2014-cü il teatrlarda nə ilə yadda qaldı?
Bizi izləyin

Tabloid.az

2014-cü il teatrlarda nə ilə yadda qaldı?

2014-cü il teatrlarda nə ilə yadda qaldı?

Bitməkdə olan 2014-cü il ölkənin teatr həyatında bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Biz də öz növbəmizdə teatr ocaqlarımızda 2014-cü ildə hansı əlamətdar hadisələrin, görüşlərin, səfərlərin və yeni premyeraların baş tutması ilə maraqlandıq.

Kult.az 2014-cü ildə Azərbaycan teatrlarında baş verən əlamətdar hadisələri təqdim edir.

Yenilikləri ilə hər zaman öz tamaşaçılarını sevindirən Azərbaycan Dövlət Akademik Milli Dram teatrında heç şübhəsiz, 2014-cü ilin əsas teatr hadisələrindən biri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən III Bakı Beynəlxalq Teatr Konfransının keçirilməsi oldu.

2014-cü il Akademik Milli Dram Teatrı üçün son dərəcə məhsuldar olub. Bir il ərzində teatrda S.Bekketin “Kreppin son lent yazısı” G.Dumbadzenin “Gecə qonağı” (“Məqam” adı ilə), V.Zuyevin “Sülh göyərçini” (“Mən, biz...” adı ilə), Y.Şvartsın “Kölgə”, B.Nuşiçin “Nazirin xanımı”, H.Cavidin “Topal Teymur” (“Əmir Teymur” adı ilə), V.Səmədoğlu “Generalın son əmri”, E. de Filipponun “Silindr”, Y.Oğuzun “Nadir şah” əsərləri tamaşaya hazırlanıb. “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan “İlahi oyun” tamaşası tamaşaçıların ixtiyarına verilib. 2014-cü ildə məşqləri başlanan L.de Veqanın “Hiyləgər məşuqə”, G.Anarqızının “Təhminə”, A.Krımın “Keçmişdən zəng”, İ.Əfəndiyevin “Mənim günahım”, R.Əlizadənin “Laləli düzən” tamaşalarının 2015-ci ilin ilk aylarında tamaşaçılara təqdim olunması planlaşdırılır.

Bununla bərabər, 2014-cü il ərzində Akademik Milli Dram Teatrında həmişə olduğu kimi görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə də xüsusi diqqət yetirilib. Yekunlaşmaqda olan il ərzində teatrda Mustafa Mərdanovun 120, V.Səmədoğlunun 75, R.Təhmasibin 120, A.Cavadovun 120, Məlik Dadaşovun 90 illik yubiley tədbirləri keçirilib.

Dünya teatr məkanına inteqrasiyanı, Azərbaycan teatrının dünya teatr məkanında tanıdılmasını fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi qəbul edən Akademik teatr 2014-cü il ərzində 3 nüfuzlu beynəlxalq teatr festivalında iştirak edib. Akademik Milli Dram Teatrının kollektivi Türkiyənin Adana şəhərində Sabançı Beynəlxalq Teatr Festivalında (30 aprel – 3 may) M.F.Axundzadənin “Lənkəran xanının vəziri” əsəri əsasında hazırlanmış tamaşa ilə, Konyada mütəmadi şəkildə düzənlənən “Min nəfəs, bir səs” Türkdilli Teatrların Beynəlxalq Festivalında (4-14 may) və Gürcüstanın paytaxtında keçirilən Tbilisi Beynəlxalq Teatr Festivalında (1-4 oktyabr) “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan “İlahi oyun” tamaşası ilə çıxış edib. Kollektiv iştirak etdiyi hər üç festivalda böyük uğurla iştirak edib.

Akademik Milli Dram Teatrının 2014-cü ildə həyata keçirdiyi ən uğurlu tədbirlərdən biri də Təhsil Nazirliyi ilə birgə reallaşdırdığı “Məktəb və teatr” layihəsidir. Yetişməkdə olan gənc nəslin arasında milli mədəniyyət və incəsənətimizin təbliği, məktəblilərdə teatr sənətinə marağın artırılması məqsədi ilə həyata keçirilən tədbirlər silsilə xarakteri daşıyır. Layihə çərçivəsində teatrın yaradıcı heyətinin məktəblilərlə görüşlərinin təşkili, məktəblilərin tamaşalarda iştirakı, tamaşalardan sonra yaradıcı heyətlə birgə müzakirənin təşkil olunması və bu qəbildən olan bir sıra tədbirlər nəzərdə tutulur.

Adı Gənc Tamaşaçılar Teatrı olsa da, uşaqdan-böyüyə hər kəsin diqqət mərkəzində olan bu teatr da 2014-cü ili xüsusi əhəmiyyətə malik hadisələrlə yola salıb.

2014-cü ilin ilk ayında teatrın kiçik səhnəsində iki tamaşanın – “Bir səbət tənhalıq” və “Bir gecənin nağılı” tamaşalarının premyeraları keçirilib.

Martın 7-də teatrın aktrisası Nəsibə Eldarova Əməkdar artist fəxri adı ilə, martın 10-da isə Milli Peşəkar Teatr günündə Dövlət Musiqili Teatrda keçirilən tədbirdə Məsumə Babayeva və Elşən Çarhanlı Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunublar.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, British Council Azərbaycan nümayəndəliyi və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsi çərçivəsində Oskar mükafatına layiq görülmüş dramaturq Martin MakDonaxın pyesi əsasında 2014-cü ilin mart ayının 11-də “Lineyn trilogiyası” tamaşasının premyerası təqdim olunub. Növbəti premyera mart ayının 15-16 tarixlərində uşaqlar üçün Bəhram Osmanov tərəfindən hazırlanmış “Qırmızı papaq” tamaşası oldu.

Cari ilin mart ayının 27-də Kalmıkiya Respublikasının prezidentinin “Beynəlxalq

Teatr günü” münasibətilə imzaladığı sərəncama əsasən, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov və teatrın baş rejissoru Bəhram Osmanov “Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüblər.

Aprel ayının 6-dan 14-dək davam edən qastrol Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar və Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrlarında həyata keçirilir. Qastrol səfəri çərçivəsində kollektiv Y.Şvartsın “Qırmızı papaq”, Avstriya dramaturqu Peter Türrininin “Axır ki...” və R.Ağayevin “Bir gecənin nağılı” tamaşalarını nümayiş etdiriblər. Teatrın bir qrup aktyoru mayın 5-dən 13-dək Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində keçirilən Beynəlxalq Teatr Festivalında “Bir səbət tənhalıq” tamaşası ilə çıxış ediblər.

2014-cü il may ayının 20-də saat 19.00-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, parlaq istedada malik unudulmaz teatr və kino aktyoru, Xalq artisti Hüseynağa Sadıqovun anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli xatirə gecəsi keçirilib.

İyun ayının 20-də teatrda Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə “Sarıköynəklə Valehin nağılı” romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası keçirilib.

Teatrın kollektivi iyunun 29-dan iyulun 8-dək Respublikamızın bölgələrinə qastrol səfərlər ediblər. Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki, Oğuz, İsmayıllı, Yevlax, Goranboy, Mingəçevir, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında Milli dramaturgiyamızın banisi M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” komediyası ilə çıxış ediblər.

Sentyabrın 10-da Azərbaycan milli peşəkar teatrının növbəti, 142-ci mövsümünün təntənəli açılış mərasimi Şəki şəhərində baş tutub. Sentyabr ayının 11-dən isə Şəki şəhərində I Beynəlxalq Teatr Festivalı öz işinə start verib. Azərbaycanda fəaliyyət göstərən aparıcı teatrların iştirakı nəzərdə tutulmuş festivalda Dövlət Gənc Tamaşaçılar Teatrı İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə çıxış ediblər.

12-20 sentyabr tarixlərində Belarus Respublikasının Brest şəhərində XVIII “Belaya Veja” (“Ağ qala”) Beynəlxalq Teatr Festivalı keçirilib.

Sentyabr ayının 18-dən 23-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının dəstəyi ilə beynəlxalq rejissor laboratoriyası təşkil edilib. Orenburq Akademik Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyanın Xalq artisti Rifkat İsrafilovun rəhbərliyi ilə keçirilmiş rejissor laboratoriyası çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya Teatr Akademiyasının səhnə hərəkəti və plastika kafedrasının müdiri, professor Aydar Zakirovun başçılığı ilə səhnə döyüşləri üzrə təlimlərin keçirilib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Perm şəhərində keçirilən I Beynəlxalq Martin MakDonax Festivalından qayıdıb. Oktyabr ayının 7-dən 14-dək davam edən festivalda teatrın kollektivi dramaturqun “Lineynin trilogiyası”na daxil olan “Yalqız Qərb” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış ediblər. Tamaşa festivalın fəxri diplomuna və xüsusi mükafata layiq görülüb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, Kalmıkiya Respublikasının Əməkdar incəsənət xadimi Mübariz Həmidov və Kalmıkiya Milli Dram Teatrının baş direktoru, RF-in Əməkdar mədəniyyət işçisi Qalina Şurayeva arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqavilənin bəndlərinə uyğun olaraq, bu ilin oktyabr ayının sonunda Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanov yeni tamaşaya quruluş vermək üçün Kalmıkiya Respublikasına ezam olunub.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında III Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində bir sıra xarici teatrların rəhbərləri ilə görüş keçirilib.

Dekabr ayının əvvəllərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının

aktyoru və quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomuna layiq görülüb. O, bu diploma sözügedən nazirlik tərəfindən həyata keçirilən “Tarixin canlı səhifələri” I və II Gənclər Festivallarında rejissor işinə görə təltif edilib.

Dekabr ayının 1-dən yanvar ayının 15-ə qədər Dövlət Gənc Tamaşaçılar Teatrında “Tamaşaya BAX, kitab QAZAN” adlı aksiya həyata keçiriləcək. Gənc Tamaşaçılar Teatrı və Hədəf Nəşriyyatının birgə layihəsi olan aksiyada teatrdan bilet alan hər bir tamaşaçı Hədəf Nəşrlərindən kitab hədiyyə qazanacaq.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzi daha bir yeniliyə imza atıb. Belə ki, teatrda fəaliyyət göstərən bədii heyətin əməyinin yüksək qiymətləndirilməsi və onların həvəsləndirilməsi, yaradıcılıqlarına diqqət və qayğının daha da artırılması məqsədilə teatrda ASSİTEJ-lə birgə yeni mükafat təsis edilib. 87-ci teatr mövsümü ərzində uğurlu obrazları, debüt tamaşaları, maraqlı layihələri ilə seçilən, müxtəlif xarici ölkələrdə festival və qastrollarda çıxış edən və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin işində fəal iştirak edən teatrın yaradıcı heyəti “İlin ən yaxşı aktyoru”, “İlin ən yaxşı aktrisası”, “İlin debüt tamaşası” və digər nominasiyalar üzrə 2015-ci il, 87-ci teatr mövsümünün sonunda mükafatlandırılacaq.

YUĞ Teatrı da bu ili özünəməxsus yeni premyeralarla yadda qalıb. Marin 15-də Dövlət Yuğ Teatrında “Yad.Daş” adlı tamaşanın premyerası olub. Bir hissədən ibarət olan tamaşanın rejissoru Yuğ Teatrının direktoru Tərlan Engin, quruluşçu rəssamı Umay Həsənova, geyim üzrə rəssamı Leyla Əliyeva, rejissor assistenti Kamal Ərtoğruldur.

YUĞ Teatrında Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında “Fəna” adlı yeni tamaşa səhnəyə qoyulub. Tamaşanın quruluşçu rejissoru Mir SAHİB, rəssamı Rəşid Şerif (Əməkdar rəssam), musiqi tərtibatçısı isə Amid Qasımov və İffət Əsgərovdur. Rejissor tamaşanı “bir nəfəslik mərifət oyunu” kimi təqdim edir. Tamaşada aktyorlardan Qasım Nağı, Natəvan Qeybani, Oktay Mehtiyev, Novruz Novruzlu iştirak ediblər.

Yola saldığımız 2014-cü il Azərbaycan Dövlət Musiqili Teatrı üçün də bir sıra önəmli hadisələrlə yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərənamı ilə əsaslı təmirə dayandırılan Azərbaycan Dövlət Musiqili Teatrında təmir, yenidənqurma və bərpa işləri başa çatıb. Şübhəsiz ki, teatrın yenidən qurulması, daha dəqiq desək, onun həm daxili, həm də xarici görkəminin inanılmaz dərəcədə dəyişməsi, salonun və səhnənin ən müasir texniki avadanlıqlarla təchiz edilməsi, оnlаrın daha böyük şövqlə işləməsi üçün gözəl imkan yaradıb. Bundan başqa, illərdən bəri yaddaşlarda Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kimi yaşayan teatrın adının dəyişdirilməsi də kollektivin yaradıcılıq fəaliyyətinə ciddi təsir göstərdi.

2014-cü ildə kollektiv yeni yaradıcılıq əzmi, yeni qüvvə və bir çox maraqlı repertuarla tamaşaçıların görüşünə gəldi. Теаtrın mövsümü mart ayında açmasına baxmayaraq, qısa müddət ərzində bir neçə yeni tamaşa hazırlanıb təhvil verildi, hazırda bir neçə yeni əsər isə məşq prosesindədir.

2014-cü ildə ilk tamaşa martın 10-da nümayiş etdirildi. Həmin tamaşa Xalq artisti, rejissor İranə Tağızadənin hazırladığı “Bu bizik – Musiqili Teatr” adlı iki hissəli burlesk оldu. Tamaşada, demək olar ki, repertuarda olan bütün əsərlərdən parçalar oynanıldı. Açılış mərasiminin həm də Milli Teatr gününə təsadüf etməsi teatrda əsl bayram təntənəsi yaratdı.

Yola saldığımız ilin Musiqili Teatr üçün maraqlı olan daha bir yaradıcılıq uğuru Ramiz Heydər və Oktay Kazıminin “Qızıl toy” əsəri hesab oluna bilər. Sentyabrın 27-də premyerası baş tutan tamaşanın quruluşçu rejissoru Yusif Əkbərovdur.

2014-cü ilin uğuru sayıla biləcək tamaşa isə illər boyu repertuarda özünə xüsusi yer tutan "O olmasın, bu olsun" operettası oldu.

Əsərin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Ona bu əsəri yenidən bərpa etmək təklif olunanda Cənnət xanım, Gənc Tamaşaçılar Teatrının aktyoru, həm indi çalışdığı teatrda, həm də daha əvvəllər işlədiyi Bakı Kamera Teatrının səhnəsində yetərincə ciddi və tragik obrazlar yaradan Əməkdar artist Şövqü Hüseynovu baş rola dəvət etməyi qərara aldı. “Sərvər” obrazı isə gənc vokalçı Amil Məmmədova həvalə edildi. Hər iki istedadlı ifaçı öz rollarının öhdəsindən bacarıqla gəldilər. Teatr tənqidçiləri və mətbuat nümayəndələri Şövqü Hüseynovun yeni ampulada özünü təsdiqini daha çox bəyəndi və bu qənaətində də hər kəs haqlı idilər. Çünki Şövqü Hüseynov sözün həqiqi mənasında, yeni bir “Məşədi İbad” yarada bildi.

Bu il Musiqili Teatr balaca tamaşaçılarını da sevindirdi. Belə ki, teatrın rus truppasının iştirakı ilə oktyabr ayının 25-də “Düyməcik” tamaşasının premyerası keçirildi. Görkəmli danimarkalı yazıçı Hans Kristian Andersenin “Düyməcik” nağılı əsasında hazırlanan tamaşanın rejissoru Əməkdar artist Boris Qrafkindir.

Hazırda kollektiv daha bir uşaq tamaşasının təqdimatı ərəfəsindədir. Bu dəfə onlara yeni il töhfəsi olaraq “Yatmış gözəl və yeddi cırtdan” tamaşası təqdim olunacaq.

Yəni rejissor, uzun illər Kukla Teatrında uşaq tamaşaları hazırlayan Elşad Rəhimzadə Musiqili Teatrda da bacarığını sınamaq arzusundadır.

Qastrol səfərləri hər bir yaradıcı kollektivin əsas müvəffəqiyyət göstəricisidir. Bu səbəbdən teatr öz tamaşalarını yalnız Bakıda oynamaqla kifayətlənmir, respublikanın müxtəlif bölgələrinə qastrol səfərlərinə gedir. Bu il də teatrın kollektivi Xaçmazda, Şəkidə, Salyanda, Qubada, Şirvanda, Masallıda səfərdə oldu və tamaşalarını böyük həvəslə sənətsevərlərə təqdim etdi.

Bu il Musiqili Teatr mövsümü Bakıdan uzaqda – Şəkidə I Beynəlxalq Teatr Festivalında açdı. Kollektiv sentyabrın 19-da, yəni festivalın açılış mərasimində Ə. Haqverdiyevin “Kimdir müqəssir” tamaşasını Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının səhnəsində nümayiş etdirdi.

Teatrın digər bir uğurlu səfəri isə Şirvan şəhərində baş tutdu. Yaradıcı heyət iyul ayını Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evində “Hərənin öz ulduzu” tamaşasını uğurla göstərdi. Tamaşada əsas rolları respublikanın Xalq artisti Fatma Mahmudova, Əməkdar artist Novruz Əliyev, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurmmədova və Nigar Qarayeva ifa etdilər.

Noyabrda yaddaqalan daha bir hadisə baş verdi. Teatr III Bakı Beynəlxalq Teatr Konfransına ev sahibliyi etdi. Ənənə halını alan beynəlxalq tədbir bu il həm qonaqların sayı, həm də müzakirə olunan mövzularının əhatə dairəsinə görə fərqlənirdi. Konfransda 50-dən çox ölkədən 110-a yaxın məşhur teatr, incəsənət xadimi iştirak etdi. Konfrans çərçivəsində tanınmış teatr xadimlərinin iştirakı ilə treninqlər də təşkil olundu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm