• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ayaqların gözəlliyini necə qoruyaq və ya varikozu yaradan amillər

Ayaqların gözəlliyini necə qoruyaq və ya varikozu yaradan amillər

Bir çox insanın varikozdan şikayətçi olduğunu bilirik. Xüsusilə, yaşlanan qadınlarda varikoz xəstəliyinə daha çox rast gəlinir. Həm ayaqların gözəlliyini, həm də sağlamlığını özünə qaytaran Varikoz Damar Cərrahı Samir Abdullayev tabloid.az-ın qonağı olub. Bu sahədə 7 illik təcrübəsi olan cərrah varikoz xəstəliyindən daha çox qadınların əziyyət çəkdiyini vurğulasa da, son illərdə kişilərin də ayaqlarına biganə qalmadığını qeyd etdi. Bəs, görəsən, niyə varikoz xəstəliyinə kişilərdə deyil, məhz qadınlarda daha çox rast gəlinir?

- Əvvəla bizə vaxt ayırıb müsahibəyə razılaşdığınız üçün təşəkkür edirəm. Azərbaycanda bu xəstəliyin getdikcə daha çox yayılmağa başladığı bir vaxtda mütəxəssis fikri və müalicə üsulları haqqında öyrənmək istərdik. İlk olaraq ondan başlayaq ki, varikoz nədir və niyə yaranır?

- Varikoz insan bədənindəki venaların patoloji şəkildə normadan artıq genişlənməsidir. Xəstəlik kişilərə nisbətən qadınlar arasında daha çox yayılıb. Statistik göstəricilərə görə, qadınlar arasında təqribən 70-75 faiz təşkil edir. Dolayısı ilə hər 4 xanımdan 1-i bu problemdən şikayətçidir. Xəstəlik özünü hər kəsdə ayrı cür göstərir. Formalarından asılı olaraq, kimdəsə iri, bəzilərində isə xırda varikoz olur. Xəstəliyin əmələ gəlməsində bir çox faktorların rolu var. Bunlardan biri anadan gəlmə, genetikamızın ötürdüyü faktorlar - doğularkən bizə ötürülən genlərlə əlaqəlidir. Digər faktor isə sonradan qazanılmadır. Məsələn, qadınlar xəstəliyə daha çox hamiləlik dönəmində tutulur. Hormonal dəyişilik, ayaq üzərində daha çox dayanmaq damar genişlənməsinə gətirib çıxarır. Eləcə də artıq çəkili, daim hündürdaban ayaqqabı geyinən xanımlarda, ağır-fiziki idmanla məşğul olan insanlarda varikozun yaranma riski yüksəkdir.

- Bəs niyə hündürdaban ayaqqabı geyinən qadınlarda varikoz idman edən kişilərə nisbətən daha çox yayılır?

- Varikozun həm estetik, həm də tibbi tərəfləri var. Kişiləri estetik tərəfi narahat etmədiyi üçün onlar əksər hallarda həkimə müraciət etmirlər. Ayaqların müəyyən qədər tüklü olması da kişilərdə xırda damar genişlənməsini örtür. Bu baxımdan onlar ancaq xəstəlik ağırlaşanda özünü həkimə göstərməyə və müalicə olunmağa razı olurlar. Məsələn, bu gün mənə müraciət edən pasientllərim arasında iki kişi var idi və hər ikisi də mütləq əməliyyat olunmalı idi.

Qadınlar gözəlliyinə önəm verdiyi, həm də estetik görüntü onları narahat etdiyi üçün xırda damar genişlənməsini vaxtında müalicə etdirirlər. Nəticə etibarı ilə qadınlarda daha çox gözəçarpmasının əsas səbəbi xırda problem olan kimi həkimə müraciət etmələri ilə bağlıdır.

- Varikozun yaranma səbəblərinə qidalanma, həyat tərzi və iqlim kimi amillər təsir göstərirmi?

- İqlim o qədər də rol oynamır. Varikoza həm isti, həm də şimal ölkələrində rast gəlinir.Bu xəstəliyin yaranmasında genetika daha böyük rol oynayır. Biz çox hərəkət etməyə meylli olan xalq deyilik. Çox zaman şəraitimiz də buna imkan vermir. Xarici ölkələrdə stadionlar, qaçmaq üçün parklar, velosiped sürmək üçün xüsusi yollar çoxdur. Bizdə isə bu imkanlar azdır. Gəzmək, qaçmaq istədikdə evdən kənara, bulvara getməlisən. Genetik olaraq da, artıq çəkiyə meylliyik, Avropa ölkələrində isə artıq çəkili insanlara az rast gəlinir.

- Bu problemin ilkin simptomları hansılardır?

- Varikozun bir çox simptonları var. Damar genişlənməsi özünü bəzilərində aydın şəkildə, bəzilərində isə cüzi şəkildə göstərir, ağrılar, damarın girişi boyu göynəmə, qaşınma hissi olur. Axşama yaxın isə ayaqlarda yaranan şişkinlik insanı narahat edir. Əksər hallarda varikozun ilkin simptonlarını xəstələrin özləri aşkar edirlər. Həkimə vaxtında edilən müraciət bu problemin həllində çox önəmlidir. Belə ki, ayaqlarda baş verən xırda damar genişlənmələri sonradan böyüyür. Bəzi hallarda xırda kapillyarlar genişlənmir, birbaşa iri damarların genişlənməsi formasında özünü göstərir. Varikozun müxtəlif formaları var: kapillyar, dəri altı damar genişlənmələri var. Kapillyar forma xırda damarların genişlənməsidir, dəri altı forma olan varikoza isə nisbətən iri ölçülü damarların genişlənməsi aiddir.

- Müayinə prosesi necə aparılır?

- İlkin olaraq xəstəliyi pasientin özü aşkar edir. Daha sonra həkimə müraciət edir. Xəstələrdən nə kimi şikayətləri və ağrıları olduğu, neçə ildir davam etməsini, həmçinin pasientinin yaxın qohumlarında, valideynlərində belə bir problem olub-olmadığını öyrənirik. Yəni, irsiyyəti də dəqiqləşdiririk.

Xəstəliyin anamnezini yığandan sonra rəngli doppler (uzi) müayinəsi icra edirik. Rəngli doppler sadə dildə desək, ayaqda olan venaların ultrasəs müayinəsidir. Bu müayinənin əsas məqsədi bizim gözlə görə bilmədiyimiz damarları görməkdir. Normalda pasientin ayağına baxanda biz problemin hardasa 10-20 faizini görə bilirik. Əksər hallarda problem dərin damarlardan gəlir. Rəngli doppler müayinəsindən sonra müalicəyə başlanılır.

- Müasir tibdə varikozun hansı müalicə üsulları mövcuddur?

- Varikozun müalicəsi damarların formasından asılı olaraq dəyişir. İri damar genişlənməsi varsa, lazer əməliyyat yolu ilə aradan qaldırılır. Xırda damarlar varsa, bu, skleroterapiya adlandırılan xüsusi iynə üsulu ilə aradan qaldırılır.

- Əvvəlki əməliyyatlarla müasir lazer əməliyyatlarının nə kimi fərqi var?

- Əvvəlki əməliyyatların birinci fərqi odur ki, o üsulda kəsiklər icra olunurdu. Kəsiklə aparıldıqda damardan canını qurtara bilsə də, çapıqdan heç zaman xilas ola bilmir. Kəsiklərin izi ömür boyu qalır. Bu, xüsusən də, cavan xanımlarda kompleks hissi yaradırdı.

İkinci fərqi əməliyyatın narkozla (anesteziya) həyata keçirilməsidir. Üçüncü fərqi isə əməliyyatdan sonra pasient bir neçə gün xəstəxanada yatmalı idi.

Müasir dövrdə lazerlə həyata keçirilən əməliyyatların əsas üstünlüklərini qısaca bu şəkildə sıralamaq olar: ayaqda kəsik aparılmır, əməliyyat daha yüngül keçirilir, bir də xanımlarda heç bir iz qalmır, əməliyyat zamanı yerli anesteziya icra olunur, əməliyyatdan sonra pasient birbaşa durub gəzir. Nə klinikada, nə də ki, evdə yatmağına ehtiyac qalmır.

- Bilmək istərdik ki, varikoz corablar nə qədər effektiv ola bilər?

- Varikoz corabları varikoz xəstələrinin profilaktikasında və onun müalicəsində çox geniş istifadə olunur. Varikoz corablar sıxmaq dərəcəsindən asılı olaraq 1-ci, 2-ci, 3-cü siniflərə bölünür.

- Onları əməliyyatdan sonra nə qədər geyinmək lazımdır?

- Damarların formasından asılı olaraq corabları geyinmək müddəti dəyişir. Minimum və maksimum müddət 7 gündən – 1 aya kimidir. Corabları səhər geyinib axşam çıxartmaq lazımdır. Qeyd edim ki, varikoz corablar xəstəliyin müalicəsində çox mühüm rola malikdir.

- Lazer əməliyyatının əks təsirləri varmı?

- Lazer əməliyyatları 1999-cu ildən bəri aparılır. İlk vaxtlarda lazerin, yoxsa əvvəlki üsulun yaxşı olduğu mübahisəli məsələ idi. Lazer üsulu sonradan get-gedə daha da yaxşılaşdı və mükəmməlləşdi. 2006 -ci ildən artıq dünya tərəfindən lazer əməliyyatların düstünlüyü qəbul olundu. Lazer şüa deyil, sadəcə işıqdır.

- Varikoz xəstəliyinin müalicəsində yaş amilinin rolu varmı?

- Əvvəllər varikozun yaşlı insanlarda əmələ gəldiyini deyirdilər. Son zamanlar isə cavan xanımlarda da özünü göstərməyə başlayıb. Burada diaqnostikanın da rolu var. Əvvəllər diaqnostik imkanlar çox məhdud idi. Artıq gənc yaşda belə varikozu aşkar etmək və müalicə etmək olur. Xəstəliyin müalicəsinə gəldikdə, nə qədər erkən başlanılsa, bir o qədər müsbət nəticə əldə edilir. Damar 20 sm. ərazini əhatə edirsə, bunun müalicəsi daha asan aparılır. Xəstəliyi istənilən yaşda, hətta 50 yaşında da aradan qaldırmaq mümkündür. Yalnız get-gedə şaxələnib yayıldıqda müalicə prosesi nisbətən uzun çəkir. Ona görə də, həkimə vaxtında müraciət etmək lazımdır.

- Vaxtında müalicə olunmasa, hansı fəsadlar yarana bilər?

- Birincisi - genişlənmiş damarların daxilində tromblar yaranır. Xalq arasında çox zaman damar genişlənməsinə də tromb deyilir. Damarın genişlənməsi tromb deyil, varikozdur. Tromb - genişlənmiş damarın daxilində qanın laxtalanmasıdır.

İkinci venoz trofiki xoralardır. Varikoz xəstəliyi vaxtında aradan qaldırılmasa, damara yaxın venalarda xora əmələ gələ bilər.

Üçüncü növ ağırlaşmada isə genişlənmiş damarın hansısa bir əşyaya toxunma nəticəsində qanaxma baş verməsidir.

- Lazer əməliyyatı zamanı damarlar qurudulur, yoxsa maye yeridilir?

- Lazer əməliyyatının texnikasını qısaca belə ifadə etmək olar: genişlənmiş damarın daxilinə lazerin işıqötürücüsü ötürülür və daxilindən lazerin işığı ilə xaric olunur. Genişlənmiş damar tədricən yığılır və itir. Sadə dildə desək, “sanki damarlar daxildən yandırılır”.

- Damar genişlənməsi təkcə ayaqlarda yaranmır. Bədənin başqa nayihələrində yaranan varikozun müalicə üsulu da eynidir?

- Xeyr, fərqlidir. Vena tək ayağımızda deyil, daxili orqanlarda da var. Qida borusunda, qaraciyərdə, qadınlarda çanaq orqanlarında venalar var. Müalicəsi də bir-birindən fərqlənir. Ona uyğun olaraq da müalicə aparılır.

- Müasir gözəllik salonlarında da kapillyarların dəri səthindən götürülməsi üsulu təklif olunur. Sizcə, ora müraciət etmək nə dərəcədə təhlükəsizdir?

- Təbii ki, bir çox müalicələrdə xəstəliyə peşəkar yanaşma daha məqsədəuyğun və etibarlıdır. Biz doppler müayinəsi etmədən heç zaman müalicəyə başlamırıq. Amma doppler müayinəsi edən gözəllik salonu yoxdur. Prosesi icra edən həkimin professionallığı da önəmlidir. Çünki istənilən tibbi müdaxilədə əks təsir - allergik reaksiyalardan, müxtəlif ağırlaşmalara qədər hər şey baş verə bilər. Məsələnin qanuni tərəfləri də var. İnsanlar yüksək və professional şəkildə həqiqi tibbi müalicə almaq istəyirlərsə, əməliyyat ixtisaslaşmış həkimlər tərəfindən müxtəlif klinikalarda və xəstəxanalarda icra olunmalıdır.

- Xəstəliyin yaranmaması üçün nə etmək lazımdır? Varikoz xəstəliyindən necə qorunaq?

- Varikozun profilaktikasında bir neçə tədbirlər var. Damar genişlənməsində irsiyyət faktoru varsa, əmələ gəlmə riski də böyükdür. Ona görə belə insanlar özlərinə daha çox diqqət ayırmalıdırlar. Ümumi götürdükdə isə artıq çəkidən azad olmalıdır. İkincisi, hamiləlik vaxtı mütləq varikoz corablardan istifadə olunmalıdır. Passiv həyat tərzi keçirənlərə və daimi oturaq vəziyyətdə işləyənlərə periodik olaraq durub gəzmək, imkan varsa, uzanıb ayaqları yuxarı qaldırmaq tövsiyə olunur. Həmçinin idmana tənbəllik etməməyi məsləhət görərdim. Amma idman növü ağır olmamalıdır. Bədəni həddindən artıq yükləmək olmaz.

- Hansı idman növləri ilə məşğul olmağı məsləhət görürsünüz?

- Qaçış, piyada gəzmək, velosiped sürmək, üzgüçülük insan damarlarına, sağlamlığına çox müsbət təsir göstərir. Bir də profilaktik varikoz corabların istifadəsinə laqeyd yanaşmaq olmaz. Mən özüm də ayaq üstə çox olanda bu corabları geyinirəm.

- Sonda qiymətlər haqqında danışardınız.

- Varikozun müalicəsində qiymətlərin variasiyası çoxdur, əməliyyatın qiyməti geniş diapazonda dəyişir. Tutaq ki, hansısa bir xanımda yaranmış kiçik kapillyar genişlənməsini bir seans skleroterapiya ilə aradan qaldırmaq olar. Müasir dövrdə bir prosedura 70 manatdır. İri formada, daha ağır damar genişlənməsindən əziyyət çəkənlərdə və əməliyyatın ölçüsü nisbətən böyükdürsə, qiymət 1500 manata qədər dəyişə bilər. Yekun olaraq varikoz xəstəliyinin qiyməti onun formasından və yayılma dərəcəsindən asılı olaraq dəyişir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR