• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

“Aşiqəm, hər an evlənə bilərəm” - Fotolar

“Aşiqəm, hər an evlənə bilərəm” - Fotolar

Türkiyənin ən gözəl, ən zərif qadınlarından biri də pop müğənnisi Sıladır. Uzun boyu, modelləri qısqandıran ideal fiqurası, zərif stili ilə yanaşı möhtşəm səsi və hit mahnıları ilə gündəmdən düşməyən müğənni şəxsi həyatı ilə gündəmə gəlməyi sevmir. Buna baxmayaraq, arada bir də olsa müsahibə verərək pərəstişkarlarını sevindirir.

“Yeni Ay” albomuyla 2014-cü ilə damğa vuran gənc müğənni Sıla bu dəfəki müsahibəsində şəxsi həyatından da danışıb. Gözəl ulduz səmimi və təəccübləndirən açıqlamaları ilə yadda qalıb. “Aşiqəm və çox şənəm”, deyən Sılanın ən yeni müsahibəsini tabloid.az-ın “Şirin söhbət” layihəsi çərçivəsində təqdim edirik:

- 2014 necə keçdi?

- Çox gözəl keçdi, repertuarıma xeyli yeni mahnı daxil etdim. “Yeni Ay” həm albom, həm də onlayn satış üzrə ən çox satan və ən çox dinlənilən albom oldu. Bu qalibiyyət bizi də, dinləyicilərimizi də sevindirdi.

- Bu qədər işin içində özünə vaxt ayıra bilirsən?

- Ayırıram, arada vaxtdan oğurlamaq lazımdır. İstanbul xaricində konsert olduqda axşam mahnı oxuyacağım üçün məni çox incitmirlər. Onda yaxşı dincəlirəm, özümlə məşğul oluram. İstirahət etdiyim otel otaqlarıyla aramda başqa bir əlaqə var. Ən çox mahnı sözü yazdığım yerlər otellərdir.

- Başqa haralarda daha çox ilhamlı olursan?

- Uzun səfərlər zamanı yolda bir-iki cızma-qara etməsəm, ürəyim partlayar.

- Təyyarədə yazdığınız mahnı var?

- “Yabancı” mahnısını təyyarədə yazmışam. Köln konsertinə getmişdik, Efe Bahadır bəstəni hazırlamışdı. Heç bir şey düşünmədən yalnız melodiyanı dinlədim. Konsertdən sonra səhər oyandım, pəncərədən çölə baxaraq qəhvəmi içirdim. Bir anda sözlər öz-özünə axıb gəldi. Bir qismi qalmışdı, onu da təyyarədə İstanbula enərkən bitirdim.

- Hazırda olduğun mövqedən razısan?

- Həmd olsun. Yalnız özümün deyil, mahnılarımın da alqışlanması, sevilməsi məni çox xoşbəxt edir.

-Uşaq olarkən qarşına bir hədəf qoymuşdun?

- Çox kiçik yaşlarımdan bəri özümdə mahnı oxumağa və yazmağa meyl hiss edirdim. Çünki insanların çoxu yaşayar, düşünər, ancaq ifadə edə bilməz. Mən şanslıyam ki, hisslərimi ifadə edə bilirəm.

- Sən konsert verəndə salon daim dolu olur.

- İnsanları bir yerə dəvət edirsiniz və hamı gəlmək istəyir. Bundan daha gözəl nə ola bilər?!

- Səhnə geyiminizi və şounuzu tənqid edənlər olur. Bununla bağlı nə deyəcəksən?

-Mən bu işə təzə başlayanda belə fikirləri ciddi qəbul edirdim, əhəmiyyət verirdim, hətta üzülürdüm. İndi isə heç əhəmiyyət vermirəm, çünki əhəmiyyət versəm, özüm kimi ola bilmərəm. Mən öz mahnılarını yazan bir musiqiçiyəm. Oraya konsert verməyə çıxıram, tamaşaçıyla paylaşdığım hisslər çox fərdidir. Mənim musiqim elə əcaib şoular tələb etmir. Amma yeri gələndə şou da hazırlayıram, zarafatlar da edirəm. Mənim üçün tamaşaçının axşam evə gedərkən özünü başqa bir aləmdə hiss etməsi, yaddaşında yaxşı bir xatirə kimi qalmağım daha əhəmiyyətlidir.

- Yeni klip çəkəcəksən?

- “Hədiyyə”, “Yetər” və “Doldur” adlı mahnılarıma klip çəkdirmək istəyirəm. Bir sonrakı albom üçün də mahnı yazmağa başlamışıq. Xurcuna atırıq, sonra içindən bəyəndiklərimizi alboma daxil edəcəyik.

- Xurcundakı ən köhnə mahnı neçə illikdir?

- İki dənə çox köhnə mahnımız var. Efe Bahadırla universitetin ilk ilində yazmışdıq. Ötən gün bu mahnılardan danışırdıq. Sonda onları insanlara təqdim etməyə qərar verdik.

- Musiqi sektorunda yeni simalar yoxdur. Onlara imkan yaradılmır?

- Yeni gələnlərə yer açmalıyıq, şərait yaratmalıyıq. Yeni layihələrə dəstək oluram. Yenilərdən ən çox Esin İrisi bəyənirəm. Onun özünəməxsus tərzi var.

- İlk zamanlar strategiya işlədərək sizə soyuq və məsafəli bir imic yaradıldığı deyilir. Bu doğrudur?

- İmic özünə uyğun olmalıdır. Mən olmadığım kimi görünə bilmərəm. Bizim millət heç kimi olduğu kimi qəbul edə bilmir. Həmişə yeni çıxan bir simanı kiməsə oxşatmağa, hansısa qəliblərə salmağa çalışırlar. Onu da deyim ki, yeni tanış olduğum insanlarla məsafəli davranıram. İnsan ilk dəfə tanış olduğu insana siz deyə müraciət etməlidir. Bizi ailəmiz belə tərbiyə edib. Səmimiyyətlə, səviyəsizlik arasında çox incə bir xətt var. Çox səmimi olmaq istəsən, özünü bir anda o biri tərəfdə taparsan.

- Mənim tanıdığım Sıla çox şən və əyləncəlidir.

- Eləyəm. İnsanların əsəblərini pozacaq qədər əyləncəli və şənəm. Amma ilk mahnılarımın yavaş tempi, kliplərim insanlarda sanki ciddi və heç gülməyən bir insan təəsüratı yaradıb. Yazdığım mahnılardakı qədər pessimist deyiləm.

- Çox arıqladın. Neçə kilo arıqlamısan?

- Heç vaxt çox kök insan olmamışam. Amma son vaxtlar müalicə məqsədli istifadə etdiyim dərmanların təsiri ilə çox kökəlmişdim. Kökəlməyimin digər bir səbəbi də bədənimi ciddi qəbul etməyib, ruhuma daha çox zaman ayırmağım oldu. Bu günə kimi tərəzidə heç görmədiyim rəqəmləri görməyə başlamışdım. 2014-cü ilin ilk aylarında qəti qərar verdim və tez bir zamanda arıqladım. 36 bədən ölçüsünə yenidən qovuşdum. Bu mövzuda qadınla kişini ayırmaq istəmirəm, amma qadının aynada özünü arzuladığı fiqurada görməsi onun psixologiyasına da yaxşı təsir edir. Üstəlik, bu, həyatının digər sahələrinə də təsirsiz ötüşmür.

- Aynaya baxanda “Nə qədər gözələm”, dediyin vaxtlar olur?

- (Qəhqəhə çəkir) Hər qadın kimi elə düşündüyüm zamanlar olur. Amma həmişə gözəl olduğumu iddia edə bilmərəm.

- Bədənində bəyənmədiyin yerlər varmı?

- Dəyişə bilər. Bəzən çox bəyəndiyim fiziki xüsusiyyətlərimi bəzən də heç bəyənmirəm.

- “Oku canıma” və “Nerdeydin” mahnılarını Ebru Gündeşə hədiyyə etdiyin doğrudur?

- Bu cür şeylərdən danışmağı ədəbli hesab etmirəm. Hədiyyə ola bilər, olmaya bilər. Bu, bizim aramızda olan bir məsələdir.

- Mahnılarını kimlərin oxumasını istəyərdin?

- Mahnı oxuya bilən, mahnı oxumağı sevən hər kəs oxuya bilər.

- Eşqə baxış bucağın necədir?

- Eşqsiz dünya çox maraqsız olardı. Eşq insanın bütün hüceyrələrini yeniləyən, həyata baxışını, dünyagörüşünü dəyişən tam fərqli bir hissdir. Dünya bir tərəfə, eşq bir tərəfə cümləsini rahatlıqla qura bilərəm. Eşqi sevirəm.

- Tez-tez aşiq olursan?

- Yox. İnsan əvvəl aşiq olduğunu düşünür, sonra hisslərinin eşq olmadığını görür. Doğru insanı tapana kimi bu davam edir.

- Eşq sənə necə təsir edir?

- Həyata daha pozitiv baxıram. Heç bir səbəb olmadan sevinirəm, əhvalım yaxşı olur.

- Hazırda bu hissləri yaşayırsanmı?

-Yaşayıram, bəli.

- Yəni, aşiqsən?

- Aşiqəm. Bu da şəxsi həyatımla əlaqədar verdiyim ilk və tək açıqlamadır.

- Nə qədər vaxtdır aşiqsən?

- Təqribən bir ildir.

- Bunu paparassilərdən necə gizlədə bilmisən?

- Çox gözəl gizlətməyi bacarıram.

- Necə bacarırsan?

- Paparassilər hər yerə gəlmirlər. Məsələn, mənim evimdə jurnalist yoxdur. (Gülür)

-İstanbulda birlikdə gəzirsinizmi?

- Gəzirəm vallah.

- Əl-ələ?

-Əl-ələ, göz-gözə gəzirəm. Getdiyimiz yerləri seçirik. Bu günə kimi jurnalistlərlə qarşılaşmamışıq.

- Bir il uzun müddətdir. Münasibətinizi niyə hələ də gizləyirsiniz?

- Nə qədər öz içimizdə yaşasaq, o qədər yaxşı olar. Eşq xəbəri çıxdıqdan sonra qəzetlərdə müxtəlif dedi-qodular çıxır. Belə şeyləri xoşlamıram.

- Evliliyə necə baxırsan?

- Ana olmaq istəyirəm, ona görə də evlilik haqqında düşünürəm.

- Evlənmədən uşaq sahibi olmaq haqqında nə düşünürsən?

- İstəmərəm. Türkiyədə yaşadığım üçün belə düşünmürəm, başqa yerdə də olsam istəməzdim. Çünki uşaq ailəylə, o istiliklə, sevgiylə, ana və atanın gözəlliyi ilə böyüməlidir.

- Boş vaxtlarını necə dəyərləndirirsən?

- 11 yaşından bəri televiziya izləmirəm. Amma film izləməyi çox sevirəm. Televizorda ancaq film verilən kanallar açıq olur. Bir də yemək bişirməyi çox sevdiyim üçün bu qəbildən verilişlərə baxıram.

- Ən yaxşı bişirdiyin yemək hansıdır?

-Hamısını bişirirəm. Yemək bişirərkən stress atıram. Mənim üçün terapiya kimidir.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR