Kişi paltarında qadın cəsarəti və cazibəsi - Fotolar
Bizi izləyin

Tabloid.az

Kişi paltarında qadın cəsarəti və cazibəsi - Fotolar

Kişi paltarında qadın cəsarəti və cazibəsi

Artıq neçənci mövsümdür ki, aparıcı moda evlərinin podiumlarında model qızların əynində ciddi kişi geyimlərinə rast gəlirik. Bu da təsadüfi deyil. Axı, qadınlar kişi paltarında çox seksual görünürlər. Lakin bu ziddiyyət xanımların zərif görünməsinə mane olmur. Comərdlik əsl modapərəstlərin üslubunda həmişə qəşəng və cəlbedici görünür. Tabloid.az-ın “Moda inqilabları” layihəsi çərçivəsində bu həftə qadın qarderobunda əhəmiyyətli yer tutan ciddi kişi tərzi haqqında danışacağam.

Dəb həyatda baş verən bütün hadisələri süngər kimi özünə çəkir. İncəsənət, müharibə, inqilab, azadlıq, yeni istiqamətlər və ixtiralar dəb dünyasını da öz ağuşuna alır. İlhamlanmış dizaynerlər dəbin yeni istiqamətlərini və incilərini yaradırlar ki, bu da tarixdə fəxri yer tutur. Birinci dünya müharibəsi illərində qadınların məcbur olub kişi peşəsinə yiyələnməsi də kişi üslubunun qadın qarderobuna təkamül etməsinə yol açıb. Hələ o vaxtlar kişi şalvar və kombinezonları olmadan keçinmək mümkün deyildi. Kişi geyim üslubunun rahatlığını dadan qadınlar üçün sonradan bu növ rahatlıqdan imtina etmək çətin oldu.

“Masculine style” fransız dilində “masculin” sözündən tərcümədə kişiyə bənzəyən, kişini xatırladan deməkdir. Lakin bu, kişi paltarı geymək anlamına gəlmir. Çox zaman bəziləri bu tərzi hər növ köynək, pencək, jilet və oksford ayaqqabıları ilə birləşdirə biləcəyini düşünür. Amma maskulin tərzi kişi paltarlarının qadın geyimləri ilə görüşməsidir. Bu üslubun əsas üstünlüklərindən biri biçimi, rahatlığı, universallığı və hər kəsə yaraşmasıdır. Bu tərz geyimlər xüsusilə fəal həyat tərzi yaşayan, siyasi hadisələrin gedişini izləyən, eyni zamanda moda ilə ayaqlaşmaq istəyən işgüzar xanımlara çox yaraşır.

Keçmiş zamanlarda, qadınların daha feminen, cəlbedici və təmtəraqlı geyimlərinə alternativ yaranan bu tərz qadınların da kişilər kimi rahat paltarlar geyinə biləcəyini göstərdi.

Maskulin Koko Şanelə borcludur

Sözügedən üslubun ilk tətbiqedicisi Koko Şanel yaşadığı dövrdə qadınların geyindiyi korsetlərdən, qabarıq donlardan intina edərək, qadınlar üçün şalvarlar, pencəklər hazırladı. Qısaca desək, bu üslub gəlişinə görə məşhur Koko Şanelə borcludur. O, deyirdi ki, "Əsl qadın çevrilməyi, dəyişməyi bacarmalıdır. Üslub kraliçası olmaq üçün özündə cəsarət taparaq uyuşmaz geyimləri məharətlə birləşdirməlisən".

Koko Şanel eleqantlıq tərəfdarı olsa da, əks cinsin nümayəndələrinin qarderobundan bir neçə ciddi elementləri: kostyum, şlyapa, şalvarları və düyməli köynəkləri oğurlamağı labüd hesab edirdi.

Məşhur moda evləri də maskulin tərzi ilə bağlı kolleksiyalar hazırlayırlar

Zaman keçdikdə Versace, Gerbi, İv Sen Loran kimi məşhur moda evləri də maskulin tərzi ilə bağlı kolleksiyalar hazırlayırlar. Məsələn, kişilərin klassik qarderobundakı smokinq buna bariz nümunədir. O, qadın qarderobuna İv Sen Loran hakimiyyətinin təşəbbüsü ilə hələ 60-cü illərdə keçib, indiki dövrdə isə qadın şkafına tam assimilyasiya olub. Hazırda hər bir modapərəst qızın qarderobunda klassik qara, qısa paltar kimi “must-have” (mütləq olmalıdır) olaraq daxil olub.

İv Sen Loren qadın qarderoblarında kişi üslubunun daha da populyarlaşmasını təmin edir

Fərdi qarderobun yaradılmasında əvəzolunmaz, yeniliklərdən qorxmayan dizayner - İv Sen Loran 20-ci əsrdə böyük qınaq obyektinə çevrilsə də, bir müddət sonra o, qadınların qurtuluş rəmzlərindən biri olmaq şansını qazanır. İv Sen Loren qadın qarderoblarında kişi üslubunun daha da populyarlaşmasını təmin edir.

Marlen Ditrixin adı ilə bağlı olan kişi üslubu indiyədək aktualdır

Məşhur kino ulduzu və stil ikonası Marlen Ditrix də kişi üslubuna böyük maraq göstərir. Ciddi kişi kostyumları, karandaşla çəkilmiş qalın qaşlar və vurğulanmış dodaqlar onun stilinin xüsusiyyətləridir. Marlen Ditrix dəbdə əsl inqilab edir. Həm də onun adı ilə bağlı olan kişi üslubu indiyədək aktualdır və daim əsas trendlərdən biri kimi tanınır. Çünki qadınların kişi paltarında görünməsindən seksual heç nə ola bilməz. Bu ikimənalılıq çox diqqət çəkir. Özü-özünü təmin edə bilən xanım əks cinsi maqnit kimi cəzb edir.

Qadınlar üçün dəbli kişi obrazı

Qadın geyimində kişi üslubuna 90-cı illərin lap əvvəlində ikinci nəfəsi dizayner Kelvin Kleyin verir. Belə ki, onun “Uniseks” (həm qadın, həm də kişi geyimləri) ruhunda yaratdığı geyimləri hər iki cinsin nümayəndələri böyük məmnuniyyətlə daşıyırdı. Məlum olduğu kimi, moda spiralvari inkişaf edir və bu gün bu üslub yenə də aktualdır. Hər yeni mövsümdə böyük populyarlıq qazanır və getdikcə təkcə özünə sadiq pərəstişkarları deyil, məşhur dizaynerləri də cəlb edir. Son vaxtlar Chanel, Max Azaria, Dolce & Gabbana, J.Crew, Azroul Yigal, Tommy Hilfiger və bir çox digər məşhur moda evlərinin kolleksiyalarında qadınlar üçün dəbli kişi obrazını tapmaq olar.

Maskulin tərzinin əsas xüsusiyyətləri

“Maskulin” kişiyə xas geyim tərzindən nümunə alaraq yaradılmış qadın paltarlarıdır. Ancaq diqqət yetirilməli bir məqam var ki, maskulin tərzi qadınların kişi geyimlərini geyinməsi demək deyil, bu başqa bir geyim tərzi olan androjen geyim tərzidir.

Dizaynerlərin fikrincə, maskulin tərzi qadınlara geyimdə fərqlilik yaratmaq üçün gözəl imkanlar verib və bu zaman özlərini çox rahat hiss edirlər.

Xanımların maskulin geyim tərzi kişi geyiminin modern variantıdır. Doğru paltarlarla dəstləşdirdikdə həqiqətən çox gözəl görünür.

Bəs, bu tərzi necə tətbiq edək?

Çox da vərdiş etmədiyimiz bu tərzi tam tətbiq edə və ya bir neçə əşyaları obrazınıza əlavə edərək kişiyə bənzəyən tərzi əks etdirə bilərsiniz. Maskulin geyim tərzində tarazlıq həqiqətən çox əhəmiyyətlidir. Qara ağ libasların tarazlığı, alt və üst geyimlərin tarazlığı, kişi və qadın paltarlarının istifadə tarazlığı düzgün nizamlanmalıdır.

Maskulin tərzin əsas elementlərinin başında şalvar-pencək dəstləri gəlir. Bu tərzin detalları arasına ən çox istifadə edilən yüngül bol ağ köynəklər də daxildir. Onun yaxası düymələnmiş olması xanımları tamamilə fərqli obraza bürüyür.

Ayaqqabı da yenə kişi tərzində olmalıdır. Çox vaxt düz ayaqqabılara üstünlük verilsə də, yüngül topuqlu dikdaban və hündür topuqlu ayaqqabılar da seçilə bilir. Kişi siluetində qadın zərifliyini vurğulamaq üçün mütləq smokinqlə yüksək dabanlı ayaqqabının fövqəladə vəhdətindən istifadə etmək məqsədəuyğundur.

Şalvar və pencək dəstləri, adətən, qalstuk və ya kəpənək formalı qalstuk ilə uyğunlaşdırılır. Tünd rənglərin hakim olduğu kişiyə bənzəyən maskulin tərzi bu mövsüm bol plisseli şalvarlarla və ya dar şalvarlarla tətbiq olunur. Qadına aid olan detallarla birləşdirilmiş boyfriend cinslər, pencəklər, oksford ayaqqabılarla, yanaşı kəpənək formalı qalstuk, jilet və kombinezonlar da maskulin tərzində tez-tez istifadə edilən parçalar arasındadır.

Maskulin tərzi aksessuarlarda

Maskulin tərzinin populyarlığı qadın aksessuar dəbinə də təsirsiz ötüşməyib. Belə ki, maskulin tərzi aksessuarlarda da özünü göstərir. Əgər risk edib obrazınıza aksessuarlar əlavə etsəniz, onda ətrafdakıların sizə böyük maraq göstərməsinə dair 100 faiz zəmanət qazanarsınız. Parlaq qalstuk, yaxud şərflə də dəsti müxtəlifləşdirmək olar.

Maskulin tərzin az, amma sabit aksesuarları var. Bunlar qalstuklar, ayaqqabı ilə uyğun seçilmiş incə dəri kəmərlər, dəri və qızıl əlavələri olan qol saatlarıdır. Bəzi qadınlar maskulin tərzlərinə bir qədər zəriflik bəxş etmək üçün brilyant daşlarla bəzəkli qalstuklar, ya da parlaq kəpənək formalı qalstuklara üstünlük verirlər.

Son bir neçə ildir feminen (zərif qadın tərzi) tərzdə hazırlanmış kəpənək qalstuklar da çox istifadə edilir. Adətən, ağ köynəklərin yaxasında bağlanan lent və ya şərflər diqqət çəkir. Lakin bir çox dizaynerin kolleksiyasında yaxasında qara lent detalı olan parçalar da görmək mümkündür.

Köynəyin yaxalığına əlavə olunan iri bantlar və lentlər retro dəbinə aid bir elementdir. Qadınlığı ön plana çıxarmağı xoşlayan qadınlar bu cür modellərə heyran olurlar və əlbəttə ki, qarderobunda daha çox yer verirlər. Bu stil ötən əsrin 70-80-cı illərində qadınların hələ işçi qüvvəsi kimi qəbul edilməyə təzə-təzə başladığı dövrlərdə yaranıb.

Qadınlar da kişilər kimi işə kostyumda gəlməyə başlayır. Lakin qalstuk kişi qarderobuna xas detal olduğu üçün xanımların obrazını kobud göstərirdi. Bundan sonra dizaynerlər qadınların həmkarlarından fərqləndirilməsi üçün maraqlı ideyalar fikirləşib tapırlar. Beləliklə də düyməli kişi köynəklərinin yaxalığına lentlər əlavə olunmağa başlayır. Bu detal xanımların daha zərif görünmək istəyinə dair uğurlu bir cəhd idi. Maskülin tərzində xanımlığa aid elementlər, hətta onu heç kim başa düşməsə də, dəbdə olması əladır. Bax bu bluzkaların yaranma tarixi də beləcə baş verir. Qadınlar bununla bir daha sübut etdilər ki, onlar həm cəmiyyətə faydalı və yararlı insan ola bilər, həm hər zaman gözəl görünə, həm də ev işlərinin öhdəsindən məharətlə gələ bilərlər.

Qeyd edək ki, bu koftalar qış dəbinin aktual olan tendensiyalarından biridir. Xüsusən də,hər zaman şıq görünməyə can atan iş xanımlarının qarderobunun və ofis stilinin şah əsəri hesab oluna bilər.

tabloid.az

Sizi kişiyə bənzədən geyiminizi kölgəli göz makiyajı ilə tamamlayın

Tünd rənglərin hakim olduğu bu tərz qısa kəsilmiş və arxaya daranmış saçlarla və kölgəli göz makiyajı ilə tamamlanır.

Gündüz makiyajı təmkinli olmalıdır, dodaqlarda bleskdən itmina etmək daha yaxşıdır. Axşam makiyajı üçün dumanlı göz makiyajı, parlaq dodaqlar tamamilə doğrudur.

Aparılan proqnozlara görə günümüzdə getdikcə yüksələn qadınların iş həyatında lider olmaq, ən öndə və bacarıqlı olmaq kimi daxili instinktləri ilə meydana gələn maskulin tərzi qarşıdakı 5 il ərzində istifadə edilməyə davam edəcək.

Əgər bütün dediklərimə hələ də şübhə ilə yanaşırsınızsa, kişi üslubunun qadınlara çox ayrı cazibədarlıq bəxş etdiyini fotolarda görə bilərsiniz...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm