Bədbinlik, tərəddüdlər, başaldadıcı vədlər ili gəlir - 2015-ci il
Bizi izləyin

Tabloid.az

Bədbinlik, tərəddüdlər, başaldadıcı vədlər ili gəlir - 2015-ci il

Astroloq Səbuhi Rəhimli Tabloid.az-ın suallarını cavablandırarkən Keçi ilini xarakterizə edib.

Hər dəfə il dəyişəndə insanların astroloji proqnozlara diqqəti artır. Başa çatmaqda olan ildən əlini üzənlər bütün ümidlərini yeni ilə bağlayır. Bəs, qarşıdan gələn Keçi ili ümidini ona bağlayanlara nə vəd edir? Astroloq Səbuhi Rəhimli Tabloid.az-ın suallarını cavablandırarkən Keçi ilini xarakterizə edib.

- Hər ilin öz xüsusiyyətləri var. Keçinin xasiyyəti necədir?

- Keçi cəsarətsiz, zəmanə ilə ayaqlaşmayan, öz hüququnu qoruya bilməyən, məsuliyyətsiz və yaltaq adamları sevmir. Keçi bir ümid ilidir. İnsanlar mənəvi əzablara mübtəla olduğu indiki zamanda min yerdən ümid gözləyirlər. Çünki icraçılardan, ümumiyyətlə, məmurlardan hamı əlini üzüb. Odur ki, mistika, ilahiyyat və astrologiyaya kütləvi inam və axın yaranıb. Onların arasında möcüzə gözləyənlər də az deyil. Bu səbəbdən də il dəyişməsi ərəfəsində əlavə güc yığıb sanki donmuş ümidlərini yenidən isidirlər. Bu ildən də ümid gözləyənlər həddən çoxdur.

- Bəs, Keçi həmin ümidləri doğrulda biləcəkmi?

- Əksinə, Keçi (Qoyun) ili insanlarda ümid, inam qoymayacaq. 2015-ci il fevralın 19-u, Bakı vaxtilə səhər saat 04.47-dən başlayaraq Keçinin hakimiyyəti başlayır. Elə həmin ərəfədən ictimai-siyasi proseslər böhranlı müstəviyə keçəcək. Bu prosesin nəticəsində də insanlar arasında haqq-ədalətə, qanuna, rəhbərlərə, ümumiyyətlə, xoş gələcəyə inam azalacaq.

- Çox ümidsiz olmadımı? Yeni il ərəfəsində bədbin ruhun çəkisini yaman ağırlaşdırdınız…

- Bunu mən demirəm. İllərin təcrübəsi deyir. Keçi ilində bədbinlik, tərəddüdlər, başaldadıcı vədlər geniş vüsət alır. Təsadüfi deyil ki, tarixə düşən böyük ixtişaşların, inqilab və çevrilişlərin əksər hissəsi də məhz Keçi illərinə təsadüf edib.

- Yəni, gələn il ürəkaçan heç nə olmayacaq?

- Olmasa, olarmı? Astroloji təyinatlar bu ərəfədə ən müxtəlif sahələrdə yeni liderlərin əmələ gələcəyini göstərir. Insanların öz xilas yolunu dində tapacağı, okkultik elmlərin (magiya, astrologiya, müxtəlif öndeyimlər, ekstrasensura və s.) inkişaf edəcəyi, incəsənət aləmində əsaslı dönüş baş qaldıracağı gözlənilir. Odur ki, Keçi ilində bir uğur qazanmaq, istədiyinə nail olmaq istəyənlər gərək bu iki ziddiyyət arasında düzgün seçim etsinlər.

- Keçinin xüsusiyyətlərinə bələd bir mütəxəssis olaraq nə məsləhət görürsünüz? Nə etmək lazımdır ki, Keçi ilə dil tapa bilək?

- Bu il təlim-tərbiyə, əxlaq məsələləri ön plana çəkilməlidir. Mənəvi dəyərləri, milli sərvətləri qorumaq ilin başlıca vəzifəsinə çevrilməlidir. Çünki Keçinin mənfi xüsusiyyətlərindən biri də təhsilə pis təsiridir. İnsanlarda oxumaq, bilik əldə etmək həvəsi azalır. Nəticədə isə əyləncə və şoulara meyl artır. Əxlaq məsələləri lap arxa plana keçir. Bir qayda olaraq Keçi ilinin ilk yarısını hazırlıq və sınaqlar ərəfəsi, ikinci yarısını isə aktiv dövr adlandırırlar.

- İlin uğurlarından qadınlar çox pay götürəcək, yoxsa kişilər?

- Qədim Çin astrologiyasına görə, Keçi zərif işarədir. Bəzən ona qadın işarəsi də deyirlər. Bu səbəbdən də ilin aparıcı - tənzimləyici qüvvəsi məhz qadınlar olacaq. Ailədən tutmuş ictimai-siyasi proseslərə qədər əsas diktə müəllifləri də məhz zərif məxluqlar olacaq. Qadınlar sülh tərəfdarı olduqları üçün bu illərdə müharibələr minimum səviyyəyə enir. Gəlin, yaxın tarixə nəzər salaq: XX əsrin Keçi illərində (1907, 1919, 1931, 1943, 1955, 1967, 1979, 1991) böyük müharibələrə az təsadüf olunub. Məsələn, 1907-ci ildə Rusiya inqilabı sakitləşib, ilk dünya müharibəsi də məhz Keçinin gəlişinə az qalmış (1918) yekunlaşıb. 1943-cü ildə Avropanın və SSRİ-nin əksər hissəsini işğal edən almanlar tədricən geri çəkilməyə, məğlubiyyətlə üzləşməyə başlayıblar. Qalan Keçi illərində də nəzərəçarpacaq qırğınlar törədilməyib. Hətta 1991-ci ildə İraqa qarşı aparılan "Səhrada tufan" əməliyyatı da müharibə həddində olmayıb.

- Yəni, hirslənib savaşa meydan açan Keçi olmayıb indiyədək?

- 2003-cü ilin Ağ Keçi ilində İraqla savaş bir qədər böyükmiqyaslı oldu. Həmçinin həmin il dünya siyasətində köklü dönüş baş verdi. Ümid edək ki, qarşımızdakı Keçi ili ən pis halda dünya maliyyə böhranı ilə başa çatacaq.

- Keçi ilə bağlı xarakterizələrinizdə ilin gizli tərəflərindən yazmısınız.

- Elədi, Keçi ili özündə çoxlu sirlər ehtiva edir. Ona gör də, hər şeydən öncə siyasətdə və maliyyə sahəsində ehtiyatlı olmaq lazımdır. Ehtiyat tədbiri yalnız fərdlər üçün deyil, ölkələr üçün də şərtdir.

- At ili qeyri-adi intiharları ilə yadda qaldı. Keçinin intiharlara təsiri olacaqmı,?

- Təəssüf ki, bu məsələdə də vəziyyət ümidsizdir. Adətən bu illərdə intiharların, qətl və oğurluq hallarının sayı kifayət qədər artır. Ancaq zorlama, terror aktları ilə bağlı eyni fikri söyləmək olmaz.

- Yəni, Keçi üzümüzü güldürə bilər?

- Nəinki üzümüzü güldürəcək, hətta digər illərlə müqayisədə xoşbəxt günlərin sayı çox ola da bilər. Çünki Keçi izdivaclarla zəngin olur. Toy-nişan, elçilik, məhəbbət tanışlıqları ilboyu vəfalı və sədaqətli gənclərimizin xilas mənbəyinə çevrilir. Uşaqların daha çox və daha sağlam dünyaya gəlməsində də Keçinin əsaslı rolu olur.

- İctimai-siyasi hadisələrdə nə gözlənilir?

- Azərbaycanda Milli Məclisdə deputatların minimum 40 faizi dəyişəcək. Müxalifət fəallaşacaq. 15-ə yaxın rayonun icra hakimiyyəti başçısı başqası ilə əvəz ediləcək.

- Bəs, dünyada?

- İŞİD-in ərazisi genişlənəcək. Son 40 ilin ən dəhşətli vulkanları baş qaldıracaq. Dövlət çevrilişləri artacaq. Rusiya sanksiya və maliyyə böhranına qarşı yalnız apreldən müqavimət göstərə biləcək. Həmin aydan neftin qiyməti tədricən qalxmağa başlayacaq. 2015-də Fələstin dövlət kimi tanınmayacaq. Bəşər Əsəd rejimi dəyişməyəcək.

- Bu il doğulanlar barədə nə deyə bilərsiniz?

- Ümumiyyətlə götürdükdə, keçi sakit heyvandır. Onun əti və südü qiymətli qida növü sayılır. İl ərzində Keçi sürüsü psixologiyası hakim olduğundan, insanlar "Hamı liderin arxasınca!" qanununa uyğun yaşayır. Bu, ailə münasibətlərində də özünü doğruldur: quzu öz anasının arxasınca gedir, ana da öz növbəsində anasının dalınca düşür. Beləliklə, bütün keçilər sürüdəki ən qoca keçinin - rəhbərin arxasınca gedirlər. Heç şübhəsiz ki, Keçi ilində doğulan insanlar da sözəbaxan və qızbacı olurlar.

- Dediklərinizdən belə çıxır ki, bu il böyük-kiçik yeri bilinəcək?

- Sizə bir vacib məqam deyim. Hamıya məlumdur ki, quzular ana südü içəndə diz üstündə dayanırlar. Bu əlamət Çində valideynlərə, müəllimlərə və özündən böyüklərə hörmət kimi sayılır və buna görə də, Keçi böyüklərə hörmət işarəsi hesab edilir. Bundan başqa, çinlilər inanır ki, Keçi xeyir gətirir. Hətta "keçi" sözünün çin heroqlifi "xeyirxah" sözünün heroqlifinə çox bəzəyir

- Keçi ilində doğulanların uğurlu saatı, düşərli ayı-günü hansıdı?

- Keçi 07.02.2016-cı ilədək davam edəcək. İlin planeti Yupiterdir. Uğurlu ayı mart, uğursuzu isə dekabrdır. İlin düşərli günü bazar ertəsi, cümə axşamı, ağır günü çərşənbə, şənbə günləri olacaq. İlin düşərli təqvimləri 3, 4, 6, 7, 9, 11rəqəmləri ilə bağlıdır. İlin numeroloji rəqəmi 8-dir. Ən uğurlu saatlar 06:00-08:00, 14:00-16:00, 22:00-00:00-dır. Hər gün 02:00-04:00 10:00-12:00 18:00-20:00 radələrində ehtiyatlı olmaları məsləhətdir. İlin aparıcı bürcləri Oxatan və Balıqlar, ilin aparıcı işarələri Keçi, Pişik, Qabandır. İlin rəngi göy, yaşıl, bənövşəyi, daş-qaşı sapfir, ametist, zümrüd, metalı sinkdir. Nərgiz, qərənfil çiçəyi, nal, düyün isə Keçilərin talismanıdır. İlin aktiv əraziləri Kiçik Asiya, Rusiya, İtaliya, Portuqaliya, Macarıstan, Yuqoslaviya, İspaniya, Latın Amerikası (Braziliya və Meksikadan başqa), ərəb ölkələri olacaq.

- İlin adı da deyəsən, xeyli tərəddüdlərə yol açır… Qoyun, yoxsa Keçi – deyə tərəddüdlər var.

- Müraciət etdiyimiz astroloji mənbələrin böyük əksəriyyətində Keçi ili kimi səciyyələndirilir. Biz də dünyada aparıcı mövqeyə malik olan Çin, hind və yapon astrologiyasına əsaslanırıq. Buna baxmayaraq, adın mahiyyətinə varmağa ciddi ehtiyac yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm