• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Geyimdə özlərinə əsla sərhəd qoymayan gözəllər - Fotolar

Geyimdə özlərinə əsla sərhəd qoymayan gözəllər - Fotolar

Qış aylarında çoxumuz rahat geyinməyə öyrəşmişik. İşə ciddi və rəsmi üslubda, həftə sonları gəzintisinə isə rahat və əlverişli geyimlər seçirik. Gəlin etiraf edək ki, hər gün eyni tərzdə geyinmək çox darıxdırıcıdır. İnsan bəzən yaradıcı və təkrarolunmaz obraz yaratmaq istəyir. Bəs bu obraza nail olmaq üçün nələr tələb olunur?

Təkrarolunmaz, özünəməxsus tərz yaratmaq düşündüyünüz qədər çətin deyil. Sadəcə nənənizin sandığında bir qədər qurdalamaq lazım olacaq. Tabloid.az-ın “Moda inqilabları” layihəsi çərçivəsində bu həftə sizi yaradıcı stilə bürüyən bohem tərzi haqqında danışacağam.

Bohem 1960-cı illərin sonu, 1970-ci illərin əvvəlində ortaya çıxan həyat tərzinin formalaşması əsasında yaranan geyim tərzidir. Əslində “bohemian” kəlməsi hippilərdən gəlir. Hippi - özlərinə əsla sərhəd qoymayan, var olan bütün səlahiyyətliləri rədd edən, kommunist həyat tərzinə qarşı çıxan azad bir hərəkatdır. Hippi fəlsəfəsinin əsasını insanı olduğu kimi qəbul etməyi, onun haqqında xarici görünüşünə görə bir düşüncə yaratmamağı, insanı azad buraxmağı, azad bir şəkildə düşüncələrini açıqlamağa icazə vermək ideyaları təşkil edir. Onların bu ideyaları geyim tərzində də özünü aydın şəkildə büruzə verirdi. Bu isə bohem tərzidir.

Bu geyim tərzini daha sonralar eyni ilə hippilər kimi azad, rahat, yaşamağı sevən dərviş ruhlu insanlar da mənimsəyir. Məntiqlə geyim-kecimə çox pul xərcləməyən insanların daha az büdcə ilə fərqli stil yaratması demək olsa da, müasir moda aləmində dizaynerlər bohem stilinə tez-tez müraciət edirlər. Böyük moda evlərinin geyimlərinə sərvət yatıraraq geyinmək bohem fəlsəfəsinə zidd olsa da, artıq belə bir geyim tərzi formalaşıb və çox sevilir.

Bohem həm də qeyri-adi həyat tərzi yaşayan insanlar üçün səciyyəvi olan geyim üslubudur. Bohem tərzi müəyyən mənada rok üslubuna yaxındır. Bohemiya şıqlığı retro məhəbbətini, yüngül üslubu və müəyyən dərəcədə dəlisovluğu, daxili azadlığı zahirə əks etdirmək bacarığını, düşünülmüş səliqəsizliyi, yaradıcı rahatlığı və müstəqilliyi özündə birləşdirən vintaj və qaraçı tərzidir. Bir sözlə, insanın içində baş qaldıran bütün dəfolunmaz üsyanlar və inqilabçı ruhu bu tərzə yiyələnməkdə baş rol oynayır. Buna görə də, bohem tərzində özünəməxsusluğu ortaya qoymaq üçün geyinməzdən əvvəl daxilində böyük axtarışa çıxaraq bütün hədləri keçməlisən. Sadə dildə desək, meqapolisdə etməsi mümkün olmayan şeyləri stilinə köçürməlisən.

Bohemiya tərzi qaraçıların üslubu kimi də tanınır. Bohem tərzinin yaradıcıları azadlıqsevər, bir yerdə oturmayan insanlar olduğu üçün burada konkret qaydalar yoxdur. Ancaq ürəyinin səsini dinləmək tələb olunur. Axı onlar da müəyyən mənada bu keyfiyyətlərə malik idilər! Bu keyfiyyətlər onlarda olmasaydı, əks halda ələ baxaraq gələcək haqqında heç bir söz deyə bilməzdilər. Onlar rəsm, ədəbiyyat, musiqi və teatr dünyasına daha yaradıcı yanaşaraq özlərinə xas fərqli üslub düşünürlər. Bu zaman tam bədii nizamsızlıq əmələ gəlir.

Yeri gəlmişkən, hətta Fransada yaradıcı insanları “Bohmiens” adlandırırdılar.

Bohem tərzi əslində azad düşünən, özünü azad hiss edən hər kəsin stilidir. Qaraçılardan, hippilərdən və etnik tərzdən ilham alan bohem tərzi diqqəti özünə çəkməkdən qorxmayan insanların seçimidir. Bohem ölməzdir, həmişə dəbdədir. Bu mövsüm bohem tərzinin geri qayıtması da başa düşüləndir. Dəb tendensiyalarının sanki buraya dəxli yoxdur. Amma bu üslub ötən ilin ən dəbli tendensiyalarından biri oldu. Gəlin bohem stilinin əsas detallarına nəzər salaq.

Geyimlər: uzun yubkalar, etnik naxışlar, cinslər, cırıq və ya saçaqlı jiletlər, toxuma və ya hörüklü gödəkcələr, qalın, iri toqqalı kəmərlər, cürbəcür yaylıqlar, çalmalar, qısa çəkmələr, saç lentləri, ponçolar, şlyapalar, taxta aksessuarlar və.s

Parçalar: Cins, şifon, ipək, məxmər, dəri, pambıq, velvet.

Prinsipləri: Çoxqatlılıq, daha sonra rahatlığı yaradıcı şəkildə ifadə etmək.

Bohem tərzində etnik görünüşlər də ön plana çıxır. Etnik naxışlarla bəzədilmiş sviter və jaketlər bu mövsümün favoritlərindəndir. Etnik tərzdə bol naxış olduğu üçün naxışları bir arada istifadə etməyi öyrənmək çox önəmlidir.

Ədviyyat rəngləri: Ədviyyat rəngləri və naxışlar bohem tərzinin əsas üslubunu ifadə edən termindir. Özündə bir çox rəngləri birləşdirən bohem üslubu naxışlarla diqqət çəkir. Bohem stilinin əsas detalları şal, çiçək, etnik, tribal və suzani naxışlarıdır.

Uzun sarafanlar: Uzun yubka və donlar bohem stilinin əvəzolunmaz geyimləridir. Bohem stilini sevən xanımlar havadan asılı olmayaraq, uzun ətək və donlarda dolaşırlar.

Saçaqlı aksessuarlar: Saçaq bohem geyim üslubunda ən məşhur dekorlardan biridir. Bu tərzi birinci müasir Amerika hinduları, daha sonra kovboylar məşhurlaşdırıblar. Saçaqlı çantalar, jiletlər, çəkmələr bohem stilinin önəmli aksessuarlarıdır. Xüsusən də zamşa materialdan tikilən saçaqlı çantaların bohem stilində ayrı yeri var.

70-ci illərdə azadlıqsevər və hippi həvəskarları müstəqil hinduların mədəniyyətinin simvolu və elementi kimi arxivdən saçaqlı kostyumlarını çıxarırlar. Məşhur jiletlər və saçaqlı çantalar nazik dəri və zamşa materialından hazırlanırdı. Bu əşyalar saplar, dərilər, muncuqlar, ağac və sümük dənələri ilə bəzədilirdi. Saçaqlar bohem tərzinə xas olan azadlıq rəmzini və laqeydliyi ifadə edir.

Kovboy papaqları: Kovboy papaqlar bohem stilinin əsas atributlarıdır. İsti havalarda həsir papaqlar bu stildə tez-tez istifadə edilir.

Aksessuarlar: Papaqlardan əlavə, bohem stilinə müraciət edən hər bir xanımın dolabında mütləq saç bantları və çiçəkli çələnglər kimi saç aksessuarları da olmalıdır. Üst-üstə taxılan toxunma bilərziklər, quş tükləri, təbii daşlar və taxta muncuqlardan hazırlanan aksessuarlar bohem tərzini bildirir. Taxta detallı qolbaqlar, qaraçı sırğaları, qat-qat boyunbağılara üstünlük verin.

Bohem obrazı yaratmaq və azadlıq ruhunu hiss etmək üçün saçaqlı bir aksessuar daşımaq kifayət edir. Saçaqlı çantalar səyahətə gedərkən yol boyu sizin ən yaxşı dostunuz olacaq. Bu cür aksessuarlar haqqında da yadda saxlamaq lazımdır: əgər saçaqlı ayaqqabılar geyinmisinizsə, bu zaman qalan elementlər seçilmiş üsluba uyğun gəlməlidir.

Bohem çəkmələr: Bohem stilinin eleqantlığı taxta dabanlı zamşa parçadan tikilən çəkmələrdə gizlənib. Adətən qəhvəyi tonlarda olan çəkmələrin üzərinə dəri parçalar da əlavə olunur. Klassik və saçaqlı kovboy çəkmələri bu stildə əsas yeri tutur.

Kimono pencəklər və cübbələr bohem üslubunda çox istifadə edilir. Afrikanın etnik printli kətan bluzları da bənzərsiz obraz yaradır.

Enli balaq şalvarlar: Bohem tərzinin ruhu azadlıq və sərbəstlikdir. Buna görə də bohem stilində geyinən birinin qarderobunda 70-ci illərin dəbi olan enli balaqlı, rahat şalvarlara rast gəlməmək qeyri-mümkündür.

Ümumiyyətlə, bu üslubun nümayəndəsi olmaq üçün çoxqatlı, uzun yubkalar, kovboy papaqları, taxta qolbaqları eyni vaxtda geyinmək məcburiyyətində deyilsiniz. Bəzən obrazı etnik printli səliqəsiz taxılmış məxmər şərfin köməyi ilə də həll etmək olar. Sizin yaradıcı peşə ilə məşğul olub-olmamağınız da vacib deyil. Bohema üslubu istənilən halda sizə öz fərdiliyinizi ifadə etməyə, daxili harmoniyanı tapmağa kömək edəcək.

Bohem stilini layiqincə daşımaq istəyirsinizsə, bohem stilinin dillərdə dastan olmuş dəb ilahərinin izləri ilə gedə bilərsiniz. Bohem stilinin pərəstişkarları arasında Keyt Moss, Sienna Miller, Nikol Riççi, Mari-Keyt Olsen, Vanessa Hudgens, Vanessa Paradi, Kristen Danst, İsabel Marant və Miska Barton kimi qlamurlar gəlirlər.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR