyruğu olsun, ziyafət libası olsun, istərsə də şortlar olsun, onların hər modelini özünə yaraşdıra bilir. Füsünkar bədən quruluşu da istədiyi geyimi daşığıma icazə verir. Qısa şort və yubkaları öz üzərində məharətlə nümayiş etdirir.

Seçdiyi şalları, iri çantaları və digər aksessuarları yaşına tam uyğundur. S.Yahyayevanın ən sevimli aksessuarı isə papaqlardır. Qarderobunda hər tərzə uyğun, hər rəngdə papaqlara rast gəlmək olar.

Hər zaman dəbdəbəli görünməyi sevən ifaçı Sevda Yahyayeva geyim-kecimi ilə yanaşı, saç stilinə də xüsusi fikir verir. Son zamanlarda müğənni hörüklü saçlarla daha çox qarşımıza çıxır və bu, ona çox yaraşır.

Sevda Yahyayeva saçları ilə oynamağı sevsə də, həddini aşmır. Saçının rəngini bir neçə dəfə tünd rəngə boyayıb. Lakin açıq rənglər, qəhvəyi tonlar üzünə və yaşına daha çox yaraşır. Saçının təbii və dalğalı halları ən gözəlidir.

tabloid.az

Toppuz şəklində topladığı saç düzmü ona fərqli bir imic qazanmasını təmin edir. Üzünü ortaya çıxaran saç düzümü ilə incəliyini və zərifliyini vurğulamağa çalışır.

Saçını əvvəllər çox qabarıq və buruq etsə də, onun stilinə və obrazına çox yaddır.

Xırda gözlərini böyük göstərmək üçün gözlərini qara qələmlə haşiyəyə alır. Makiyajda dodaqlardan daha çox gözlərə yer verir. Qırmızı dodaq boyası da ifaçını çox seksual göstərir. Amma adətən neytral tonlarda dayanır.

Ulduzun səhnə kostyumları da olduqca maraqlıdır. Sevda gündəlik həyatda sadəliyə üstünlük versə də, səhnə kostyumları haqqında bunu deyə bilmərik. Sadəliyin yerini seksuallıq, parlaqlıq və qeyri-adilik alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm