“Alisa möcüzələr ölkəsində” əsəri niyə qadağan olundu?
Bizi izləyin

Tabloid.az

“Alisa möcüzələr ölkəsində” əsəri niyə qadağan olundu?

“Alisa möcüzələr ölkəsində” əsəri niyə qadağan olundu?

“Alisa möcüzələr ölkəsində” əsəri kult.az-ın“Bunları oxumaq qadağandır” layihəsində

Qadağan olunmuş əsərlər sırasında Dodgsonun (qondarma adı Levis Karol) 1895-ci ildə yazdığı, uşaqlıqda çoxumuzun diqqətimizi çəkən, sevə-sevə oxuduğumuz zərif bir hekayə olan “Alisa möcüzələr ölkəsində” əsərini də görmək çox üzücüdür. Kitabın qadağan olunma səbəbi də başqalarından fərqlidir. Sanki kitab elə qadağan olunmaq üçün yazılıbmış. Səbəb əsərdə olan heyvanların insan kimi davranmaları və insan kimi xarakterə malik olmaları göstərilir. Guya bu kitabı oxuduqdan sonra uşaqlar onun təsirinə düşər və insanlarla heyvanlara eyni münasibətdə olar, bu isə təhlükəli bir vəziyyət alar. Hətta bu səbəblə Amerikada da bir neçə məktəbdə kitabxanalardan yığışdırılıb.

“Heyvanlar insan dilindən istifadə etməməlidirlər” zehniyyəti bizə “alleqoriya anlayışını ədəbiyyatdan çıxarmağı tövsiyə edir, yəqin”.

Kitab əvvəlcə 1931-ci il Çinin Xuan vilayətində qadağan olunub. Vali Ho Çienə görə, heyvanları insanlarla eyni səviyyədə təqdim etmək fəlakət bir şey idi. Əsər daha sonralar da tez-tez qadağalara məruz qalıb.

“Alisa möcüzələr ölkəsində” əsərinin müəllifi Levis Karol ailədə üçüncü uşaq olaraq dünyaya gəlib. Atası din adamı olub. Karol qardaş-bacısını əyləndirmək üçün maraqlı oyunlar hazırlayırmış. Çox sahədə bacarığı olan, yaradıcı bir uşaq imiş. Ali təhsil aldıqdan bir müddət sonra Oksfordda riyaziyyat dərsi də deyib.

Karol, əslində, kəkələyirmiş – dilində qüsur var imiş. Amma buna baxmayaraq, uşaqlarla rahat danışa bilirmiş. Dini təhsil olsa da, dindar olmayıb. Bunun səbəblərindən biri də onun müxtəlif sahələrdə istedadını kəşf etməsi ola bilər.

Levis Karolun “Kris Çörç kolleci”nin dekanı Lidelin ailəsi ilə yaxın dostluq əlaqələri olur, onların üç qızı ilə çox yaxşı anlaşır. Əsər də Karolun həmin qızlara danışdığı nağılların nəticəsində meydana gəlib. Bu əsəri Alisanın istəyi ilə qələmə alıb və şəkilləri ilə birlikdə balaca qızcığaza bağışlayır. Sonra isə Henri Kinqsley və Corc Makdonaldın təkidi ilə kitabın nəşr olunmasına qərar verir.

Deyilənə görə, yazar balaca Alisaya böyük sevgi bəsləyir, onunla vaxt keçirmək çox xoşuna gəlirmiş. Səbəb müxtəlif ola bilər: ya yazarın uşaqlara sevgisi çox böyük imiş, ya da pedofil imiş(əsərlərindəki uşaq obrazlarının real qəhrəman olduqlarını dəfələrlə rədd etsə də, sonradan həmin qəhrəmanların məhz həyatda tanıdığı kiçik qızlar olduğu bilinmişdi). Bir müddət sonra Karolla balaca Alisa arasındakı bu qəribə əlaqə Alisanın anası tərəfindən kəsilir. Bu münasibətdən qalan yeganə şey isə “Alisa möcüzələr ölkəsində” kitabı olur.

Bu kitab yazıçıya çox şöhrət gətirir. Oxucu məktublarından bezən Karol, sanki, istədiyindən artıq diqqət və qayğı ilə əhatə olunmuşdu. Hətta bir rəvayətə görə, Kraliça Viktoriya hekayəni o qədər bəyənibmiş ki, Dodgsonun növbəti kitabını ona ithaf etməsini istəyib. Bu istəyin ardından “Determinantlar üzərində əsas tədqiqat” adlı bir riyazi kitab kraliçaya ithaf olundu. Ancaq yazıçı bədii kitabından qazandığı uğuru elmi kitabından qazana bilmədi.

“Alisa möcüzələr ölkəsində” təkcə uşaqlar üçün nəzərdə tutulmuş bir kitab deyil. Kitabda hər adam özündən nəsə tapa bilər. Kitabın əsasında film çəkilib, tamaşa hazırlanıb. Filmdə Alisa böyüyüb özünü yenidən “Möcüzələr ölkəsi”ndə tapır. Böyüyəndən sonra uşaqlıq xəyallarına yad olan Alisa bu dünyanı və bu dünyada yaşayanları tanımır, amma “Möcüzələr ölkəsi”ndəkilər onu xatırlayırlar və ondan əjdahanı məğlub etmək kimi çox böyük şeylər gözləyirlər.

Balaca Alisa “çox gecikdim, çox gecikdim” deyərək qol saatına baxan bir dovşan görür, onun arxasınca qaçaraq quyuya tullanır və “Möcüzələr ölkəsi”nə düşür. Orada böyüyüb kiçilən, qəribə insanlarla, canlılarla rastlaşan Alisanın başına çox hadisə gəlir. Balaca Alisa müxtəlif insanların həyatı və problemləri ilə qarşılaşır.

“Möcüzələr ölkəsi”nə daxil olanda Alisanın boyu normal qalır. Amma bağın qapısından keçəndə kiçilir. Onun göz yaşlarını görən Siçan və dostları Alisaya kömək edir. Daha sonra Alisa Ağ Dovşana rast gəlir. Otaqda üzərində “İç Məni” yazılmış şüşə qabda olan mayeni içir. İçən kimi də həddindən artıq böyüyür. Ağ Dovşan və bağbanlar Pet ilə Vill Alisaya kömək edir. Sonra qızcığaz meşədə azaraq mayor Keterpiller ilə rastlaşır. Keterpiller ona kiçilməzdən əvvəl qorxmamağı tapşırır. Alisa göbələyin hissələrini ilə qidalanaraq gah böyüyür, gah kiçilir. Sonda boyu normal vəziyyətə düşür.

Alisa səyahətini davam etdirir. “Manor Evi” adlanan yerdə musiqi Hersoqu olan qadınla rastlaşır. Alisa körpəni götürür. Lakin qucağındakı körpə tədricən, donuza dönür. Alisa onu yerə buraxır. Çeşir pişiyi ona Dəlisov Papaqçı və onun dostları Mart Pişiyi ilə Sonyanın yanına getməyi məsləhət görür.

Alisa “Trio” ilə görüşəndə səhnədə qorxunu necə dəf etmək müzakirəyə qoyulur. Dəlisov Papaqçı stolun üstünə hoppanır. Bu işi Dəlisov Papaqçı “Ürəklər Kraliçası”nın konsertində görüb. Alisa səhnəyə çıxanda Dəlisov Papaqçı və Mart Pişiyi qabları sındırmağa başlayır. Alisa kiçik qapıdan girir. Alisa “Ürəklər Kraliçası”na məxsus Labirintə düşür. “Ürəklər Kraliçası” Alisanı qəribə Kroket oyununa dəvət edir. Ancaq “Ürəklər Kraliçası”nın insanlara qarşı münasibəti və onları edam olunmağa məhkum etməsi Alisanın xoşuna gəlmir. Bu vaxt Çeşir pişiyinin başı gözlənilmədən görünməyə başlayır. Qadın Hersoqu Kinqin pişiyin kimə məxsus olması haqda sualına cavab vermək üçün gəlir. Lakin Çeşir pişiyi gözdən itir. Alisa Kroket oyununu tərk edir. Sonra macəralarını davam etdirərək Qrifon və Sınaq Tısbağası ilə rastlaşır. Həmin Tısbağa ona oxumağı öyrədir. Alisa isə onunla birgə “Xərçəng Kadril” mahnısını oxumağa başlayır. Bu mahnı Alisanın çox xoşuna gəlir. Alisa buranı tərk etdikdən sonra Ağ Cəngavər ilə rastlaşır. Ağ Cəngavər ona ixtiralarını göstərir və mərd olmağı məsləhət görür.

Alisa səyahətini davam etdirərək bu dəfə də güllərlə qarşılaşır. Onların ən çoxbilmişi “Pələng-Lilli” olur. Onların arasında “Dələduz Mollabaşı” gülləri olur. Alisa güllərə kömək edir. Daha sonra Tvidli Dam və Tvidli Di ilə rastlaşır. Bu vaxt Alisanı məhkəməyə çağırırlar. Məhkəmədə “Ürəklər Valeti”nin Kraliça Piroqlarını oğurlaması mühakiməsi aparılır. Şahid kimi Dəlisov Papaqçı və onun dostları dəvət olunur. Kraliçanın Piroqlarını başqasının oğurladığını sübut edən dəlil tapılmır. Alisa məhkəmə qarşısına çıxarılır. Həmin vaxt o, göbələyin hissələrini yeyərək böyüməyə başlayır. Sonra kraliçanı və kralı tənqid edir. Məhkəmədə əyləşən Ağ Dovşan deyir ki, “özüm bilə-bilə Alisanı “Möcüzələr ölkəsi”nə gətirmişəm. Ona görə ki, Alisa öz qorxusunu dəf etməyi bacarmalıdır”. Ağ Dovşan ondan qorxusunu dəf edib-etmədiyini soruşur, Alisa isə ona “hə” deyə cavab verir. Ağ Dovşan Alisaya “Onda bizim sənə artıq ehtiyacımız yoxdur” – deyərək Alisanı geri qaytarır. Alisa əvvəlki kimi ağacdan almanın yerə düşdüyünü görür.

Alisa evlərinə qayıdanda sevdiyi mahnını həvəslə valideynlərinin və qonaqların qarşısında oxumağa başlayır. Lakin ifa edəcəyi mahnının əvəzinə qəflətən “Xərçəng Kadril” mahnısını oxuyur və qonaqlar mahnını bəyənərək onu alqışlayır. Alisa hətta Çeşir pişiyinin də sevindiyini görür. Onun öz simasında da təbəssüm yaranır.

Əsərdə maraqlı obrazlardan biri də Papaqçıdır – mübahisəsiz və rəqibsiz. Əsərdə ən maraqlı səhnələrdən biri isə Mart pişiyi, Siçan və Papaqçının eyni süfrə başında oturub çay içdiyi səhnədir.

Əsəri oxuyub bitirdiyinizdə “bu əsər bir sərsəmləmədir, yoxsa mükəmməl bir uşaq kitabı?” – deyə bir sual da çıxacaq ortaya.

Bu cür mənəvi tərbiyəvi əhəmiyyəti olan, xüsusilə uşaqları əyləndirən, zövq verən bir əsəri qadağan etmək bədii mətnə xəyanətdir, ədəbiyyata xəyanətdir.

Qısası, əgər bir əsər müzakirəyə, mübahisəyə və hətta qadağaya açıqdırsa, demək, onda “nəsə” var...

kult.az
Oxumağa davam et
Reklam
Reklam

Gündəm