Fransada yaşayan müğənnimiz:“Gəlin, günahkar axtarmayaq” - Fotolar
Bizi izləyin

Tabloid.az

Fransada yaşayan müğənnimiz:“Gəlin, günahkar axtarmayaq” - Fotolar

Tabloid.az Fransada yaşayan həmyerlimiz ilə eksklüziv müsahibəni təqdim edir.

Əksər yerli müğənnilərimiz xarici şou biznesə qatılmaq üçün dəridən qabıqdan çıxırlar. Bəlkə də əksəriyyətin heç xəbəri yoxdur ki, xaricdə yaşayan və orada Azərbaycanın adını təmsil edən kifayət qədər müğənnilərimiz var. Onlardan biri də Təranə Paris Baku adı ilə Fransada yaşayan və orada musiqi aləmində məşhur olan həmyerlimiz, əslən Şuşalı Təranə Allahverdiyeva-Monbarbündür.

Tabloid.az Fransada yaşayan həmyerlimiz ilə eksklüziv müsahibəni təqdim edir.

- Yeni ili ailənizlə harada qeyd edəcəksiniz?

- Qarşıdan gələn 2015ci ili musiqiylə, mahnıyla Parisdə səhnədə qeyd edəcəyəm.

- Fransada yeni il Azərbaycandan çox fərqli qeyd olunur?

- Azərbaycandan fərqli olaraq Fransada Yeni il əsasən dostlarla bərabər qeyd olunur.

- Fransada Azərbaycan musiqisini təmsil etmək təkcə Sizin üzərinizə düşüb. Bu yük ağır deyil ki?

- Fransada Azərbaycandan gələn sənətçilərin çıxışları olur və onlar Azərbaycan musiqisini çox gözəl təmsil edirlər. Fransada fəaliyyət göstərən azərbaycanlı-fransız sənətkar kimi həm Azərbaycan, həm fransız musiqilərini təmsil edirəm. Ümumiyyətlə, mənim sənətimin bir hissəsi Fransa ilə Azərbaycan arasında mədəni körpü yaratmağa həsr olunub və bu işi sevə-sevə fəxrlə görürəm. Sevdiyiniz işlə məşğul olduqda dediyiniz kimi yük, ağırlıq heç yada belə düşmür.

- Fransada konsert vermək, albom çıxartmaq kifayət qədər böyük məsrəf tələb edir. Bu işdə Sizə yardımçı olan var?

- Mənim fəaliyyətimlə əlaqədar şəxsi şirkətim var. Mən şirkətimə işləyirəm və lazım gəldikdə o mənə hər bir işimdə dəstəklik göstərir.

- Musiqiyə sevgi haradan yaranıb?

- Mən Qarabağlıyam və bir çox qarabağlı uşaqlar kimi gözümü açandan, özümü tanıyandan bəri musiqi ilə yaşamışam, musiqi ilə böyümüşəm, uşaqlıqdan Şuşada musiqi məktəbinə getmişəm, ailəmdə musiqi hər zaman təbii özünü ifadə etmək yollarından biri olub. Musiqi təhsili almağa uşaqlıqdan başlamışam, Bakıda, sonra isə Fransada davam etmişəm, ümumiyyətlə, məni çox məqamlar maraqlandırır və öyrənməyi çox sevirəm.

- Yaradcılığınızda nə kimi yeniliklər var?

- Əsas yeniliklərdən biri bu yaxınlarda "Esquisse" albomumun işıq üzü görməsidir. Böyük fəxrlə qeyd etmək istəyirəm ki, bu albomda tanınmış fransız, ispan mahnıları azərbaycan dilinə adaptasiya olunub və bu albom fransız tamaşaçıları tərəfindən çox böyük maraqla qarşılanır.

- Azərbaycan tamaşaçısı Təranə xanımı bir o qədər də yaxşı tanımır. Sizcə bunun günahı kimdədir?

- Gəlin, günahkar axtarmayaq və yalnız irəliyə baxaq (gülür). Hər şeyin öz vaxtı var, gələn il artıq "Esquisse" albomum Bakıda təqdim olunacaq.

- Ailənizlə birlikdə Azərbaycana köçmək və burada yaşayıb yaşlanmaq fikriniz var?

- Çətin sualdır, bu barədə hələ düşünməmişəm.. Fransada Azərbaycansız, Azərbaycanda isə Fransasız yaşamaq əbədi dilemmadır..

- Daha çox hansı ölkələrdə konsert proqramları, qastrol səfərləri ilə çıxış edirsiniz ?

- Daha çox İngiltərədə, Rusiyada çıxışlarımız olur.

- Müğənnilikdən başqa hansısa sənətlə məşğulsunuz?

- İstəsəm belə müğənnilikdən başqa sənətə vaxt ayırmaq mümkün olmur.

- Həyat yoldaşınız Sizə bu işdə nə qədər yardımçı olur?

- Həyat yoldaşım işimdə mənə böyük yardımçıdır, onun dəstəyi olmasaydı, məncə, heç cür bu fəaliyyətimi rahat görə bilməzdim.

- Adətən qərb ulduzları villalarda, hovuzu olan, mühafizə xidməti ilə təchiz olunmuş iqamətgahlarda yaşayır. Təranə xanım qərbdə necə bir evdə yaşayır ?

- Düzünü deyim, şəxsi həyatımdan çox danışmağı xoşlamıram, bu məni bir az narahat edir, qısa olaraq marağınıza cavab verirəm, Parisdə yoldaşımla və iki övladımızla şəxsi mənzilimizdə yaşayırıq, evdə köməkçim var və dəniz kənarında yay evimiz var.

- Qürbətdə yaşayan bir həmvətənimiz olaraq Azərbaycan oxucularına nə demək istəyərdiniz?

- Əvvəla bütün Azərbaycan oxucularının yeni ilini təbrik edirəm. Hamımıza sülh, firavan şəraitdə yaşamağı, sevinc, musiqi dolu günlər arzu edirəm!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm