Məşhur seriallar niyə təkrar çəkilib?
Bizi izləyin

Tabloid.az

Məşhur seriallar niyə təkrar çəkilib?

Məşhur seriallar niyə təkrar çəkilib?

Zaman keçir, hər gələn il öz yenilikləri və inkişafı ilə yadda qalır. Bilmirəm, dövrün tələbidir, yaxud da maraq, amma son dövrlərdə diqqətimi çəkən bir mövzunu sizinlə də bölüşmək istəyirəm. Türkiyə televiziya kanallarında yayımlanan verilişləri, eləcə də, kino və serialları, az qala, əzbər bilirik.

Məşhur “Aşk-ı memnu”, “Yaprak dökümü” və “Çalıkuşu” serialları bir zamanlar çəkilmiş olsa da, günümüzün rejissorları yenidən bu mövzuya müraciət etməli olublar. Bunun səbəbi əsər azlığıdır, yoxsa mükəmməl əsərlər olduğu üçün onlara təkrar müraciət edilir? Yaxud da bunun arxasında başqa bir səbəb gizlənir. Bu sualların cavabını bir azdan izah edəcəyik. İndi isə həmin serialların köhnə və yeni variantını müqayisə edək.

Bihter və Behlül arasında yaşanan mümkünsüz bir sevgi hekayəsindən bəhs edən “Aşk-ı memnu” türk yazar Halit Ziya Uşaklıgilin eyniadlı romanı əsasında çəkilib. 1975-ci ilin 15 aprel tarixindən 25 may tarixinədək TRT ekranlarında yayımlanan serial bir mövsüm və 6 bölümdən, hər bölüm də 33 dəqiqədən ibarət olub. Bu əsərə ilk dəfə türk rejissor Halit Refiğ müraciət edib. Məşhur rejissor 2009-cu ildə dünyasını dəyişib. Bu da o deməkdir ki, növbəti eyniadlı serialı rejissorun izləmə imkanı olub. İlk serialda “Bihter” obrazını Müjde Ar, “Behlül”ü Salih Güney, “Adnan”ı Şükran Güngör, “Firdevs”i Neriman Köksal, “Nihal”ı Itır Esen, “Madmazel”i Çolpan İlhan kimi dövrünün məşhur aktyor və aktrisaları canlandırıblar. Serialda səslənən musiqilər bu gün də bir çox kino və seriallara musiqi bəstələyən bəstəkar Yalçın Turaya məxsusdur.

33 il sonra 2008-ci ildə romantik dram əsərinə “Kurt Seyit ve Şura”, “Kuzey-Güney”, “Fatmagül'ün Suçu Ne?” kimi serialların rejissoru Hilal Saral müraciət edir. Qeyd edək ki, Hilal Saralın bir çox seriallarında baş rol aktyorlar sırasında məhz Beren Saat və Kıvanç Tatlıtuğun simasına da rast gəlirik. 4 sentyabr 2008-ci ildən 24 iyun 2010-cu ilədək davam edən serial iki mövsüm davam edib və 79 bölümdən ibarət olub. “Kanal D” ekranlarında nümayiş etdirilən serialda günümüzün məşhur türk simaları yer alır. “Bihter” rolunda Beren Saat, “Behlül”də Kıvanç Tatlıtuğ, “Adnan bəy”də Selçuk Yöntem, “Firdevs” obrazında Nebahat Çehre, “Nihalı” Hazal Kaya, “Madmazel” obrazını isə Zerrin Tekindor canlandırıblar. Serialda Toygar Işıklının musiqilərindən istifadə olunub. Çəkilişlər tanınmış türk iş adamı – “Koç” şirkətinin yaradıcısı və rəhbəri Rahmi Koça məxsus villada çəkilib.

Haqqında bəhs edəcəyimiz növbəti belə film – serial müxtəlif zamanlarda üç dəfə çəkilib. Reşat Nuri Güntekinin “Yaprak dökümü” əsəri əsasında çəkilən eyniadlı serial ilk dəfə 1967-ci ildə ekranlara çıxır. Amma serial yox, bir hissəli 90 dəqiqəlik tammetrajlı film kimi istehsal olunur. 1940-1941-ci illərdə “Beşiktaş” futbol komandasının oyunçusu olan, eyni zamanda filmin rejissoru Memduh Ündür bu gün də yaşayır. Filmdə Metin Bükey musiqilərindən istifadə olunub. Filmdə yaşadıqları mühiti dəyişdikdən sonra ailə üzvlərinin xoşbəxt günləri yavaş-yavaş sona çatır. Möhtəşəm ailə dramını özündə əks etdirən “Yaprak dökümü” serialının ilk aktyorları məşhur “Yeşilçam Ulduzları”dır. Ediz Hun – “Şevket”, Fatma Girik – “Leyla”, Cüneyt Gökçer – “Ali Rıza”, Semiramis Pekkan – “Necla”, Güzin Özipek – “Hayriye”, Nurhan Nur – “Fikret”, Esin Gülsoy isə “Ferhunde” rolunda çıxış ediblər.

İkinci dəfə bu əsərə rejissor serial kimi müraciət edir. Ayhan Önal tərəfindən 1988-ci ildə TRT kanalı üçün çəkilən serialın sayı bəlli olmasa da, hər bölümünün efir vaxtı 45 dəqiqə olduğu məlumdur. Serialda “Ali Rıza Tekin” obrazını Kerim Afşar, “Şevket” obrazını isə Tarık Tarcan oynayıb. Heyətin digər üzvləri sırasında həmçinin Serap Aksoy, Ayda Aksel, Sevtap Parman, Arzu Atalay, İhsan Gedik və Hakan Evin kimi aktyorlar yer alır. Serialda səslənən musiqilər Cahit Berkaya məxsusdur.

Əsərə üçüncü dəfə 2006-cı ildə müraciət olundu. Bu dəfə də serial kimi, amma nə az, nə çox 174 bölümdən ibarət oldu. 13 sentyabr 2006-cu ildə nümayişə başlayan serialın sonuncu bölümü 29 dekabr 2010-cu ilədək davam etdi. “Kanal D”yə məxsus olan serial hər bölümü 90 dəqiqə olmaqla beş mövsüm davam edib. Serial “Fikret”in yəni Bennu Yıldırımların dili ilə izah edilir. Filmin musiqiləri “Aşk-ı memnu”da olduğu kimi Toygar Işıklıya məxsusdur. Bu serial daha çox Deniz Çakır və Fahriye Evcenə fayda verib. Çünki ən çox tanınan və haqqında danışılan simalar məhz bu aktrisalar oldu. Bu film onların növbəti karyeraları üçün pilləkən olub desək, yanılmarıq. Serialda Halil Ergün, Bennu Yıldırımlar, Güven Hokna, Tolga Karel, Caner Kurtaran, Bedia Ener, Deniz Çakır, Gökçe Bahadır, Fahriye Evcen, Güler Ökten və Ahmet Saraçoğlu iştirak ediblər.

1922-ci ildə Reşat Nuri Güntekin “Çalıkuşu” adlı roman yazdı. 160 dəqiqəlik film ilk dəfə 1966-cı ildə rejissor Osman Fahir Seden tərəfindən çəkilib. Türkan Şoray, Kartal Tibet, Parla Şenol, Kadir Savun, Zeynep Değirmencioğlu kimi peşəkarların yer aldığı filmin geniş aktyor heyəti olub. Filmin kinoteatrdakı afişalarında 57 məşhur ulduzun bu filmdə iştirak etdiyi bildirilir. Demək olar ki, 1960-cı illərin ən görkəmli kino və teatr aktyorlarını ətrafına toplayan bu filmlə “Türk kinosunda geniş aktyor heyəti dövrü”nə start verildi. Qeyd edək ki, aktrisa Parla Şenol balaca “Feride” obrazında yalnız bir kadrda çəkilir.

20 il sonra – 1986-cı ildə rejissor Osman Fahir Seden “Çalıkuşu”na təkrar müraciət etdi, amma bu dəfə serial kimi. TRT kanalında 20 aprel – 1 iyun tarixləri arasında bazar günləri izləyicilərlə görüşən serial dörd bölümdən ibarət olub. Uşaqdan-böyüyə hər kəsin dillər əzbərinə çevrilən məşhur “Çalıkuşu” mahnılarının müəllifi Esin Engindir. 137 fərqli məkanda çəkilən serialda əsas aktyor heyətinin sayı 51, epizodik obrazların sayı isə 1500-dən artıq olub. Serialda Aydan Şener, Kenan Kalav, Sadri Alışık, Mine Çayıroğlu, Eşref Kolçak, Hayati Hamzaoğlu, Kaya Akarsu, Tomris Oğuzalp, Savaş Başar, Seray Gözler, Tilbe Saran kimi peşəkar heyət fəaliyyət göstərib.

2005-ci ildə daha bir serial çəkilir. “Star Tv” ekranlarında nümayiş etdirilən serialın adı “Yeniden Çalıkuşu” olur. Reşat Nuri Güntekinin əsəri əsasında çəkilən filmin ssenarisi əvvəlki ssenarilərdən bir qədər fərqlənir. Bu serialda Tuba Ünsal, Burak Hakkı, Kaan Urgancıoğlu, Aliye Uzunatağan, Zerrin Arbaş, Suna Selen, Itır Esen, Ahmet Uz, Kaya Akarsu, Taner Ertürkler kimi aktyor və aktrisalar yer alıblar.

Serialın məzmununa gəlincə, varlı ailənin yüksək təhsil almış qızı Handanın “Çalıkuşu Feride”nin gündəliyini oxumağa başladığı an həyatı dəyişir. Həmin gündəliyin sahibini – gerçək Fəridəni tapmaq iddiası da serialın süjet xəttinə daxildir. Haqqında bəhs etdiyimiz serialın digər film və serialla heç bir aidiyyəti yoxdur.

İndi isə günümüzə gələk. Üçüncü dəfə müraciət edilən “Çalıkuşu” Çağan Irmak və Doğan Ümit Karacanın rejissorluğu ilə çəkilir. 24 sentyabr 2013-cü ildə çəkilişlərinə başlanılan film 2014-cü ilin 17 mayında yekunlaşıb. Bir mövsüm və 30 bölümdən ibarət serialın hər bölümü 100 dəqiqədən ibarət idi. Serialda Fahriye Evcen – “Feride”, Burak Özçivit – “Kamran”, Begüm Kütük Yaşaroğlu – “Neriman”, Deniz Celiloğlu – “Selim” və Mehmet Özgür isə “Seyfettin” rolunu canlandırırdı.

Sıra gəldi səbəblərə. Bu mənada fikirlər birmənalı deyil. Biz də bu mövzu ətrafında məşhur türk rejissor və aktyor Volkan Özgöməçdən söhbət etdik. “Niyə bu seriallar təkrar çəkilir?” – deyə aktyora sual ünvanladıq. Rejissor səbəbləri belə izah etdi: “Televiziya sahəsində hər dövrün bir tələbi var, bunların da hər biri də müddətli olur. Necə ki bir müddətdir hər kəs moda proqramları, yaxud da yemək proqramları ilə gündəmdə idi. Eyni həqiqətlər film və serial sektorunda da özünü doğruldur. “Televiziya sahəsində pul hardan gələcək, tamaşaçını necə yönləndirə bilərəm, nə edə bilərəm, hardan pul qazana bilərəm?” deyən hər kəs cavabı serial çəkməkdə görür. Elələri izləyicilərin o istiqamətə yönləndirilməsinin vacib olduğunu düşünürlər. Aktyorları tanınmış sima etmək və diqqətdə saxlamaq onların əsas planlarındandır. Bu bir kapitalist sistemidir. Bəlkə də, bir müddətdən sonra serial sektoru öz işini başqa bir mövzuya dövr edəcək. Bunu bilmək olmaz. Bunlar təbiidir. Serialların köhnə və yeni versiyaları haqda onu deyə bilərəm ki, çox fərqlənirlər. Ən başda zaman və məkan fərqi, eləcə də, texnologiya fərqi var. O vaxtkı çəkiliş sistemi ilə indiki arasında fərq çoxdur. O dövrdə ən çox bir-iki kamera ilə filmlər çəkilirdi. Məhz həmin filmlər o dövrün şərtlərinə görə mükəmməl hesab olunurdu. Bu günün şərtlərində isə altı ədəd kamera olur. Adi iki nəfərlik söhbətdə bütün detalları üzə çıxarmaq üçün neçə kamera işləyir bunu bilirik. Rənglər, görüntülər keyfiyyətlidir, o dövrdə çəkilən seriallar ağ və qara rənglərdən ibarət idi. Amma dəyişməyən nə var bilirsiniz? Obrazın keyfiyyəti. Hər bir obrazı aktyorlar özlərinə məxsus şəkildə qavrayar və izləyicilərə o hissləri ötürərlər. Əgər aktyor öz hiss və duyğularını izləyiciyə doğru çatdıra bilirsə, onun zamanı olmur, istər bu dövrdə çəkilsin, istərsə də illər öncə. “Aşk-ı memnu” da “Bihter”i iki nəfər canlandırdı. Beren Saat və Müjde Ar. Mən, təbii ki, daha çox Müjde Arın aktrisalığını bəyənirəm. Bütün dövrlərdə peşəkar teatr və kino aktyorlarına üstünlük verdikləri üçün hansı zamanda çəkilsə də, o seriallar hər zaman yaşayacaq”.

Biz də rejissorun fikri ilə razıyıq. Hansı dövrdə çəkilməsindən asılı olmayaraq, bu film və serialların hər biri günümüzə qədər yaşadı və inanırıq ki, bundan sonra da yaşayacaq.

kult.az
Oxumağa davam et
Reklam
Reklam

Gündəm