Xalq artisti Azdramadakı pul yeyintisindən danışdı - Müsahibə
Bizi izləyin

Tabloid.az

Xalq artisti Azdramadakı pul yeyintisindən danışdı - Müsahibə

Akademik Milli Dram Teatrı

Tabloid.az-ın bu dəfəki müsahibi xalq artisti Ilham Əsgərovdur. Ötən ili qalmaqalla başa vuran aktyor ortaya atdığı iddialarla diqqəti Dövlət Akademik Milli Dram Teatrının üzərinə çəkdi. Belə ki, dekabrın 30-da Akademik Milli Dram Teatrında keçirilən iclasda rəhbərliyə etirazını bildirən kollektivin səsinin mətbuata çıxmasında əsas rol oynayan xalq artisti özü, deyəsən, teatrdan didərgin düşüb. Elə bizimlə görüşü də Teatrın qarşısındakı parkda baş tutdu. Söhbətə də özü məhz buradan başladı:

- Soyuqda sizi burada qarşılamağımın səbəbi var. Teatrda durmaq olmur. Hər yerə səs dinləyici cihazlar quraşdırıblar. Rahat danışa bildiyimiz bir məkan vardı – çayxana. İndi orada da danışa bilmirik. Hər yer dinlənilir. İndi bu soyuqda parkda otururuq. Hamı ilə burada dərləşirik, teatrın problemlərindən danışırıq. Bunların üzündən işim olmayanda teatra gedə bilmirəm.

- Sanki bu vəziyyət sizi laməkan eləyib, İlham müəllim. Görüş yeri müəyyənləşdirəndə məhz belə təəssürat yaratdınız məndə...

- Didərgin deyəndə ki, bir ətrafa baxın. Hər yer – bütün şəhər işıqlara qərq olub. Hər yer işıqlandırılıb, bircə Akademik Teatrın binası zülmətə qərq olub. Içəridə o qədər mənasız işıqlar yandırılır, ancaq bina işıqlandırılmır. Milli Dram Teatrı sözün bütün mənalarında qaranlıqdadır. Guya elektrikə, pula qənaət edirlər. Ancaq baxsanız, görərsiniz ki, nə qədər yerə boşuna vəsait xərclənir.

- Yəni, hara xərclənir?

- Ordan-burdan rejissor, rəssam çağırıb ona 25 min manat verir. Həmin pulun 5 minini bizə versə, ortaya daha yüksək nəticə qoyardıq. O yüksək məbləğdə vəsait xərcləyib gətirdikləri hanı indi? Gəldi, tamaşa qoydu, pulunu aldı və getdi. Nə həmin dəvət olunanlar var, nə də işləri. Hamısı sadəcə pul yemək üçündür.

- Yaradıcılıqda vəziyyət necədir? Sanki tamaşaçı qıtlığınız da var.

- Teatrda indi çox dəyişikliklər olub. Həmin dəyişikliklər nəinki aktyoru, tamaşaçını da teatrdan uzaq salıb. Əvvəllər 4-5 tamaşa hazırlanırdı. Hər biri də böyük rezonans yaradırdı. İndi də tamaşalar hazırlanır. Di gəl, həmin tamaşalar başdan ayağa səhvdir. Əsərdən tutmuş rejissora qədər yanlış seçimdən ibarətdir. Teatra haradansa tutub cılız-cılız aktyorlar gətirilir. Onlar Akademik Teatrın siması deyil. Əsər bir şey deyir, verilən quruluşdan başqa məna çıxır. “Teatrda müasirlik” adı altında hoqqa çıxardırlar. Hər dövrdə müasirlik olub. Anlamırlar ki, əsərin mənası, məqsədi olur. Nəticədə də, tamaşaçı “Bu teatr niyə bu günə qaldı”, - deyib birdəfəlik çıxıb gedir.

- Nədən narazısınız? Teatr rəhbərliyinə olan əsas iradlar nədir?

- İradlar çoxdur. Elə götürək verilən quruluşlardakı “müasirliyi”. Səhnədə yataq qurulur. Uşağın-böyüyün qarşısında min hoqqadan çıxırlar. Əsər tələb edirsə, onu elə qura bilərlər ki, estetik səviyyəsi güclü olsun. Gərək 5-6 dəqiqə açıq oyun gedə? Kinonun, teatrın öz dili var. Qəhrəmanlar arasında yaşananları tamaşaçıya çatdırmaq üçün çoxlu üsuldan istifadə etmək mümkündür.

- Həmin səhnə də həyatın özü deyilmi?

- Həyatı səhnəyə abırlı şəkildə gətirmək lazımdır. Mənim abırlı yerim bir bura qalmışdı, onu da əlimdən aldılar. Kinomuz belə, televiziyamız elə. Teatra məbəd deyirik. Tərbiyəsizliyi teatra da gətirməli deyilik axı. Adını da hacı qoyub. Hacı da belə əməl eləyər?

- İradlarınızı indiyədək bildirmisiniz? Rəhbərliyə görmək istədiklərinizi, təkliflərinizi demisiniz?

- Gələndən ancaq söz verir. Lakin verdiyi vədlərin heç birini yerinə yetirməyib. Neçə vaxtdı gəlişi gözəl sözlərlə başımızı qatır. Məsələn, deyir ki, maaşları artıracaq. Aktyor və aktrisalar 1000-1500 manat maaş alacaq. Teatrda hazırlanan tamaşaların biletləri əlbəəl satılacaq. Özümüz də Avropaya çıxacağıq. Soruşan lazımdır ki, Avropaya nə ilə çıxırıq. Bir dəfə xaricə “Kral Lir”i aparmışdıq. Bizə irad tutdular ki, özünüzün milli əsəriniz yoxdu? Hətta bir nağılınızı da qoysaydınız, bundan daha uğurlu olardı. Düz də deyirdilər. Bu əsəri dünya tanıyır. Onu lazım olan səviyyədə qoya bilməyəcəkdiksə, ortaya çıxarmağın mənası yox idi.

- Xaricə hansı tamaşanın hazırlanmasına kim qərar verir, hansı əsərin gedəcəyi necə müəyyənləşdirilir?

- Məsələ də elə bundadır. Direktor İsrafil İsrafilov özü müəyyənləşdirir. Soruşanda da deyir ki, guya məhz o tamaşa bəyənilib. Bakıda hələ hazır olmayan tamaşa xaricdə necə bəyənilə bilər? Uydurub baş qatır. Əslində hamısı öz fikridir. İstədiyi aktyoru, rejissoru, əsəri, tamaşanı seçib aparır. Hətta hazırlanmış, lakin baxılmamış, nə səviyyədə olduğu müəyyən olunmamış tamaşalarla xaricə çıxırıq. Bu qədər böyük dərdimiz, həmin dərdimizi deyə bilən güclü əsərlərimiz olduğu halda oyunbazlıq edirlər.

- Oyunbazlıq nəyə deyirsiniz?

- Sizə bir misal çəkəcəm. İsrafil müəllim təzə gəlmişdi. “Lənkəran xanının vəziri” tamaşaya qoyulmuşdu. Əsərə elə quruluş vermişdi, elə əlavələr etmişdi ki, tamaşa böyük səs-küyə səbəb oldu. Həmin səs-küyə yuxarıdan da reaksiya verdilər və bir gün baxmağa gəldilər. Adını çəkməyəcəm, gələnlərdən biri öz övladı ilə gəlmişdi. Uşaq 40 dəqiqə sonra yerində qurcuxmağa, hətta narazılığını bildirməyə başladı. Duzsuz, şit, millətə və əsərə layiq olmayan səhnələr onları da məcbur etdi ki, iradlarını bildirsinlər. Açıq şəkildə İsrafilə dedilər ki, ya bu səhnəni çıxart, ya da tamaşanı bağla. Ondan sonra gəlib aktyor və rejissorların üstünə düşdü ki, guya papağını yerə soxdular. Halbuki o tamaşanı özü görmüşdü. Mən irad bildirəndə saymazyana yanımdan ötüb keçmişdi. Guya biz heç nə bilmirik, amma o, çox bilir. O tamaşa əsərə, millətə, teatra yaraşmırdı.

- Teatrdakı əməllərinə ancaq Siz irad tutursunuz, yoxsa başqaları da sözünü deyə bilirmi?

- Ümumiyyətlə, narazılar çoxdur. Ancaq deyənlər ümumi narazıların müəyyən qismidir. Elələri var ki, işini itirəcəyindən qorxur, eləsi var ki, medal gözləyir. Hər kəsin susmaq üçün öz səbəbi var. Ancaq bu, artıq yolun sonudur. Başlamışıq, özü də pis başlamışıq. 5 il gözlədik, daha bəsdir. Sözümüzü deyirik və səsimiz eşidilənə qədər də deyəcəyik. Əslində səsimiz eşidilir, hələlik qulaq ardına vuruluruq. İsrafil müəllimin arxasında kim dayanıbsa, hər halda məhz ona görə səsimizə səs verən yoxdur. Ancaq biz həmin şəxsləri də əmin edirik ki, İsrafil müəllim öz işi ilə məhz onların da başını aşağı edir. Biz də deyirik ki, direktor ona göstərilən etimadı doğrultmur və bu səbəbdən də getməlidir. Bu insan yerini, sözünü bilmir. Bir misal çəkim. Məşq zamanı guya məsləhət verib deyir ki, xan gələndə ayağa durmaq, baş əymək lazımdır ki, gələn xandır. Özündən də sitat gətirir ki, mən bir dılğır teatrın dılğır direktoruyam, qapımı döyməyib içəri girəni qəbul etmirəm. Fəaliyyəti ilə bu neçə ildə dılğır olduğunu sübut etdi, ancaq nəhayət indi başa düşməlidir ki, teatr dılğır deyil. Saatlarla, günlərlə insanları qəbulunda gözlətməklə özünü qəbul etdirməyə çalışmaqla deyil ki. Özü dediyi kimi, elə dılğırdır.

- Niyə bayram toplantınızda oldu bu partlayış?

- İlk gəldiyi gündən aktyorlara yaxın gəlmir, bəziləri salamlaşmaq üçün onun yanına getməyə məcbur olurdu. İclaslar keçirmir, heç nəyi müzakirə eləmir, deyilənləri eşitmək istəmirdi. Kollektivə yuxarıdan aşağı baxırdı. İclası da bayrama salmışdı ki, heç kəs bayrama görə səsini çıxarmayacaq. Biz də anladıq ki, fürsət budur və indi sözümüzü deməsək, bir də demək imkanımız olmayacaq. Ancaq bir məsələ də var. Son vaxtlar narazılıqlar artıb və kollektiv danışmağa başlayıb deyə davranışı dəyişib. İndi salam da verir, hal-əhval da tutur. Soruşan lazımdır ki, həmin adam deyilsən, nə dəyişdi?

- Etirazınızı bildirdiyiniz üçün Teatrı başınıza dar ediblər. Bəs, yaradıcılığınıza necə, müdaxilə varmı?

- İstəyərəm ki, lap 30 rolum olsun. İşləmək həvəsim çoxdur. Ancaq 8 tamaşada oynasam, direktor onun 3-nü saxlayacaq. İndi cəmi “Qaraca qız” uşaq tamaşasını da saysaq, 3 tamaşada oynayıram. Elə tamaşa var, sevilir də. Ancaq repertuara salınmır. Neynim ki, bu sənət asılıdır? “Qarabağnamə”ni ildə bir dəfə səhnəyə daxil edirdi. İndi davadan sonra salıb... Ancaq necə? Tamaşalarım dalbadaldır. Axı, mən də insanam. Ya o qədər gec olur ki, tamaşanın sözləri yadımızdan çıxır, ya da dalbadal salır ki, aktyor əziyyət çəksin. Bu da sıxışdırmağın bir yoludur. Ekranlara çıxıb elə fikirlər söyləyir ki, deyərsən, bir mələkdir. Di gəl, sən onun Teatrdakı əməllərinə bax.

- Sıxışdırılan yalnız aktyorlardı, yoxsa...

- Yaxşı rejissorların hamısı teatrdan uzaqlaşıb. Vaxtilə yaxşı tamaşalarımız vardı: “Özümüzü kəsən qılınc”, “Messenant”, “Dar ağacı”... yaxşı da baxılırdılar. Bu tamaşalara gəlirdilər. İsrafil müəllim teatra direktor təyin olunan kimi hamısını repertuardan çıxartdırdı. “Əli Əmirli dramaturqdu?”, “Mirələmov nə yazır?”, bir sözlə, hərəyə bir söz dedi. Guya tamaşaları özü quracaqdı. Sonra anladı ki, öz qurduqları bir işə yaramır, bəyənmədikləri tamaşaları geri qaytardı. Sonrakı illərdə teatra oyuncaq rejissorlar ayaq açdı. Nəticə də ondan ibarətdir ki, neçə ildi teatr tamaşaçısını yalnız dəvətnamə ilə yığır. Yalandan tamaşanın anşlaqla keçdiyi deyilir. Ancaq bunlar boş söhbətdir. Biz bilirik ki, anşlaq yoxdur. İstəmədiyi rejissorların tamaşalarında yox, ancaq özünün gətirdiyi rejissorların tamaşalarında zalı məhz bu yolla doldurub anşlaq görüntüsü yaradır.

- Yəni bu 5 ildə yaxşı tamaşanız olmayıb?

- Olub, niyə ki. Ötən ilin sonunda keçirilən iclas bu Teatrda son 5 ildə qoyulan və çox yüksək səviyyədə alınan ən uğurlu tamaşamız idi. Orada yazıldı, orada quruluş verildi, elə orada da oynadıq. İndiyədək qoyduğumuz tamaşalar belə rezonans yaratmayıb. Biz danışdıq, İsrafil müəllim də qulaq asdı. Nə özü bir söz deyə bildi, nə də yaxın ətrafı.

- Sirr deyilsə, nə qədər maaş alırsınız? Bu əziyyətlərə dəyirmi?

- 200-300 alan var, ən çox alan xalq artistidir, 400-500 manat alırlar. Xeyir-şər var. Mən necə yaşamalıyam. Səhərdən axşama qədər Teatrda oturmaq tələb olunur. Şəxsi işimizin dalınca gedəndə xahiş edib gedirik, yenə pulumuz kəsilir. Səhnəyə gecikdin, onda da pul kəsilir. Bir sözlə, hər bəhanə ilə əmək haqqımıza əl uzadırlar. İsrafil müəllim aktyoru cəzalandırmaq üçün heç bir fürsəti əldən vermir. 2 dəfə məhz bu adamın hərəkətləri ucbatından xəstəxanaya düşdüm. Neçə ildir sözlərimiz yığılır, əsəblərimiz gərginləşir. Yaşadığım stress ucbatından xəstəxanaya düşdüm. İş yerimdən yeganə qazanc yerim olaraq 1 manat yardım görmədim. Teatr işçinin qayğısına qalmalı deyil? İnanın ki, sevimli işçiləri üçün hər hansı yardım edəndə də minnət qoyurlar. Ona görə də heç o yardımı istəmirəm. Lakin reallıq bundan ibarətdir ki, iş yerindən işçiyə qayğı olmalıdır. Üstəlik, bizim başqa yerdən qazanmaq imkanımız da yoxdu. Kinoya çəkirlər, 50-100 manat, dublyajda 20-30 manatla baş aldadırlar. Lap telekanalları götürək, hamısı çağırır, ancaq nə qonorar verirlər? Aktyorun başqa problemləri də var. Nəzər yetirsəniz, görərsiniz ki, nə qədər aktyor rolsuz qalıb? Kiminlə işləsin? Hansı rejissorla işləyək. Dram dərnəyi səviyyəsindən də aşağı səviyyədə tamaşalar qoyulur.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm